Bələdiyyələrin vergi borcunun ödənilməsi üçün sanksiyalara ehtiyac varmı?

Mütəxəssislər sanksiyadan öncə, bələdiyyələrin işinin sistemli şəklə salınmasının vacib olduğunu deyirlər
Azərbaycanda vətəndaşların bələdiyyələrə əmlak vergisi borcunun ödənilməsini təmin etmək məqsədilə bələdiyyəyə borcu olan vətəndaşlara kredit verilməməsi təklif edilir. Bakının Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov Trend-ə deyib ki, bələdiyyəyə vergi ödənişləri məcburi qaydada həyata keçirilməlidir. Onun sözlərinə görə, bunun üçün müvafiq icra hakimiyyəti orqanlarının kompleks tədbirlərə qatılması təmin edilməlidir.
N.Qaraxanov deyib ki, "ASAN xidmət", sərhəd-keçid məntəqələri, notariuslar da bu işlərə cəlb olunmalıdır. Eyni zamanda, banklarda bələdiyyələr tərəfindən hazırlanan borclu vətəndaşların siyahısı olmalıdır ki, kredit verilən zaman bu, nəzərə alınsın və bələdiyyələrə olan borcun ödənilməsi tələb edilsin: “Bu yolla vətəndaşları bələdiyyələrə olan vergi borclarını ödəməyə məcbur etmək olar. Bələdiyyələrin heç bir inzibati tədbir görmək imkanı olmadığı üçün vətəndaşlar vergi borcunu ödəməkdən yayınırlar”.
Onun fikrincə, vətəndaşların vergi borcunun olması barədə məlumat banklar üçün də faydalı ola bilər. Yəni, kredit götürmək istəyən şəxs vergi borcunu ödəmirsə, kredit borcunun ödənilməsində də problem yarana bilər. N.Qaraxanov, eyni zamanda vergi borcunu ödəməyən vətəndaşların xaricə getməsinə qadağa qoyulmasını məqsədəuyğun hesab edir. Bəs bu cür qadağaların tətbiq edilməsi nə dərəcədə real ola bilər? Onların tətbiqi mümkündürmü? Bələdiyyələrə vergi borcunu yığmaq üçün hansı metodlar effektli ola bilər?
“Kreditlərə qadağa düzgün metod deyil”
Millət vəkili Tahir Rzayev qəzetimizə açıqlamasında bildirdi ki, bütün sahələrdə bu cür ödənişlərin vaxtında yığılması üçün müəyyən təsir mexanizmlərindən istifadə edilir. Amma bələdiyyələr bu imkana malik deyillər: “Qaz, işıqla bağlı ödəniş edilmirsə, qaz, işıq kəsilir, digər sahələrdə müxtəlif cərimələr tətbiq olunur. Vergini ödəməyənlərə Vergilər Nazirliyi müəyyən sanksiyalar tətbiq edir. Amma bələdiyyələrin vergisini ödəməyənlərə belə bir təsir mexanizmi yoxdur. Bələdiyyələr, müəyyən ödənişləri etməyənə, yaxud torpaqdan qanunsuz istifadə edənlərə qarşı hər hansı sanksiya tətbiq edə bilmir. Bu da bir təklifdir. Bu ödənişləri etməyənlərlə mübarizə ilə bağlımüxtəlif təkliflər irəli sürüb”.
Millət vəkili vergi borcuna görə kreditlərin verilməsinə maneə qoyulmasını düzgün hesab etmir: “Torpaq bələdiyyənindirsə, bunu kimsə satırsa, elə bilirəm bununla əlaqədar ya notariat, yaxud bu işlə məşğul olan başqa bir orqan bələdiyyədən sorğu etməli, razılıq kağızı almalıdır ki, bunun borcu var, yoxsa yoxdur. Torpaq bələdiyyənindirsə, bunu özəlləşdirib, vergisini ödəməyib, indi də satır. Bu cür satış həyata keçirilərkən onun borcunun tələb edilməsi həyata keçirilə bilər. Yoxsa bələdiyyənin əmlakıdırsa, ondan başqa cür istifadə edibsə, borcu varsa, buna görə əmlakını kiməsə verirsə, o zaman bələdiyyədən arayış alsın. Amma kredit məsələsi ilə o qədər də razılaşmadım. Vətəndaş kredit götürürsə, bu, onun haqqıdır. Krediti nəyəsə çox ehtiyac olan zaman götürürlər”.
“Bələdiyyələrin işi effekli olmalıdır”
T.Rzayev deyir ki, ödənişlərlə bağlı sistemin qaydasında olması üçün bələdiyyələrin işi effektli olmalıdır: “Əvvəllər bu vergi nağd yolla yığılırdı. Sonradan dünyada tətbiq olunan mexanizmlərin ölkəmizdə də həyata keçirilməsi ilə əlaqədar biz də nağd ödənişlərdən imtina etdik. Hazırda bu ödənişlər poçt vasitəsilə alınır. Amma ödənişlərin normal yığılması üçün vətəndaşların bələdiyyələrə münasibəti yaxşılaşmalıdır. Bələdiyyələr özlərini göstərməlidirlər ki, vətəndaşlarla qarşılıqlı münasibətlər yaransın. Bu zaman vergilərin ödənilməsi həyata keçirilə bilər.
Hazırda bələdiyyələr vergini ödəməyənlərlə bağlı arayışları yerlərə göndərirlər. Məktublar yazıb əmlaka görə borclarının ödənməsini bildirirlər. Təəssüf ki bu halda da vətəndaşlar ödəmirlər. Əmlak vergisini yığa bilmədiyi zaman isə bələdiyyələr pis vəziyyətdə qalır. Hazırda bu işi qaydaya salacaq işlək mexanizm yoxdur. Sorğu göndərir, müəyyən qədər tapşırıq verir, axırıncı hədd isə məhkəməyə verməkdir. Buna qalsa gərək bələdiyyələr xeyli vətəndaşı məhkəməyə versin. Bu da çıxış yolu deyil”.
Millət vəkili bu işlə bağlı maarifləndirmə aparılmasının vacib olduğunu dilə gətirdi: “Bunun üçün maariflənmək lazımdır. Verginin əhəmiyyətini, vaxtında ödənişlərini etməyin üstün tərəflərini vətəndaşlara izah etmək lazımdır. Bu vergilər əslində elə böyük məbləğdə də deyil. Vətəndaşların özlərinin laqeydliyidir ki, vaxtında ödənişlərini etmirlər, buna görə də problemlər yaranır”.
Vergi ödəmək mədəniyyəti formalaşdırılmalıdır
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, bələdiyyə vergilərinin yığılması, bu ödəmələr nəticəsində yığılan maliyyənin xərclənməsi məsələsində şəffaf mexanizm ortaya qoyulması lazımdır. Çünki verginin ödənilməsinə marağı artırmaq üçün ödəyicilərin inamı olmalıdır. O hesab edir ki, bu cür ödəmənin həyata keçirilməsi üçün cərimələrin, hər hansı kəskin sanksiyanın tətbiq edilməsi doğru olmaz: “İlk növbədə bələdiyyə büdcəsinin idarəolunması qaydası müasir sistemə uyğunlaşdırılmalıdır. Burada da islahatlara ehtiyac var. Bələdiyyələrin mövcud büdcələrinin xərclənməsindəki səlahiyyət imkanları daha da genişləndirilməlidir. Bələdiyyə maliyyəsinin formalaşması və onun istifadə edilməsi ilə bağlı əhali tam məlumatlandırılmalıdır. Yerli icmalar məlumatlandırılmalıdır. İlk olaraq əhalinin könüllü olaraq bələdiyyə vergisi vermək mədəniyyəti formalaşdırılmalıdır”.
R.Atakişiyev deyir ki, əgər görülən tədbirlərdən sonra da vətəndaşlar vergiləri ödəməsələr, müxtəlif sanksiyalar tətbiq edilə bilər: “Amma hazırda bələdiyyə büdcəsinin formalaşmasına yerli icra hakimiyyətlərinin müdaxilə etməsi, bu işdə hər hansı rol oynaması uyğun deyil. Bələdiyyələrin öz büdcələri üzərində tam səlahiyyəti, müstəqil işinin təmin olunması daha vacibdir”.
Aygün Asimqızı