“Başıma nə gəldisə, qadınların ucbatından gəldi”
Mehmet Əli Ərbil komadan
ayılanda, gözləri öncə kimi axtarıb?
Türkiyənin tanınmış şoumeni Mehmet Əli Ərbil tanınmaz haldadır.
Danışıb-gülməyi sevən, aparıcılıq etdiyi şoularla insanları güldürən və sevgisini
qazanan M.Ə.Ərbil dünyada 800 nəfərdə görünən nadir xəstəliyə tutulub.
Türkiyədə isə bu xəstəliyə təkcə məşhur aktyor və aparıcı Mehmet Əli Ərbilin
tutulduğu deyilir. Normal həyatından məhrum olan sənətçinin xəstəliyi tibdə
nadir rast gəlinən "Qaçış sindromu” adlanır. Amma Türkiyədə indi onu "Mehmet
Ərbilin sindromu” adlandırırlar.
Tam müalicəsi hələ mümkün olmayan bu sindrom, damarlarda həddən artıq
genişlənmə, böyümə və ya kiçilmə ilə başlayır. Müasir tibdə üzün müddətdir araşdırılma
aparılsa da, hələ ki, nə səbəbi, nə müalicəsi bilinmir. Xəstəlik zamanı
damarların xaricinə protein, mineral və maye keçir. İri arteriyalarda olan
elementlərin səbəbsiz yerə sürətlə damarın xaricinə, ordan da bir çox
orqanların ətrafına yayılması nəticəsində vücudun bəzi yerlərində şişkinliklər
yaranır, xəstənin təzyiqi qəfil çox aşağı düşür, şok keçirir. Ərbil Türkiyə
mətbuatına müsahibəsində diaqnoz qoyulana qədər illər boyu heç bir ağrı hiss etmədiyini, ancaq bədəndəki
şişkinliklər nəticəsində xəstəliyin üzə çıxdığını bildirir. Bu xəstəlikdə
tutmalar ayda 1-2 dəfə, eləcə də 5-6 aydan bir, hətta bir neçə ildən bir də ola
bilir. Təkrarlanan şokdan 24 saat öncə xəstə qripə bənzər əlamətlər hiss edir.
Qızdırma, yorğunluq, əzələ, sümük ağrısı, titrətmə.Şoumen xəstəxanadan çıxdıqdan sonra Türk mətbuatına müsahibə verərkən
evdə yıxılaraq qabırğasını sındırdığını da deyib. Bunun ardından 235 gün yaşam mübarizəsi
verib.
-
Hadisə olan günü necə xatırlayırsınız?
- Başıma nə gəldisə, qadınların ucbatından gəldi. Qızlarla görüşməyə
gedirdim. Görüşə getməmişdən əvvəl duşa girdim. Hamamda ayağım sürüşdü və çox
pis şəkildə yıxıldım. O an qabırğam qırılıb orqanlarıma doğru irəliləmişdi. Qışqırmağa
başladım və evdə çalışan qadın köməyimə gəldi. Ondan sonra heç nəyi
xatırlamıram. Mənə deyilənlərə görə, təcili yardım gəlib, məni xəstəxanaya
aparıb. Həkim müayinə etdikdən sonra deyib ki, Mehmet bəyi müalicə edəcəyəm, 3 gündən sonra çıxıb işinin
dalınca gedəcək. Həkim hər nə qədər "bu iynəni də vuracağam, sakitləşəcəksiniz”
desə də, mənim ağrım bitmirdi, ağrıdan qışqırırdım. Sonra analizlər verdim və
tamamilə başqa bir xəstəlik çıxdı. Qabırğalar ağ ciyərə batıb. Bu, böyrəklərə,
digər orqanlara da zərər verib. Bir gecədə iki dəfə əməliyyat olundum. Daha sonra
çox ağır bir müddət başladı - 9 ay komada olmaq. Məni yatırtmaq üçün dərmanlar
verirdilər.
- Həmin ərəfələr haqqınızda "ölüb”
xəbərləri yayılmağa başladı.
- Hər insan haqqında belə dedi-qodular olur. Mən heç ayağa
qalxacağıma, yeriyəcəyimə inanmırdım. Çünki aparatlara bağlı yaşayırdım. Qardaşıma
dedim ki, əgər yeriyə bilməyəcəyəmsə, bağlı olduğum bu cihazları söndürün,
ölüm.
- Yəni belə yaşamaqdansa,
ölmək istəyirdiniz?
- Bəli, heç tərpənmədən yaşamaqdansa, ölməyi üstün tutdum. Yaxşı ki,
zamanında qazandığım pulları yeməmişəm.
-
Demək ki, qismətinizdə belə ölüm yox imiş.
- Bu vaxta qədər duş qəbul edəndə, hamamda 5
dəfə yıxılmışam, heç birində özümə bu qədər zərər verməmişəm. Həyatımda ilk
dəfə bir yerim qırılıb. Bu da qabırğalarıma tuş gəldi. İndiyə qədər bədənimin
heç yerində qırıq olmayıb.
-
Komadan ayılanda nə hiss etdiniz?
- Gözlərimi açanda öncə həyat yoldaşımı axtardım. Komada olduğum 9 ay
müddətində onlar yanımda olublar. Ailəm, çevrəmdəki insanlar üçün çətin idi.
Bütün ömür boyu onları buna məhkum edəcəkdim. Özümlə bərabər onları da
düşünürdüm. Məni bir nəfər qaldırır, iki nəfər yuyur. Bu, çox utancverici bir
şeydir. Allah heç kimi bu vəziyyətə salmasın. Komadan oyananda həyatım film kimi gözlərimin
önündən keçdi. Yaşadığım bu illər ərzində çox böyük sevgi qazanmışam. Sənətçi
dostlarım məni heç zaman tək buraxmadı. Bu qədər sevildiyimi bilmirdim. Hər kəs
öz vicdanına cavabdehdir. Yaxın dostum İbrahim Tatlısəs hər dəfə xəstəxanaya gələndə,
"bizim taleyimiz niyə belə oldu” deyib, qucaqlaşıb, ağlaşırdıq. Çünki o
vurulanda, ilk dəfə xəstəxanaya mən getmişdim. O, hər zaman yanımda oldu, mənə
bu çətin vəziyyətimdə dəstəyini göstərdi. Həkimim deyir ki, xilas olma şansım yüzdə
beş imiş. İbrahim Tatlısəs üçün də elə demişdilər. Demişdilər ki, dönmə şansı yoxdur, dönərsə də, əvvəlki kimi
olmayacaq. Dostlarımın, ailəmin duaları ilə həyata geri döndüm. Sevənlərimə çox
şey borcluyam. Dua çox önəmli bir şeydir. Şanslıyam ki, pis dönəmlərimi heç
xatırlamıram, nələr yaşadığımı da heç bilmirəm. Hazırda sol ayağım işləmir.
Ancaq həkimlər deyir ki, əvvəl-axır yeriyəcəksən.
- İllərdir danışaraq pul qazanan bir insan üçün danışa bilməmək yəqin
ki, çox çətin olub.
- Mən hər zaman İbrahim Tatlısəsə görə məyus olmuşam. Düşünürdüm
ki, o insan səsi ilə pul qazanırdı. İndi
isə heç mahnı da oxuya bilmir. Eyni hadisə mənim də başıma gəldi. İbrahimlə
qismətimiz eyni imiş. O çətin günlərdə hər zaman səbir etdim. Bədənimin heç bir
yerini hərəkət etdirə bilmirdim, ancaq yenə də təvəkkül etdim. Düzdür, yeriyə
bilmirəm, amma Allaha şükürlər olsun ki, ayağa qalxa bilirəm. İnsanların
duaları ilə bu günlərə gəldiyimə inanıram. Allahdan, mənimki sinir xəstəliyi
deyildi. Uzun müddət yatdığım üçün bədənimin heç bir yerini hərəkət etdirə
bilmirdim. Həkimlər mənə "düzələcəksən”
deyirdilər, ancaq onların sözlərinə heç inanmırdım. Həqiqətən duanın gücünə çox
inanıram. Məni ayağa qaldıran insanların duaları oldu. Yeznəm də Allaha çox
inanclı biridir. Gündə 5 dəfə namaz qılır və namazında hər dəfə mənə dua
edirdi.
- Bu çətin günlərə necə
qalib gəldiniz?
- Həyata, ailəmə və sevdiklərimə
inanaraq qalib gəldim. Yatdığım dönəmlərdə acılarımı hiss etmirdim, ancaq ailəm
hiss edirdi. 9 ay müddətində hər gün başımın üstündə gözləyiblər. Məni heç
zaman tək buraxmayıblar. Mən qaranlığa doğru gedirdim. Həyatdan qopurdum.
Yuxumda izləyicilərim məni "Mehmet Əli Bəy” deyə səsləyirdilər. O səs məni
həyata qaytardı. Gözlərimi açdım ki,
həkimlər başımın üstündə dayanıb "Mehmet
Əli bəy, Mehmet Əli bəy, gözlərini bağlama, həyata tutun” deyərək, məni
silkələyirlər.
- Belə dönəmlərdə insan ailənin
nə qədər önəmli olduğunu daha çox anlayır.
- Mənim üçün ailə hər zaman önəmli idi. Ailəmlə aramızda çox güclü
bir bağ var. Qızlarım, keçmiş həyat yoldaşlarım hər zaman yanımda oldular.
Yeznəm hər gün başımın üstündə dua etdi. Bilmədiyim duaları belə onun sayəsində
öyrəndim. Duanı bir dəfə deyirdi və mən
də həmin an o duanı təkrarlayırdım.
Mənim ailəm peyğəmbər soyundan gəlir. Hətta mən yatızdırılarkən filmlərdəki
kimi bəyaz saçlı , saqqallı biri gəlib
Sezinin yanına, "mən atanın qulağına bir söz deməliyəm” deyib. Qızım da "mənə deyin, mən onun qulağına o
sözü deyərəm” deyərək cavab verib. O da "
atan de ki, onun bu dünyada daha işi bitməyib” deyib və gedib. Sezin bunu mənə
deyəndə çox təsirləndim. Bunlar çox
dəyərli şeylərdir. İllərlə insanları güldürərək əyləndirmişəm. İnsanlar da mənim bu dönəmimdə çox dualar etdilər. O qədər çox dua aldım
ki... Bu, çox özəl bir şeydir. Hər kəsə nəsib olmaz.
- Xəstəxanadan çıxdıqdan
sonra nə etmək istəyirsiniz?
- Evimə getmək istəyirəm. "Evdə olanda da yatıram, xəstəxanada da”
deyərək özümü motivasiya edirəm.
- Ən çox nə üçün darıxıbsınız?
- Doğduğum yer üçün. Yeniköyə gedib sahildə oturmaq istəyərəm. Bir də
üzmək üçün darıxıram. Bu halımla dənizə
girsəm çıxmayacağıma görə qorxuram. Ancaq iki nəfər mənə dəstək olarsa, dənizə
də girə bilərəm.
- Bu
dönəmlərdən çıxardığınız bir dərs varmı?
- Sadəcə, Allaha sığındım.
Ayaqlarım üzərində rahat şəkildə yerimək istəyirəm. Başqa heç nə
istəmirəm. Sağlam bir həyatım olsun,
bəsimdir.
- Sizi sevənlərə nələr demək
istəyirsiniz?
- Sağlamlıq çox önəmlidir. Sağlamlığınızın qiymətini bilin. Üsyan etməyin. Səbir etmək çox önəmlidir. Səbir
etmək insanı həyata bağlayır və yalnız bu təqdirdə bir çox şeyə dözə bilər.
- Sağalandan sonra yenidən
ekranlara dönmək istəyirsiniz?
- Həftədə bir veriliş apara bilərəm. Tamaşaçılarımla göz-gözə gəlmək
üçün darıxmışam. Amma serial və həftə içi verilişlərə çıxmağı düşünmürəm. Artıq özümü yormaq istəmirəm. İndi serial
çəkmək və orda rol almaq çox yorucudur. Əvvəllər biz hər gün serial
çəkilişlərinə gedirdik. Mən həm serialda oynayırdım, həm də hər gün 3 saat
canlı veriliş aparırdım. Bu qədər çalışdığım üçün "Qaçış sindiromu” xəstəliyinə yaxalandım.
- İndi vəziyyətiniz
necədir?
- Allaha şükürlər olsun ki, yaxşıyam.
Hələ də müalicə alıram. Gəzməyi öyrənirəm. Uşaq kimi yenidən gəzməyə
çalışıram. Artıq xəstəliyim nəzarət altındadır.
Tərcümə etdi: Xəyalə Rəis