• çərşənbə, 01 May, 02:15
  • Baku Bakı 17°C

“Barsa” borc girdabında

21.10.23 04:30 4470
“Barsa” borc girdabında

Bartomeu dönəmində oyunçular üçün dəyərindən artıq edilən transfer ödənişləri klubu çətin vəziyyətə salıb. Laporta isə vəziyyəti dəyişməyi bacarıb. Klub son zamanlar daha çox azad agentlərə üstünlük verir.

İspaniyanın “Barselona” klubu son illərdə çalxantılı dönəmlər yaşayıb. Pep Qvardiolanın baş məşqçi olduğu dövrdə - 2008-2012-ci illərdə qarşısıalınmaz olan Kataloniya təmsilçisi onun gedişindən sonra bir müddət stabilliyini qorusa da, get-gedə əvvəlki əzəmətini itirməyə başlayıb.

2015-ci ildən kluba rəhbərlik edən Xosep Mariya Bartomeunun zamanında isə vəziyyət ən pis həddə çatıb. Düzgün planlaşdırılmayan komanda quruculuğu, baş məşqçilərlə bağlı yanlış qərarlar, ümumi idarəçilik nöqsanları klubu açıq-aşkar uçuruma sürükləyirdi.

Nəhayət, 2021-ci ildə klubun əfsanəvi prezidenti Xuan Laporta postuna qayıtdı. Onun dönüşündən sonra “Barsa” ötən mövsüm İspaniya çempionu olmağı bacardı. Lakin problemlər hələ də qalır. Klubun sabiq prezidentləri - Sandro Rozel və Bartomeu tərəfindən İspaniya Kral Futbol Federasiyasının Hakimlər Komitəsinin keçmiş sədr müavini Xose Mariya Enrikes Neqreyraya ödənişlərin edilməsi ilə bağlı araşdırmalar davam etdirilir. Bundan başqa, klub hələ də borclarından yaxa qurtara bilməyib.

Ümumi borc 206 milyon avrodur

İspaniya mətbuatı bu yaxınlarda klubun borcları ilə bağlı yeni rəqəmlər açıqlayıb. Məlum olub ki, “qırmızı-göylər”in son illərdə 206 milyon avro borcu yığılıb. Artıq komandada olmayan Miralem Pyaniç, Neto kimi oyunçulara görə hələ də ödənişlər edilməlidir.

Kluba problem yaratmaq ehtimalı böyük olan proseslərdən biri Ferran Torresin “Mançester Siti”dən transferidir. 2020-ci ilin qışında İngiltərə Premyer Liqası klubundan 55 milyon avroya alınan oyunçu üçün ödəniş hissə-hissə edilməli idi. La Liqa klubu isə bu məbləğin yalnız ilkin 15 milyonunu ödəyə bilib. “Mançester Siti” məsələ ilə bağlı FIFA-ya müraciət etməyi düşünsə də, bu yay Joau Kanselunun icarəyə verilməsi ilə bağlı danışıqlar zamanı gözləməyə razılıq verib.

Robert Levandovski, Jül Kunde və Rafinya ilə bağlı da oxşar situasiya mövcuddur. Klub bu oyunçulara görə hələ də sabiq komandalarına borcludur.

Bartomeudan sələflərinə qalan “miras”

Qəribə vəziyyətlərdən biri qapıçı Netu ilə bağlı yaranıb. Futbolçu 2019-cu ildə “Valensiya”dan alınıb. Hazırda o, bir ildən çoxdur İngiltərə “Bornmut”unda çıxış edir. Lakin “Barsa” braziliyalı qolkiper üçün dörd milyonluq son ödənişi etməyib. Bu, Bartomeudan sələflərinə qalan “miras”lardan biridir.

Bir il sonra “Yuventus”la edilən Artur - Miralem Pyaniç dəyişikliyinə görə də “Barsa”nın ödənişləri qalıb. Düzdür, Turin klubuna hər hansı məbləğ çatmayacaq. Lakin oyunçunun keçmiş klubları - Fransada “Lion” və “Mets”, İtaliyada “Roma”, Pyaniçin ilk akademiyası olan “Şifflange-95”ə ödənilməli pullar var.

“Barselona” uzunmüddətli müqavilə imzalamağı düşündüyü Frenki De Yonqa da borcludur. O, 2019-cu ildə “Ayaks”dan 75 milyona transfer edilib. Müqaviləyə əsasən, ödənişlər hər biri 15 milyon avro olmaqla beş ilə bölünüb. Son ödəniş bu yaxınlarda edilməlidir. Üstəlik, klubun niderlandlının özünə də borcu var.

“La Masiya” xilaskar rolunda

Burada qeyd etmədiyimiz irili-xırdalı digər borclar da var. Eyni zamanda “Barsa”ya borclu olan klublar da az deyil. Antuan Qrizman, Memfis Depay, hətta Mauro İkardi üçün ödənişlər tamamlanmayıb.

Üstəlik, klub son illərdə bəzi lazımsız oyunçuları aşağı qiymətə, lakin yuxarı faizlə satmaqla çıxış yolu tapıb. Həmin oyunçuların inkişaf etmək perspektivi olduğundan “Barsa” növbəti satışlardan da pay gözləyir. Məsələn, “Barsa” Jan-Kler Todibonun mümkün satışından 20 faiz almaq hüququna malikdir. Hazırda onun üçün Fransa “Nitsa”sına çox böyük məbləğlərdə təkliflər var.

Klub üçün əsas xilaskar akademiyasıdır. “La Masiya”dan çıxan bir çox oyunçuya görə yetişdirmə haqqı borcları qalır. “Barselona” hətta sonuncu dəfə 2011-ci ildə U-19 komandasında çıxış edən Mauro İkardi üçün 126 min avro əldə edib. Məbləğ kiçik ola bilər. Lakin belə nümunələr çox olduğu üçün ümumi məbləğ kifayət qədər yüksəkdir.

Laportanın “qaranlıq münasibətləri”

Bartomeu dönəmində oyunçular üçün dəyərindən artıq edilən transfer ödənişləri klubu çətin vəziyyətə salıb. Laporta isə vəziyyəti dəyişməyi bacarıb. Klub son zamanlar daha çox azad agentlərə üstünlük verir. Belədə onların keçmiş klublarına ödəniş etmək lazım olmur. Əlbəttə, bu halda da oyunçunun imza pulu və agentə edilən ödənişlər çoxalır. Məlumata görə, menecerlərə komissiya ödənişləri dörd dəfə artıb. Bu fakt klubda maliyyə maxinasiyaları olması ilə bağlı iddialara səbəb olub. Eyni zamanda Laportanın menecerlərlə “qaranlıq münasibətləri” birmənalı qarşılanmır. Lakin bu da faktdır ki, oyunçu transferlərində əsas rolu menecerlər oynayır. Laporta həmişə onlarla isti münasibət saxlamağa çalışıb. O, problemlər burulğanında olan “Barsa” götürüb və bu durumdan çıxmaq üçün ən yaxşı bələd olduğu yollara əl atır. Bəzən hər nə qədər sirli görünsə də...

Faiq Tahirov 

banner

Oxşar Xəbərlər