• cümə, 27 Dekabr, 00:17
  • Baku Bakı 9°C

“Balaca futbol”un böyük inkişafı

08.11.23 01:00 4738
“Balaca futbol”un böyük inkişafı

Minifutbol Avropada 1996-cı ildə rəsmi status alıb. O vaxta qədər qeyri-rəsmi formatda müxtəlif turnirlər, çempionatlar keçirilib. Hazırda minifutbolun çiçəklənmə dövrünü yaşadığını söyləsək, yanılmarıq. Artıq UEFA-nın 55 üzvündən 50-si bu idman növü üzrə yarışlarda çıxış edirlər.

Minifutbol son illərdə ən çox inkişaf edən və məşhurlaşan idman növlərindəndir. Hazırda dünyanın əksər ölkələrində daxili minifutbol çempionatları keçirilir. Eyni zamanda, klublar üçün beynəlxalq, qitəmiqyaslı turnirlər və milli komandaların iştirakı ilə Avropa və Dünya çempionatları təşkil olunur.

Dünyada minifutbolun inkişaf yolu

Minifutbolun vətəni Cənubi Amerika sayılır. Futzalla paralel inkişaf yolu keçən bu idman növü ötən əsrin 30-cu illərində Braziliya, Argentina, Uruqvay, Çili, Paraqvay kimi ölkələrdə populyarlıq qazanıb. İlk turnirlər də okeanın o tayında təşkil olunub.

Avropada minifutbolun təşəkkülü isə İspaniya və Portuqaliyanın adı ilə bağlıdır. Lakin “köhnə qitə”də bu idman növünün inkişaf yolu elə də hamar olmayıb. Düzdür, 1972-ci ildə UEFA-da minifutbol komitəsi yaradılıb. Lakin həmin komitə cəmi dörd il fəaliyyət göstərə bilib. Sonradan FIFA bu idman növü ilə bağlı müəyyən addımlar atmağa cəhd göstərib. Bu zaman isə Ümumdünya Minifutbol Federasiyası ilə ali futbol qurumu arasında qarşıdurmalar yaranıb. Hətta FIFA minifutbolun adında futbolun işlədilməsini qadağan edib.

Minifutbol Avropada 1996-cı ildə rəsmi status alıb. O vaxta qədər qeyri-rəsmi formatda müxtəlif turnirlər, çempionatlar keçirilib. Hazırda minifutbolun çiçəklənmə dövrünü yaşadığını söyləsək, yanılmarıq. Artıq UEFA-nın 55 üzvündən 50-si bu idman növü üzrə yarışlarda çıxış edirlər.

Azərbaycanda minifutbol

Azərbaycan minifutbolda yüksək inkişaf səviyyəsinə malik ölkələrdəndir. Xüsusən son illərdə həvəskar futbola marağın artması ilə minifutbolda da yüksəliş yaşanıb. Lakin bu idman növünün ölkəmizdə kökləri qədimə söykənir.

Hələ 1960-cı illərdən Bakıda minifutbol turnirləri keçirilib. 80-ci illərin ikinci yarısından isə Azərbaycan komandaları SSRİ-də təşkil olunan turnirlərin iştirakçısı olublar. Bir çox məşhur futbolçularımız böyük futboldakı karyeralarını başa vurduqdan sonra minifutbolda Azərbaycanı təmsil ediblər. Bu siyahıda İsgəndər Cavadov, Rafiq Əlizadə, Vaqif Sadıqov kimi adları qeyd etmək olar.

Müasir dövrə gəldikdə isə, Azərbaycan minifutbol millisi hazırkı Avropa çempionudur. Yığmamız 2022-ci ildə Slovakiyanın Koşitse şəhərində keçirilən qitə birinciliyində hamını qabaqlamağı bacarıb. Komanda bu il Birləşmiş Ərəb Əmirliklərində keçirilən və bir neçə gün əvvəl başa çatan dünya çempionatında isə dördüncü yeri tutub.

Şübhələr və reallıqlar

Son illərdə minifutbol hər nə qədər məşhurlaşsa da, bir çox azarkeşlər hələ də bu idman növünə müəyyən şübhə ilə yanaşırlar. Azərbaycan, Qazaxıstan kimi böyük futbolda bir o qədər də güclü olmayan ölkələrin “balaca futbol”da uğurlar əldə etməsi belə iddiaların yaranmasına səbəb olub ki, aparıcı futbol ölkələri, xüsusən Avropa təmsilçiləri bu idman növünə ciddi yanaşmırlar. Lakin reallıqda vəziyyət fərqlidir. Son dünya çempionatında yaşananlara baxdıqda Avropada minifutbolun populyarlığının get-gedə artdığı bəlli olur.

Bu il dünya çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanan bütün yığmalar Avropanı təmsil edib. Üstəlik, son Avropa çempionatının dörd yarımfinalçısından üçü - Azərbaycan, Qazaxıstan və Rumıniya mundialda da ən güclü dörd yığma arasına daxil olub. Halbuki son illərə qədər minifutbolda üstünlük Amerika qitəsinin tərəfində idi. Belə ki, Meksika, ABŞ və Braziliya hegemonluq edirdi. Amma Avropa ölkələrində bu idman növünə marağın artması vəziyyətin dəyişməsi ilə nəticələnib. Artıq bir çox Avropa ölkələrində minifutbol üzrə ölkə çempionatları sponsor müqavilələri baxımından peşəkar hesab edilən futzalı və çimərlik futbolunu geridə qoyub. Eyni zamanda, keçmiş peşəkar futbolçuların bu idman növünə axın etməsi, minifutbolun Amerika qitəsi ilə müqayisədə daha çox peşəkarlaşması Avropa yığmalarının inkişafına səbəb olub. Məsələn, tək Fransada son üç ildə bu idman növünə 40 milyon avrodan çox yatırım edilib. Bəzi ölkələrdə isə sırf minifutbolla məşğul olan menecerlər, skautlar belə var. Sevindirici məqamdır ki, Azərbaycanda minifutbolun bir idman növü kimi həm özünün, həm izləyici potensialının böyük olması tez nəzərə çarpdı. Ölkəmiz qısa müddət ərzində bu idman növünün liderlərindən birinə çevrilib.

banner

Oxşar Xəbərlər