• bazar, 12 Yanvar, 22:37
  • Baku Bakı 7°C

Bakının Qarabağ qətiyyəti

14.08.21 09:00 1072
Bakının Qarabağ qətiyyəti
Azərbaycan ərazi bütövlüyü məsələsində heç kimə güzəştə getməyəcək
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən Müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın edib. Bununla da 30 ilə yaxındır işğal altında olan torpaqlarımızın böyük əksəriyyəti döyüş yolu ilə azad olunub. 10 noyabr 2020-ci ildə Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin imzaladığı Üçtərəfli Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər, Laçın rayonları bir güllə atılmadan erməni yaraqlılarından təmizlənib.


Məqsədyönlü təxribatlar

Sözügedən bəyanata uyğun olaraq növbəti mərhələdə Ermənistan silahlı qüvvələrinin qalıqları tam şəkildə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılmalı idi. Lakin əfsuslar olsun ki, Üçtərəfli Bəyanatın imzalandığı tarixdən indiyə qədər ötən 9 ay ərzində bu, baş verməyib. Azərbaycanın Xankəndi, Xocalı və Ağdərə yaşayış məntəqələrini hələ də tərk etməyən bir qrup erməni yaraqlısı rusiyalı sülhməramlıların başı üzərindən müxtəlif təxribatlar törədib, Silahlı Qüvvələrimizin mövqelərini ara-sıra atıcı silahlardan atəşə tutublar. Son günlər ərzində isə Ermənistan Üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşımağa başlayıb. Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarının qoyulması halları müşahidə olunub. Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün bu kimi müxtəlif təxribatlara əl atıb.


Ermənistana sərt xəbərdarlıq

Azərbaycan Müdafiə Nazirliyi yaranmış vəziyyətlə bağlı açıqlama yayaraq növbəti dəfə Ermənistana sərt xəbərdarlıq edib. Qeyd olunub ki, bütün bu təxribatlar Ermənistanın yeni müdafiə naziri Vaqarşak Arutyunyanın öz ordusuna mümkün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə verdiyi məsuliyyətsiz və təhrikçi əmrinin fonunda baş verib. Xatırladılıb ki, Ermənistanın sabiq müdafiə naziri David Tonayan da vaxtilə "yeni müharibələr, yeni ərazilər” adlandırdığı təxribatçı hərbi doktrina ilə çıxış etmişdi və onun rüsvayçı aqibəti hər kəsə məlumdur. Azərbaycan Ordusu tərəfindən bütün adekvat tədbirlərin görüləcəyi barədə xəbərdarlığın yer aldığı açıqlamada hayların havadarlarına da xəbərdarlıq mesajı yollanıb. Açıq şəkildə bildirilib ki, Rusiya sülhməramlı qüvvələri Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır.


Dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna zidd addım

Müdafiə Nazirliyimizin Ermənistan və Rusiyaya xəbərdarlıq etməsinin ardınca İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub. Görüşdə səfirin diqqəti İrana məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edilib və bununla bağlı qarşı tərəfə nota təqdim edilib. Notada son dövrlər dost İrana məxsus müxtəlif təyinatlı avtomobillərin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılıq ifadə olunub. Bununla da bir müddət öncə İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılıq bu dəfə sərt formada İran səfirinin qarşısında qaldırılıb. Bildirilib ki, bu kimi narahatlıq doğuran və iki ölkə arasında mövcud yaxın dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən hallara son qoyulması istiqamətində əməli addımlar atılmalıdır.


Davranışlarda anti-Azərbaycan cizgiləri

Göründüyü kimi, Azərbaycan ərazi bütövlüyü məsələsində heç kimə güzəşt edilməyəcəyini növbəti dəfə nümayiş etdirib. Daim ermənilərə dəstək verən Rusiya və İrana sərt xəbərdarlıq edilib, Qarabağ məsələsində rəsmi Bakının qətiyyətli mövqeyi ortaya qoyulub. Hər iki ölkədən tələb olunub ki, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşsınlar. Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən politoloq Qabil Hüseynli bildirib ki, son dövrlər Rusiya və İranın davranışlarında anti-Azərbaycan cizgiləri açıq şəkildə özünü göstərir. Onun sözlərinə görə, Ermənistandan rusiyalı sülhməramlıların nəzarət etdiyi Laçın dəhlizi vasitəsilə Qarabağa əlavə hərbi qüvvələr daşınır, İran avtomobil karvanları rəsmi Bakının icazəsi olmadan bölgəyə daxil olur.


Qələbəmiz həzm edilmir

Politoloq deyib ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik, Üçtərəfli Bəyanatın ruhuna zidd addımlardır: "İran bu addımları ilə nümayiş etdirir ki, Azərbaycanın müstəqilliyini dəstəkləmir, ərazi bütövlüyünün bərpa olunmasını istəmir. Rəsmi Tehran nə qədər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə dair bəyanatlar səsləndirsə də, sonrakı addımları ilə Ermənistan üzərində qələbəmizi həzm edə bilmədiyini büruzə verir. Rusiya da o cümlədən. Görünür, həm Rusiyanın, həm də İranın ötürməsi və dəstəyi ilə Qarabağda hansısa separatçı addımların atılmasına hazırlıq gedir. Bu, Azərbaycana böyük zərər vura bilər. Bütün bu hadisələr erməni müdafiə naziri Vaqarşak Arutyunyanın Moskvaya səfəri, rusiyalı həmkarı Sergey Şoyqunun ona qılınc hədiyyə etməsi, Ermənistan ordusunun yenidən qurulmasına köməklik göstərəcəkləri barədə bəyanatı fonunda baş verir. Bununla rusiyalı nazir erməni həmkarına və bütün dünyaya mesaj verir ki, Rusiya Ermənistanı yenidən silahlandırmağa başlayacaq. Ümumən regionda çox mürəkkəb proseslər baş verir. Bu proseslərin təhrikçiləri də məlumdur. Ona görə də, Azərbaycan Müdafiə və Xarici İşlər nazirlikləri vasitəsilə İrana, Rusiyaya ciddi xəbərdarlıq edib. İndiki situasiyada siyasi-diplomatik yolla müəyyən məsələlərin nizama salınmasına çalışılır”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər