“Bakıdan gələn hər kəs mütləq dolma və paxlava gətirir” - Xaricdə təhsil
Türkan Yarıyeva: İnsan öz ailəsindən
dəstək gördükdə, bütün qapılar üzünə açıq olur
Müsahibimiz Macarıstanda təhsili alan həmyerlimiz Türkan Yarıyevadır.
1996-cı ildə anadan olub. Deyir ki, uşaqlıqdan çalışqanlığı ilə
həmyaşıdlarından seçilib.
Olimpiadalarda iştirak edən, aktiv şagird olub: "Hər zaman texniki
fənlərə daha çox marağım olub. Ən sevdiyim fənlər riyaziyyat, kimya, fizika
idi. Qəbul imtahanlarında riyaziyyat sevgim qalib gəldi və ikinci ixtisas qrupu
üzrə imtahan verdim. Bakalavr təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetin
maliyyə fakültəsi üzrə aldım. SABAH qruplarında oxuyurdum və SABAH-ın ilk
maliyyə məzunlarındanam. Magistr təhsilimi isə Təhsil Nazirliyinin xaricdə
təhsil proqram çərçivəsində Macarıstanda Szent İstvan Universitetində davam
etdirdim”.
"Çünki bizim məqsədimiz var
idi”
Türkan deyir ki, onu xaricdə təhsil almağa SABAH qruplarındakı
müəllimləri ruhlandırıb: "Məktəbdə təhsil alarkən xaricdə oxuyacağımı
düşünmürdüm. Bakalavr təhsilindən sonra qrup yoldaşlarımızla xaricdə təhsil
almağa qərar verdik. Müəllimlərimizin əksəriyyəti cavan kadrlar idi. Onların
məsləhətləri bu idi ki, əgər siz magistratura təhsili almaq istəyirsinizsə,
mütləq xarici təhsili üstün tutun. Çünki onlar da xaricdə təhsil alan
müəllimlər idi və təcrübələri çox idi. Aramızda 4-5 yaş fərq olmasına
baxmayaraq, istər öz işləri, istərsə də savadları ilə doğrudan da örnək olacaq
müəllimlər idilər. Bunlar mənə motivasiya verirdi. Mən də ikinci kursdan
başlayaraq dil kurslarına gedirdim. Dərslərimizdə də daim ballarımızı yüksək
tutmağa çalışırdıq. Çünki bizim məqsədimiz var idi”.
"Atam sevincindən sükanı
necə tutacağını bilmirdi”
Türkan artıq 2-ci kursdan işləməyə başlayıb. Deyir ki, əslində, maaşı
və karyerası xaricə getməyə bəs eləməsə belə, qənaətbəxş olub. Amma iş onu
məqsədindən yayındıra bilməyib: "Qrupumuzda işləyən tək mən deyildim. Qrup
yoldaşlarımın əksəriyyəti həm oxuyub, həm işləyirdi. Bu iş isə məni həvəsləndirmək
əvəzinə, əks təsir göstərdi. Fikirləşdim ki, xaricdə təhsil alıb gəlsəm, daha
yaxşı işdə işləyərəm. Əslində, belə də oldu. Macarıstanda universitetə qəbul
olduğumu eşidəndə, atamla maşında idik, atam sevincindən sükanı necə tutacağını
bilmirdi (gülür - A.Ə). İnsanın ailəsi ona dəstək olduqdan sonra bütün qapılar
üzünə açıq olur”.
"Valideynlərimə "şir ürəyi
yeyənlər” kimi baxırdılar”
Türkan əvvəlcə, ailəsinin ona xaricdə tək təhsil almağa icazə
verməyəcəyini düşünüb. Nəsildə, kökdə xaricdə təhsil alan olmadığı üçün bu arzu
əvvəlcə onun üçün imkansız görünüb: "Birinci kursda oxuyanda, bu fikir mənə
uzaq gəlirdi. Əmin idim ki, ailəm "yox” deyəcək. Düşünürdüm ki, atam, qardaşım
nə deyər? Bizim nəsil çox böyük nəsildir və xaricdə gedib təhsil alan kimsə yox
idi ki, nümunə kimi göstərim. Universiteti bitirəndə, hamı sual verirdi ki,
magistraturaya sənədlərini verəcəksən? Həmişə cavab verirdim ki, mən magistr
təhsilimi xaricdə alacağam. Bunu atamın da, qardaşımın da yanında deyirdim. Heç
vaxt mənə "yox” demirdilər və həmişə də kurslara getməyimə pul verirdilər. Amma
"get” də demirdilər. İELTS imtahanlarına hazırlaşırdım. İşə qəbul olunmağımda
kömək oldu. Atam o imtahana da hazırlaşmağıma icazə verirdi. Atam fikirləşirdi
ki, xaricə qoymasam da, oxusun da. Oxumağın pis heç nəyi yoxdur, başını başqa
şeylərlə qatmaqdansa, dərsləri ilə məşğul olsun. Yenə də heç kim düşünmürdü ki,
mən xaricdə qəbul oluna bilərəm. Ehtimalları çox az idi. Onlardan heç vaxt "hə”
cavabını gözləmirdim. Çox qəribə oldu. Sənədlərimi verib gəldim və ailəmi
məlumatlandırdım. Dedilər ki, heç nə olmaz, yaxşı etmisən. Sonra müsahibəyə
getdim, gəlib dedim ki, müsahibəyə də getdim. Dedilər ki, yaxşı etmisən. Sonra
müsahibələrdən keçmişdim, amma universitetlərdən qəbul cavabını almamışdım,
onda mənə dedilər ki, getməyinə razı deyilik. "Necə olacaq” deyə narahatlıqları
var idi. Universitetə qəbul oldum, həmin müddət Macarıstanın Azərbaycandakı
səfirliyi işləmədi. O vaxt mən çox pis oldum ki, hamı qəbul oldu, dostlarım
gedir, mən isə gedə bilmirəm. Atam gördü ki, çox pis olmuşam, mənimlə
Gürcüstana getdi. O vaxt turizm mövsümü olduğundan, Gürcüstana da bilet tapmaq
olmurdu. Qatarla Gürcüstana getdik. Oradan atam vizamı aldı. Geri, Bakıya
qayıtdıq. Bizi əməlli-başlı yollarda süründürmüşdülər. O vaxt gördüm ki, ailə
dəstəyi başqadır. Ailəmin dəstəyi olmasaydı, mən bu işin öhdəsindən gələ
bilməzdim. Çünki nəslimizdə hələ bunu qavramamışdılar. Dayıma, bibimə deyəndə ki
xaricə oxumağa gedirəm, deyirdilər ki, qız uşağının xaricə gedib orada iki il
qalmağı düzgün deyil. Valideynlərimə "şir ürəyi yeyənlər” kimi baxırdılar.
Evimiz daim qonaq-qaralı olurdu. Bir dəfə evimizdə yığıncaq idi. Mən də o vaxta
kimi heç kimə açıqlamamışdım ki, gedirəm. Orda dedim ki, mən qəbul olmuşam,
oxumağa gedirəm. Böyük dayım dedi ki, qızım, aslanın erkəyi-dişisi olmaz. Get,
Allah yolunu açıq eləsin, alnıaçıq, üzüağ qayıt gəl, bu birilərə də yol aç. O
söz mənim ailəmə motivasiya oldu. Atam da, anam da, qardaşım da həmişə
deyirdilər ki, biz sənə güvənirik. İnsan ağıllı olduqdan sonra öhdəsindən
gəlməyəcəyi heç nə yoxdur”.
"O təyyarədə həm sevincli
olursan, həm də kədərli...”
Türkanın sözlərinə görə, ailəsindən heç vaxt ayrılmadığı üçün bir
müddət xaricdə çətinlik çəkib: "Məncə, bu hiss bütün tələbələrdə var. Adam
həmin ana kimi çalışır, düşünür ki, oraya böyük bir sevinc hissi ilə gedəcək.
Amma sən ailəndən heç vaxt o qədər uzun müddətli ayrılmamısansa, aeroporta
gedəndə insanın qəlbində çox qəribə bir içinə çökmə hissi olur. O təyyarədə həm
sevincli olursan, həm də kədərli. Təyyarədən düşəndə özümə dedim ki, istədiyim
bu idi. Daim ailə nəzarətində olan adam sanki birdən-birə güclənməyə başlayır.
Elə bil bu hiss səndə hava limanında düşdüyün yerdən başlayır. Artıq hər şeyə
fikir verməyə başlayırsan. Fikirləşirsən ki, bura məni udmasın, mən buranı
udum, istədiyimi əldə edim və uğurlu olum. Beynində ancaq arzular, gələcəklə
bağlı planlar yaranır. Hətta həmin gün artıq sabah nə edəcəyini düşünməyə başlayırsan.
Səni əsas düşündürən özünə əhatə yığmaq, insanlarla necə yola getmək kimi
fikirlərdir. Ora gedənə kimi şəkillərə baxırsan, amma ora çatdıqdan sonra ətraf
mühit insanı daha çox maraqlandırır. Getdiyim gün qrup yoldaşlarımla görüşümüz
oldu. Çox xoşuma gəldi. Hər şey gözlədiyim kimi idi. Biz bir-birimizə elə
baxırdıq ki, iki il ərzində burada bizdən başqa kimsəmiz olmayacaq. Ancaq biz
olacağıq və bir-birimizə dəstək olacağıq. Belə bir ab-hava var idi və bu mənim
çox xoşuma gəlmişdi. Bütün uşaqlar yataqxanada qalırıq. Yataqxana dörd
mərtəbəlidir, elə bil evimizdi, hamı bir-birinin otağına girib-çıxır. İlk
təəssüratım çox yaxşı oldu. Öz-özümə "nə yaxşı ki, gəlmişəm” demişdim. Ən pis
şey tək olmaqdır. Tək olmadığını bilirsənsə, onda hər şey daha rahat olur”.
"Orada sərbəstliyi, sözümü
deyə bilməyi öyrəndim”
Macarıstanda təhsilin vəziyyətinə gəldikdə isə, həmsöhbətimiz deyir
ki, təhsillə təcrübənin paralel olması ona öyrənmək üçün daha geniş imkanlar
verib: "Onlar təcrübəni təhsilə uyğunlaşdıra bilən insanlardır. Oxuduğun
kitabların nağıl olduğunu hiss etmirsən. Oxuduğunu həmin yerdə çalışan
əməkdaşlar əyani izah edirlər. Müəllimləri çox sərbəstdirlər. Nə qədər çalışsaq
da, bizim təhsil sistemimizdə bunu alındıra bilmirik. Təkcə universitetlərdən
deyil, orta məktəblərdən başlamaq
lazımdır ki, uşaqlar da bir az sərbəst olsunlar. Əgər sən orta məktəbdə
müəllimindən çox qorxmusansa, universitetdə müəllimin nə qədər mülayim olsa da,
ondan müəyyən qədər çəkinirsən. Bu həm də bir az mədəni dəyərlərdən də gələn
məqamdır. Oradakı uşaqlarda həddən artıq sərbəstlik var idi, yaxşı mənada
müəllimin üzünə nə lazımdısa, deyə bilirdilər. Məsələn, "mən filan şeyi
bəyənmədim, bu dərsdə filan şey yox” idi. Bunun da qarşılığında müəllimdən sərt
reaksiya görmürdülər. Hiss edirdin ki, müəllim dərsi motivasiya edən nələrsə
axtarıb tapırdı və gələn dərsə kimi artıq bu problem olmurdu. Mənim bakalavrda
müəllimlərimlə heç vaxt problemim olmayıb. Sadəcə, biz tələbə olaraq
müəllimlərimizdən çəkinirdik. İçimizdə bir çəkinmə hissi var idi ki, o, xaricdə
itdi. Orada sərbəstliyi, sözümü deyə bilməyi, auditoriyada öz sözünü insanlara
qəbul etdirməyi öyrəndim”.
Türkan "xaricdə olarkən daha çox çox nə üçün darıxırsan” sualımıza
belə cavab verdi: "Dolma üçün darıxırdım. Çünki orada üzüm yarpağı və qoyun əti
tapmaq çətindir. Bakıdan gələn hər kəs mütləq dolma və paxlava ilə gəlir. Həmin
gün qonaqlıq olur, bütün dostlar yığışıb bayram edirik”.
Aygün ƏZİZ