• cümə, 21 Iyun, 19:10
  • Baku Bakı 28°C

Azərbaycanın qlobal enerji bazarında əhəmiyyətinin yüksəlməsi bir reallıqdır

31.05.23 20:04 2648
Azərbaycanın qlobal enerji bazarında əhəmiyyətinin yüksəlməsi bir reallıqdır

Azərbaycan hazırda dünya səviyyəli forumların və tədbirlərin keçirildiyi əsas ölkələrdən birinə çevrilib. Hər il ölkəmizdə bütün dünyanın maraqla gözlədiyi forumlar, iclaslar, sərgilər keçirilir. Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri indi xüsusi əhəmiyyətə malikdir. Pandemiyanın iqtisadi təsirlərinin tam olaraq aradan qalxmamağı, müharibələrin dünya iqtisadiyyatına yaratdığı psixoloji təzyiqlər fonunda belə tədbirlərin xüsusi önəmi var.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.

Politoloq vurğulayıb ki, Prezident İlham Əliyev sərgidə qlobal enerji sektorunun bundan sonrakı gələcəyi ilə bağlı mühüm konturları açıqlayıb. Dövlətimizin başçısı təkcə hazırkı mövqeyimizi deyil, həm də gələcək potensial layihələrin də anonsunu verdi. Bəlli oldu ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru ilə Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Beləliklə, Mərkəzi və Şərqi Avropadan Orta Asiyaya, Ərəb dünyasından ABŞ, Britaniya, Çinə qədər bir çox coğrafiyalardan Azərbaycanın siyasi və iqtisadi imkanlarına, Prezident İlham Əliyevin mövqeyinə böyük simpatiyanı müşahidə edirik.

Tural İsmayılov deyib: “ABŞ Prezidenti və Britaniya Baş nazirinin müraciətləri hazırda bütün dünyanın diqqətinin Bakıya yönəldiyini göstərir. Cozef Baydenin məktubunda ölkəmizin dünyəvi ekoloji məsuliyyət şüurundakı roluna da ayrıca dəyər verildi. Azərbaycan bu gün təkcə ənənəvi enerji məhsulları ilə deyil, alternativ enerji imkanları ilə də ciddi rəğbət qazanır. C.Baydenin məktubda vurğuladığı məqama da diqqət edilməlidir. “Azərbaycan təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir – buraya Cənub Qaz Dəhlizi daxil olmaqla, Orta Dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir. Qlobal iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanın səyləri, o cümlədən bərpaolunan enerjinin inkişafının artırılmasına və enerji səmərəliliyinin gücləndirilməsinə dair təşəbbüslər məni sevindirir”, - deyən C.Bayden ABŞ-Azərbaycan münasibətlərinin bundan sonrakı inkişafına da işarə edir”.

O əlavə edib ki, Azərbaycanın qlobal enerji bazarında əhəmiyyətinin yüksəlməsi bir reallıqdır. Bu xüsusiyyətlərimiz ilə yaxın dövrün iqtisadi layihələri Azərbaycansız mümkün olmayacaq.

banner

Oxşar Xəbərlər