Azərbaycanın ən gənc olimpiya çempionu - Portret

Azərbaycan cüdoçuları aşağı yaş kateqoriyaları üzrə Avropa və dünya
çempionatlarından tutmuş, böyüklərin olimpiadasınadək, bir çox mötəbər yarışın
baş mükafatına sahib çıxsalar da, Yeniyetmələrin Olimpiya Oyunlarında himnimizi
səsləndirmək heç bir təmsilçimizə qismət olmamışdı. Ta ki, ötən ilin
oktyabrınadək. Buenos-Ayresdə təşkil olunan III olimpiadada, nəhayət, bu
intizarımıza da son qoyuldu. 66 kiloqram çəki dərəcəsində mübarizə aparan 15
yaşlı Vüqar Talıbovun qazandığı "qızıl", tarixdə ilk olmaqla yanaşı,
iki rekord göstərici ilə də əlamətdardır. Belə ki, o, həm Azərbaycan idmanında,
həm də dünya cüdosunda "ən gənc olimpiya çempionu" statusuna sahibdir.
Ananın arzusu
Talıbov Vüqar Yalçın oğlu 11 avqust 2003-cü ildə Rusiya
Federasiyasının Nijnevartovsk şəhərində dünyaya göz açıb. Əslən Ucar rayonundan
olan Talıbovlar, qəhrəmanımız dörd yaşında olarkən vətənə dönüblər. Lakin onlar
əvvəlki kimi Ucarda yox, Bakıda məskunlaşıblar.
2008-ci ildə böyük bacısı ilə birgə 252 saylı məktəbə qədəm qoyan
Vüqar, idmanda ilk addımlarını 2011-ci ildən atmağa başlayıb. Lakin öncə cüdonu
deyil, ölkəmizdə daha populyar idman növü olan sərbəst güləşi seçib. Bu növ
üzrə məşqlərini isə Respublika Olimpiya İdman Liseyində keçib. Həvəsi böyük
olsa da, onun güləş macərası səhhətində yaranan problemlərə görə cəmi bir neçə
ay çəkib.
Bir ildən çox müddəti əhatə edən fasilənin ardından, o, anasının
dəstəyi ilə yenidən idmana qayıtmağı qərara alır. 10 yaşlı Vüqar bu dəfə
"cüdo" deyib, Vüsalə xanımla birgə yenidən ROİL-ə üz tutur. Zala
daxil olanda, yaşıdlarından fərqlənən cüssəsi ilk baxışdan məşqçilərin - Ramiz
Ramizzadə və Aslan Hacıyevin diqqətini çəkir. Beləcə, ikili tərəddüd etmədən onu
məşqlərə cəlb edir.
Hazırlıq üçün nəzərdə tutulan bütün mərhələləri qısa müddətdə keçən
Vüqar, tezliklə zalın liderinə çevrilir. Heç bir il keçmir ki, şəhər və
respublika birinciliklərindən qələbə soraqları gəlir.
Uşaqların idmana meyillənməsində adətən, atalar mühüm rol oynasa da,
bugünkü qəhrəmanımızın ailəsində vəziyyət fərqlidir. Belə ki, atası onun həmişə
təhsil almasını, anası idmançı olmasını istəyib. Bunu doğuran əsas səbəb isə
Elnur Məmmədli və Toğrul Əsgərovun olimpiya çempionluqları olub. Daim ölkəmizin
təmsilçilərinin iştirakı ilə baş tutan yarışları izləyən, uğurlardan fərəhlənən
ana, öz oğlunu da bu zirvələrdə görmək arzusu ilə yaşayıb.

Maqadandan başlayan yol
İlk beynəlxalq sınağını 2017-ci ildə Rusiyanın Maqadan şəhərində baş
tutan açıq birincilikdə verən Vüqar, rəqiblərinə seçim yeri qoymadan, fəxri
kürsünün birinci pilləsinə qalxır. Beləliklə, növbəti ildən Avropa kuboklarına
qatılır. Fevralda İspaniyaya yollanan Talıbov, ilk iki mərhələni qələbə ilə
başa vurub 1/8 finala adlayır. Burada İsrail təmsilçisinə yenilsə də, bürünc
uğrunda mübarizəni davam etdirir. Lakin təcrübəsizliyi ona təsəlliverici
mərhələdə də uğurla çıxış etməyə imkan vermir. Belə ki, ispaniyalı həmkarını
üstələyən Vüqar, ardınca Almaniya cüdoçusu ilə bacarmır.
Apreldə Almaniyada baş tutan analoji turnir isə daha uğursuz alınır.
Vüqarın Berlin macərası sadəcə, bir görüşdən ibarət olur.
Bundan cəmi bir ay sonra isə o, Avropa kuboku seriyasında medal
hesabını açır. Portuqaliyada baş tutan sözügedən yarışda Vüqar, əvvəlcə ev
sahibini, növbəti mərhələlərdə isə müvafiq olaraq, Belçika və İsveçrədən olan
həmkarlarını yolundan uzaqlaşdıraq, yarımfinalda Estoniya təmsilçisinə rəqib
olur. Daniel Nuriyevi də tatamidən məyus yola salan həmyerlimiz, ispaniyalı
Xavyer Penanın da müqavimətini asanlıqla qıraraq, medal hesabını birbaşa
"qızıl"la açır. İyunda Bosniya və Hersoqovinada keçirilən Avropa
çempionatında isə yeddinci yerlə kifayətlənir.
Növbəti ay Çində təşkil olunan Asiya kuboku daha böyük məsuliyyət
kəsb edirdi. Belə ki, məşqçilər heyəti ölkəmizin Buenos-Ayresdə kiminlə təmsil
olunacağını məhz bu yarışda müəyyənləşdirməyi qərara almışdı. Belədə, Vüqar
sadəcə, maksimum nəticə haqqında düşünsə də, yekunda üçüncü olur. Bununla belə,
yarışın yekunlarına əsasən, "bürünc" də ona kifayət edir.

Medala iddialı, amma...
Argentina paytaxtına yollanmazdan öncə həm özü, həm də məşqçilər
nikbin danışır, böyük ehtimalla, medalla dönəcəklərini söyləyirdilər. Lakin
"qızıl" haqqında proqnoz verməkdən çəkinirdilər. Bunun da müxtəlif
səbəbləri vardı. Əvvəla, cüdo proqnozları ümumiyyətlə, sevməyən bir idman
növüdür. Ani səhv hər şeyi alt-üst edə bilər. Digər tərəfdən də, rəqiblər
arasında ondan daha təcrübəli və titullu cüdoçular çoxluq təşkil edirdi.
Zirvəyə doğru
Startda Yəmən cüdoçusuna qalib gələn Talıbov, ardınca tacikistanlı,
yarımfinalda isə dominikanlı rəqiblərinin də ümidlərini puça çıxarır. Final
görüşündə isə onu Rusiya təmsilçisi, son Avropa çempionu Abrek Naquçev
gözləyirdi. Adlı-sanlı Rusiya məktəbinin, özündən daha təcrübəli və titullu
nümayəndəsi ilə görüşdə şansları xeyli az qiymətləndirilsə də, Vüqar, bu dəfə
də sadəcə, zəfərə köklənmişdi. Məşqçilər də işlərini olduqca ehtiyatlı
tutmuşdular. Onlar sözügedən idmançını əsas rəqib kimi qəbul etdiklərindən,
yarışdan qabaq ətraflı analiz edib, bütün zəif nöqtələrini, təmsilçimizin ona
qarşı hansı həmlələri edə biləcəyini müəyyənləşdirmişdilər. Beləcə, əvvəlcədən
planlaşdırıldığı kimi, əks-hücum üslubunda güləşən Talıbov, görüşün startından
1 dəqiqə 4 saniyə keçmiş, Naquçevin ani boşluğundan yararlanaraq, onun kürəyini
tatamiyə vurur.

Yeni çəkidə "qızıl
siftə” və 2019-cu ildə əsas hədəfi
Olimpiadadan sonra çəkisini 73 kiloqrama qaldıran Vüqar, ilk sınağını
- Azərbaycan birinciliyini maksimumu nəticə ilə başa vurub. Keçirdiyi beş
görüşün dördünü "ippon" xalı ilə başa vurub ki, bu, onun
rəqiblərindən bir baş üstün olduğunu təsdiqləyir. Cari ildə isə Talıbovu üç
mühüm sınaq gözləyir. Bunlar Avropa və dünya birincilikləri və Bakıda baş
tutacaq sayca 15-ci Avropa Gənclər Olimpiya Festivalıdır. Əsas yarış olaraq,
sonuncunu qəbul edən olimpiya çempionumuz, doğma publika önündə maksimum nəticə
qazanmağı hədəfləyib.
Ən böyük hədəf isə şübhəsiz ki, böyüklərin Yay Olimpiya Oyunlarıdır.
Vüqar belə davam eləsə, 2024-cü ildə Parisdə baş tutacaq zirvə yarışında bizi
"qızıl"la sevindirə bilər. Onun potensialı nəinki bir, daha artıq
olimpiya medalına sahib olmağa imkan verir. Bunu biz yox, şəxsi məşqçisi Aslan
Hacıyev və yığmamızın çalışdırıcısı Ramiz Ramizzadə deyir.

Əfsanəvi kumirdən xoş
sözlər
Daha çox fiziki gücünə görə seçilən Vüqarın, texniki göstəriciləri də
qənaətbəxşdir. Onun bir neçə "kral" fəndi var. Bunlar "çiyin
üzərindən atma", "arxaya badalaq" və "burma"dır.
Fəndləri həm sağ, həm də sol istiqamətdən yerinə yetirməsi isə əsas
üstünlüyüdür.
Döyüş tərzinə görə, mütəxəssislər onu əfsanəvi yunanıstanlı cüdoçu,
olimpiya və üçqat dünya çempionu İlias İliadislə müqayisə edirlər. Yeri
gəlmişkən, Talıbov onu özünə kumir seçib. Xüsusi vurğulayaq ki, Argentinadakı
zəfərdən sonra İlias ona yaxınlaşaraq, döyüşlərini əvvəldən axıra qədər
izlədiyini və çox bəyəndiyini bildirib. Əfsanəvi cüdoçu öz karyerasından
nümunələr gətirərək, Vüqara deyib ki, arxayınlaşmasan, tezliklə ali səviyyəyə
çatacaqsan. Bu dialoq yeniyetmə cüdoçumuza əlavə stimul verib. O, olimpiya
çempionu olduğunu unudaraq, tamamilə məşqlərə köklənib. Ramiz müəllim deyir ki,
geridə qalan müddət ərzində, Vüqar bir dəfə də olsun, hazırlıqdan yayınmayıb.
Əksinə, sadəliyi ilə digər yaşıdlarına nümunədir.

Futbol və güləş sevgisi
Güləşlə məşğul olduğu dövrdə həm də futbol məşqlərinə qatılan
Vüqarın, idmanına şahına qarşı indi də böyük sevgisi var. Əsasən
"Qarabağ"ın və milli komandamızın oyunlarını diqqətdə saxlayan
olimpiya çempionumuzu tez-tez stadionlarda görmək mümkündür. Xarici klublardan
isə "Barselona"ya azarkeşlik edir.
Güləş üzrə keçirilən yarışları da diqqətdən qaçırmayan Vüqar,
pəhləvanlarımız arasında olimpiya çempionu Toğrul Əsgərova və üçqat dünya
çempionu Hacı Əliyevə pərəstiş edir.
Hazırda o, Respublika Olimpiya İdman Liseyinin XI sinfində oxuyur.
Ali təhsilini də idman istiqamətində almaq istəyən 15 yaşlı Talıbov,
sənədlərini Bədən Tərbiyəsi və İdman Akademiyasına verməyi düşünür.

Portret
İlklər heç zaman unudulmur. Azərbaycan cüdosuna Yeniyetmələrin Yay
Olimpiya Oyunlarının ilk qızıl medalını bəxş edən Vüqar da adını tarixə əbədi
həkk etdirib. 15 yaşlı idmançı üçün bu, əsl qürur mənbəyi olmaqla yanaşı, həm
də böyük məsuliyyətdir. İliadisin sözlərinə qüvvət, xarakterini sabit saxlaya
bilsə, o, cüdonun əfsanələrindən birinə çevrilə, adını Azərbaycan idmanı
tarixinə daha iri hərflərlə yazdıra bilər.
Sahib
