Azərbaycanda hostel mədəniyyətini yayan gənc – Biznes
Bütün
bizneslər kimi, hostel qurmaq da risk tələb edir. Yəni alına da bilər, alınmaya
da. O da bu riski edib və alınıb. Deyir ki, belə işlərdə risk etməyə dəyər.
Çünki cəhd etməsən, yoxlamasan, bir seçimin olur, o da alınmamaq. Hostel
qurmaqla yanaşı, həm də Azərbaycana hostel mədəniyyətini gətirməyə çalışdığını
və bunu bacardıqlarını deyən müsahibimiz
Şəki şəhərindəki "Adventure” hostelinin qurucusu Müşfiq Səmədlidir.
- Müşfiq bəy, işləməyə nə vaxt və hansı işlə başlayıbsınız?
- Demək
olar ki, 15 yaşımdan işləyirəm. Hansı işə gəlincə, mənim çalışmadığım iş
qalmayıb, hansını deyim? (Gülür).
- İndi yadınıza hansı düşürsə, onları qeyd edə bilərsiniz.
- İlk
olaraq Şəkidə ayaqqabı sexində işə başladım, ayaqqabı tikməyi öyrənirdim. Sonra
bir müddət maşın, ardınca ev elektrikinin yanına getdim. Marxalda su sexində
aparatda çalışdım. Sonra Bakıya getdim, orda yanacaqdoldurma məntəqəsində işləmişəm.
Eyni zamanda maşınlara yaxınlaşıb kontur da satırdım. Restoranda ofisiant təcrübəm
də var. Makaron sexində də bir neçə ay işlədim. Makaronları yığıb çox isti
otaqlara yerləşdirirdik, bərkiyirdi. Soyuqdan istiyə, istidən soyuğa düşdüyüm
üçün sağlamlığımda problem yarandı, böyrəklərim ağrıdı. Ona görə, ordan çıxdım.
2011-ci ildən sonra isə amerikalılarla işlədim, onlardan idman dırmanması və
dağ bələdçiliyini öyrənirdim. 2013-14-cü illərdə Bakıda dırmanma üzrə dünya
kubokunda hakimlik etmişəm. Gürcüstanda yarışlarda olmuşam, dırmanma üzrə 3-cü
yeri qazanmışdım. Dağçılıq təlimləri keçmişəm. 2017-ci ildən də hostel sahəsindəyəm.
Amma dağçılıq da davam edir.
- 15 yaşınızda işləməyinizin səbəbi nə idi? İşləməyə
həvəsli idiniz, yoxsa maliyyəyə görə bunu edirdiniz?
- Düzü,
özüm işləməyə həvəsli biriyəm. İşləmək mənim üçün problem deyil. Ancaq işləməyimin
səbəbi həm də pul qazanmaq idi. Çünki 15 yaşım olanda atam rəhmətə getdi və
başa düşürdüm ki, pul qazanmaq lazımdır.
- Belə anlaşıldı ki, qeyd etdiyiniz işlərdə o qədər
də uzun müddət çalışmayıbsınız. Bunun səbəbi nə idi?
- Ən çox
çalışdığım, ayaqqabı sexi olub, 11 ay. Yanacaqdoldurma məntəqəsində 6-7 ay işləmişəm.
Həmin müddətdə həm maşınlara benzin vururdum, həm də kontur satırdım.
Qalanlarda 2-3 ay işlədikdən sonra çıxmışam. Pula ehtiyacım var idi, ona görə,
daha çox gəlir əldə edə biləcəyim iş istəyirdim. Həm də fərqli sahələri
yoxlayıb bir növ özümü axtarırdım. Hansı işin mənə daha uyğun olduğunu bilmək
üçün o təcrübələri keçməli idim.
- Hostel ideyası necə yarandı?
-
2016-cı ildə Dağçılıq Federasiyasından bir dostumla Gürcüstana səfər etmişdik.
Mən yarışa qatılırdım, o isə gəzmək üçün getmişdi. Ordan qayıdanda dostum
hostel qurmaq ideyasını təklif etdi. Bir il bu sahəni araşdırdıq. Məlum oldu
ki, Şəkidə qonaq evləri var, ancaq hostel yoxdur. 2017-ci ildə birinci hosteli
açdıq və indiyə qədər də işləyir. Ancaq mən 2019-cu ilin əvvəlində o hosteli satıb
indikini açdım.
- Bəs niyə
satdınız?
- O
hosteldə ortaq idim, mən isə ortaqlıqdan ayrılmaq istədim.
- Yenidən qurmaq çətin olmadı?
- İkinci
dəfə qurmaq o qədər də çətin olmadı. Çünki birinci dəfədən təcrübə yığmışdım.
Bir neçə həftəyə hostel artıq hazır oldu. Birinci dəfə quranda isə elə də təcrübəmiz
yox idi. Hostel necə olur, burda standartlar nədir? Sayta necə yerləşdirilir?
Bununla bağlı da məlumatlı deyildik. Ümumiyyətlə, ölkəmizdə hostellə bağlı
yanaşmalar da elə yaxşı deyildi. Ona görə, biz Azərbaycana hostel mədəniyyətini
gətirməyə çalışdıq. Bunu bacardığımızı düşünürəm. Biz Azərbaycanda hostel
açanda heç Bakıda düz-əməlli hostel yox idi. Adı hostel olan adi qonaq evləri
idi. Əsas məqsədimiz o idi ki, ailələr də gəlsin, həm mədəni, həm də ucuz yer
olduğu üçün hosteli seçsinlər. Bir ilə buna nail olduq.
- Hostel qurmaq üçün nə qədər pul xərclədiniz?
Əlinizdə lazım olan məbləğ var idi?
- Xərc,
hosteli açacağın evə görə dəyişir. Ən azı 3-4 min manat lazımdır. Başlanğıcda o
qədər pul gedir. Əlimdə pul olmadığı üçün birinci dəfə ortaq oldum, ikinci dəfə
lazım olan xərcləri qarşılayacaq pulum var idi.
- Bir gənc üçün heç də az məbləğ deyil. Həm də risk
edibsiniz...
- O
riski gözə almağa dəyərdi. Risk etməsəm, alınıb-alınmayacağını bilməzdim. Cəhd
etməsən, bir variant olur, o da alınmamaq.
- Hostelin adı tərcümədə macəra mənasını verir. Niyə
macəra?
- Özüm
dağçı olduğum və yaratdığım birinci dağçılıq klubunun adı "Azeri Mountain
Adventures” olduğu üçün belə bir ad seçdim. Qeyd edim ki, biz qeyd etdiyim klubu
2011-ci ildə amerikalı müəllimlərlə yaratmışıq. Hosteldə turlar filan edirəm, təbiətdə
macəra olur. Belə də ki, hostelin özü də bir macəra kimidir. Ən azı belə olması
üçün çalışmışıq. Burda elə mühit yaratmağa çalışıram ki, gələn hər kəs bir-biri
ilə ünsiyyətdə olsun, yeni tanışlıqlar, dostluqlar yaranır. Hətta burda tanış
olan bir cütlük indi nişanlıdır.
- Hostel mədəniyyətini yaratdığınızı dediniz. Bunun
üçün nə etdiniz?
- Əsas
sosial media üzərindən reklam etməyə başladıq. Ən böyük reklamımız isə bizdən
razı qalan müştərilər oldu. Yeni evlənən cütlük gəlmişdi, getdilər, başqa
dostları gəldi. Şəkidən qız istəməyə gələn sumqayıtlı ailə bizdə qaldı, sonra
onların tanışı olan ailələr, xanımlar gəldi. Özümüzdən çox, müştərilər bizi
reklam etdilər.
- Qiymət siyasətini necə apardınız?
- Yeni
başlayanda hostelin qiymətini şəhərdəki qonaq evlərinə uyğunlaşdırmağa
çalışırdıq. Qiymətlərimiz 10-15 manat arası olurdu. İndiki illərdə isə qonaq
evlərinin, hostellərin sayı artdıqca, qiymət siyasətini heç cür tənzimləmək
olmur. 6, 8 manata belə hostellər var. Məcbur olub, qiyməti bazara uyğunlaşdırmalısan.
- Hostelinizi digərlərindən fərqləndirmək üçün nə
etdiniz?
- İlk
olaraq çalışdım ki, daha kreativ, qonaqlar üçün maraqlı bir şeylər olsun. Buna
görə, xaricdən oyunlar gətirtdim. Hosteldə 30-a yaxın fərqli oyun var. İstər
yerli, istər xarici qonaqların vaxtlarını daha maraqlı keçirmələri üçün bunu
etdik. Hosteldə hiking, şəhər turları etməyə başladım. Bu turlarla da başqa
hostellərdən, qonaq evlərindən fərqlənməyə çalışdıq. Azərbaycanda ilk dəfə
hosteldə könüllülük xidmətini tətbiq etdik. Digər ölkələrdə belə təcrübə var
ki, hansısa otelə gedirsən, 5-6 saat hostel üçün işləyirsən, sonra çıxıb gəzirsən.
Yəni 5-6 saat işlədiyin üçün hostelə pul ödəmirsən. Amerikadan bir oğlan, Çindən
bir qız bizdə belə könüllü oldu. Bu yay Azərbaycandan da 5-6 elə könüllümüz
olub. İnsanların hostelə pulu təkcə yatmaq üçün verməməsi, daha maraqlı istirahət
edə bilməsi üçün əlimdən gələni edirəm.
- Özünüz həmişə hosteldə qalırsınız?
- Demək
olar ki, günün 24 saatı iş başındayam. Arada evə gedib varlığımı göstərib
qayıdıram (gülür).
- 24 saat iş başında olmaq. Yorucu deyil?
- İşin
yorucu tərəfi də olur, ona görə, sıxılanda dağlara qaçıram.
- Daim turistlərlə ünsiyyətdə olursunuz, yəqin ki,
maraqlı hadisələrlə də qarşılaşırsınız...
- Hostel
işi maraqlıdır. Çox maraqlı insanlar tanıyırsan, amma adamı qocaldan problemlər
də olur. Bir çinli gənc qız gəlmişdi, iki gün qaldı, üçüncü gün səhər çıxdı,
axşam qayıtmadı. Çantası da hosteldə idi. Gecə səhərə qədər şəhərdə çinli qızı
axtarmışam. Kafelərdən, restoranlardan, çay evlərindən soruşdum, tapmadım.
Gözümə yuxu getmədi. Sən demə, Şəkidə bir oğlanla tanış olub və gecə şəhəri gəziblər
(gülür). Gülməli hadisələr də olur, amma daha çox problemlər, narahat olacağım
hadisələrlə qarşılaşıram.
- Çinli qızı niyə axtarırdınız? Bu, sizin
işinizdir?
- Məsuliyyət
hiss edirdim. Çantası orda, özü isə yoxdur və xarici vətəndaşdır. Başına nə isə
gələ bilər, dil bilmir, ona görə, narahat olurdum.
- Başqa hansısa biznes ideyası varmı?
- Var,
4-5 ildir onun haqqında düşünürəm, amma hələ ki etməmişəm. Vaxtı çatan kimi onu
da quracağam.
Aygün Asimqızı