• çərşənbə axşamı, 19 mart, 10:52
  • Baku Bakı 8°C

Azərbaycanda əlverişli investisiya mühitinin yaradılması neft sektorundan asılılığı sıfıra endirəcək

08.12.19 09:21 1000
Azərbaycanda əlverişli investisiya mühitinin yaradılması neft sektorundan asılılığı sıfıra endirəcək
Azərbaycanda aparılan köklü iqtisadi islahatlar ölkəmizin inkişafı üçün vaxtında atılan əhəmiyyətli addımdır.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, ümumiyyətlə ölkədə son illər həyata keçirilən islahatlar öz müsbət nəticəsini verib: "Sosialyönümlü islahatlara, yəni 4 milyondan çox insanın pensiyasının, əməkhaqqının, müavinətlərinin artırılması istiqamətində qərarların qəbul olunmasına və dövlət büdcəsindən milyardlarla manat məbləğində vəsaitin ayrılmasına baxmayaraq, inflyasiya 2,5 faiz həddini keçməyib. Hazırda ölkə iqtisadiyyatının da sürətlənməsi prosesi başlanıb. Dövriyyələrin qismən "kölgədən" çıxması büdcəyə və büdcədənkənar fondlara daxilolmaların artımına və iş yerlərinin rəsmiləşdirilməsinə gətirib çıxarıb. Təkcə 2019-cu ildə 120 mindən çox yeni əmək müqaviləsi qeydiyyata alınıb ki, onlardan 90 mini qeyri-neft sektorunun özəl bölməsində olub. Bütövlükdə, ölkədə əlverişli investisiya mühiti formalaşıb. Bu, həm də Azərbaycanın neft sektorundan asılılığın sıfıra enməsinə gətirib çıxaracaq.
Artıq Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycanda həyata keçirilən islahatlar yüksək qiymətləndirilib. Məsələn, Azərbaycan Dünya Bankının "Doing Business" hesabatında 20 ən islahatçı ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında Azərbaycanda aparılan islahatların ardıcıl xarakter daşımasına diqqət çəkilib".
Deputat vurğulayıb ki, bütün bunlara rəğmən iqtisadiyyatın qeyri-neft sektoruna həm xarici, həm də yerli investisiyaların cəlb edilməsi səviyyəsi qənaətbəxş deyil:
"Görülən işlər və islahatlar nəticəsində büdcə imkanları, o cümlədən dövlət investisiya xərcləri artsa da, iqtisadi artımın və ÜDM-nin göstəriciləri bu dinamikanı tam əks etdirmir. İqtisadiyyatın müxtəlif sektorlarında inhisarçılıq elementləri mövcuddur.
Dayanıqlı iqtisadi artıma nail olmaq məqsədi ilə yeni iqtisadi proqram hazırlanmalı, iqtisadi model işlənilməlidir. Bu istiqamətdə artıq Nazirlər Kabinetində iş gedir. Yeni iş yerlərinin yaradılması dinamikasını təmin edən iqtisadi artımın templəri qorunub saxlanılmalı, ölkənin bundan sonra da dayanıqlı inkişafı təmin edilməlidir".
A.Hüseynov əlavə edib ki, əhalinin real gəlirləri, əməkhaqları, pensiya və müavinətlər, birdəfəlik sosial yardıma yönəldilən vəsaitin həcmi əhəmiyyətli dərəcədə artıb:"Bu nailiyyətlər qorunmalı, eyni zamanda, bu tendensiyanın davam etdirilməsi məqsədi ilə müvafiq strukturlarla ahəngdar və koordinasiyalı şəkildə fəaliyyət təmin edilməlidir. Bunun üçün artıq Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi dövlət xidməti statusunda İqtisadiyyat Nazirliyinin yenilənmiş strukturuna daxil edilib. Bu da ölkə iqtisadiyyatının gücləndirilməsinə xüsusi töhfə verəcək".

banner

Oxşar Xəbərlər