Şəkər istehsalında rekord artım
Azərbaycanda şəkər istehsalı və ehtiyatları əhəmiyyətli dərəcədə artıb. Ekspertlər bunu dövlət dəstəyi və istehsal imkanlarının genişlənməsi ilə əlaqələndirsələr də, sektorun uzunmüddətli inkişafı üçün yerli xammal bazasının gücləndirilməsini vacib sayırlar.
Azərbaycanda şəkər istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında ölkədə 169,6 min ton şəkər istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43,7 faiz çoxdur. Eyni zamanda, şəkərli qənnadı məmulatlarının istehsalı 7,5 faiz artaraq 4 056,5 tona çatıb. İyunun 1-nə ölkədə 19,9 min ton şəkər və 71,4 ton şəkərli qənnadı məmulatı ehtiyatı formalaşıb. Bu göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 3,4 dəfə və 26,3 faiz yüksəkdir. Bəs istehsaldakı artım hansı amillərlə bağlıdır və bu, ölkənin şəkərlə özünütəminat imkanlarına necə təsir göstərə bilər?
Dövlət və özəl sektor arasındakı uğurlu əməkdaşlığın nəticəsi
İqtisadçı-ekspert Emin Qəriblinin sözlərinə görə, qısa müddət ərzində məhsuldarlıqdakı belə bir sıçrayış təsadüfi deyil: “İstehsalın artımını şərtləndirən başlıca qüvvə dövlət və özəl sektor arasındakı uğurlu əməkdaşlıqdır. Fikrimcə, məhsuldarlıqdakı bu artımın əsas səbəbi dövlətin aqrar sənaye kompleksinə göstərdiyi davamlı diqqətin və dəstəyin nəticəsidir. Bu dəstək fonunda müvafiq sahədə fəaliyyət göstərən yerli şirkətlərin fəallığı və yeni texnologiyaların tətbiqi prosesi sürətlənib. İkincisi, mühüm aqro-iqlim faktorunu mütləq nəzərə almalıyıq. Bilirik ki, əvvəlki illərdə ölkəmizdə nisbətən quraqlıq olurdu və su ehtiyatlarının azlığı kənd təsərrüfatı məhsuldarlığına mənfi təsir edirdi. Lakin bu il quraqlıq müşahidə edilmir, hava şəraiti və suvarma imkanları xammal bazası üçün olduqca əlverişlidir. Yəni həm iqtisadi, həm idarəetmə, həm də təbii olaraq bir çox müsbət amillər məhsuldarlığa öz təsirini göstərib".
Ərzaq təhlükəsizliyinin mühüm elementi
E.Qəribli şəkərin sadəcə qida deyil, ərzaq təhlükəsizliyinin mühüm elementi olduğunu diqqətə çatdırıb: "Şəkər gündəlik istifadə olunan, əhalinin baza istehlak səbətində yer alan mühüm strateji məhsuldur. İstənilən halda, Azərbaycanın qlobal bazarlardakı qeyri-müəyyənliklər fonunda bu sahədə özünü təmin edə bilməsi çox yaxşı haldır. Ölkənin şəkər bazarına və özünütəminat məsələsinə konkret rəqəmlərlə gəldikdə, daxili tələbat təxminən 280-290 min tondur. Biz isə istehsalı qısa müddətdə artıq 180-190 min tona çatdırmışıq. İstehsal müəssisələri işi bu templə davam etdirərsə, heç şübhəsiz ki, ilin sonuna qədər istehsal olunan şəkər Azərbaycanın daxili ehtiyacını tam təmin edəcək və biz idxal asılılığından əhəmiyyətli dərəcədə qurtulacağıq".
“İxrac edə bilərik”
İqtisadçı qeyd edib ki, bu uğur zəncirvari olaraq digər emal sahələrinə də təkan verəcək: "Təbii ki, bunun nəticəsində qənnadı məhsullarının istehsalı üçün lazım olan xammal bazası da xaricdən gətirilən bahalı idxal hesabına deyil, məhz yerli resurslar hesabına ödənilə bilər. Bu isə yerli qənnadı məhsullarının rəqabət qabiliyyətini artıracaq. Hətta yaxın gələcəkdə daxili tələbatdan artıq məhsul da yarana bilər. Belə olan halda hökumət yaranmış bu artıq məhsulu ya strateji ehtiyat kimi anbarlarda saxlaya, ya da birbaşa xarici bazarlara ixraca yönəldə bilər".
“Xammal idxalı daxili istehsal statistikasını yüksəldib”
İqtisadçı-ekspert Eyyub Kərimli isə qeydə alınan rəqəmlərin arxasında dayanan texniki və struktur detallara diqqət çəkib. Ekspert şəkər istehsalındakı bu sıçrayışı ümumilikdə müsbət qiymətləndirsə də, əsas böyümənin daxili xammal yox, idxal və mövcud emal gücü hesabına baş verdiyini vurğulayıb: "Şəkər istehsalında 43,7 faiz artım, istənilən iqtisadiyyat üçün kifayət qədər yüksək və ciddi göstəricidir. Bunun arxasında bir neçə real amil dayana bilər. Bundan ilk növbədə, fəaliyyətdə olan şəkər emalı müəssisələrinin mövcud istehsal gücündən daha səmərəli istifadə etməsini və proseslərin optimallaşdırılaraq istehsal həcminin artırılmasını qeyd etməliyik. İkinci və bəlkə də ən mühüm amil isə xammal təminatının yaxşılaşdırılmasıdır. Lakin Azərbaycanda istehsal olunan şəkərin əhəmiyyətli hissəsi təmiz yerli xammal (çuğundur) deyil, əsasən idxal olunan xam şəkərin emalı hesabına əldə edilir. Məhz bu xammal idxalı daxili istehsal statistikasını yüksəldib".
E.Kərimlinin fikrincə, digər səbəblərdən biri daxili və ixrac bazarlarında tələbatın, iqtisadi gözləntilərin yüksəlməsi, müəssisələrin qlobal riskləri və qiymət dalğalanmalarını sığortalamaq üçün əvvəlcədən istehsalı artırması və böyük ehtiyat yaratmasıdır: “Hesab edirəm ki, hazır məhsul ehtiyatlarının 3,4 dəfə artması daha çox bazarda istehsalın satış tempini üstələməsi göstəricisidir. Bu, istehsalçıların gələcək tələbat artımına əvvəlcədən hazırlaşması deməkdir. Yəni hazırkı vəziyyətdə bazarda artıq istehsal formalaşıb və təklif istehlakı üstələyib. Bu gün yeni emal gücü, zavodlarımızın potensialı olduqca yüksəkdir. Lakin xammal baxımından ölkənin hələ də xarici bazarlardan güclü asılılığı var və bu da ölkədə yerli şəkər istehsalına tam, 100 faizlik keçilməsini əngəlləyən ən başlıca amillərdən biridir".
“Fermerlərin rolu və marağı artırılmalıdır”
Çıxış yolu olaraq ekspert uzunmüddətli aqrar islahatlara və yerli xammalın təşviqinə ciddi ehtiyac olduğunu bildirib: "Hesab edirəm ki, uzunmüddətli perspektivdə dövlətin və sektorun əsas məqsədi sadəcə şəkərin sənaye istehsalını artırmaq deyil, həm də bilavasitə daxili xammal bazasının ardıcıl genişləndirilməsidir. Burada ilk növbədə fermerlərin rolu və marağı artırılmalı, aqrar sektorla emal müəssisələri arasında təchizat zənciri və inteqrasiyanın gücləndirilməsi təmin olunmalı, innovasiyalar hesabına məhsuldarlıq yüksəldilməlidir. Yalnız bu halda, ölkədə həm xarici idxaldan asılılıq azalar, həm də ərzaq təhlükəsizliyi xarici faktorlara qarşı daha etibarlı və dayanıqlı şəkildə təmin edilə bilər".
Zərif Salmanlı