• bazar, 29 Dekabr, 07:58
  • Baku Bakı 7°C

Azərbaycan üzv olduğu beynəlxalq qurumların fəaliyyətində müstəsna yerə və rola malikdir

17.07.21 12:45 261
Azərbaycan üzv olduğu beynəlxalq qurumların fəaliyyətində müstəsna yerə və rola malikdir
Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin iyulun 13-də keçirilən aralıq konfransında 2019-cu ildən quruma sədrlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təşkilata üzv dövlətlərin, eləcə də dünyada koronavirusa qarşı peyvəndlənmə prosesində digər ölkələrin üzləşdiyi problemlər barədə ətraflı məruzə ilə çıxış etdi. Dövlətimizin başçısı, eyni zamanda, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərdən, işğalçı ölkənin 30 il müddətində torpaqlarımızı işğal altında saxlamasından, 44 gün ərzində Azərbaycan dövlətinin hərb və siyasi yolla torpaqlarını işğaldan azad etməsi barədə konfrans iştirakçılarını məlumatlandırdı.
BunuAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
Qoşulmama Hərəkatının yaradılmasından 60 il keçdiyini xatırladan deputat bu təşkilatın təməlində sülh və qlobal həmrəyliyin dayandığını qeyd edib. O bildirib: "Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, eləcə də digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini təşviq edən "Bandunq prinsipləri" Azərbaycanın xarici siyasətinə daha uyğundur. Prezident İlham Əliyevin xarici siyasətinin əsas qayəsi hansısa beynəlxalq quruma üzv olmaq xatirinə deyil, bu beynəlxalq qurumların nizamnaməsində ölkəmizin suverenliyinə, ərazi bütövlüyünün qorunmasına, eləcə də iqtisadi inkişafına töhfə verə biləcək məqamlar yer alarsa, Azərbaycan bu halda belə beynəlxalq qurumlara üzv olmaq üçün müraciət edə bilər. Azərbaycan üzv olduğu beynəlxalq qurumların fəaliyyətində müstəsna rola və yerə malikdir”.
K.Əliyevanın sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatına üzv olduğu 10 il ərzində onun fəaliyyətində çox yaxından iştirak edib. Bunun nəticəsi olaraq 2019-cu ildə üzv dövlətlər tərəfindən quruma sədrlik yekdilliklə Azərbaycana həvalə edilib. "2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşü keçirildi. Bu qısa müddət ərzində beynəlxalq aləmdə Qoşulmama Hərəkatının nüfuzunun yüksəlməsi, təşkilatın dünyada gedən qlobal proseslərə təsirinin artması işində Azərbaycanın müstəsna xidmətləri olub. Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşünün keçirilməsi təşəbbüsü irəli sürülüb və 2020-ci ilin mayında bu tədbir təşkil olunub. Zirvə görüşündə Təmas Qrupunun üzv dövlətləri ilə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sədri, ÜST-ün Baş direktoru, Afrika İttifaqı Komissiyasının sədri, Avropa İttifaqının Ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti də iştirak etdilər. Zirvə görüşü zamanı Azərbaycan Prezidenti Qoşulmama Hərəkatı adından BMT-nin Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunmuş Xüsusi Sessiyasının keçirilməsini təklif etdi. Təklif 150-dən çox dövlət tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında Xüsusi Sessiya keçirildi. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq aləmdə böyük nüfuza malik olmasının təzahürüdür”, - deyə deputat bildirib.
Azərbaycanın dünyada humanitar missiya icra edən dövlət kimi də böyük rəğbət qazandığını diqqətə çatdıran deputat bildirib ki, koronavirusla mübarizə çərçivəsində ölkəmiz Qoşulmama Hərəkatına üzv dövlətlər də daxil olmaqla, 30-dan çox ölkəyə yardım edib. ÜST-ə 10 milyon ABŞ dollar həcmində yardım olunub ki, bunun da yarısı Qoşulmama Hərəkatına üzv dövlətlər üçün nəzərdə tutulub. Azərbaycan üzv olduğu beynəlxalq qurumlarda üzv dövlətlərə də çox diqqətlə yanaşır.
Azərbaycan hər zaman dünyada koronavirusla mübarizədə "peyvənd millətçiliyinə” qarşı çıxışlar edib. Dövlətimizin başçısı aralıq konfransda çıxışı zamanı qeyd etdi ki, koronavirusa qarşı peyvəndlərin 82 faizindən çoxunu böyük dövlətlər alıb. Azərbaycan əhalisinin sayından qat-qat artıq peyvənd tədarük edən dövlətləri qınayır. Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından ölkələr arasında peyvəndlərin bərabər bölünməsinin təmin edilməsi üçün qətnamə irəli sürüb. 2021-ci ilin martında bu qətnamə yekdilliklə qəbul edilib. Bununla da Azərbaycan bir daha bərabərliyin, ədalətin tərəfdarı olduğunu bütün dünyaya nümayiş etdirdi.
"Prezident İlham Əliyevin şəxsi nüfuzu və səyi nəticəsində Qoşulmama Hərəkatı tarixində ilk dəfə Avropa İttifaqı rəhbərləri qurumun onlayn Zirvə görüşündə iştirak ediblər. Dövlətimizin başçısı konfrans iştirakçılarına ermənilərin 1992-ci ildə azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımı haqqında da ətraflı məlumat verdi. Dövlətimizin başçısı, həmçinin 2020-ci il noyabrın 10-da Ermənistanın müharibədə tam məğlub olduğunu və kapitulyasiya aktına imza atdığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Buna baxmayaraq, Ermənistan bu gün də qeyri-konstruktiv mövqe nümayiş etdirir”, - deyə K.Əliyeva bildirib.
Deputat vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və məcburi köçkünlərin doğma yurdlarına qayıdışını sürətləndirmək üçün minalı sahələr təmizlənməlidir. Lakin Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina edir. Beynəlxalq təşkilatlar və dövlətlər Ermənistanı məcbur etməlidirlər ki, azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana versin. Ermənistan real vəziyyəti düzgün qiymətləndirib konstruktiv mövqe nümayiş etdirərək, Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Əks halda, yaxın vaxtlarda Ermənistan daha ciddi problemlərlə qarşılaşacaq.
banner

Oxşar Xəbərlər