Azərbaycan şahmatının möhtəşəm uğuruna aparan yol - Zəfər tarixçəsi
4 oktyabr 2019-cu il.
Təqvimin bu günü Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazıldı. Rusiyanın
Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kubokunda bütün rəqiblərini sıradan
çıxaran qrossmeysterimiz Teymur Rəcəbov, bir ilk müəyyənləşdirərək, ölkəmiz
adına olduqca mühüm göstəriciyə imza atdı. Yarış iştirakçıları arasında Dinq
Lijen, Aniş Qiri, Sergey Karyakin, Uesli So, Aleksandr Qrişuk, Maksim
Vaşye-Laqrav, Hikaru Nakamura, Levon Aronyan, Yu Yanyi, Yan Nepomnyaşşi, Dmitri
Yakovenko, Yan Duda kimi dünya şahmat nəhənglərinin olduğunu nəzərə alsaq,
nailiyyətin necə mürəkkəb mübarizə şəraitində qazanıldığına, bunun idmanımız
üçün hansı əhəmiyyəti kəsb etdiyinə dair əlavə şərhə yəqin ki, lüzum yoxdur.
Əbəs deyil ki, Rəcəbov bir çox mütəxəssislər tərəfindən Azərbaycanda cari ilin
ən yaxşı idmançısı adına əsas namizəd kimi qələmə verilir.
"Özümü
axmaq kimi hiss edirəm"
Məlum olduğu kimi, yarış
öncəsi Teymurun şansları digər dünya şöhrətli zəka sahibimiz Şəhriyar
Məmmədyarov da daxil olmaqla, yuxarıda adı çəkilən "böyük usta"ların
bəzilərindən bir xeyli az qiymətləndirilirdi. Əlbəttə, bunadək keçən bir neçə
il ərzində iştirak etdiyi böyük turnirlərdə özünü heç cür doğrulda bilməyən
Rəcəbovun, birdən-birə belə möhtəşəm performans sərgiləməsi dünya şahmat
ictimaiyyətini təəccübləndirməyə bilməzdi. Təsadüfi deyil ki, 2013-cü ildən bu
yana şahmat tacını heç kimə güzəştə getməyən super zəka Maqnus Karlsen onun
həlledici görüşünü belə şərh edir: "Özümü axmaq kimi hiss edirəm. Son partiyada
Teymura qələbə şansı verməmişdim. Oyunun ən yaxşı halda bərabərliklə bitəcəyini
düşünürdüm, amma Rəcəbov möhtəşəm geridönüş edərək hər kəsi təəccübləndirdi”.
Rahat
"şikar"lar və "əsrin oyunu"
Dünya çempionunu belə bir
etirafa sövq etmiş zəfərə doğru gedən yolda, Rəcəbovun ilk rəqibi Farer
adalarından Dam Helqi Jiska idi. "Cırtdan" ölkənin heç bir iddiası
olmayan təmsilçisi ilə görüşlər, gözlənildiyi kimi, onun üçün hər hansı
çətinlik yaratmadı. İlk partiyanı ağlarla keçirən 32 yaşlı qrossmeysterimiz
qələbə qazanıb, qara fiqurlarla oyunda özünə heç bir əziyyət vermədən
heç-heçəyə razılaşdı.
İkinci mərhələdə rusiyalı
Sanan Suqirovla qarşılaşan Teymur, klassik partiyaların hər ikisində xalı yarı
bölüb, görüşün taleyini rapidə saxladı. Burada ilk olaraq qaralarla oynayan
həmyerlimiz, yenidən "sülh"ə razılaşdısa, ağ fiqurlarla rəqibinin
müqavimətini qırmağı bacardı.
1/16-də də ev sahibi ilə qarşılaşan
Teymur, ilk mərhələdəki ssenari üzrə 22 yaşlı rəqibi Daniil Yuffanı da
"zərərsizləşdirərək", "16-lığ"a vəsiqə qazandı.
Burada isə onu artıq
olduqca ciddi rəqib - dünya reytinqinin yeddincisi, 2800 reytinq səddini keçən
yeganə azərbaycanlı Şəhriyar Məmmədyarov gözləyirdi. Analoji mərhələdə digər
təmsilçimiz Eltac Səfərlini mübarizədən kənarlaşdıran Məmmədyarov, yuxarıda da
vurğuladığımız kimi, ikinci "derbi"nin də favoriti sayılırdı. Bununla
belə, onların bir-birini çox yaxşı tanıdığını, güclü və zəif tərəfləri haqqında
yetərincə məlumatlı olduqlarını nəzərə alan mütəxəssislər, görüşün olduqca
gərgin keçəcəyini qeyd edirdilər. Yeri gəlmişkən, tanınmış qrossmeysterimiz
Rauf Məmmədov görüşdən öncə sosial şəbəkə hesabında maraqlı bənzətmə aparmışdı:
"Bu, "El Klasiko”, Mançester derbisi və xokkeydə Rusiya-Kanada
qarşılaşmasından daha maraqlı oyun olacaq. Əsrin oyunudur".
"Qapıda
Buffon dayanmışdı"
Beləliklə, klassik və rapid
partiyaların hər birində heç-heçə oynayan şahmat ulduzlarımız, görüşün taleyini
ixtiyarlarında cəmi 10 dəqiqə olan qısaldılmış rapiddə həll etdilər. Halbuki
burada Şəhriyar qələbəyə daha yaxın idi. Belə ki, ilk partiyası xal bölgüsü ilə
bitən duelin ikinci oyununda 34 yaşlı Məmmədyarov əlverişli mövqe yaxalasa da,
38-ci gedişdə kobud səhvə yol verdi.
Bu arada, məğlub tərəf sosial şəbəkə hesabında yenilgiyə maraqlı şərhlə
aydınlıq gətirir: "Bu gün GxH7 gedişinin əvəzinə H6 oynasaydım, udurdum.
Gözəl şanslarım var idi, istifadə edə bilmədim. Əziyyətim heyf oldu. Amma hər
şey yaxşıdır. Mən futbolda Hollandiya yığması kimiyəm. Sadəcə, indi qapıda
Buffon dayanmışdı".
"Çağırılmamış
qonaq"la ağır və zövqlü partiya
Dinq Lijen, Aleksandr
Qrişuk, Levon Aronyan, Maksim Vaşye-Laqrav, Nikita Vityuqov, Yu Yanyinin də
olduğu "səkkizlik"də yer alan Rəcəbov, bu mərhələnin yeganə sürprizi
Cefri Şonqla münasibətlərinə aydınlıq
gətirməli oldu. Üçüncü mərhələdə niderlandlı Aniş Girini üstələməklə yarışın
əsas sensasiyasını müəyyənləşdirən ABŞ təmsilçisi ilə duellər asan keçmədi. İlk
partiyada sülh bağlayıb, ağlarla 18 yaşlı rəqibin müqavimətini qıran Teymur,
yarışın rəsmi saytına verdiyi açıqlamada həlledici oyunu, son zamanlar oynadığı
ən ağır partiya kimi dəyərləndirmişdi: "19-cu gedişdən sonra gedişləri
təkrarlamaqla heç-heçə edə bilərdim. Oyunu tay-brekə daşımağı düşündüm.
İstənilən halda ya udursan, ya da uduzursan. Amma düşündüm ki, niyə də bu gün
olmasın? Özü də belə bir gənc şahmatçı ilə tay-brek oynamaq elə də asan deyil.
Demirəm qocalmışam, sadəcə Şonq 18 yaşlı, motivasiya dolu bir qrossmeysterdir.
Ümumiyyətlə, partiya çox ağır alındı. Bəlkə də, son zamanlar oynadığım ən ağır
oyun idi. Belə bir partiyada qələbə qazanmaq xüsusi zövq verir".
Yarımfinalda iki Çin
qrossmeysteri bir-biri ilə, Rəcəbov isə dünya reytinqinin altıncısı
Vaşye-Laqravla üz-üzə gəlir. Sonuncu dəfə uzaq 2004-cü ildə, yarış hələ dünya
çempionatı adlanarkən, finalın bir addımlığınadək gələn Teymur, bu dəfə tarixi
fürsəti əldən vermir. Qaralarla heç-heçə edərək, ağ fiqurlarla əvvəldən
üstünlüyü ələ aldığı partiyanın 44-cü gedişində rəqibi ağ bayraq qaldırmağa
məcbur edir.
Azərbaycan şahmatı tarixində ilk Dünya Kuboku finalı və beləliklə, İddiaçılar
Turnirinə lisenziya!
Diqqət!
Danışır qrossmeyster
Son nöqtəni də qoymaq
mümkün olacaqmı? Teymur yarışın reytinq favoriti, 2811 xala sahib Dinq Lijenlə
görüşlərdə nə edəcək? Bu suallar bütün şahmatsevərləri düşündürürdü.
Bir çox mütəxəssislər proqnozlaşdırırdı ki, yarışadək İddiaçılar Turnirinə
lisenziyanı təmin etmiş Dinq, əvvəlki mərhələdə uduzaraq, Yanyinin də növbəti
ilin yazında Yekaterinburqda keçiriləcək sözügedən turnirdə təmsil olunmasına
imkan yaradacaq. Lakin 26 yaşlı qrossmeyster ölüm-dirim savaşından qalib
ayrılmaqla, baş mükafata necə iddialı olduğunu bir daha nümayiş etdirdi. Yeri
gəlmişkən, dueldən öncə bir neçə yerli qrossmeyster diqqətçəkən proqnozlar
irəli sürmüşdü. Hərçənd onlar nə qədər nikbin danışsalar da, üstünlüyün Lijendə
olduğunu da gizlətmirdilər. Teymurun final matçını "Kaspi"yə şərh
edən şahmat mütəxəssisi Rəsul İbrahimov da duel ərəfəsi şansları 45/55
nisbətində göstərdiyini deyir. Qrossmeysterin fikrincə, Rəcəbovun qələbəsini
şərtləndirən əsas amil həlledici məqamda onun əsəblərinin daha möhkəm
olmasıdır: "Dinq xeyli müddətdir ki, olduqca stabil oyun nümayiş
etdirirdi. Hətta Karlsenlə eyni səviyyədə mübarizə aparırdı.
Yadınızdadırsa,
son super turnirlərin birində Maqnusu məğlub etmişdi. Digər tərəfdən, şəxsi
görüşlərdə minimal da olsa, çinlinin üstünlüyü var idi. Teymurun xeyrinə olan
yeganə durum isə onun finaladək gücünə daha çox qənaət etməsi idi. Hesab
edirdim ki, Teymur klassik partiyalarda "ağ"larla açılışdan rəqibə
maksimal dərəcədə problem yaratmağa çalışmalıdır. Məlum idi ki, Lijen tez
heç-heçə edib, matçın taleyini rapidədək uzatmayacaq. Lakin Teymur
"ağ"larla ilk görüşdə elə ciddi problem ortaya qoya bilmədi. Növbəti
partiyada Lijenin möhtəşəm qələbəsindən sonra yəqin ki, heç kim Rəcəbovun
geridönüş edəcəyinə inanmırdı. Ancaq o, "ağ"larla ikinci oyununda hər
birimizi təəccübləndirərək, başlanğıcdan Dinqin qarşısında ciddi problemlər
qoydu. Lijen çox çalışsa da, görüşü heç-heçəyə apara bilmədi. Bu qələbə əsl
dönüş nöqtəsi oldu. Tay-brekə gəldikdə, Teymurun gücünün daha çox qalması,
əsəblərinin daha möhkəm olması bu mərhələdə onun köməyinə çatdı. Rapid oyunları
bərabərliklə yekunlaşsa da, Rəcəbov burada əhəmiyyətli üstünlük yaxalamışdı.
Blitzin ilk oyununda isə vəziyyət bərabərə yaxın idi, Lijenin durumunda ciddi
təhlükə hiss etmirdim. Sadəcə, əsəblərin möhkəmliyi sonda öz sözünü dedi.
Ümumiləşdirsək, bu uğurun arxasında çox ciddi hazırlıq dayanır. Əks halda, belə
bir turniri qələbə ilə başa vurmaq mümkünsüzdür".
Təzad
Çempionun özü isə turnirdən
sonra çox maraqlı, bir qədər də təzadlı açıqlama ilə diqqət çəkdi. Belə ki, o,
Dünya Kubokuna hazırlığının zəif keçdiyini qeyd edib: "Partiyalardan
birində qapını "çırpmaq" istəyirdim, amma qapını bütün turnir boyunca
"çırpdım". Turnirdən birinci çıxmağı düşünürdüm, amma axırda tərk
etdim. Bütün dostlarım yarışı tez tərk etdi. Özümü tənha hiss edirdim. Belədə,
turnirdə qələbə qazanmağım zərurətə çevrilmişdi. Onu da deyim ki, bura fiziki
cəhətdən qəti hazırlaşmamışdım. Bu, belə bir reseptdir: Nəyisə çox ürəkdən
istəmirsənsə, onda, bu, baş verir. Bu reseptin işlədiyini bilirdim, ancaq
bilməzdim ki, öz başıma gələr".
Sahib