• şənbə, 20 Aprel, 02:40
  • Baku Bakı 15°C

Azərbaycan Prezidentinin təşəbbüsü tarixi əhəmiyyətə malikdir

14.07.20 16:00 569
Azərbaycan Prezidentinin təşəbbüsü tarixi əhəmiyyətə malikdir
Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr edilmiş xüsusi sessiyasının çağırılması barədə təşəbbüsü bu beynəlxalq təşkilatın üzvləri tərəfindən geniş dəstəklənib. Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar ƏliyevAZƏRTAC-a müsahibəsində bununla əlaqədar prosedur məsələlərinin necə həll edilməsi barədə danışıb.
- BMT Baş Assambleyasının xüsusi sessiyası, adından da göründüyü kimi o qədər də tez-tez keçirilməyən və müəyyən mənada qeyri-adi hadisədir. Təəccüblü deyil ki, geniş ictimaiyyət BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizəyə həsr edilmiş otuz birinci xüsusi sessiyasına böyük maraq göstərir. Bununla əlaqədar sizdən xahiş etmək istərdik ki, bu tədbirin keçirilməsi kimi mürəkkəb prosedurun təfərrüatı və nüansları barədə fikirlərinizi bölüşəsiniz.
- Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr edilmiş xüsusi sessiyasının çağırılması barədə təşəbbüsü haqlı olaraq geniş dəstək qazanıb. Sessiyanın çağırılması üçün 97 səs tələb olunurdu, yekunda bu təşəbbüsü 140-a yaxın dövlət, yəni BMT-nin say tərkibinin üçdə iki hissəsindən çoxu dəstəkləyib.
Bununla əlaqədar BMT Baş Assambleyasının 8 (a) və 10 nömrəli prosedur Qaydaları qüvvəyə minib. Bu Qaydalara müvafiq olaraq 2020-ci il iyunun 30-da BMT-nin Baş katibi Antonio Quterreş üzv dövlətlərə Baş Assambleyanın otuz birinci xüsusi sessiyasının bu il iyulun 10-da işə başlamalı olduğunu bildirib və sessiyanın ilkin gündəliyini təqdim edib. BMT-nin Baş katibi, həmçinin bildirib ki, otuz bir nömrəli prosedur Qaydasına müvafiq olaraq, BMT Baş Assambleyasının yetmiş dördüncü müntəzəm sessiyasının sədrinin (Nigeriya) nümayəndə heyətinin rəhbəri Xüsusi Sessiyanın Müvəqqəti Sədri olur və bu qisimdə iyulun 10-da üzv dövlətləri xüsusi sessiya çərçivəsində sonrakı təşkilati və protokol tədbirləri barədə məlumatlandıracaq.
Belə də oldu. İyulun 10-da xüsusi sessiya işə başladı. Müvəqqəti sədr özünün 10 iyul tarixli məktubu ilə üzv dövlətləri sessiyanın çoxpilləli mexanizminin işə salınması barədə məlumatlandırdı və onun fəaliyyətinin təmin edilməsi üçün iş prinsipini, konkret olaraq rəhbər və protokol orqanların formalaşması: sədrin və sədr müavinlərinin, səlahiyyətlərin yoxlanılması komitəsinin seçilməsi və sair prosedur qaydalarını şərh etdi.
Burada bir fakta xüsusi diqqət yetirilməlidir ki, hazırda BMT-nin fəaliyyəti Nyu-York ştatının hakimiyyət orqanları və BMT-nin rəhbərliyi tərəfindən tətbiq edilmiş sərt karantin tədbirləri fonunda həyata keçirilir. Martın sonlarından BMT-nin mənzil-qərargahı fiziki mənada bağlıdır və bu günə qədər BMT Baş Assambleyası heç bir iclas keçirməyib, o, öz qərarlarını Baş Assambleyanın COVID-19 pandemiyası dövrü üçün xüsusi qərarı ilə müəyyən edilmiş prosedur vasitəsilə (yəni konsensusla) sorğu yolu ilə qəbul edir. (Epidemioloji təhlükənin səviyyəsindən, Nyu-York ştatının, Nyu-York şəhərinin hakimiyyət orqanlarının və BMT-nin özünün qərarından asılı olaraq bu vəziyyət ən azı avqustun 1-dək və ola bilsin, daha çox davam edəcək).
Xüsusi sessiyanın müvəqqəti sədri bu mühüm xüsusiyyəti nəzərə alaraq, konsensus vasitəsilə aşağıdakı qərarların qəbul edilməsini Baş Assambleyanın müzakirəsinə təqdim edib:
"Baş Assambleya BMT Nizamnaməsinin 19-cu maddəsi barədə A/S-31/2 nömrəli sənəddə olan informasiyanı nəzərə alır”.
"Baş Assambleya 28 nömrəli Qaydaya müvafiq olaraq, qərara alır ki, Baş Assambleyanın otuz birinci xüsusi sessiyasının səlahiyyətlərinin yoxlanılması üzrə komitə Baş Assambleyanın yetmiş dördüncü sessiyası zamanı olan tərkibini saxlayır, konkret olaraq: Barbados, Botsvana, Çin, Mavritaniya, Nepal, Rusiya Federasiyası, San-Marino, ABŞ, Uruqvay”.
"Baş Assambleya Nigeriyadan zati-aliləri cənab Ticani Məhəmməd-Bandeni Baş Assambleyanın otuz birinci xüsusi sessiyasının sədri seçməyi qərara alır”.
Burada xatırlatmaq istəyirəm ki, cənab Məhəmməd-Bande BMT Baş Assambleyasının indiki yetmiş dördüncü müntəzəm sessiyasının sədridir.
Müvəqqəti sədr 10 iyul tarixli məktubunda onu da bildirib ki, xüsusi sessiyanın sədrinin seçilməsi proseduru başa çatandan sonra sədr özü üzv dövlətlərin müzakirəsinə daha üç təşkilati-protokol xarakterli qərar təqdim edəcək: sədrin müavinlərinin seçilməsi haqqında, sessiyanın əsas komitələrinin sədrlərinin seçilməsi haqqında və sessiyanın gündəliyinin təsdiq edilməsi haqqında. Bu qərarlar da konsensus proseduru vasitəsilə qəbul ediləcək. (Qeyd etmək lazımdır ki, adi şəraitdə xüsusi sessiyanın rəhbər və protokol heyətinin seçilməsi prosesi bir neçə saat ərzində başa çatır, indi isə Baş Assambleyanın iclaslar keçirməyə fiziki imkanı olmadığından o, qərarları uzunmüddətli konsensus proseduru vasitəsilə sorğu yolu ilə qəbul etməyə məcburdur).
Sonda müvəqqəti sədr üzv dövlətləri xüsusi sessiyanın modallıqları haqqında qərarlar qəbul edilməsinin zəruriliyi barədə məlumatlandırıb.
BMT özünün 75 illik tarixində Baş Assambleyanın 30 xüsusi sessiyasını keçirib, onların hər biri Baş Assambleyanın ən geniş əhatəli məsələlər nəzərdən keçirilən müntəzəm sessiyalarından fərqli olaraq ayrıca bir məsələyə həsr edilib. (Məsələn, BMT Baş Assambleyasının indiki 74-cü sessiyasının gündəliyi 172 bənddən ibarətdir). Əksər hallarda BMT Baş Assambleyasının xüsusi sessiyaları Baş Assambleyanın özünün təşəbbüsü ilə keçirilib və yalnız üç halda onlar ayrıca bir dövlətin və ya dövlətlər qrupunun təşəbbüsü ilə çağırılıb. Məsələn, ilk dəfə 1947-ci ildə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının təşəbbüsü ilə Fələstin məsələsinə dair, sonra 1961-ci ildə Tunisdə vəziyyətlə əlaqədar bir qrup dövlətin təşəbbüsü ilə, sonuncu dəfə isə 46 il bundan əvvəl Əlcəzair yeni iqtisadi qaydaya həsr edilmiş xüsusi sessiya keçirilməsini təklif edib.
Bu baxımdan, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının dünyada COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr edilmiş xüsusi sessiyasının çağırılması barədə təşəbbüsü tarixi əhəmiyyətə malikdir. XXI əsrdə bütün bəşəriyyətin maraqlarının müdafiəsinə yönəlmiş birinci xüsusi sessiya planetimiz üçün bu çətin vaxtda dünya birliyinin böyük əksəriyyəti tərəfindən dəstəklənib.
banner

Oxşar Xəbərlər