• çərşənbə, 13 Noyabr, 17:26
  • Baku Bakı 11°C

Azərbaycan pasportunu hələ də cibində saxlayan Nobel Sülh Mükafatçısı - Gör-götür

17.04.20 12:30 2102
Azərbaycan pasportunu hələ də cibində saxlayan Nobel Sülh Mükafatçısı - Gör-götür
Bəxtiyar Siracov: "Həm özünüzün, həm də ətrafınızdakıların, sevdiklərinizin sağlığını qorumaq istəyirsinizsə, neqativdən uzaq durun, pozitiv olun!”
Arzular, xəyallar qurmağı sevir və xəyallarının gerçəkliyə çevrilməsi üçün səy göstərir. Deyir ki, əlbəttə ki, bütün arzular çin olmur, amma bu barədə düşünmək, həyata keçirmək yollarını təsəvvür etmək belə, ona zövq verir. "Niyyətin hara, mənzilin ora” prinsipi ilə Nobel Sülh Mükafatına qədər yol qət edib.

"Gör-götür” rubrikamızın qonağı komandası ilə birlikdə Nobel Sülh Mükafatına layiq görülən ilk və yeganə azərbaycanlı, professor Bəxtiyar Siracovdur. O, 23 ildir ki, Beynəlxalq Atom Agentliyində (MAGATE) Azərbaycanı təmsil edir.

Avropanın güclü nüvə mütəxəssislərindən sayılan azərbaycanlı alim 1957-ci ildə Bakıda anadan olub. Həmsöhbətimiz 1974-cü ildə Bakıdakı 82 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tətbiqi–riyaziyyat fakültəsinə daxil olub. Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna təyinat alıb. Oradan Moskvaya göndərilir. SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzinə ezam olunan Siracov 1980-81-ci illərdə Təkmilləşdirmə Proqramı çərçivəsində tətbiq olunan kompyuterləri mənimsəyərək elmi tədqiqat sahəsində fəaliyyətə başlayıb. 1982-ci ildə Hesablama Mərkəzinin aspiranturasına daxil olaraq professor Viktor Bryabinin rəhbərliyi altında tədqiqat işlərini davam etdirib. 1986-cı ildə Viktor Bryabinin təşəbbüsü ilə "SPEKTR” adlı layihəyə cəlb olunub. 1990-cı ildə Moskvada namizədlik işini müdafiə edən müsahibimiz fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. Onun iş həyatı 1992-ci ildən Avstriya ilə bağlıdır. 1995-ci ildən İ-NET firmasında işə başlayan azərbaycanlı alim həmin vaxtdan bu günədək Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə çalışır.


- Heç kim haqqında əvvəl 3 gün, sonra 3 həftə və nəhayət 3 ay ərzində qətiyyən neqativ danışmayın (heç düşünməyin də). Əgər ətrafınızdakılar danışarlarsa da qulaq verməyin! Görün həyatınız necə dəyişir! Çox maraqlı fikirlərdir. Həqiqətən belə etdikdə, insanın həyatı müsbət mənada dəyişə bilərmi?
- Bunun çox sadə izahı var. Baxın, həyatımız kifayət qədər neqativ hallarla doludur. Hər tərəfdən üzərimizə can sıxıcı xəbərlər gəlir, insanlar bir-biriləri ilə kobud rəftar edir, xəstəliklər, münaqişələr və s. Bunlar hamısı insanın sağlıq durumunda çox acı bir əsər qoyur, insan depressiyaya, təlaşa düşür, bununla da, yaxşı, pozitiv məqamlar kölgədə qalır. Bunlar hamısı məlum faktlardır. İnsanın mahiyyətini öyrənən alimlər, mütəxəssislər hər zaman bu sahədə çeşidli tədqiqatlar aparıblar. Bu tədqiqat işləri sübut edir ki, neqativ əhval ruhiyyəni aradan qaldırmaq üçün bəd xəbərləri, dedi-qodunu, qeybəti bir kənara qoymaq, onları mümkün qədər tezliklə unutmaq lazımdır. Mənim istinad etdiyim "Heç kim haqqında əvvəl 3 gün...” ifadəsi isə əsrlər boyu geniş həyat təcrübəsi olan müdrik adamların obrazlı şəkildə söylədiyi bir ifadədir. Burada 3 rəqəmi, gün və ay şərti istifadə olunub və yalnız onu söyləyir ki, həm özünüzün, həm də ətrafınızdakıların, sevdiklərinizin sağlığını qorumaq istəyirsinizsə, neqativdən uzaq durun, pozitiv olun!

- Həm də pianoda ifa edirsiniz? Daha çox hansı musiqiləri sevirsiniz?
- Bu, bir hobbidir. Piano ifasından zövq alıram. İfa etdiyim musiqi Azərbaycan xalq mahnıları, bəstəkarlarımızın mahnılarıdır. Valideynlərə müraciət edərək demək istəyirəm ki, övladlarını imkanları daxilində ölkəmizdə fəaliyyət göstərən çoxsaylı incəsənət, texniki, idman dərnəklərində lap kiçik yaşlarından məşğul etsinlər.

- Nobel mükafatı almış ilk və yeganə azərbaycanlının uğur sirri nədir?
- Elə bir sirrim yoxdur. Sadəcə, arzular, xəyallar qurmağı sevirəm və bu xəyallarımın gerçəkliyə çevrilməsi üçün səy göstərməyə çalışıram. Əlbəttə ki, bütün arzular çin olmur, amma heç olmasa, onlar haqqında düşünmək, onları həyata keçirmək yollarını təsəvvür etmək belə mənə böyük zövq və motivasiya verir. Peşə biliklərimin dərinləşdirilməsi, insanlarla keyfiyyətli ünsiyyət qurmağın incəliklərinin öyrənib təkmilləşdirilməsi mənim diqqət etdiyim ən vacib amillərdəndir. Əlbəttə ki, çalışıram ki, pozitivlik və yumor hissi də məndən heç vaxt ayrılmasın. Atalarımızın bu deyimini heç vaxt unutmuram: "Niyyətin hara, mənzilin ora”.

- Azərbaycana çox bağlısınız. Mədəniyyət tədbirlərində iştirak edir, ürəyiniz daim öz ölkənizlə döyünür... Hətta Azərbaycan pasportunuzu da cibinizdə saxladığınızı demisiniz... Azərbaycan sizin üçün nə ifadə edir və ölkədən kənarda olmağın çətinlikləri nələrdir?
- Doğrudur, Azərbaycana çox bağlıyam və belə hesab edirəm ki, hər bir insan suyunu içdiyi, çörəyini yediyi, təhsil aldığı, əcdadlarının yaşayıb yaratdığı vətən deyilən məkana, xalqının mədəniyyətinə, tarixinə bağlı olmalıdır. Əks halda, insan kimliyini itirər, köklərini çürüdər, qol-budağını qurudar. Hər bir insan özünə "mən kiməm?” sualını verdikdə ona cavab tapa bilməlidir. Ola bilər ki, vətənində yaşayan insan bu suala cavab tapmaqda çətinlik çəkməsin. Amma vətəndən çıxıb başqa sivilizasiya içinə düşəndə bu çox vacib suala çevrilir və mən öz təcrübəmdən bilirəm ki, əgər bir kəs xalqının milli-mənəvi dəyərlərinə söykənə bilmirsə, özgə cəmiyyətdə o adamın çətinliklərlə üzləşməsi ehtimalı çox yüksəkdir. Vətəndən kənarda yaşamağın çətinliklərindən bir neçəsini nümunə gətirə bilərəm. Məsələn, qohum-əqrəbanızla, yaxınlarınızla, sevdiklərinizlə real ünsiyyətdən aralı qalmaq, vətəndə daim baş verən müsbət dəyişikliklərə yaxından qatıla bilməmək, xalqımıza məxsus, içində böyüyüb yetişdiyimiz mənəvi dəyərlərdən, dünyagörüşündən fərqli olan başqa bir aləmə, fərqli mənəvi dəyərlərə sahib olan bir ölkənin, xalqın yaşadığı mühitə düşmək. Birinci iki çətinliyi dövrümüzdə mövcud olan müasir rabitə vasitələri ilə müəyyən dərəcədə dəf etmək olur. Üçüncüsü daha ciddi məsələdir və lazımi hazırlığınız olmadığı halda ağır sarsıntı keçirə bilərsiniz. Amma şükürlər olsun ki, bu maneəni də aşmağa yerli əhalinin mentalitetini öyrənməklə və öz dəyərlərimizə sədaqətimizi itirmədən nail ola bilirik. Vyanadakı Azərbaycan mədəniyyət mərkəzi, digər şəhərlərdə fəaliyyət göstərən mədəniyyət dərnəkləri bu işdə yardımçımız olurlar. Vətəndən uzaqda yaşamağın böyük bir məsuliyyəti də var. Bu, ölkəmizi, onun mədəniyyətini, elmini, xalqını layiqli təmsil etmək zərurətidir. İnsanlar bəzən bir adama görə bütöv ölkə haqqında fikir yürüdürlər. Ona görə xaricdə yaşayan hər bir vətəndaşımız bu amilə diqqət etməlidir.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər