• çərşənbə axşamı, 23 aprel, 17:26
  • Baku Bakı 24°C

Azərbaycan investorların böyük maliyyə yatırması üçün hər cür potensiala malikdir

29.07.21 16:30 418
Azərbaycan investorların böyük maliyyə yatırması üçün hər cür potensiala malikdir
Ələt Azad İqtisadi Zonasının yaradılması həm çox mühüm və vacib, həm də tarixi qərarlardan biridir. 44 günlük Vətən müharibəsindən sonra biz bir deyil, ikinci nəqliyyat xəttinin açılmasında maraqlıyıq. Ələt Azad İqtisadi Zonası təbii ki, böyük İpək Yolunun orta dəhlizində mühüm yer tutacaq. Bundan əvvəl, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istismara verilməsi və ona yaxın ərazidə Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycanın iqtisadi və nəqliyyat imkanlarını daha da gücləndirəcək. Bu, xarici ölkələrin investorları və şirkətləri üçün də cəlbedici olacaq. Buna görə də regionda uzunmüddətli sülhün bərqərar olması vacib amillərdən biridir. Həmçinin regionda sabitliyi pozan qüvvələr başa düşməlidirlər ki, Azərbaycanın onlara təqdim etdiyi layihələrdən öz maraqları üçün müsbət istiqamətdə istifadə edə bilərlər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışlarında Azərbaycanın xarici ölkələrdəki səfirlikləri qarşısında duran əsas vəzifələrdən biri kimi belə layihələrin təbliğatının aparılması istiqamətində onların qarşısına yol xəritəsi qoyub.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri politoloq Zaur Məmmədov söyləyib.
Politoloq vurğulayıb ki, Azərbaycan ilə Yaponiya arasında müxtəlif sahələrdə sərmayə qoyuluşu məsələləri müzakirə edilib. Yaponiya şirkətləri Azərbaycanda infrastruktur layihələrinin həyata keçirilməsində maraqlıdır. Yaponiya tərəfindən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafına böyük maraq göstərilir.
Zaur Məmmədov deyib ki, iqtisadi sahənin inkişafı, investorların böyük maliyyə cəlb etməsi üçün Azərbaycan hər cür potensiala malikdir. Həmçinin Azərbaycanda investisiya mühitinin cəlbedici olması dünyanın aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri tərəfindən yüksək qiymətləndirilib. Məsələn, dünyanın ən böyük beyin mərkəzlərindən biri olan İrs Fondu tərəfindən hazırlanan "İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycan mövqeyini 6 pillə yaxşılaşdıraraq, 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadi azadlıq üzrə mümkün 100 baldan 70,1 bal toplayıb.
Bilirik ki, potensial investorlar, ilk növbədə, Dünya Bankının "Doing Business” hesabatına, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlinə baxırlar. Hər iki halda Azərbaycanın iqtisadi üstünlüyü göz qabağındadır.
"Ölkəmizdə, eyni zamanda, infrastruktur layihələrini də genişləndirməkdədir. Bu mühit ən modern iqtisadi ənənələrə cavab verir. Son 15 ildə dövlət sərmayəsi hesabına Azərbaycanda böyük işlər görülüb və bu istiqamətdə proseslər davam etdirilir. Azərbaycan, eyni zamanda, qlobal layihələri öz vəsaiti hesabına reallaşdırıb. Hazırkı mərhələdə isə işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, həmçinin Ələt Azad İqtisadi Zonası kimi mühüm əhəmiyyətə malik layihənin reallaşdırılmasında xarici investorların cəlb edilməsi də vacib istiqamətlərdən biridir. Bununla hökumətlərarası komissiyalar da məşğul olmalıdır. Ümumiyyətlə, bu sahəyə aidiyyəti olan qurumlar və şəxslər daha fəal olarsa, yaxın perspektivdə biz həmin mövzu ətrafında kifayət qədər ciddi, xoş hadisələrin olacağını gözləyə bilərik”, - deyə politoloq qeyd edib.
banner

Oxşar Xəbərlər