cümə, 27 Yanvar, 16:16

Baku Bakı 7°C

Azərbaycan əleyhinə qətnamə Fransanın sülh məqsədi güdmədiyini göstərir

icon 297 icon 03 dekabr 2022 | 07:30 Azərbaycan əleyhinə qətnamə Fransanın sülh məqsədi güdmədiyini göstərir

Fransa Milli Assambleyasının Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə ölkələrimiz arasında münasibətlərə daha bir zərbə və beynəlxalq hüquqa açıq hörmətsizlikdir. Fransa Senatı tərəfindən qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 2020-ci il 10 noyabr tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olunmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi" adlı qətnamə ilə eyni siyasi məqsədə xidmət edən Milli Assambleyanın 30 noyabr tarixli qətnaməsini şiddətlə qınayırıq. Belə ki, Fransanın qanunverici orqan - parlament səviyyəsində göstərdiyi qərəzli mövqe erməni əsilli fransız icmasının bəzi nümayəndələrinin “qisas” xülyasının nümunəsidir. Lakin onlar unudublar ki, daha əvvəl Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən BMT qətnamələrini dəstəkləyən ölkələrdən biri də məhz Fransa olub. Fransanın belə ikitərəfli, qeyri-sabit siyasəti sözsüz ki, sülhə çağırış məqsədi güdmür, əksinə, vəziyyəti daha da gərginləşdirir.

Bu sözləri Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva söyləyib.

Deputat bildirib ki, hətta işğalçı Ermənistanın oktyabr ayında Praqa və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini rəsmən tanımasına baxmayaraq, Fransanın mövcud vəziyyətə obyektiv yanaşma sərgiləməməsi, məqsədsiz addımlar atması dünya ictimaiyyəti tərəfindən də tənqid edilməkdədir. Qətnamənin gülünc müddəalarından biri də layihə müəlliflərinin Fransa hökumətini erməni dini və mədəni mirasının qorunması üçün bütün vasitələrdən istifadə etməyə çağırışıdır.

“Lakin 30 illik işğal dövründə erməni vandalları tərəfindən “Dağlıq Qarabağ” və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 məscidin 63-nün tamamilə, 4-nün isə qismən dağıdılaraq yararsız hala salındığını, XIX əsrə aid Ağdam məscidi dağıdılıb talan edilməklə yanaşı, donuz və mal-qara saxlanılması üçün tövlə kimi istifadə edildiyini və təhqir obyektinə çevrildiyini nədənsə unudurlar. Bu hadisələr Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi təşəbbüsü ilə dünya ictimaiyyətinə çatdırılmışdı. Bəs Fransa hökuməti bu hadisələri görmürdü? Onda niyə belə mövqe nümayiş etdirmirdi?

Bununla bir daha sübut edilir ki, istər Fransa Senatı, istərsə də Milli Assambleya baş verən hadisələrə obyektiv prizmadan yanaşmır. Onlar cinayətkarı dəstəkləməklə həm ölkəmizə qarşı, həm də beynəlxalq hüquq kontekstindən digər dünya dövlətlərinə qarşı hörmətsizlik nümayiş etdirirlər. Belə bir mövqe isə birmənalı olaraq həm beynəlxalq münasibətlər baxımından, həm də Fransanın tez-tez irəli sürdüyü və guya qoruyucusu olduğu insan hüquqları, demokratiya ənənələri nöqteyi-nəzərindən qəbuledilməz və yolverilməzdir”, - deyə Jalə Əliyeva qeyd edib.