Avropasayağı, yoxsa adət-ənənəyə uyğun?
- Ayə,
bu toydur, burda neyləmək lazımdır?
-
Oynamaq.
- Nətər
oyanayaq ey, səs o yandan gəlir, çalğıçılar da bu tərəfdə oturub.
Bu
fikirlər çoxlarımızın sevə-sevə izlədiyi "Bəyin oğurlanması” filmindəndir. Yəni
toyda oynamaq, əylənmək, xoş günün sevincini yaşamaq lazımdır. Amma nətər
oynayasan, bir tərəfdən toy-nişan xərclərini, boş masa qalıb-qalmamasını
düşünürsən, digər tərəfdən də xoş günü.
Toy adətlərimizin
ağırlıq məsələsi əslində, zaman-zaman müzakirə mövzusu olur, bu mövzuda ictimai
sferada aktiv olan şəxslər öz fikirlərini bildirirlər. Bəs gənclər toy adətlərimizlə
bağlı nələri düşünürlər? Nələrdən imtina etmək istəyirlər, nələrdən yox?
Valideynlər gənclərin xərcini artırır
Müəllim Əfsanə Cənnətəliyevanın toy adətlərimizdə bəyənmədiyi nüanslar da var,
imtina etmədiyi də: "Elçilik, nişan kimi adətləri, bu mərasimlərdə çox adamın
olmasını sevmirəm. Ayrıca nişana ehtiyac görmürəm, amma nikah mərasimi xoşuma gəlir,
bunun toydan ayrı olmasını istəyərəm. Toydan imtina etmərəm, qız-oğlan toyu bir
yerdə olsa, daha yaxşıdır. İki dəfə toy etməyə ehtiyac yoxdur, çünki bu, daha
çox xərc olar. Xına mərasimini ayrıca keçirmək də xərcdir, sadəcə bir adət kimi
toyun içində olsa, yetər. Qız tərəfin oğlan evindən qızıl tələb etməsi, oğlan
evinin mebellərə qarışması mənə xoş gəlmir. Yəni kimin gücü nəyə çatırsa, onu
etsə, yetər. Qızıldansa, istirahətə getməyi seçərəm. Yaxud cehizin içində bir
şkaf olur, onun içini görüntü üçün qab-qacaqla doldururlar. O qabları silmək də
vaxt aparır, onun yerinə başqa işlər görmək olar. Ehtiyac olan şeyləri almaq bəs
edər”.
Əfsanə
deyir ki, valideynlərlə evlənən cütlüklərin sözü üst-üstə düşməyəndə gənclər
iki toy etməyə məcbur qalırlar: "Artıq bu halı çox görürük. Gənclər valideynlərin
istəyi ilə adət-ənənələrə uyğun bir toy edirlər, bir də öz dostlarının, gənclərin
iştirak etdiyi avropasayağı. Avropasayağı toyu nikah gününə salırlar, yaxın
dostlarını dəvət edirlər, özləri üçün əylənirlər. Valideynlər bir növ gənclərin
xərcini artırır (Gülür).
Pul yazdırmaq olmamalıdır
Bank işçisi Zamiq Təhməzov deyir ki, toylarımızda ilk olaraq pul yazdırmaq adətinin
yığışdırılmasının tərəfdarıdır: "Toylarda yemək-içmək tərəfi daha öndə olur,
insanlar toyun əyləncə hissəsindən çox, bu tərəfinə fikir verirlər. Toyda yemək
bir az zəifdirsə, bunu söz edənlər də az olmur. Fikir versək görərik ki,
menyudakı yeməklər süfrəyə gəlib qurtarandan, yəni yeyib-içəndən sonra çox adam
gedir, ən yaxın adamlar qalır. Bu baxımdan düşünürəm ki, toyların adət-ənənəsi
dəyişməli və toya ən yaxın qohumlar dəvət olunmalıdır. Pul yazdırmaq isə
olmamalıdır.
Toyda
cehiz məsələsi qız evinə, qır-qızıl almaq da oğlan tərəfinə baha başa gəlir. Burda
bəzən ifrata o qədər gedilir ki, düşünəndə gülməli gəlir. Bir çox hallarda
toydan borc qalır, alınan qızılları elə toydan bir neçə gün sonra satmağa məcbur
olurlar (Maddi durumu yaxşı olanlar istisnadır). Əgər bu, satılacaqsa, bu qədər
yükün altına girmək nəyə lazım? Toy adətlərimizdə artıq xərclər çoxdur. Təəssüf
ki fikirlər çox vaxt eyni olmur, ailə quran gənclərin düşüncələri valideynlərin
fikirləri ilə üst-üstə düşmür. Bizim hər şeyi birdən-birə dəyişməyimiz də çətindir,
çünki valideynlərin düşüncələri ilə getməyə məcburuq. Mən öz övladlarım üçün
daha fərqli düşünəcəm”.
Nişan üzüyü olsa, yetər
Aparıcı Sevinc Xanqızının da bu mövzuda ürəyi doluymuş: "Məsələn, toy
şadlıq evində 400-500 nəfərlik zalda olmaya da bilər. Hay-küylü toyu sevmirəm.
Mən daha sakit, təbiət qoynunda, yaxud hansısa oteldə daha az və daha doğma
adamların iştirakı ilə edilən toyun tərəfdarıyam. Üstəlik, xonçalar da mənə
maraqlı gəlmir. Çünki bu adət artıq mahiyyətini itirib və görüntü xarakteri
daşıyır. Toyda çox qızıla da ehtiyac görmürəm, nişan üzüyü olsa, yetər.
Qızıl-brilliantla xoşbəxtlik olmur. Nişanlılıq müddəti uzandıqca bayramlarda hər
iki tərəfə düşən xərclərə də ehtiyac görmürəm. İmkan olduğu təqdirdə etmək
olar, amma hər kəs ayağını yorğanına görə uzatmalıdır. Mənə görə sadə şeylər
daha gözəldir. Səyahət etməyi sevirəm, o əlavə xərclərin qarşılığında cütlüklər
sevdikləri, həzz aldıqları şeylərə pul xərcləyə bilər”.
Öz
toyunda bu arzularını nə dərəcədə reallaşdırmasına gəlincə, Sevinc bildirdi ki,
bunu zaman göstərəcək: "Ailə quracağın insanın ailəsinin necə olacağını öncədən
bilmirsən. Öz evimizin içində dəyişə bilmədiyimiz elə şeylər var ki, onunla
bağlı başqasından anlayış gözləyə bilmərik. Mən müəyyən qədər o sterotipləri
qırdığımı düşünürəm, amma qeyd etdiyim məqamlarla bağlı gərək həm mənim, həm də
qarşı tərəfin valideynlərini razı sala bilək. Çünki valideynlərin toya yanaşması
başqadır, "filankəs məni niyə övladının toyuna çağırmadı?” deyib inciyən qohum-əqrəba
çox olur. Bu kimi şeylərə görə qarşıma çıxan bəyin dünyagörüşü, həyata baxışı mənim
üçün önəmlidir. Tək mən adətlərdən imtina etsəm, bunu valideynlərin qəbul etməsi
çətin olar, amma evləndiyim adamla bir yerdə valideynlərə "biz belə qərara gəlmişik”
desək, məncə, razı sala bilərik”.
Qızılın yerinə maraqlı dizaynda gümüş də ola bilər
Jurnalist Amin Nəzərli son vaxtlar dəb halını alan fotosessiya və əvvəldən
qurulmuş bəy-gəlin rəqsinə ehtiyac görmür: "Toyqabağı rəqs məktəbində cütlüklər
hansısa mahnı üzərində rəqs hazırlayıb toyda təqdim edirlər. Buna xeyli pul xərclənir
və qarşılığında da süni rəqs alınır. Bir də toyqabağı fərqli geyimlərdə, fərqli
məkanlarda fotosessiya etdirmək mənə maraqlı gəlmir. Düşünürəm ki, onun yerinə
evlənən cütlüyün toydan əvvəl özləri tərəfindən çəkilən şəkillərindən ibarət
bir video yığılsa, kifayət edər. Bir də toy vaxtı çəkilmiş, lazımsız fotolardan
yığılmış fotoalboma ehtiyac görmürəm”.
Amin
toyda alınan qızıllara qara günün yatırımı kimi baxılmamasının tərəfdarıdır:
"Ümumiyyətlə, gəlin üçün alınan qızılları, cah-cəlalı lazımsız bilirəm. Metalın
hansı növ olması, maddi dəyərinin az, ya çox olması məncə, şərt deyil. Qızılın
yerinə maraqlı dizaynda gümüş də ola bilər. Bizdə toyda alınan qızıllara dar
günün yatırımı kimi baxırlar, amma ona xərclənən pula gənclər səyahətə getsələr,
daha yaxşı olar, nəinki qır-qızılı evə yığmaq”.
Bunları
öz toyunda tətbiq etməyə gəlincə, Amin bunları söylədi: "Foto və rəqs hissəsində
dediklərimi öz toyumda tətbiq edəcəm, amma qızıl məsələsini qarşı tərəfə qəbul
etdirməliyəm. Alınsa edəcəm, alınmasa, toydan sonra aldığımız qızılları satıb
istirahətə çıxa bilərik (Gülür)”.
Ən rahatı rəsmi nikahdır
Magistr tələbə Ənvər Məmmədli rəsmi nikahın tərəfdarıdır: "Ümumiyyətlə, mən toya
qarşıyam, ən rahatı rəsmi nikahdır. Ondan sonra ailələr və yaxın dostlarla
birlikdə kiçik bir qonaqlıq olsa, yetər. Qız tərəfindən cehiz verilir, oğlan da
qır-qızıl almalıdır və s. belə adətlər çox xərc aparır. Əslində ola bilər,
normaldır, ancaq düşünürəm ki, bunların yerinə iki gənc birlikdə bir plan cızsa
və ona uyğun hərəkət etsə, daha yaxşı olar”.
Ənvər
deyir ki, ailə quracağı xanımı bu məsələdə razı salmaq onun üçün çətin olmaz,
amma valideynlərlə bağlı məsələ bir az qəlizdir: "Valideynlərin "camaat nə deyər” prinsipi ilə
hərəkət edib, mənimlə razılaşmamaq kimi tərəfi də var. Onları razı salmağa təbii
ki çalışaram, amma böyük ehtimal onları razı sala bilməyəndə, adət-ənənələri
yerinə gətirməkdən başqa yol görünmür. Əgər hər ikimizin valideynləri mənimlə
razılaşsa, seçimi bizə buraxsalar, amma qarşımdakı insan "yox” desə, ona izah
edərəm və həmin insanla birlikdə yola çıxmağı qərara almışıqsa, onu razı sala
biləcəyimi düşünürəm”.
Toy adətlərimizin yeri başqadır
Aktrisa Günay Pirizadə isə toylarımızdakı adət-ənənələrin qorunub
saxlanmasının tərəfdarıdır: "Hər bir xalqı bir-birindən fərqləndirən xüsusiyyətlərdən
biri də adət-ənənələridir. Bunların içərisində toy adətlərimizin yeri başqadır.
Avropaya interqasiya edirik deyə, adətlərimizi unutmamalıyıq. Toylarımız çox
maraqlı keçir, uzun müddət görmədiyimiz qohum-tanışlarla bir araya gəlirik. Toy
ailənin şad günüdür. Bircə yeməklərin həddindən artıq çox olmasının tərəfdarı
deyiləm. Onsuz da onların hamısı yeyilmir. Amma "Xına” mərasiminin, gəlin evdən
çıxanda belinə qırmızı lent bağlanmasının, çıraq ətrafına fırlanmasının, güzgü
aparılmasının tərəfdarıyam”.