Araz aşıqdan, Kür də topuqdan - TƏRS BUCAQ
Serbiya ilə
qarşılaşmadan əvvəl Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi, təxminən
belə demişdi: "Qrupda vəziyyətimiz elədir ki, meydana tam sərbəst çıxacağıq”.
Açması odur ki, heç bir iddiamız yoxdur, qrupun sonuncu pilləsini möhkəm özəlləşdirmişik.
Ona görə də, meydanda tam sərbəst olacağıq. Yəni Araz aşığımızdan, Kür də
topuğumuzdandır. Araz aşığından, Kür də topuğundan olan yığma Serbiyaya məğlub
oldu – 1:3. Allah göstərməsin, əgər Araz aşıqdan, Kür də topuqdan olmasaydı,
hesab necə olardı?
Utandırırdı
adamı
Əsas
millimizin Serbiya ilə qarşılaşmasından 10-15 dəqiqə əvvəl U-21 yığmamız Bakıda
Xorvatiyaya məğlub olmuşdu – 1:5. Azərbaycan futbolunun gələcəyi hesab olunur
bu futbolçular. Xorvatiya ilə qarşılaşmada gələcəyimizin bərbad durumu
utandırırdı adamı. Bir tərəfdə futbolu başla – ağıl və zəka ilə oynayan
xorvatlar, digər tərəfdə isə ayağından da maksimum yararlana bilməyən azərbaycanlı
futbolçular.
Bir xala
görə 4 milyon?
Hər iki
yığmamız qrupda cəmisi bir xal toplayıb. Əsas yığma 4 qol vurub, 15-ni də
buraxıb. U-21 isə 2 qol vurub, 14 top buraxıb. Və hər iki yığmanın baş məşqçisi
əcnəbidir. Biri İtaliyadan, biri də Serbiyadan öz dəstəsi ilə gəlib Azərbaycana.
Birinin dəstəsi ildə, təxminən 2 milyon, ikincinin komandası isə 800 min
dolları Azərbaycandan çıxardır. Hər yığmanın qazandığı bir xala görə, 4 milyon
vəsait itirir Azərbaycan il ərzində.
10
milyonun 10 quruşluq nəticəsi
Bəs yığıma
o 1 xalı yerli mütəxəssislə qazana bilməzdi? Elə qazanardı. Özü də cüzi məvaciblə.
Elə isə pulumuzu əcnəbilərə niyə veririk? Hələ bu harasıdır. AFFA-nın hər il açıqladığı
hesabata görə, bu iki yığmaya il ərzində 10 milyon manat vəsait xərclənir. 10
milyonluq vəsaitin 10 quruşluq nəticəsi. Azərbaycan millisindən daha yaxşı nəticələr
göstərən yığmalar var ki, il ərzində heç 2 milyon vəsait xərcləmirlər. Pulumuzu
xərcləməyə yer tapmırıq?
Yer
tapmırıq ki, tapmırıq...
Yerə nə gəlib?
Dönüb Azərbaycanın bölgələrində uşaq futbolunun durumuna baxmaq kifayətdir.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bir neçə gün əvvəl rayonları gəzirdi.
Uşaqlarla harada görüşürdü, bilirsiniz? Olimpiya İdman Mərkəzlərinin keyfiyyətsiz
süni örtüklü meydançalarında. O komplekslərin isə AFFA-ya heç bir dəxli yoxdur.
Bəs hanı AFFA-nın qurduğu infrastruktur? Almanın, xorvatın, italyanın, serbin
cibində. Pulumuzu xərcləməyə yer tapmırıq ki, tapmırıq...
Natiq MUXTARLI