• cümə, 29 Mart, 03:29
  • Baku Bakı 7°C

Ana xətti ilə oğlana, ata xətti ilə qıza keçən xəstəlik - Səhhət

06.06.20 11:00 5940
Ana xətti ilə oğlana, ata xətti ilə qıza keçən xəstəlik - Səhhət

Həkim-allerqoloq Aytəkin Həsənzadə: "Bütün qıcıqlanmaları allergiya adlandırmaq olmaz”

- Sağlam ol!

- Mənimki qrip deyil, allergiyadır...

Yəqin ki, sizin də ətrafınızda belə insanlar çoxdur. Bütün günü asqırır, dərisi qızarır, yaxud gözləri qaşınır. Bu insanlar, xüsusilə mövsümi dəyişiklik zamanı daha çox əziyyət çəkirlər. Çünki həmin ərəfədə allergiyaları çox yüksək həddə çata bilir. Bəs görəsən, allergiya nədir və hansı səbəbdən yaranır? Allergik xəstələr nələri bilməli və hansı qaydalar əməl etməlidir? Bu və digər suallarımızı həkim-allerqoloq Aytəkin Həsənzadəyə ünvanladıq.

- Aytəkin xanım, allergiya nədir və nədən yaranır?
- Allergiya bədənin ona yad olan maddələrə qarşı verdiyi reaksiyadır. Bəzən buna hiperhəssalıq da deyilir. Allergiyanı yaradan səbəblər, yəni allergenlər ətraf mühitdə hər yerdə var. Onlar gözə görünə və görünməyə bilir. Amma hər kəsin orqanizmi allergenlərə reaksiya vermir. İmmun sistemi digər bir yolla işləyən insanların orqanizmi allergenlərə yüksək həssaslıqla reaksiya verə bilir. Qeyd etdiyim kimi, allergenlər müxtəlifdir. Məişət tozlarına, heyvanların epidermisinə, ağacların və çiçəklərin tozcuqlarına, həşəratlara, həşəratların zəhərinə qarşı allergiyalar mövcuddur. Bununla yanaşı, qida allergiyaları da mövcuddur ki, bu da qidanın tərkibində olan allergenlərlə bağlı ola bilir.

- Adətən neçə yaşda allergiya yarana bilir?
- Əslində, allergiyanın yaş məhdudiyyəti yoxdur. Əgər atada və anada allergiya varsa, uşağa keçmə ehtimalı yüksəkdir. Amma bu da tam dəqiq deyil. Çünki ətraf mühit amilləri də rol oynayır. Allergiya, əsasən ana xətti ilə oğlan, ata xətti ilə qız uşaqlarına keçir. Nadir hallarda bunun əksi də ola bilir. Uşaq doğulandan sonra xarici mühit ilə qarşılaşır. Hətta ana südü ilə qidalanan uşaqlarda da allergiya ola bilir.


- Aytəkin xanım, allergiya müalicə edilməklə tamamilə yox ola bilərmi?
- Bu, daha çox allergiyanın növündən asılıdır. Əgər allergiyanı yaradan səbəb aşkar edilibsə, müalicə ilə keçib gedə bilir. İdiopatik allergiyalarda, əsasən, səbəb aşkar edilə bilmir. Bu zaman xəstə müalicə vasitəsilə allergiyanı nəzarətdə saxlamalıdır. Elə allergiyalar var ki, qəfil gəldiyi kimi qəfil də gedə bilir. Amma bunu əvvəlcədən proqnoz etmək mümkün deyil. Fəsil və astma allergiyalarına sınaq qoyulur. Səbəb aşkar edildikdən sonra immunterapeya aparılır. Yəni xəstənin nəyə həssaslığı varsa, kiçik dozalardan başlayaraq orqanizm ona öyrəşdirilir. Bir müddət sonra normal insanlar kimi sizin də ona həssaslığınız keçib gedir.

- Dəri sınağından söz açdınız. Bu nədir?
- Dəri sınağı zamanı xəstədən analiz götürülür. Sorğuya əsasən müəyyən edilir ki, onun allergiyası mövsümidir, yoxsa ilboyu davam edir? Buna uyğun olaraq da dəriyə həmin allergenlərin ekstarktları damcılanır. Nəticənin doğruluğu – neqativ, yaxud pozitiv olaraq təsdiqlənir. Xəstənin allergenlərə reaksiyası dəri sınağı vasitəsilə yoxlanılır. Dəri sınağı, eyni zamanda qidalarla da qoyula bilir.

- Bəzən saç dibində qızartılar yaranır. Bu da allergiyanın hansısa növü sayılırmı?
- Belə qızartılara sırf allergiya demək olmaz. Çünki bu qızartılar dermotoloji problem də ola bilir. Bəzən saçlı dəri boyalara, saç maskalarına, hətta şampuna belə həssaslıq göstərə bilir. Amma bütün saçlı dəri problemlərini allergiya adlandırmaq olmaz.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər