Amerikada həm tələbə, həm də müəllim olan həmyerlimiz - Xaricdə təhsil

Xaricdə
təhsili dünyaya açılan pəncərə hesab edir. Həm İngiltərədə, həm də ABŞ-da
təhsil alıb. Düşünür ki, bir insanın inkişafını təmin edəcək şəxs yalnız
özüdür. Qeyd edir ki, bunun üçün məsuliyyətli olmalı, daim inkişafyönümlü
araşdırmalar etmək lazımdır. "Xaricdə
təhsil” rubrikamızda bu dəfə ABŞ-da təhsil alan Namiq Abbasov ilə həmsöhbət
olduq.
Qeyd edək
ki, Abbasov 1991-ci il sentyabrın 23-də Salyan rayonunda anadan olub. Orta
məktəbi bitirdikdən sonra ali təhsilini Qafqaz Universitetində (İndiki Bakı Mühəndislik
Universiteti) alıb. Bakalavr təhsili aldığı dövrdə özünü inkişaf etdirməklə
məşğul olub və oxuduğu universitetin ona çox şey öyrətdiyini deyir. 4 illik
təhsili bitdikdən sonra əsgərliyə yollanan Namiq, daha sonra təhsilini
magistratura səviyyəsində İngiltərədə davam etdirir. Magistr təhsilindən sonra
ölkəmizə qayıdır və Qafqaz Universitetində 2 ilə yaxın müəllimlik fəaliyyəti
ilə məşğul olur. İnkişaf naminə yenidən təhsil almağı düşünən həmsöhbətimiz,
xaricə üz tutur və hazırda Amerika Birləşmiş Ştatlarında Arizona
Universitetində siyasi elmlər üzrə doktorantura üzrə təhsilini davam etdirir.

- Xaricdə təhsil almaq fikrinə nə zaman gəldiniz?
- Əslində,
uşaq vaxtından İngiltərə və ya Amerikada təhsil almaq haqqında düşünürdüm. Qeyd
edim ki, Qafqaz Universitetində oxuduğum dövrdə İngiltərənin bir neçə
universitetinə qəbulla bağlı təklif alsam da, təqaüd məsələsi alınmadı. Ona
görə, ilk dəfə xaricdə təhsili hərbi xidməti bitirdikdən sonra İngiltərədə
aldım. Xaricdə təhsil almaq istəyimin səbəbi isə dünya təcrübəsi ilə tanış
olmaq, özümü inkişaf etdirmək idi.
- Xaricdə təhsil almaq hüququnu necə qazandınız? Yəni hansısa dövlət
proqramına qoşuldunuz, ya öz hesabınıza getdiniz?
- Xaricdə təhsil almaq üçün Təhsil
Nazirliyinin bir neçə təqaüd proqramına müraciət etsəm də, qəbul olmadım.
İngiltərədəki təhsilimin xərclərini isə orada təhsil alan tələbələrə dəstək
olan, həmin ölkəyə məxsus təşkilat qarşıladı. Doktorantura təhsilimlə bağlı isə
ABŞ-da dörd universitetə müraciət etdim və Arizona Universitetinə qəbul oldum.
Əslində, özüm də bu universiteti istəyirdim. Çünki göstəriciləri, təhsil
səviyyəsi daha çox xoşuma gəldi, həmçinin burada dərs deyən professorlardan
biri ilə əvvəlcədən tanışlığımız vardı. Hazırda bu universitetdə həm işləyirəm,
həm də oxuyuram. Universitetdə 20 saat dərs deyirəm. Bunun qarşılığında da mənə
aylıq kompensasiya verilir.

- Xaricdə təhsil insana nələri öyrədir?
- Mən hələ ki, iki ölkə - İngiltərə və ABŞ
təhsili ilə yaxından tanış olmuşam. Digər ölkələrin təhsil səviyyəsindən
xəbərim yoxdur deyə, onlar haqqında danışa bilmərəm. Bələd olduğum ölkələrin
təhsili haqqında onu deyim ki, insanın hərtərəfli inkişafına yardım edir.
Dünyagörüşünün genişlənməsinə, fərqli insanlar, mədəniyyətlərlə tanış olmasına
şərait yaradır. Bu, sanki dünyaya açılan bir pəncərədir. Xüsusilə, Amerikadakı
təhsil sistemi bu işdə böyük rol oynayır. Dünyada baş verən prosesləri, texniki
inkişafı bura gəlmədən öyrənmək mümkün deyil.
- Magistratura təhsilinizi İngiltərədə aldınız, nə üçün doktorantura
təhsili üçün seçiminiz ABŞ oldu?
-
Demək olar ki, ABŞ hazırda ən çox inkişaf etmiş ölkələr sırasındadır. Buranı
elmi-texnoloji inkişafın vətəni adlandırmaq olar. Təhsil aldığım sahədə həm
nəzəri, həm də təcrübə bilikləri çox yüksək səviyyədə öyrənirəm. Hər iki
ölkənin təhsili arasında böyük fərq olduğunu hiss edirəm. Siyasi elmlər
sahəsində amerikalılar həqiqətən çox inkişaf edib.
- ABŞ-da təhsil səviyyəsi necədir, hansı nüansları bəyənirsiniz?
- Burada
təhsil səviyyəsi olduqca inkişaf edib. Tək mənim təhsil aldığım sahədə deyil,
bütün istiqamətlərdə belədir. Data-analiz proqramlarının istifadəsi burada daha
geniş yayılıb. Qeyd edim ki, digər ölkələrdə doktorantura təhsili 3 il olsa da,
ABŞ-da 5 ildir. Digər bəyəndiyim nüans isə professorların tələbələrlə olan
münasibəti və təhsil resurslarının çox olmasıdır.

- Bizim təhsil sistemi ilə arada hansı fərqləri
müşahidə etdiniz?
- Təbii
ki, bizim təhsil sistemi ilə buradakı arasında böyük fərqlər var. Bunu hiss
etməmək mümkün deyil. Burada tələbələr fikirlərini ifadə etməkdə daha
azaddırlar. Müəllimlərlə tələbələrin ünsiyyət qurması tamam fərqlidir. Burada
təhsil aldığın sahəni öyrənmək üçün vəsaitlər daha çoxdur.
- Söhbət zamanı tələbə-müəllim münasibətini
vurğulayırsınız. Bilmək olar, ABŞ-da tələbə-müəllim münasibəti necədir?
- Burada
hər kəs öz vəzifəsinə professional səviyyədə yanaşır. Bizim ölkəmizdə
tələbə-müəllim münasibətində müşahidə olunan problemlər ABŞ-da yaşanmır. Olsa
belə, çox aşağı, 1% səviyyəsindədir. Tələbə vəzifəsinin oxumaq, professor isə
işinin dərs keçmək olduğunu bilir. Heç biri işinə ötəri yanaşmır. Burada tələbə-müəllim
münasibəti çox fərdidir.
- Bir az da amerikalılardan danışaq, düşüncələri, xasiyyətləri
necədir?
- Əslində,
bu suala cavab vermək bir az çətindir. Belə ki, latın amerikalılar fərqlidir,
Afrika amerikalıları isə tamam başqa xasiyyətdədirlər. Amerikada ən önəmli
məsələlərdən biri də odur ki, burada rasizm Avropaya nisbətən müəyyən qədər
azdır. Amerikada onsuz da hər kəs gəlmədir. Yəni kiminləsə bir müddətlik
söhbətdən sonra, haradansa gəlmə olduğunu bilirsiniz. Bu baxımdan ABŞ çox
rəngarəng ölkədir. Bəlkə də Amerikanın gözəlliyi elə bundadır. Ona görə,
xasiyyət barədə konkret bir cavab vermək çətindir.
- Amerikalılar Azərbaycan haqqında nələr bilir?
Yəni Azərbaycan kimi bir dövlətin varlığından xəbərləri var?
- Bilənlər
də var, bilməyənlər də. Amma bildikləri də çox azdır. Gürcüstanı, Türkiyəni
tanıyırlar. Azərbaycan haqqında bildikləri Qafqaz və neft ölkəsi olmasıdır.
- Siz bir azərbaycanlı olaraq ölkəmizi tanıtmaq
üçün nə kimi işlər görürsünüz?
-
Xəritəmizi göstərirəm, ölkəmiz, xüsusilə paytaxtımız haqqında məlumat verirəm.
Tarixi abidələrimizdən, dilimizdən, mədəniyyətimizdən danışıram. "Google”
axtarış proqramında ölkəmizdəki abidələrin şəklini göstərirəm. Əslində, bu kimi
məlumatlar onların marağına səbəb olur və nə vaxtsa, ölkəmizə səfər etməyi
düşünürlər.

- ABŞ-a getdiyiniz ilk dönəmlərdə hansı
çətinlikləri yaşadınız?
- Ən böyük
çətinliyim marketə gedib-gəlmək idi (gülür). Çünki burada market yaşadığımız
evdən çox uzaqdadır. Hər dəfə ya taksiyə, ya da avtobusa minməlisiniz. Digər
tərəfdən, Arizona çox isti yerdir, yay vaxtı çöldə gəzmək çox çətindir.
Təsadüfən də mənim ilk gəlişim yay fəslində idi. Açığı, düşünürdüm ki, Salyan
Azərbaycanın ən isti rayonlarından biridir. Oradakı istiyə alışdığımdan,
buradakının təhlükəli olacağını fərz etmirdim. Amma temperatur gözlədiyimdən də
isti oldu. Bir həftə sonra anladım ki, bu isti o istilərdən deyil.
- Yeni mühitə, insanlara adaptasiya olmağınız nə
qədər çəkdi?
- Düzü,
adaptasiya baxımından heç bir problem yaşamadım. ABŞ-dan öncə İngiltərədə
olmağım bu mövzuda mənim üçün üstünlük idi. Yəni artıq fərqli ölkədə, mühitdə
olmağa alışmışdım.
- Fərqli ölkə fərqli yeməklər deməkdir, siz nə
yeyirsiniz orada, yeməkləri necədir?
- Bayaq
qeyd etdiyim kimi, insanları müxtəlif olduğu üçün buradakı yeməklər də
fərqlidir. Mənim qaldığım yer Meksikaya daha yaxındı deyə, Meksika restoranları
çoxdur. Türk restoranları da var və daha çox bu restoranlara gedirəm.
Amerikanın "fast food” yeməkləri çox keyfiyyətsizdir. Ona görə də, çox zaman
ərzaqları alıb, yeməyi özüm hazırlayıram.

- Təhsil müddətiniz bitdikdən sonra ölkəmizə
qayıdacaqsınız, ya orada qalacaqsınız?
- Hazırda
oxuduğum universitet ABŞ təhsilində ən öndə gedənlərdəndir. Hətta, deyərdim ki,
innovasiyalar üzrə birincilərdəndir. Təhsil müddətim 2022-ci ildə bitəcək.
Təhsilimi bitirdikdən sonra təbii ki, yenidən ölkəmə qayıtmağı və qazandığım
təcrübəni bölüşməyi çox istəyirəm.
- Gələcəklə bağlı planlarınız nədir?
- Gələcəklə bağlı planlarım
çoxdur. Doktorantura təhsilimi bitirib, daha sonra assistent professor kimi
fəaliyyətimi davam etdirmək istəyirəm. Davamında isə professorluq səviyyəsinə
qədər yüksəlməyi düşünürəm. Özümü intellektual olaraq daha da inkişaf
etdirməyi, müxtəlif tədqiqatlar üzərində işləməyi planlayıram.
- Xaricdə təhsil almaq istəyən gənclərə nə kimi
məsləhətləriniz var?
- Bir
insanın inkişafını təmin edəcək şəxs yalnız özüdür. Məsuliyyətli olmalı, daim
inkişafyönümlü araşdırmalar etmək lazımdır. Bu mövzuda bir az strategiyalı
olmaq vacibdir. Yəni sadəcə xaricdə təhsil olsun deyə yox, planlı şəkildə
hərəkət edilməlidir. Hansı sahə üzrə ixtisaslaşmaq istədiklərini, gələcəkdə
həmin sahədə fəaliyyətlərini necə quracaqlarını düşünsünlər. Təhsil almaq üçün
keçirdikləri zamanın, qoyduqları investisiyanın gələcəkdə onlara necə
dönəcəyini düşünsünlər.
Günel Azadə
