• cümə, 27 Dekabr, 03:25
  • Baku Bakı 9°C

Aktyor, yazıçı, filoloq, aparıcı, məmur... – Mən gənc olarkən

17.02.14 08:54 8823
Aktyor, yazıçı, filoloq, aparıcı, məmur... – Mən gənc olarkən
Müsahibimiz Azərbaycan yazıçısı, filoloq alim, “Mədəniyyət” Telekanalında “Zaman və Məkan” kulturoloji müəllif proqramının aparıcısı, Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri Akif Əlidir. Sadaladığımız statusları olmasa belə, etiraf edək ki, Akif Əli həm də təkcə “Tütək səsi” filmində yaratdığı Tapdıq obrazı ilə yaddaşlarda qalacaq kino aktyorudur. Beləliklə, Akif Əlinin uşaqlığı, gəncliyi, keçdiyi həyat yolu ilə yaxından tanış olaq...
Akif Əli 1952-ci il fevralın 22-də Şuşa şəhərində anadan olub. M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib. 1974-78-ci illərdə “Azərbaycanfilm”, “Tacikfilm”, “Lenfilm” kinostudiyalarında bir sıra filmlərə çəkilib. “Uzun müharibədə qısa görüşlər” filmində Rüstəm, “Tütək səsi”ndə Tapdıq, “Arxadan vurulan zərbə”də Fazil müəllim, “Əgər biz biryerdəyiksə” filmində Məmməd və b. obrazları yaradıb. 1978-1987-ci illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Radionun “Satira və yumor” şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri vəzifələrində işləyərkən bir neçə populyar radio verilişinin, televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru vəzifəsində çalışarkən isə bir sıra televiziya proqramlarının yaradıcısı, müəllifi, yaxud redaktoru olub. 1989-cu ildə Bakı Ali Partiya Məktəbinin əyani kursunu bitirib. 1990-cı ildə “Vətən səsi” qəzetinin yaradılmasında iştirak edib və 1991-1993-cü illərdə həmin qəzetin Baş redaktoru vəzifəsində çalışıb. Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası – L.M.) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri işləyib. 1994-cü ildən Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır. 2-ci dərəcəli Dövlət müşaviridir. Çoxlu sayda elmi və bədii-publisistik məqalələrin, kino-tele-radio ssenarilərinin, kitabların, “Mozalan” kino-süjetlərinin və tərcümə əsərlərinin müəllifidir. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. Ötən il dövlət başçısı tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Ailəlidir, iki övladı var.
- Akif müəllim, uşaqlığınız harada keçib, necə bir ailədə böyümüsünüz?

- Azərbaycanın ən füsunkar guşələrindən biri olan Şuşa şəhərində doğulmuşam. Atam Əli Məhərrəmov respublikamızın tanınmış hüquqşünaslarından olub. Mən doğulanda o, Şuşanın prokuroru işləyirdi. Qeyd edim ki, atamın işi ilə bağlı uşaqlığımın bir hissəsi Azərbaycanın müxtəlif regionlarında – Qubadlıda, Zaqatalada, Lənkəranda keçib. Atam həmin rayonlarda prokurorluq sistemində çalışıb. Ailədə üç qardaş, iki bacı olmuşuq. Biz orta məktəbin aşağı sinfində olanda atam Bakıya işə dəvət olunub və burada əvvəl Respublika Prokurorluğunda Mühüm işlər müstəntiqi, Zona prokuroru, sonra isə Ali Məhkəmənin üzvü vəzifələrində işləyib. Uşaqlığım həm mənəviyyat, həm də maddi baxımdan çox gözəl keçib, heç bir problemimiz olmayıb. Biz evdə yaşam problemini ancaq atam 52 yaşında qəflətən vəfat edəndən sonra hiss etməyə başlamışıq. O zaman bilmişik ki, bu dünyada problemlər var, məişət qayğıları var... Yəni atam bizim bütün problemlərimizi özü həll edib, bizim üçün təhsilə şərait yaradırdı. Uşaq vaxtı yeganə qayğımız orta məktəbdə dərsləri yaxşı oxumaq, çoxlu mütaliə etmək olub. Mən məktəbi 1-ci sinifdən sona qədər yalnız əla qiymətlərlə oxumuşam. Mənim həyatımda, formalaşmağımda, mənəvi baxımdan yetkinləşməyimdə atamın çox böyük rolu olub. Təsadüfi deyil ki, mən atamın adını əbədiləşdirmək, onun adının daim mənim və ailəmin üzərində olması üçün 1999-cu ildə rəsmən Məhərrəmov soyadını Əli soyadı ilə əvəz etdim. Həmişə atamın bizə öyrətdiyi doğru yolla getmişəm. O yol təmizlik, düzlük, hüquqa hörmət, dövlətçiliyə xidmət, heç bir əyər-əskiyə, kriminala meyl etməmək yoludur.
- Mirzə Fətəli Axundzadə adına Rus Dili və Ədəbiyyatı İnstitutunu “Rus dili və ədəbiyyatı” ixtisası üzrə bitirmisiniz. Oxuyan tələbə olmusunuz?

- Dediyim kimi, orta məktəb illərində yalnız əla qiymətlərlə oxusam da, etiraf edim ki, tələbəlikdə başım kinoya qarışdığından hamı kimi oxumuşam - gah əla, gah yaxşı, gah kafi qiymətlərlə. Özüm də oxuyub qiymət alırdım, bəzən müəllimlər hörmət edib qiymət yazırdılar. Bir dəfə “Siyasi iqtisad” dərsindən imtahan idi. Mənim də bu fəndən xoşum gəlmirdi, çünki iqtisadiyyatın siyasiləşdirilməsini qəbul edə bilmirdim. İmtahanda rus müəllimin kəsdiyi tələbələrdən biri də mən oldum. İmtahan günü möhkəm qar yağmışdı və instituta gələn yoldan müəllimlər də, tələblər də çətinliklə keçirdilər. Müəllim yenidən bilet çəkməyimiz üçün bizim dördümüzlə də şərt kəsdi, dedi, özünüzü əziyyətə salıb oxumamısınızsa, heç olmasa indi əziyyət çəkin bir faydalı iş görün, gedin yolu qardan təmizləyin, sonra baxarıq. Biz oğlanlar təbii ki, bunu məmnuniyyətlə etdik və müəllimin yanına qayıtdıq. Müəllim dedi indi əllərinizi uzadın baxım, biləcəm ki, işləmisiniz, ya məni aldadırsınız. Əllərimizə baxıb gördü ki, həqiqətən barmaqlarımız soyuqdan qıpqırmızı olub. “Xoroşo” deyib hərəmizə bir “3” yazdı. Ümumiyyətlə, maraqlı tələbəliyim olub. Bir dəyərli dostum var idi - Aydın Cumayev, sonradan polisdə çalışdı və şəhid oldu. Onunla birlikdə təqaüdümüzdən kəsib saxlayır, hər semestrdə tətil olanda SSRİ-nin müxtəlif şəhərlərinə gedib gəzirdik. Az pula çox şey görməyə, öyrənməyə çalışırdıq.
- İxtisas seçiminizə ailənizin təsiri olubmu?

- Atam, sovet dövründə yaşamasına baxmayaraq çox demokratik adam idi və övladlarına heç bir məsələdə təzyiq etməzdi. Əslində o, mənim hüquqşünas olmağımı arzulayırdı. Ancaq mən mədəniyyət sahəsini seçdim, çünki atamın işinin nə qədər ağır, əzab-əziyyətli olduğu gözümün qabağında idi. Bəlkə də atamızın gecə-gündüz cinayətkarlıqla mübarizəsi, hüquq-mühafizə sistemindəki məşəqqətli işi biz uşaqların hamısını başqa-başqa sahələri seçməyə vadar etdi. O mənə də etiraz etmədi və mən ilk əmək fəaliyyətimə kinodan başladım.
- 1974-cü ildə institutu bitirdiniz və filmlərə çəkilməyə başladınız. Necə oldu ki, birdən-birə filmə çəkilmək fikrinə düşdünüz?

- Yox, birdən-birə olmayıb. Əvvəlcə dram dərnəyində məşqlərə gedirdim, sonra institutda oxuya-oxuya həm də kinostudiyanın nəzdində böyük sənətkar Adil İsgəndərovun rəhbərlik etdiyi iki illik kinoaktyorluq kurslarında oxudum. Sənətə marağım böyük idi. Hətta institutu bitirməmişdən məni kino sınaq çəkilişlərinə dəvət edirdilər. Çünki “Azərbaycanfilm” kinostudiyasında yaradıcı adamlarla bir növ qaynayıb-qarışmışdıq və məni tanıyırdılar. İnstitutun son kursunda olanda ilk dəfə istedadlı kinorejissor Oqtay Mirqasımovun “Min birinci qastrol” filmində rejissor assistenti kimi çalışmağa başladım. Sonra kinofilmlərdə rollar təklif edildi. O cümlədən, respublikadan kənarda, Tacikistanda, Rusiyada da kino çəkilişlərində oldum.
- Akif müəllim, maraqlıdır, hüquq-mühafizə orqanlarında çalışan atanız aktyor kimi kinolara çəkilməyinizə, ümumiyyətlə, münasibət bildirmirdi, yoxsa haradasa narazılığını hiss etdirirdi?

- Nəinki narazılığını bildirirdi, əksinə, çox qürur duyurdu mənimlə ki, oğlu öz gücünə gedib Moskvada, Leninqrada, Tacikistanda işləyir, çalışır, filmlərə çəkilir. Sovet vaxtı mədəniyyət, mənəviyyat sahələri öndə idi. Pul, kapital, var-dövlət indiki kimi dəbdə deyildi. İndi bunların yeri dəyişib, hər yerdə pul birincidir, sonra mənəvi məsələlər gəlir. Atam da bilirdi ki, oğlu mədəniyyətlə, mənəviyyatla məşğul olur, küçədə avaralıq etmir. Özü də mən çəkildiyim filmlərin hamısında əsas rolları ifa edirdim, yəni ciddi yaradıcılıq işi ilə məşğul idim. Odur ki atam etiraz etməzdi. Sadəcə təəssüflənərdi ki, nahaq hüquqşünas olmadın...
- Cəmiyyət tərəfindən kifayət qədər sevilən filmlərə çəkilmisiniz. Oxucularımız üçün həmin filmlərdə kadr arxasında qalanlar da maraqlı olardı...

- Kino çəkiliş meydançalarında maraqlı hadisələr çox olur. Düşənbədə çəkildiyim “Uzun müharibədə qısa görüşlər” filmində özbəkistanlı məşhur kinoaktrisa Tamara Şakirova ilə sevgililəri oynayırdıq. Bir dəfə çəkilişdə onunla birlikdə ikimiz də atın belində basmaçılardan qaçırdıq. Basmaçılar bizə çatanda mən (Rüstəm obrazı – A.Ə.) mərdlik nümunəsi göstərərək atdan düşüb Tamaraya dedim ki, sən çap get, mən quldurları saxlayaram. Amma bir dublda çox tələskənlik edib atdan düşən kimi, Tamara yerini sahmanlamamış, ata necə qamçı çəkdimsə, at zərbədən sıçradı, Tamara yuxarıdan aşağı üzüquylu yerə dəydi, yazıq qızın ürəyi getdi. Tez təcili yardım çağırdılar. Bütün bədəni, sifəti gömgöy olmuşdu. Mən də təbii ki pərt oldum və çox üzr istədim...
“Tütək səsi”” filmini Qusarın Ənux kəndində çəkirdik. Yerli əhalinin bizə münasibəti mənə çox təsir edirdi. Təsəvvür edin ki, çəkilişlərarası hər fasilə olanda kəndin camaatı evindən bal, qaymaq, pendir, çörək götürüb gəlirdilər ki, “ay bala, arıq uşaqsan, sınıxmısan, ye, kökəl”. Amma rejissorumuz Rasim Ocaqov icazə vermirdi yeməyə, çünki Tapdıq müharibə dövrünün ac-susuz uşaqlarından idi. Bax, kənd camaatının əsil azərbaycanlılara məxsus o xasiyyəti adamı hətta kövrəldirdi. Mən həm təsirlənir, həm də nəticə çıxarırdım ki, mədəni insan belə olar, qayğıkeş, həssas. Mədəniyyət o demək deyil ki, gedib Opera və Balet Teatrında tamaşaya baxasan və böyük materiyalardan danışasan. Mədəniyyət daha çox insanın öz içində, mənəviyyatındadır, onun yaşadığı məkanda deyil. Azmı olub ki, dağın başında çox mədəni bir çoban da görmüşük, amma paytaxtda qaba, kobud, mənəviyyatsız bir mədəniyyət xadimi ilə də rastlaşmışıq.
- Akif müəllim, kinoda yaratdığınız rollar çox uğurlu idi, yəni bu sahədə özünüzü sübut edə bildiniz. Bəs necə oldu ki, kinodan getdiniz?

- Kinodan özüm könüllü getdim. Fikirləşdim ki, bu, mənim peşəm deyil. Sadəcə, rejissorlar dəvət edir, mən çəkilirəm. Bir neçə filmdə əsas obrazları yaratdıqdan sonra düşündüm ki, bəsdir, gedim öz peşəmin dalınca, qoy başqa istedadlı cavanlar gəlsin kinoya. Mənimsə işim yazı-pozu, qələm işidir, elmdir, ədəbi yaradıcılıqdır. Sonra uzun illər radioda və televiziyada redaktor kimi çalışdım.
- 1989-cu ildə Bakı Ali Partiya Məktəbini bitirdiniz. Necə oldu ki, yaradıcı adam siyasi məktəbdə təhsil almağa qərar verdi?

- Gənc yaşlarımda artıq AzTv-də baş redaktor idim və bu, Sovet dövründə kifayət qədər yüksək nomenklatur vəzifə sayılırdı. Yeri gəlmişkən, mən televiziya karyerama görə mərhum Elşad Quliyevə minnətdaram. O istedadlı gənclərə həmişə inanırdı və ürək genişliyi ilə yol açırdı. Beş il baş redaktor işlədikdən sonra Mərkəzi Komitədən perspektiv üçün Bakı Ali Partiya Məktəbində təhsil almağımı məsləhət bildilər. Amma məktəbi oxuyub qurtaranda artıq Sovet hökuməti dağılmaq üzrə idi. Azərbaycanda da hakimiyyətə elə bir “bambılı” adam gəldi ki, onun bütün siyasi xəttinin əleyhinə idim. Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıdana qədər dövlət işindən kənarda qaldım. “Vətən səsi” qəzetində işləyə-işləyə paralel olaraq Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda Mədəniyyət kafedrasının müdiri işləyirdim. Sonra ulu öndər Heydər Əliyevin xeyir-duası ilə 1994-cü ilin oktyabrında Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olundum.
- Yəqin ki, o zamana qədər Heydər Əliyevlə əlaqələriniz var idi?

- Heydər Əliyev hələ Naxçıvanda olanda “Vətən səsi” qəzetindən onunla mütəmadi əlaqə saxlayırdıq. Heydər Əliyev Naxçıvan Ali Məclisinin bütün iclasları haqqında məlumatları bilavasitə bizim redaksiyaya göndərirdi və biz dərhal çapa verirdik. Bu o zaman idi ki, Bakıda Heydər Əliyevin adı yasaq idi, onun haqqında danışmaq belə təhlükəli idi, nəinki haqqında qəzetdə yazı dərc etmək. İstər Vəzirov, istər Mütəllibov, istərsə də Xalq Cəbhəsi hakimiyyəti qorxusundan Heydər Əliyevin adını yaxın buraxmırdı. İqtidar qəzetləri onun haqqında ancaq tənqid yazanda, biz “Vətən səsi” qəzetində təkcə Naxçıvandan göndərilən materialları dərc etməklə kifayətlənmirdik, həm də Heydər Əliyev şəxsiyyəti haqqında müsbət məqalələr yazıb çap edirdik, ictimai fikrə onu Azərbaycan dövlətçiliyini xilas edəcək yeganə rəhbər kimi təqdim edirdik.
- İyirmi ilə yaxındır ki, Nazirlər Kabinetində Mətbuat xidmətinə rəhbərlik edirsiniz. Kəsərli qələmi olan yaradıcı bir adam bu müddət ərzində bu vəzifəyə necə sığışıb? Sizin üçün darıxdırıcı deyil ki?

- Mən oturub öz işimi işləyirəm, neyləməliyəm ki?! Qeyd etdiyim kimi, Bakı Ali Partiya Məktəbini bitirmişəm, idarəçilik təcrübəm çoxdur. Bu gün vəzifədə olanların bəzisinə Politologiya İnstitutda dərs demişəm. Mən əgər bu gün müstəqil Azərbaycan dövlətində çalışıramsa, vəzifəmin böyüklüyünün-kiçikliyinin heç bir əhəmiyyəti yoxdur. Amma sizin o fikirlə razıyam ki, mənim təcrübəmi, bacarığımı, imkanlarımı nəzərə alanda, mətbuat xidmətinin rəhbəri işini icra etmək üçün potensialımın 15-20 faizi kifayətdir. Ancaq yenə deyirəm, rəhbərlik hər şeyi daha dəqiq bilir.
- Amma yaradıcılığı da heç vaxt kənara qoymamısız, bu illər ərzində məqalələriniz, kitablarınız çıxıb.

- Yaradıcı adam şübhəsiz ki, heç vaxt yaradıcılıqdan qala bilməz. Mən də kənarda qalmamışam. İşdən sonra, istirahətdə, məzuniyyətdə, ezamiyyətdə kitablarımı, məqalələrimi işləmişəm.
- Akif müəllim, “Mozalan”üçün yazdığınız ssenarilərə görə vaxtilə tənqidlərə tuş gəlməmisiniz?

- Tənqid edən mənəm, məni kim tənqid edə bilər ki? (gülür – L.M) Əgər mən hardasa haqsızlıq etsəm, qeyri-obyektivliyə, qərəzə yol versəm, təbii ki, mənə etiraz bildirər, tənqid edərlər. Amma yazanda heç vaxt qərəzli və sübutu, əsası olmayan şey yazmaram. Buna görə neçə illər öncə yazdıqlarımın altından bu gün də qol çəkə bilərəm. Təbii ki, mənimlə razılaşmaya bilərlər ki, belə yox, elə olmalıdır və s. Amma bu yaradıcılıqdır, hərənin bir zövqü var. Amma mən hələ eşitməmişəm ki, kimsə mənim yazımda qeyri-obyektivliyə, ədalətsizliyə yol verdiyimi desin.
- Təəssüflənmirsiniz ki, 20-30 il əvvəl “Mozalan” üçün yazdığınız ssenarilərdəki problemlərdən bəziləri hələ də həllini tapmayıb.

- O problemlər insanlığın problemləridir, eramızdan əvvəl də var idi, gələcəkdə də ola bilər. Məsələn, eradan əvvəlki antik ədəbiyyatda gəlin-qayınana problemi haqqında “Qayınana” pyesi yazılıb, bu gün də bu mövzu aktualdır. Yəni bunlar elə mövzulardır ki, insan olduqca mövcud olacaq. Bunlar hamısı nəfsə, mənəviyyata bağlı məsələlərdir. Mirzə Fətəli Axundzadə də, Mirzə Cəlil də, Mirzə Ələkbər Sabir də yazırdı, bizdən sonrakılar da yazacaq. Nə qədər ki, cahillik var, nadan insanlar var, onları tənqid edən bədii mətnlər də olacaq.
- Çoxları deyir ki, müasir gənclərimiz hissdən, emosiyadan, mənəviyyatdan uzaqdırlar, informasiya texnologiyalarına, kompyuterə daha çox meyllidirlər. Siz necə düşünürsünüz?
- İnformasiya texnologiyalarının inkişafı təbiidir və bu, bəşəriyyətin yoludur. Hesab edirəm ki, mənəviyyat gənclərdə öz yerində qalır, sadəcə, kim hansı gənci görmək istəyirsə, onu da görür. Məsələn, mən Azərbaycanda çox istedadlı, yüksək mənəviyyatlı, bacarıqlı gənclər görürəm. Ədəbiyyatdan tutmuş biznesə, iş adamından tutmuş incəsənət adamına qədər çox bacarıqlı gənclərimiz var. Amma təəssüf edirəm ki, Azərbaycanda elə gerizəkalı, pisniyyətli, paxıl adamlar var ki, müasir gəncliyi nəinki görə bilmir, ümumiyyətlə, istedadlı şəxsi görmək istəmir, gözü götürmür. Mən ömrüm boyu belə nadanlığın əleyhinə olmuşam. Hesab edirəm ki, Azərbaycanın istedadlı gənclərinə hər kəs yol verməlidir. Qoy səhvlər etsin, çünki gəncliyin səhv etmək ixtiyarı da var. Ancaq həyat davam etdikcə o səhvlər üzərində inkişaf da gedəcək. Bugünkü hər istedadlı gənc sabahkı yetkin vətəndaş kimi bu xalqa, bu vətənə, bu dövlətə xidmət edəcək.
Söhbətləşdi:
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər