AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ailəli deyil, ailə olmağı bacaran cütlük - Ailə

Ailəli deyil, ailə olmağı bacaran cütlük - Ailə

Gənclik qəzeti
21 Fevral 2020, 10:30 4757
 
Cabir Süleymanlı: "Xoşa gəlməyən bir xüsusiyyət görəndə bunu sevdiyin şəxsə uyğun bir dillər izah etməlisən”
 
Nərgiz Süleymanlı: "Evlənən şəxs bilməlidir ki, həyat yoldaşı olacaq insanın tək özü ilə yox, onun bütün müsbət, mənfi keyfiyyətləri ilə evlənir”
 
Düşünürlər ki, evlənəcəyin şəxsi dəyişməyə çalışmamalı, olduğu kimi qəbul etməlisən. Həmçinin həyat yoldaşının mənfi xüsusiyyətlərini başqalarının yanında danışmağı düzgün hesab etmirlər.
 
"Ailə” rubrikamızın budəfəki qonaqları "Auxitec” şirkətində Biznesin idarə edilməsi üzrə menecer işləyən Cabir Süleymanlı və həyat yoldaşı psixoloq Nərgiz Süleymanlıdır. Cütlüyümüzün Yusuf və Ömər adlı iki övladı var.
 
"O qızı tapın”
 
Cütlüyümüzlə söhbətə tanışlıq tarixləri ilə başladıq. Cabir deyir ki, tanışlıqları onun fərdi təşəbbüsü ilə olub: "İlk dəfə bir-birimizi qatıldığımız tədbirdə görmüşük. Hər şey təsadüf nəticəsində oldu. O zaman ortaq dostlarımızın olduğunu belə bilmirdim. Nərgiz ilk görüşdən gözlərinin rəngi ilə diqqətimi cəlb etdi və tədbirdən sonra "O qızı tapın” kinosundakı kimi onu axtarmağa başladım. Axtarış zamanı məlum oldu ki, Nərgiz çox yaxın, tələbəlik dövründə bir evdə qaldığım dostumun həyat yoldaşı ilə universitetdə bir oxuyub (gülür). Ortaq tanışlar vasitəsilə axtardığım xanımı tapdım və beləcə yavaş-yavaş münasibətin qurulması mərhələsinə keçdik”. 
 
Cabir düşünür ki, tanışlığın, ilk görüşün harada olması yox, sonrakı dönəm, münasibətin hansı istiqamətdə irəliləyəcəyi önəmlidir: "Bəzən kimlərsə insanları qınayır ki, toy kasetindən özünə həyat yoldaşı seçir və ya sosial mediada tanış olduğu biri ilə evlənir. Məncə, bunlar elə də böyük əhəmiyyət daşımır. Yəni kimisə haradasa görməlisən. Kasetdə, "instagram”da, "facebook”da, avtobusda, metroda və ya başqa hardasa görməyin nə fərqi var? İlkin görmə prosesi necə olur-olsun baş verməlidir. Əsas olan ilkin görüşdən sonra münasibətin necə qurulmağıdır”. 
 
Nərgiz isə baş verənlərdən xəbərsiz imiş: "Söhbət 2012-ci ildən gedir və həmin dövrdə 23 yaşımız vardı. Elə bir yaş dövründə idim ki, insanların simasına diqqətlə baxmırdım, magistr təhsilim haqqında düşünürdüm, özümü inkişaf etdirmək üçün tədbirlərə qatılırdım. Cabir də məni həmin tədbirlərdən birində görüb, amma özüm qəti fikir verməmişdim. Sonradan ortaq dostlarımızın təkidi ilə Cabirə şans vermək qərarına gəldim (gülür)”. 
 

 
Biz daha dəbdəbəliyik, köklü ailəyik
 
Nərgizin Cabirə şans verməsi ilə münasibətlərinin ilkin mərhələsi başlayır. Həmsöhbətlərimizdən bu mərhələnin necə keçməli olduğunu soruşuruq. Cabir düşünür ki, münasibətin bu dövründə tərəflər özlərini olduqları kimi tanıtmalıdırlar: "Hazırda bizim yaşda olan şəxslərin evlənməkdə çətinlik çəkdiyini görürük. Bu isə bəzən insanların özlərini olduqları kimi təqdim etməməklərindən irəli gəlir. Həm xanımlar, həm də bəylər evlənənə qədər özlərini olduqlarından fərqli göstərməyə çalışırlar. Digər tərəfdən, bir-birini yeni tanıyan ailələrin arasında güc, özünü göstərmə mübarizəsi başlayır. Xanımın ailəsi oğlanın, oğlanın ailəsi də xanımın ailəsinə özlərini göstərməyə çalışırlar. Sanki bir-birilərinə biz daha dəbdəbəliyik, köklü ailəyik deməyə çalışırlar. Bu da çox yanlışdır və belə nəticəyə gəlirik ki, iki insan ailə qurarkən sadəcə tərəflər yox, onların ailələri də bir-birinə uyğun olmalıdır. Şükürlər, olsun ki, bizdə ailələr arasında çox yaxşı uyğunluq var. Elçiliyimizdə mən Türkiyədə idim, amma Nərgizdən vəziyyət haqqında operativ məlumatlar alırdım. Maraqlıdır ki, Nərgizin atası ilə atam sanki 40 illik dost kimi həmsöhbət olublar (gülür). Bu da hər iki tərəfin səmimiyyətindən, bir-birinə olan hörmətindən irəli gəlir”. 
 

 
Evlilik prosesi çoxlarına əyləncəli gəlir, amma...
 
Nərgiz də bu mərhələdə səmimiyyətin böyük rol oynadığını vurğulayır: "Məncə, insan ilk olaraq özü şəxsi keyfiyyətlərinə bələd olmalı, ilk olaraq nə istədiyini bilməlidir. Evliliyə oyun kimi baxmamalıdır. Hazırda nəzər salsaq, nə qədər ailənin boşandığını və ya boşanma ərəfəsində olduğunu görərik. Bunun da əsas səbəbi özlərini yaxşı tanımamaqları və tanıtmamaqlarıdır. Evlilik prosesi çoxlarına əyləncəli gəlir, amma hər şey bununla bitmir. Evlənən şəxs bilməlidir ki, həyat yoldaşı olacaq insanın tək özü ilə yox, onun bütün müsbət, mənfi keyfiyyətləri ilə evlənir. Bunu qəbul edərək bu addımı atmalıdırlar. Yəni onu dəyişdirməyə cəhd etməməlisən. Ona görə də düşünürəm ki, tanıma müddəti qısa olmamalıdır, bacardıqları qədər birlikdə çox vaxt keçirib bir-birilərini tanımağa çalışmalıdırlar”. 
 
Birini müsbət və mənfi tərəfləri ilə qəbul etmək məsələsinə Cabir də qatılır: "Dünyada elə insan yoxdur ki, onun mənfi xüsusiyyəti olmasın. Birini sevirsənsə, mütləq şəkildə onu olduğu kimi, bütün müsbət və mənfi tərəfləri ilə qəbul edirsən. Təbii ki, lap göz yumub, susmaq da olmaz. Bəzən xoşa gəlməyən bir xüsusiyyət görəndə bunu sevdiyin şəxsə uyğun dillə izah etməlisən”.
 
Həyat yoldaşımda xoşagəlməz xüsusiyyət gördümsə...
 
Mənfi və müsbət tərəflərdən danışmışkən, görəsən, cütlüyümüz evlilikdən sonra bir-birində bunlardan hansını kəşf edib? Cabir düşünür ki, insan gərək həyat yoldaşının mənfi xüsusiyyətini ictimailəşdirməsin: "Bayaq da dediyim kimi, əgər həyat yoldaşımda nə isə bir mənfilik və ya xoşagəlməz bir xüsusiyyət gördümsə, bunu özünə deməyim daha yaxşıdır, nəinki kiminsə yanında bildirmək. Bu iki insan arasında olan bir situasiyadır, başqasının bundan xəbər tutmağına nə ehtiyac var? Ona görə də indi Nərgiz haqqında mənfi söz deməyim düzgün olmaz. Bəlkə də mənim üçün mənfi olan bir xüsusiyyət başqasına görə müsbətdir”. 
 
Nərgiz də həyat yoldaşının fikri ilə razılaşdığını və bu situasiyaların özəl qalmalı olduğunu bildirir: "Bilirsiniz, bu, bir az insanların həyata baxış tərzindən asılıdır. Yəni kim hansı xüsusiyyəti müsbət və ya mənfi qiymətləndirir. Əslində, çox zaman ailələrdə yaranan problemlər də bundan qaynaqlanır. Bəzən cütlüklər həyat yoldaşlarının mənfi xüsusiyyətlərini öz ailələrinin yanında danışırlar. Beləcə, iki insan arasında qalmalı olan bir məqam ailələrdə müzakirə olunmağa başlayır. İnsan həyat yoldaşının mənfiliklərini qohumlarının, dostlarının yanında danışmamalıdır. Bu, sizin həyat yoldaşınızı başqalarının yanında alçaltmağınız deməkdir. Ona görə, hər nə olursa, bunu etməməliyik. Əksinə, sizin yanınızda onun haqqında mənfi fikir səsləndirilsə, onu müdafiə etməli, sahib çıxmalısınız. Cütlüklər bir-birinə hörmət etməyəndə, bu, zamanla övladların da valideynə olan münasibətinə təsir edir”.
 

 
Atam həmişə bildirir ki...
 
Cütlüklər arasında əsas olan məsələlərdən biri də tərəflərin valideyn olaraq öz vəzifələrini layiqincə yerinə yetirməsidir. Maraqlıdır, həmsöhbətlərim biri-birini valideyn kimi necə qiymətləndirirlər? Cabir Nərgizin çox səbirli və təmkinli olduğunu və bunun da uşaqlarla münasibətinə müsbət təsir etdiyini deyir: "Atam həmişə bildirir ki, Nərgizin psixoloq olması hər situasiyada hiss olunur. Həqiqətən də elədir, xüsusilə də uşaqların tərbiyəsində bu, aydın görünür. Ən çox bəyəndiyim tərəfi uşaqlara nəyisə səbirlə izah etməsidir. Düzdür, iki uşaq birdən Nərgizin üzərinə gedəndə, bir az səbirsizlik məqamları da olur (gülür). Amma əksərən çox səbirli və təmkinlidir”. 
 
Cabirin iki oğul atası olaraq valideynlik borcunun öhdəsindən çox gözəl gəldiyini deyən Nərgiz, bunu həm həyat yoldaşı, həm də psixoloq kimi qiymətləndirir: "Yəni hər kəsə məlum məsələdir ki, oğlan uşaqlarının yetişməsində atanın rolu danılmazdır. Cabir övladlarının qarşısında güclü ata obrazı yaradıb. O, evə nə qədər yorğun gəlirsə gəlsin mütləq uşaqlarla vaxt keçirir və bunu məcburiyyətlə yox, sevgi ilə edir”.
 

 
Ailə qurmaq istəyənlərə məsləhət
 
Cabir deyir ki, bir-biriləri ilə zarafat etsinlər: "Bacardıqları qədər çox zarafat etməyə çalışsınlar. Təbii ki, burada səviyyəli zarafatdan söhbət gedir (gülür). Axşam söhbət etməyə mövzuları olsun. Bir-birilərini anlasınlar, empatiya qura bilsinlər. Çox təəssüf ki, bəzi bəylərdə xanımlara ev əşyası, bəzi xanımlarda isə bəylərə maddi təminat, yəni "bankomat” kimi bir yanaşma olur. Bu cür fikirlə evlənirlərsə, evlənməsinlər”.
 
Nərgiz isə insanları mükəmməl yox, olduqları kimi davranmağa səsləyir: "Bir insanı olduğu kimi, müsbət və mənfi tərəfləri ilə qəbul etsinlər, sadə və səmimi olsunlar. Mükəmməl olmağa çalışmasınlar, necə varlarsa, özlərini elə təqdim etsinlər. Ailəli deyil, sözün həqiqi mənasında ailə olsunlar”.
 
 
Günel Azadə