• cümə, 29 Mart, 12:35
  • Baku Bakı 14°C

Ailədə olan şiddətə necə reaksiya verməli? - Diskussiya

27.09.19 13:30 2698
Ailədə olan şiddətə necə reaksiya verməli? - Diskussiya
Ailələrdə problemi şiddətlə həll etməyə çalışanların sayı az deyil. Bəzən valideyn uşağının tərbiyəsində, bəzən kişi qadınla, ya da qadın kişi ilə problemini həll etmək üçün şiddət tətbiq edir. Təbii ki, bu, yolverilməz haldır, amma olur. Bəzən ailədə uşaqlara da şiddət tətbiq olunur, bəzən də onlar bu şiddətə şahidlik edirlər. Kiçik yaşlarda onlar bir az əlacsız olurlar, nə edəcəklərini bilmirlər. Bəs gənc yaşlarda reaksiyaları necə olmalıdır? Bu mövzunu Bakı Avrasiya Universitetinin tələbələri ilə müzakirə etdik.

Ailədə şiddət olarsa, necə reaksiya verməlidirlər?

Zinət Musayeva: Çox vaxt ailədə şiddət görən gənclər bunu gizlətməyi üstün tuturlar, nəinki etiraz etməyi. "Ailə problemimdir”, "atamdır”, "qardaşımdır” deyib, açıb-ağartmırlar, nə vaxtsa həll olunacağına ümid edirlər, yaxud belə olması ilə barışırlar. Bəzən atanın anaya şiddət göstərməsi ailədə davamlı olaraq təkrarlanır və gənclər, sadəcə kənara çəkilirlər, kimi qulağını tutub eşitmək istəmir, kimi də telefon və kompüterlə başını qatır. Buna qarşı çıxmaq üçün səslərini çıxardıqda isə anaya tətbiq edilən şiddətin yarısı da ona yönəlir. Gənclərə, valideynlər tərəfindən şiddət tətbiq edildiyi halda isə onlar çıxılmaz vəziyyətdə qalırlar. Bir rəfiqəm var idi, ona valideynləri şiddət göstərirdilər. O gəlib mənə danışırdı ki, evdən uzaqlaşmaq üçün hara gəldi getmək istəyir. Ailədə şiddətə etirazını bildirirdi, ancaq hər etirazında ona qarşı fiziki və psixoloji şiddət tətbiq edirdilər. O qız sonra evləndi və indi valideynlərindən sanki uzaqlaşıb. Hər iki halda şiddət olan ailədə böyümüş uşaq, sonra valideynlərdən uzaqlaşır, hər hansı problemini, sevincini onlarla bölüşmək ehtiyacı hiss etmir.

Saleh Qayıbov: Məncə, gənclər ailədə olan şiddətlə barışmağa məcburdurlar. Valideynlərin uşağın tərbiyəsində şiddət tətbiq etməsi məsələsinə toxunmaq istəyirəm. Ailədən hər hansı şiddət görəndə qızlar intihara cəhd edirlər, yaxud elə intihar edirlər. Oğlanlar bu cəhətdən qızlara nisbətən daha dözümlüdür. Mən düşünmürəm ki, ailədə valideynlərin sırf tərbiyə üçün əl atdıqları şiddətə bu cür reaksiya vermək lazımdır. Ən çox yeniyetməlik və gənclik yaşının ilk dövründə şiddət tətbiq etməyə valideynlər məcbur qala bilirlər. Çünki 15-18 yaş həssas dövrdür, gənclər yollarını tez aza bilərlər, bəlkə də valideyn bu kimi məqamlarda şiddət tətbiq etməsə, uşaq hansısa uçuruma gedə bilər ki, bu üsulla valideyn uşağı daha yaxşı yola gətirir. Mənim valideynlərim tərbiyə məqsədilə şiddət tətbiq ediblər. Bu gün mən tərbiyəmin bu cür olmasını valideynlərimə borcluyam.

Zinət: Salehin fikirləri ilə razı deyiləm. Şiddətlə tərbiyə olmur. O deyir ki, indiki tərbiyəsində şiddətin rolu var. Ancaq bir də başqa tərəfdən baxaq, şiddət yox, daha başqa cür tərbiyə tətbiq etsəydilər, bəlkə, bundan da yaxşı olacaqdı.

Dinara Bağırova: Şiddət olan ailədə gənclər çox vaxt reaksiya verə bilmirlər. Çünki bir tərəf atadır, bir tərəf ana. Nəticədə özlərinə qapanırlar, xüsusilə də oğlanlar. Ümumiyyətlə, şiddət valideynlə uşaq arasında böyük uçurum yaradır. Valideynləri ilə bölüşəcəklərini yadlara danışır, məsləhəti ata-ana qədər doğma olmayan şəxslərdən alırlar. Düzdür, o gənclər reaksiyasız qalırlar, amma sonra artıq bu, onların şüuraltına oturur və düşünürlər ki, ailə belə olmalıdır. Sabah da o, öz ailəsində şiddət tətbiq edəcək və bunun normal olduğunu düşünəcək.

Saleh Quluzadə: Mən tanıdığım gənclər sadəcə olaraq bunu gizlətməyi üstün tuturlar. Məsələn, iki tanış var idi, birinin ailəsində şiddət tətbiq olunurdu, digərində isə mehriban ailə mühiti var idi. O şiddət olan ailədə böyüyən gənc, həmin şəxsin yanında danışanda ailəsində hər şeyin ideal olduğunu deyirdi, çünki bunu etiraf etməkdən utanırdı. Hətta bununla bağlı valideynlərinə də iradını bildirmişdi. Hesab edirəm ki, şiddət heç bir şeyi həll etmir. Amma digər tərəfdən, düşünürəm ki, ağıllı və normal bir adam, qadın özünü döydürməz.


Aydındır ki, problemi gizlətdikcə onun həllinə nail olmaq mümkün deyil. Bəs ailədə şiddətə məruz qalan, yaxud şiddətin müşahidəçisi olan gənclər necə davranmalıdırlar?

Zinət: Nə qədər çox istədiyim adam olsa belə, heç kimin mənə əl qaldırmağa haqqı yoxdur. Bu, olarsa, aidiyyəti orqanlar qarşısında cavab verməyə məcburdur. Mən hər zaman bu mövzuda haqlarımı müdafiə etmişəm, edirəm və hər bir gəncə də bunu məsləhət görərdim ki, şiddət görəndə etirazlarını bildirsinlər, lazım olan orqana müraciət etsinlər.

Saleh Quluzadə: Uşaq valideynlərə ibrət olacaq nə isə bir söz deməli, yaxud davranış sərgiləməlidir. Vacib deyil ki onlara böyüklər nə isə desin, uşaq valideynlərinə örnək olacaq nə isə bir kəlmə deyə bilər ki, bəlkə də utanarlar və mübahisəyə son qoyular, ya da problemi daha sivil yolla həll etməyə çalışarlar.

Dinara: Ata anaya şiddət tətbiq edirsə, burda övlad müdaxilə etməlidir. O da bu ailənin bir üzvüdür. Bilirsiniz, bəzən uşaqlar ailədə şiddətə elə öyrəşirlər ki. Artıq uşaqlar hər gün düşünürlər ki, axşam ata işdən gələndə mütləq yenə dava olacaq, anasını nəyinsə üstündə döyəcək, qab-qacaq göydə oynayacaq. Amma gənc, artıq mümkün qədər reaksiya verməlidir.

Saleh: Valideynlər bizdən böyükdürlər, gənclik yaşımıza qədər bir yerdə olublar, problemləri, mübahisələri özləri həll ediblərsə, indi bizim müdaxilə etməyimiz doğru deyil. Onlar sevib ailə qurublar, mərkəzdə sevgiləri var, dava etsələr də, qızğın mübahisə də olsa, uşaq çölə çıxıb onları tək qoymalı, işlərinə qarışmamalıdırlar. O kişi normal adamdırsa, bacarıqlıdırsa, səhəri gün xanımından üzr istəyəcək. İçkili haldadırsa, ümumiyyətlə, o adama gecə nə isə başa salmaq mümkün olmayacaq. Gənc nə desə də, nəticəsi olmayacaq. Ona görə, o adamla danışmaq üçün səhəri, ayılmasını gözləmək lazımdır. Bir ailə var, tez-tez evdə şiddət tətbiq olunan səviyyədə davaları olur. Artıq görürəm ki, uşaqlarının heç biri reaksiya vermir. Səhər tezdən görürsən ki, ər-arvad gülə-gülə alış-verişə gedirlər. Bu reaksiya bir az bizim mentalitetə bağlıdır.

Samir Hümbətov: Əgər ata anaya şiddət göstərirsə, uşaqlar buna reaksiya verməsə, məncə problemin çıxış yolu olmur. Gənc haqsız tərəfə öz fikrini deməli, şiddətlə bağlı etirazlarını çatdırmalıdır. Məsələn, kişi yoldaşını döyüb, uşaqlar buna etiraz olaraq ananın tərəfini saxlamağa çalışmalıdır. Ata görməlidir ki, o haqsızdır deyə, heç kim onun tərəfində deyil. Məncə, zamanla ata da səhvini başa düşər.

Ailədə şiddət olanda gəncin hüquq-mühafizə orqanlarına şikayət etməsinə necə baxırsınız?

Saleh Qayıbov: Vicdan deyilən bir şey var. Əgər bu gün oğul, ya qız atanı polisə versə, ata gedəcək 3-5 ay həbsxanada cəzasını çəkib yenə gəlib o evin qapısını döyəcək. Həmin an oğul və ya qız o atanın üzünə necə baxa bilər?

Şükür Cəfərov: Təsəvvür edin ki, ailədə şiddət olur və gənc müdaxilə etmir, sadəcə qulaqları eşitməsin deyə ordan uzaqlaşır. Ancaq bəzən şiddətə müdaxilə edilməyəndə ölüm halı da yaşanır. Reaksiyasız qalan gənc sabah bunun üçün peşman da ola bilər. Ona görə, polis çağırılmasına pis baxmıram. Ən azından qanun çərçivəsində problem həll olunar. Ümumiyyətlə, şiddətdənsə, sözlə danışmağın tərəfdarıyam.

Zinət: Mənim atamla anamdan biri digərinə şiddət tətbiq etsəydi, polisə şikayət edərdim. Şiddəti heç cür qəbul edə bilmərəm. Mən polisə zəng edərdim və hər kəsin də etməsinin tərəfdarıyam.

Nərminə Qədirova: Gənc özü şiddətə məruz qalırsa, yaxud ailədə birinin digərinə şiddət tətbiq etdiyini görürsə, bu zaman müəyyən reaksiya göstərməlidir. Münaqişənin son həddə çatdığınız görürsə, burda məsələyə qarışa, polis çağıra bilər. Belə hallarda hüquq-mühafizə orqanlarına xəbər verilməsində problem yoxdur. Heç kimin haqqı yoxdur ki, başqasına əl qaldırsın, onu alçaldan davranış nümayiş etdirsin. Ən çox şiddətə məruz qalan qadınlar və uşaqlar olur. Amma ümumiyyətlə, şiddət görən hər kəs şikayət edə bilər. Bir çox hallarda qadınlar bunu normal qəbul edirlər, kişinin ona əl qaldırmasını böyük problem hesab etmirlər. Amma bu, düzgün yanaşma deyil.

Samir: O anı yaşamadan məsləhət vermək, yaxud bunun yaxşı və ya pis hal olduğunu demək olmaz. Həmin an gənc elə bir hadisənin şahidi olar ki, polis çağırmaqdan başqa çarə görməz. Yəni görər ki, bu davanın sonu pis ola bilər, heç kim də kömək etmir. Əgər gəncin özünün gücü çatırsa, müdaxilə etsin, polis çağırmasın. Gücü çatmırsa, çağırmalıdır, bunun pis olduğunu demək olmaz.

Aygün Asimqızı











banner

Oxşar Xəbərlər