• çərşənbə axşamı, 19 mart, 09:54
  • Baku Bakı 8°C

Adobe Photoshop üzrə ekspert adına yiyələnən ilk azərbaycanlı

11.09.19 09:00 2912
Adobe Photoshop üzrə ekspert adına yiyələnən ilk azərbaycanlı
Bakalavr və magistr təhsili iqtisadiyyatla bağlıdır, lakin bu gün qrafik və veb dizaynsahəsindədir. Ali təhsil aldığın sahədə deyil, başqa bir sektorda çalışırsansa, təhsil cəhətdən arada müəyyən çatışmazlıq ola bilir, ona görə yönəldiyin istiqamətdə özünü təsdiq etmək üçün üzərinə böyük bir yük düşmüş olur. Deyir ki, təhsil çatışmazlığını aradan qaldırmaq mümkündür. Öz təcrübəsində bunu edib. Müsahibimiz Adobe Photoshop üzrə ekspert adına yiyələnən ilk azərbaycanlı, "Code Academy”nin həm art-direktoru, həm də qrafik veb dizayn üzrə təlimçisi Rizvan Bağırlıdır.

- Hazırda çalışdığınız sektor bakalavr və magistr təhsili aldığınız sahə ilə eyni deyil. Bu dəyişikliyə getməyinizlə başlayaq.
- Ali təhsilimi İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində almışam. Bakalavr təhsilinin ardınca eyni fakültəni magistr olaraq bitirmişəm. İki il özəl şirkətlərin birində satış meneceri kimi fəaliyyət göstərmişəm. Həmin dövrdə artıq primitiv formada qrafik dizayn proqramlarının bəzilərindən xəbərdar idim. İqtisadçılığın mənim üçün monoton, maraqsız olduğunu hiss edib qrafik dizayn proqramları ilə daha aktiv maraqlanmağa başladım. Universitet dönəmində iqtisadi fənlərdən marketinq və reklam məni daha çox cəlb edirdi. Bəlkə də elə buna görə dolayı yolla da olsa bu sektora doğru istiqamət aldım.

- Bakalavr təhsili müddətində sizdə iqtisadçılıqla bağlı hələ tam fikir formalaşmamışdı deyə o istiqamətdə magistr təhsili də aldınız, yoxsa başqa səbəb var idi?
- Mən əslində reklam-marketinqdə oxumaq istədim, fakültə dekanı da razılaşdı. Lakin son anda prorektor göstəriş verdi ki, kim hansı ixtisası bitiribsə, yalnız o istiqamətdə davam etməlidir. Halbuki, o ana qədər belə bir qayda yox idi. Sırf son günlərdə çıxan o qərara görə iki il zamanımı israf etdim. Artıq sənədlərimi hazırlamışdım. Paralel olaraq məni işə götürməyə hazır olan şirkət var idi. İki gün sonra isə qəbul bitirdi. Bunları seçdim. Çünki əks halda hərbi xidmətə gedib, bir il sonra hər şeyi yenidən başlamaq lazım gələcəkdi.

- Özəl şirkətdə satış meneceri kimi çalışmağınız tələbə vaxtına düşür, yoxsa sonraya?
- Yox, sonrakı dövrə. Bakalavrı bitirdim və işləməyə başladım. Həm magistr təhsili aldım, həm də iqtisadçı kimi işlədim.

- Sevmədiyin, özünü görmədiyin bir sahədə çalışmaq necə hissdir? Çünki sevdiyin işi görməklə yanaşı, "gördüyün işi sev” deyə bir fikrə də çox rast gəlirik.
- İxtisasımın adından da göründüyü kimi mən ümumi-nəzəri iqtisadçı idim. O dövrdə hələ özümü iqtisadçı sanırdım və bu sahədə də inkişaf etmək fikrim var idi. Sadəcə, hansı sektorda olacağımı bilmirdim. İki illik iş təcrübəsi isə mənə tam aydın qərar verməyə köməklik göstərdi. Başa düşdüm ki, ənənəvi iqtisadçılıq, işin maliyyə-mühasibat tərəfləri mənə görə deyil. Daha müasir, dinamik bir sektor lazım idi.

- Bəs indi çalışdığınız sektorla tanışlığınız necə oldu?
- Bayaq qeyd etdiyim kimi, qrafik dizayn proqramlarından bir-ikisini zəif formada bilirdim. Dizayn işi maraqlı gəlirdi. Arabir elə fəaliyyət göstərdiyim şirkətin çap reklam materiallarını hazırlamaq fürsəti düşdü, bir növ özüm üçün eksperimentlər aparmaq imkanı yarandı. Beləcə qrafik dizayna həvəs sürətlə artmağa başladı. Beləliklə, texniki-nəzəri biliklərimi artırmağa başladım. İki illik iqtisadçılıqdan sonra elə həmin şirkətdə qrafik dizayner vakansiyası yarandı. Mən də o yerə öz namizədliyimi təklif etdim. Qərarım rəhbərliyi çox təəccübləndirsə də, qəbul etdilər. Çünki artıq bu işi çox yaxşı bilirdim. Məni bəlkə də gələcəkdə şirkətin icraçı direktoru görürdülər, amma özüm belə düşünmürdüm (Gülür).

- Təhsil aldığı sahədə deyil, başqa sektorda çalışan adam özünü inkişaf etdirmək üçün üzərində daha çox çalışmalıdır. Bu cəhətdən nələr edirdiniz?
- Dediyiniz bu təbii çatışmazlığı aradan qaldırmaq mümkündür. Əslində mahiyyət etibarilə təhsil aldığınız müddətdə görülən işləri görmək lazımdır. Nəzəri məlumatlar üçün bol-bol bu sahənin kitablarını, məqalələrini oxumağı tövsiyə edərdim. İşin texniki tərəfləri üçün ciddi praktikaya ehtiyac duyulur. Proqramları öyrənmək üçün online video dərslərdən, daha təcrübəli birinin məsləhətlərindən faydalanmaq olar. Yaxşı dizayner olmağa gəlincə, buna artıq zaman lazım olacaq. Yalnız özün başını aşağı salıb işi öyrənməyə çalışsan, bu zaman dilimi daha geniş olacaq. Əgər təcrübəli bir dizaynerdən məsləhət almaq imkanınız, səhvlərinizi sizə başa salacaq birisi varsa, o zaman daha şanslısınız. Belə olanda nisbətən qısa zamanda çox yaxşı işlər görə biləcəksiniz. Qrafik və veb dizaynı öyrənə biləcəyiniz kurslarımız da günü-gündən çoxalır. Təbii ki, onlara müraciət edib, işi daha sistemli öyrənməyi tövsiyə edirəm.

- Adobe Photoshop üzrə ekspert adına yiyələnən ilk azərbaycanlısınız. Bu sahəyə gəlişinizdən nə qədər vaxt sonra buna nail oldunuz?
- 2006-cı ildən qrafik dizayner olaraq fəaliyyət göstərirəm. Adobe Photoshop ilə tanışlıq isə hələ tələbəlik illərinə təsadüf edir - təxminən, 2002-ci ilə. 17 il sonra isə bu proqramın Azərbaycanda ilk eksperti oldum.

- Adobenin eksperti olmaq üçün hansı prosesdən keçdiniz?
- Ekspert imtahanı verib, sertifikat əldə etməyin bir yolu var. Adobe-nin müvafiq proqram üzrə test imtahanından keçmək lazımdır. Təxminən 60-a yaxın sual olur. Təsəvvür edin vizual işlər gördüyümüz proqramdan yazılı, görüntüsü olmayan test sualları. Proqramın interfeysi, funksionalı, alətləri, görülən işlərin mümkün alternativ variantlarını obrazlı desək, gözübağlı bilmək lazımdır. 4-5 görüntülü (şəkil olan) sual olur. Təbii ki, ingilis dilini kifayət qədər yaxşı bilmək lazımdır. Çünki dil baryeri onsuz da çətin olan sualları bir az da qəlizləşdirə bilər. Təxminən 1 saat ərzində bu imtahanda iştirak edib, minimum 66 %-lik göstərici əldə etmək tələb edilir.

- Ekspert olmaq mütəxəssislərə əlavə bir öhdəlik vermiş olur?
- Adobe eksperti olmaq nəsə əlavə iş yükü vermir. Hər sektor üzrə dünyada lider qurumlar var ki, bu sahənin mütəxəssisləri öz bilik və ya bacarıqlarını yoxlamaq və ya özlərini sübut etmək üçün belə qurumların sertifikatlarını əldə edirlər. Bizim sahədə də bu qurum Adobe sayıla bilər. Qrafik və veb dizayndan təlimlər keçirəm. Buna görə də qlobal sertifikat əldə etmək bəzən müəyyən avantajlar verə bilər. İmtahanı verdim və elə ilk cəhddə də uğur qazandım.

- Həm də müəllim kimi çalışırsınız. Bir az da öyrətməkdən danışaq.
- 10 ildən çoxdur qrafik və veb dizayn sahəsində çalışıram. İki nəhəng reklam agentliyində, dizayner, art-direktor olmuşam. Yerli, qlobal bir çox şirkətin reklam kommunikasiyalarının hazırlanmasında iştirak etmişəm. Bu, az olmayan təcrübəni gənc nəslə ötürməyin vaxtı yetişmişdi. Bunu nəzərə alıb keçən ilin sonundan Code Academy komandasına qoşuldum. Akademiyanın həm art-direktoru, həm də qrafik veb dizayn üzrə təlimçisiyəm.

- Qrafik və veb dizayn sahəsinə yönəlmək istəyənlər bu gün çoxdur. Bir az asan olacağını düşünənlər də olur. Burda hər istəyən uğurlu ola bilərmi?
- Bir çox modern sahələr var ki, gənclərə zahirən çox asan gəlir. Məsələn, digital marketinq. Çoxları elə bilir ki, "Facebook” və ya "Google” kimi platformaların bəzi tənzimləmələrini bilib, hansısa şirkət adından post paylaşmaq sosial media marketinqi (digital marketinq) işidir. Halbuki, adındakı marketinq sözünü ciddiyə alsalar, bu primitiv düşüncə dəyişər. Marketinq ayrı bir elmdir. Rəqəmsal dünya üçün bir modern qolu formalaşıb. Bu işi bilmək ciddi araşdırma, işin elmi tərəfini öyrənmək, praktik təcrübə tələb edir. Bu paralel müqayisəni bizim sahəyə də aid etmək olar. 2-3 qrafik dizayn proqramını bilmək, dizayner olmaq deyil. Biz şirkətlərin, brendlərin vizual kommunikasiyalarını yaradırıq. Reklam-marketinq sahəsinin bir subyektiyik. Biznes problemlərinin həllində iştirak edirik. Bu düşüncə hər zaman ön planda olmalıdır. Dizayn proqramları isə bu işdə sadəcə, lazımi alətlərdir. Demək ki, bu yolda addım atmaq istəyən işin həm texniki, həm nəzəri, həm də estetik tərəflərini güclü bilməlidir. Modern trendləri izləmək, bol praktika qazanmaq lazımdır. Təbii ki, güclü istək və həvəs çox böyük təkanverici amildir. Amma uzun yolu qət etmək üçün zaman, səbr, çoxlu çalışmaq, oxumaq və araşdırmaq lazımdır.

Aygün Asimqızı






banner

Oxşar Xəbərlər