Adlar insanın taleyinə necə təsir edir? - Polemika

Son 5 ildə Azərbaycanda
9 uşağa Bülbül, 10 uşağa Sürmə, 5 uşağa Göyərçin, 1 uşağa Kitabulla,1 uşağa Qələm,
2 uşağa Başxanım, 1 uşağa isə Çaydagül adı qoyulub. Hətta Xiyar, Namus, Məmiş,
Gilas kimi adlarla siyahını uzatmaq olar. Son günlər isə, Arenda və Toybəy
adları gündəmə gəlib.
Nazirlər
Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova
deyib ki, "ASAN xidmət” mərkəzləri tərəfindən Azərbaycan dilinə uyğun olmayan -
"Toybəy”, "Arenda” adları ilə bağlı müraciətlər olub: "Bu adların uşaqlara
verilməsinə icazə verilməyib. Bir də "Əli” və "Yusif” adlarının "Ali” və "Usub”
şəklində uşaqlara verilməsini israr edən valideynlər var. Lakin adların düzgün
yazılış forması "Əli” və "Yusif”dir. Bunu vətəndaşlarımız bilməlidir”.
İlk baxışdan bizə
gülməli gələn bu adlara bir uşaq ömrü boyu məhkum ola bilir. Ümumiyyətlə, adların insan taleyinə böyük təsirinin
olduğu deyilir. Gülünc görünməyindən başqa, adların yarandığı hərflər ayrılıqda
bir məna daşıyır. Hətta hərflərin sözlərə və adlara, ümumiyyətlə, bütün
varlıqlara təsirini öyrənən elm var ki, huruf adlanır. Qədim Misirdən Roma imperatorluğuna
qədər bütün cəmiyyətlər elmi hurufla yaxından maralanıblar. Romalılar "nomen
est omen”, yəni "adımız taleyimizdir” deyəcək qədər qəti bir inanca sahibiydilər.
Bəs gənclərimiz
bu barədə nə düşünür? Adlar insanın taleyinə necə təsir edir?

"Uşaq gələcəyin məktəblisi, tələbəsi, əsgəridir!”
Ramazan Seyidov, İT menecer:
Ramazan
hesab edir ki, ad insanın taleyindən öncə, onun təqdimatında böyük önəm kəsb
edir. Həmsöhbətimizin sözlərinə görə, anormal seçilmiş ad insana uşaqlığından,
hətta bağça yaşlarından psixoloji təsir etməyə başlayır: "Hər kəs onunla adına
görə aşağılayıcı zarafatlar edir və bu da cəmiyyətə atılan insanın psixoloji
travma alması ilə nəticələnir. Təsəvvür edin, birinə Traktor adı verirlər. Mənə
maraqlıdır, valideyn bu adı verərkən nə düşünür?! Düşünmürmü ki, bu uşaq gələcəyin
məktəblisi, tələbəsi, əsgəridir?! Əfsuslar olsun ki, informasiya
texnologiyaları dövründə yaşasaq da, övladına əşya, tərəvəz adı verən valideynlər
var”.
Ramazan
adlarla bağlı problemin səbəbini cahilliklə əlaqələndirir: "Bunun səbəbi yalnız
cahillik və savadsızlıqdır. Ölkədə son illər anormal adların verilməsinə qarşı
qanunla tənzimləmə irəli sürüldü və bunu çox yaxşı hal kimi qiymətləndirməliyik.
Qədim şərq mədəniyyətində yeni doğulan körpənin adlandırılması xüsusi ayinlərlə
keçirilirdi və inanırdılar ki, insanın adı onun taleyinə təsir edir. Bu gün də
bizim cəmiyyətdə buna inananlar var. Bu da bizə göstərir ki, ad şəxsin həyatında
nə qədər önəm kəsb edir. Belə bir deyim var: "Adına layiq şəxsiyyət ol”. Hər kəsə
məlumdur ki, Azərbaycan dilində alınma ərəb-fars mənşəli sözlər çoxluq təşkil
edir. 100 illər boyu yeni doğulanlara verilən adların böyük əksəriyyəti də
alınma adlardır. Bunların arasında elələri var ki, Azərbaycan dilinə tərcümə edəndə,
heç də yaxşı məna kəsb etmir. Məsələn, Sərxan adının mənası canavar, qurd deməkdir.
Həmçinin bu gün televiziyalarda yayımlanan filmlər və seriallar da Azərbaycan
dilinə yeni adların daxil olmasına səbəb olur. Buna örnək kimi, Yusif Peyğəmbərə
aid film ölkədə yayımlandıqdan sonra, Yusif adının ən çox qoyulan adlar
siyahısında ilk pillədə olmasını göstərə bilərik. Lakin serial qəhrəmanlarının
adlarının hamısı da xoş mənalı adlar deyil. Məsələn, məşhur türk serialı
"Kurtlar vadisi”nin qəhrəmanı Mematinin adı Türkiyədə qadağan olunub və səbəbi də
sözün ərəbcədən tərcüməsinin "ölümcül” mənası verməsidir”.

"Qeyri-ciddi və gülməli adlar uşaqların həyatını məhv
edər”
Sara Rəcəbli, səyyah:
Sara ad
məsələsinə həssas yanaşır. Düşünür ki, hər adın özünəməxsus energetikası var:
"Tam əminliklə deyə bilərəm ki, qoyulan ad insanın taleyinə birbaşa və şüuraltı
təsir edir. Adımızda olan hərflər enerji dəyərləri daşıyır. İnsan istədiyi
zaman adını dəyişərsə belə, bu, onun taleyinə təsir edə bilər. Adın xüsusi səs
vibrasiyası olur. Bu səs vibrasiyası beynin müxtəlif hissələrində müvafiq
qıcıqlanmalar əmələ gətirir .Tanışlıq zamanı ətrafdakıların ilkin münasibəti adın
səslənməsindən çox asılı olur. Adın hansı səslərdən
ibarət olmasından asılı olaraq, insanda şüursuz olaraq xarakterin müvafiq
cizgiləri formalaşır. Hər bir ad müxtəlif dillərdə müxtəlif cür səslənir. Seçilən
ad mütləq şəkildə yaşadığınız yerdə səlis və həzin səslənməlidir ki, bu, insan
beyninə, o adı daşıyan şəxsə müsbət enerji ötürsün. Səslənmə - məsələnin bir tərəfidir.
Bundan da mühümü – adın mənasıdır".
Sara
deyir ki, gülməli adı olan uşaqlar, böyüyəndə özlərini cəmiyyətdə təsdiq edə
bilmir və qeyri-ciddi təəssürat yaradırlar: "Hər adın öz mənası var və o adla
bizi cağıranda, istər-istəməz, adın mənasını özümüzə aid edirik. Məsələn, yaxşı,
dürüst, qeyrətli, ədalətli mənası olan adlar bir insanın xarakterinin
formalaşmasına müsbət təsir edir. Valideynlər öz uşaqlarına ad verərkən, çox
ciddi və məsuliyyətli olmalıdırlar. Yanlış, gülməli, qeyri-ciddi adlar
uşaqların həyatını məhv edər, cəmiyyət tərəfindən gülüş hədəfinə çevrilərlər. Ad
və məna cəmiyyət tərəfindən normal qarşılanmırsa, uşaqda komplekslər, özgüvən əskikliyi
yaranır ki, bu da onun gələcək planlarına birbaşa təsir edir. Valideynlərin
uşaqlarına ad qoymaq öz ixtiyarlarındadır və bu azadlığı onların əlindən heç kim
ala bilməz. Amma valideynlər də uşaqlarına ad qoyanda diqqət etməlidirlər ki, seçdikləri
adlar fəxr edilən olsun, utanc gətirən deyil”.

"Adım məni cəmiyyətdə fərqləndirib”
Nəzərbəy Hacıağayev, jurnalist:
Nəzərbəyin
adı nadir adlardandır. Deyir ki, adından heç vaxt narahat olmayıb. Əksinə, adı
onun cəmiyyətdə fərqlənməsinə, seçilməsinə səbəb olub: "Adımın fərqli olması mənim
üçün xoşdur. Çünki adımla bir çox yerlərdə seçilməyi bacarıram. Araşdırmalarıma
görə, ölkəmizdə hazırda Nəzərbəy adında ikinci bir şəxs yoxdur. Bu ad məndən əvvəl
atamın babasınının qardaşı və əmisində olub. Onların hərəsinin bir cahan
savaşında vəfat etmələri barədə sadəcə məlumat var. Sovet vaxtı bu adı əmimə
qoymaq istəsələr də, o vaxtın qaydalarına görə bu mümkün olmayıb. Çünki kommunist
rejimində bəy, ağa kimi əlavələrə nifrət var idi. Həm özümüz, həm də adlarımız
həmin dönəmdə amansız repressiyalara məruz qalıb. Ancaq şükür olsun ki,
sonradan ölkəmiz müstəqilliyini əldə etdi. Bundan sonra Nəzərbəy adı mənə
verildi və mən adımla fəxr edirəm”.
Nəzərbəy
uşaqlara verilən meyvə, tərəvəz, əşya adlarını normal qarşılamır. Deyir ki, həmin
uşaqların gələcəyini düşünəndə üzülür: "Bəzən mətbuatda, internetdə insanların
övladlarına verdikləri adlara fikir verirəm və çox üzülürəm. Övladınıza ad seçəndə
diqqətli olun. Çünki ad insanın xarakterinə uyğunlaşır. Mən məsələn, öz adımla
fəxr edirəm, bu adı daşımaq nə qədər şərəflidirsə, məsuliyyəti də çox böyükdür.
Amma hamı mənim kimi şanslı olmur. Bəzən valideynlərin övladlarını fərqləndirmək
üçün seçdiyi adlar mənfi nəticələrə səbəb ola bilər. Fərqlənmə heç də hər zaman
müsbət mənada olmur”.
Aygün ƏZİZ
