• çərşənbə axşamı, 27 fevral, 14:41
  • Baku Bakı 5°C

 “ABŞ-yə getmisinizsə, orada sıfırdan başlayırsınız” - UĞUR

06.05.23 04:30 3312
 “ABŞ-yə getmisinizsə, orada sıfırdan başlayırsınız” - UĞUR

4-cü kursda “Green card” udan, indi “Deloitte”də işləyən azərbaycanlı Fidan Əliyeva: “Valideynlərim mənə 1 aya yetəcək qədər pul vermişdilər. Narahat deyildim, iş tapacağımdan əmin idim. Sadəcə, istədiyim işlərə çatana qədər haradansa başlamaq lazım olduğunu bilirdim”

Anası musiqiçidir, o da uşaq vaxtından bu sahəyə yönəlir. Zamanla qarşısında fərqli yollar açılır, bunları dəyərləndirir. Hazırda dünyada “Böyük dördlüy”ə daxil olan audit şirkətlərindən birində çalışır. Bir neçə günlük Azərbaycana gəlmişdi, görüşüb söhbətləşdik. Özü də təhsil aldığı T.Quliyev adına 12 Saylı 11 İllik Musiqi Məktəbində. Söhbət Bostonda ABŞ-nin  “Deloitte” şirkətində baş audit köməkçisi olaraq çalışan azərbaycanlı gənc Fidan Əliyevadan gedir. F.Əliyeva ADA Universitetində dövlət və ictimai münasibətlər üzrə bakalavr, ABŞ-ın Northeastern Dövlət Universitetində mühasibatlıq üzrə magistr təhsili alıb.

- Uşaq vaxtından kamança ifa etmisiniz, musiqiyə həvəsiniz olub. Karyeranızı da bu sahədə görürdünüz?
- 7 yaşımdan musiqi ilə məşğul olmağa başladım. Planım musiqiçi olmaq idi. Məsələn, Xalq Musiqi Alətlərinin Respublika Müsabiqəsində (2014), Bülbülün 115-ci il dönümünə həsr olunmuş Respublika Müsabiqəsində (2012) 1-ci yer qazanmışdım. 11-ci sinfi bitirəndə musiqi yönündə getməkdə qərarlı idim. Hətta qəbul imtahanından öncə musiqi ilə bağlı qabiliyyət imtahanında iştirak etdim. Qəbul imtahanında balım yüksək olduğu üçün valideynlərim təhsilimi musiqi deyil, dövlət və ictimai münasibətlər üzrə davam etdirməyi məsləhət gördülər.

- Nə qədər bal toplamışdınız?
- 580 idi. 2014-cü ildən söhbət gedir.

“Dünyaya baxışım dəyişdi”

- Valideynlər məsləhət görəndə seçim qarşısında qaldınız, yoxsa elə siz də bunu daha uyğun bildiniz?
- Musiqidə karyera həm də ifaçının musiqi alətindən asılıdır. Məsələn, piano, skripka dünyanın müxtəlif ölkələrində ifa edilir deyə, başqa ölkələrə gedə, orada konsert verə bilirsən. Mən isə kamança ifa edirdim. Beynəlxalq mühitə çıxmaq imkanlarım piano, skripka qədər geniş olmayacaqdı. Bu səbəbdən valideynlərimin dediyi yöndə getməyi qərara aldım.

- Sonra peşman olmadınız?
- Yox. Musiqi hobbi kimi hər zaman mənimlədir. ADA Universitetində oxumaq mənə çox şey qatdı. Orada təhsil almaqla yanaşı, bir insan kimi yetişdim, dünyaya baxışım dəyişdi.

4-cü kursda “Green card” qazanır

- Universiteti bitirən kimi Amerikaya getmisiniz. Bu yol necə açıldı?
- “Green card”la gəlmişəm. Tələbə idim, dedim şansımı sınamağa başlayım, nə vaxtsa qəbul gələr. “Karyeram oturuşanda, nə vaxtsa gedərəm” kimi düşünürdüm. 4-cü kursda oxuyanda – 2017-ci ildə qəbul gəldi. Mənə də şok oldu. Konsulluğa müraciət etdim ki, vaxtımı bir az uzatsınlar, universiteti bitirə bilim. Mayın 26-sı məzuniyyət günümüz oldu, iyunun 1-i heç bir iş, həyat təcrübəsi olmadan ABŞ-yə uçdum.

- İş tapmaqla bağlı narahatlığınız var idi?
- Valideynlərim mənə 1 aya yetəcək qədər pul vermişdilər. Narahat deyildim, iş tapacağımdan əmin idim. Sadəcə, istədiyim işlərə çatana qədər hardansa başlamaq lazım olduğunu bilirdim. Bəzən ABŞ-yə gələn azərbaycanlılar başlamaq üçün təklif edilən sıravi işlərə “yox” deyirlər. Öz istəklərinə uyğun iş axtarırlar. Mən o fikirdə deyildim. Xarici mühit mənə şok kimi gəlmədi. Çünki bakalavr təhsili dönəmində tələbə mübadilə proqramı ilə Koreyaya getmişdim. Eyni zamanda, həyat tərzimi büdcəmə uyğunlaşdıran biriyəm. ABŞ-də ilk işimdə həyat tərzim fərqli idi. Üstəlik, insan komfort zonasından çıxanda özünü inkişaf etdirir. Bir insan kimi ABŞ-də çox böyüdüm. İş tapmağa gəlincə, “Macy’s” deyilən şirkət var. Ora müraciət etdim, məişət avadanlıqları şöbəsində satış mütəxəssisi kimi işə götürdülər. 2 ay sonra artıq digər işlərə müraciət etməyə başladım. 5-6 ay sonra “Bank of Amerika”da müştəri xidmətləri üzrə nümayəndə vəzifəsinə qəbul edildim.

“Ya işləyirdim, ya da oxuyurdum”

- Yazını oxuyanlardan “Bəxti gətirib, universiteti bitirən kimi “Green card” udub” kimi düşünənlər də olacaq. Bəxtiniz gətirdiyini düşünürsünüz?
- Bəxt gətirməlidir, ancaq onu üzə çıxarmaq üçün ilkin addımları atmalısan. Hər il müraciət etmək lazımdır. Banka da vaxtında sənədlərimi göndərməsəydim, elə ilk getdiyim yerdə satış üzrə məsləhətçi kimi qalacaqdım.

- Amerikada niyə maliyyə, auditə yönəldiniz?
- ABŞ-də ilk vaxtlar təhsiliniz o qədər də ciddi rol oynamır. Orda sıfırdan başlayırsınız. Ölkəsində bankda yaxşı vəzifədə işləyib gələn belə, mənim kimi müştəri xidmətləri sahəsindən başlayırdı.

- ABŞ-yə gedəndən sonra orada magistr təhsili almısınız. Bu ölkədəki universitetlərin də təhsil haqqı baha olur. Universitetin xərclərini işləyərək ödəyirdiniz?
- ABŞ-də universitetə 2018-ci ildə sənəd verdim, qəbul oldum. Bilirdim ki, bankda işə düzələcəyəm. Universitetlə danışdım, bir il sonra başlamağı xahiş etdim. Düşündüm ki, o vaxta qədər bir az da pul toplaya bilərəm. Bankda işləyirdim. Amma daha çox pul lazım idi deyə, həftə sonları “Macy’s”də də çalışırdım. Universiteti tam olaraq borcsuz bitirdim. Hər saniyəmi dəyərləndirirdim. Ya işləyirdim, ya da oxuyurdum.

Öyrənmə həvəsinə önəm verilən mühit...

- İndi isə “Deloitte”dəsiniz. Necə bir mühitdəsiniz?
- ABŞ-də magistr təhsili aldığım dönəmdə 3 aylıq bu şirkətdə təcrübə keçmişdim. Özümü kifayət qədər göstərə bilmişdim deyə, iş təklifi aldım. Öyrənmə həvəsinə önəm verilən bir mühit deyərdim.

- İşə qəbul, işi öyrənmə prosesi necə oldu?
- Bəzən insanlar dünya üzrə “Böyük dördlük” dediyimiz qrupa daxil olan audit şirkətlərində çalışmaqdan ehtiyat edirlər. Mən narahatlığa ehtiyac görmürəm. İşə qəbulda xüsusi audit bilikləri tələb etmirlər. Məsuliyyətli insan olduğunuzu görsələr, müəyyən qədər biliyiniz kifayət edir. Dördlüyə daxil olan hər şirkətin öz platforması, işləmə tərzi var. Heç kimdən gözləmirlər ki, hər şeyə hazır gəlsinlər. Çünki özləri treninq edirlər. Liderlik bacarıqlarınızı da zamanla inkişaf etdirirsiniz.

“Boston dünyanın marafon mərkəzlərindəndir”

- “Deloitte”də işçilərin vəzifədə irəliləmək prosesi necə gedir?
- İldə 4 dəfə işçilərin performansı yoxlanılır. Bunun nəticəsinə əsasən, ilin sonunda qərar verilir ki, siz bir pillə yuxarı qalxmağa hazırsınız, yoxsa yox? Nəticəniz qane etməsə, bir neçə il də eyni pillədə qala bilərsiniz. Məndə hər ilin axırı irəliləmə qeydə alınır.

- Bostondasınız. Necə bir yerdir?
- Fikrimcə, Boston Amerikanın ən yaxşı yerlərindən biridir. Amerikanın ən ziyalı insanları orada yaşayır. Səhiyyəsi də yaxşıdır. Boston dünyanın marafon mərkəzlərindəndir. Mənim də qaçmağa marağım çoxdur. Hər kəs orada öz hobbisinə uyğun nə isə tapa bilər.

- Azərbaycana gəldiyinizdə bir konsertdə çıxışınız oldu. Amerikadakı iş-güc sizi musiqidən uzaq salmayıb?
- Mənim musiqidən uzaqlaşmaq kimi fikrim olmayıb. Amerikada da musiqiçilərlə əlaqə saxlamağa, Azərbaycan musiqisini orada tanıtmaq üçün əlimdən gələni etməyə çalışıram. Hazırkı zamanda bu daha çox vacibdir. Dünya bizi düzgün şəkildə tanımalıdır.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər