• şənbə, 21 Iyun, 08:46
  • Baku Bakı 19°C

Ağ qatığın qara günləri

21.11.15 09:58 926
Ağ qatığın qara günləri
Kimə desən ki, qatıq qaradır, ya zarafat etdiyini, ya da dəli ola biləcəyini düşünər. Həyatda bizə sırınan o qədər şey var ki, bəlkə də qatığın qara olduğunu demək bu qədər məntiqsiz deyil. Onlar sənin yerinə düşünür, qərar verir və səndən mükəmməl bir kölə yaradır. İstəklərin, arzuların sənə düşmən edilir. Amma xəyalların əl çəkmir. Hər yatanda qapını döymədən içəri girir, gerçəkləri söyləyir və sən bəhanələrini sıralamaq istəyəndə icazəsiz gələn “qonaq” elə icazə almadan oranı tərk edir. Yuxudan oyanırsan, bir qədər heyfsləndikdən sonra vəziyyətlə barışıb səhər yeməyini də yarımçıq qoyursan ki, işə yubandığına görə müdirin bugünkü hədəfinə çevrilməyəsən. Günün tələbinə görə ən çox gəlir gətirən işdə işləməli, müdirinin hər sözünə dözməlisən ki, ailən rahat dolana bilsin. Gəlirin pis deyil, aradabir ailənlə tətilə çıxır, bahalı restoranlarda heç kəsin görmədiyi yeməkləri yeyirsən, amma bir şərt var; həyatını sevmədiyin işə həsr etməli, çox qazanıb az düşünməlisən. 21-ci əsrdə yaşayırsan və fəlsəfi düşüncələrin heç kəsə maraqlı deyil. Uşaqlıqdan akvariumun içində böyüdüyünə görə sərhədsiz okeanların ola biləcəyinə inanmırsan. Hətta inanmaq bir yana qalsın, bunun mövcud ola biləcəyi barədə ən kiçik düşüncəyə belə malik deyilsən.
Və bir gün kimsə gəlib deyir ki, sərhədsiz, azad ola biləcəyin, içərisində ən qəribə hadisələrin baş verdiyi okeanlar var. Amma sən təbii ki, buna inanmırsan. İllərdir kiminsə əyləncəsinə çevrilən, onlar yem verəndə yeyən, öl deyəndə ölən akvariumun içində olmağın səni dəli edir. Bunu qəbul etmək istəmədiyin üçün ən yaxşının bu olduğuna inanır, okeanlarda yaşayanların səfil vəziyyətdə öldüyünü düşünürsən. Hətta okeanlarda böyük balıqların olduğunu öyrənəndə sevinir, burada təhlükəsiz şəkildə yaşamağın daha məntiqli ola biləcəyini düşünürsən. Amma hər yatanda o çağırılmamış “qonaq” içəri girib həqiqətləri sillə kimi üzünə çırpır, yuxunu qaçırdır, hüceyrələrinə qədər daxil olub səni oyatmağa çalışır. Sən isə akvariumdaki digər böyük balıqlara baxır, onlardan nümunə götürməyə davam edirsən. Adları üstündə, axı onlar böyükdürlər! Yalan danışmır, səhv etmir, pis olmağını istəmirlər! Belə baxanda akvariumda yaşamağın nəyi pisdir ki!? Vaxtlı-vaxtında yemək yeyir, bəzi imkanlara sahib olursan. Səndən tək istənilən şey akvariumda yaşamaq, dediklərini etmək, bəzən də əyləncələrinə rəng qatmaqdan ibarətdir.
Okeanda yaşamaq! Allah göstərməsin! Sən mütləq mübarizə aparmalısan. Baxmayaraq ki, azadsan, sevdiyin işi görür, istədiyin yerə gedə bilirsən. Okeanda yaşamaq təhlükəlidir. Akvarium çox sığortalıdır. Orada qeyri-adi heç nə ola bilməz. Hər gün eynidir, hətta yemək problemin belə yoxdur. Akvariumda keçmiş, indi, gələcək - hamısı eynidir. Ümidlərini basdırmaq üçün yer qazmalı, sonra da böyük balıqlarla birlikdə üstünə torpaq atmalısan. Okean çox qarışıqdır. Bu gün fərqli balıqlarla tanış ola bilər, sabah iri balıqların axşam yeməyinə çevrilib mədəsində həzm olunarkən, yaşayaraq öldüyünü hiss edib rahatca dünyayla vidalaşa bilərsən. Nəyisə problem etməmək, öhdəlik götürmədən yaşamaq gözəl və rahatdır. Azadlıq? O isə çətindir, mübarizə tələb edir, səni bu işdən çəkindirməyə çalışır. Azadlığı qazanmaq üçün onun köləsi olmalısan. Bu köləlik isə heç də asan başa gəlmir. Mütləq nələrdənsə keçməli, həyatını ona sərf etməlisən. Hər dəqiqə mübarizə aparır, hər yerdə onu axtarırsan.
Elə bu an həyat pəncərəsindən boylanıb gözümüzün içinə baxan ölüm ilk, həmçinin son sözlərini pıçıldayır: “Gələ bilərsən, artıq həsrətə son qoymaq vaxtıdır”.
Mətin Qafqazlı
banner

Oxşar Xəbərlər