AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

2020-2025-ci illər üçün turizm konsepsiyası hazırlanır

2020-2025-ci illər üçün turizm konsepsiyası hazırlanır

İqtisadiyyat
08 İyul 2020, 19:20 602
Növbəti mərhələdə turizmin bərpası və inkişafı üçün biznes-plan qurulmalıdır
 
Pandemiya şəraitində ən çox zərər çəkən sahələrdən biri də turizmdir. Dünya turizmi faktiki olaraq sıfır nöqtəsindədir və bu sahədə müşahidə edilən böhran qlobal xarakter daşıyır. Azərbaycana səfər edən xarici vətəndaşların cari ilin may ayı üzrə statistik göstəricilərini 2019-cu ilin eyni dövrü ilə müqayisə etdikdə, 90 faiz azalmanın müşahidə olunduğunu görə bilərik. Ötən illə müqayisədə daxili turizmdə səfərlərin sayı 1 milyona qədər azalıb, ümumdaxili məhsulun formalaşmasında turizmin payı 2,6 faizdən 1,7 faizə düşüb. Bu barədə Dövlət Turizm Agentliyindən  bildirilib.
Qurumun məlumatına əsasən, ümumiyyətlə, turizm sahəsinin iqtisadiyyatın digər sahələrindən fərqli xüsusiyyəti bundan ibarətdir ki, dünyanın üzləşdiyi məlum problem səbəbindən bu sahədəki vəziyyəti yaxşıya doğru dəyişmək qısa zaman kəsiyində mümkün olmayacaq.
Maraqlıdır, pandemiya başa çatdıqdan sonra bu itkini aradan qaldırmaq üçün nə qədər vaxt lazım olacaq və hansı tədbirlərin görülməsi zəruridir? Digər tərəfdən, göstərilən faizləri nə dərəcədə məqbul hesab etmək olar və onu hansı həddə qədər qaldırmaq mümkündür?
 

"New Era” turizm şirkətinin rəhbəri Elçin Rüstəmov bildirir ki, qarşıdakı 3-5 il üçün biznes-plan hazırlanmalıdır: "Faizdə olan dəyişiklik indiki dövr üçün normaldır. Çünki artıq 5 aya yaxındır ki, ölkəyə giriş-çıxış dayandırılıb. Digər tərəfdən bir az loru dildə desək, turizm şirkətləri də hazırda ölüm-dirim savaşı verirlər. Uzun müddət xidmət göstərən şirkətlər işçilərinin müəyyən hissəsinin maaşını verməklə kadrlarını saxlaya biliblər. Amma yeni açılan və yetəri qədər maliyyə mənbələrinə sahib olmayan şirkətlərdə 100/90 % ixtisarlar gedib. Əslində, bu, şirkət rəhbərliyinin istəyi xaricində, məcburiyyətdən baş verib. Bu tendensiya təkcə bizdə deyil, dünyanın bir çox ölkələrində müşahidə edilir. Hazırda bir sıra ölkələrdə turizmin inkişafı yox, hələ ki bərpası üçün işlər gedir. Düşünürəm ki, bizim ölkəmizdə də yavaş-yavaş bu istiqamətdə addımlar atılacaq. Əgər göstərilən statistik rəqəmlərdə artım olmağını istəyiriksə, bunun üçün turizm sahəsində xidmət göstərən bütün obyektlər birləşməlidir. Yəni bir-iki otel və ya turizm agentliyi ilə düzələn iş deyil. Ciddi addımlar atılmalı və yeni konsepsiyalar işlənməlidir. Turizm şirkətlər üçün 3-5 illik biznes-plan qurulmalıdır və bu plan çərçivəsində həm dövlət qurumları, həm özəl şirkətlər öz üzərinə düşən öhdəliyi yerinə yetirməlidir”.
 
 
Azərbaycan Turizm Assosiasiyasının direktoru Əhməd Qurbanovun sözlərinə görə, konsepsiya hazırlanıb və bu konsepsiya daxili turizmin 2020-2025-ci illər üzrə inkişafını özündə ehtiva edir: "Hazırda mövcud vəziyyətdə turizm bütün dünyada dayanma nöqtəsindədir. Eyni hal ölkəmizdə də müşahidə edilir. Ona görə də göstərilən rəqəmlərdə azalmanın olmağı normaldır. Təbii ki, çətin vəziyyətdən çıxmaq üçün yollar axtarırıq, amma təəssüf ki, pandemiya heç cür icazə vermir ki, bu istiqamətdə hansısa işləri görək. Yolların, sərhədlərin bağlı olmağını nəzərə alaraq nəinki gəlmə-getmə turizmindən, heç daxili turizmdən belə danışa bilmirik. Lakin məsələyə nikbin yanaşmağa çalışırıq. Düşünürük ki, növbəti mərhələdə turizm şirkətləri, otellər, ümumiyyətlə, bu sahədə xidmət göstərən bütün qurumlarla birlikdə sahənin inkişafı üçün lazımi addımları atacağıq. Təbii ki, postpandemiya dönəmində turizm yenidən inkişaf edəcək. Amma bu inkişaf elə də asan olmayacaq. Minimum bir il turizm üçün özünübərpa mərhələsi olacaq. Bəzi məsələlər var ki, onlar mütləq həll olunmalıdır. Misal üçün, daxili marşrutların fəaliyyətə başlaması, sərhədlərin mərhələli şəkildə açılması, eyni zamanda insanların psixoloji olaraq pandemiya əngəlini aşması lazımdır. Yəni insanlarda əvvəlki səyahət istəyi bərpa olmalıdır, həqiqətən inanmalıdırlar ki, virus bitib, heç bir təhlükə yoxdur. Bu, həm ölkəmizə gələn, həm də gedən turistlər üçün keçərlidir. Digər tərəfdən, hələ ki sərhədlərin sonrakı mərhələdə açılacağını düşünsək, daxili turizmin inkişafı üçün çalışırıq. Bununla bağlı Azərbaycan Turizm Assosiasiyası olaraq konsepsiya hazırlamışıq və bu konsepsiya daxili turizmin 2020-2025-ci illər üzrə inkişafını özündə ehtiva edir. Həmçinin turizm şirkətləri də öz marketinq işlərinə yenidən baxıb, yeni konsepsiyaları üzərində işləyirlər. Hansı ki, postpandemiya dönəmində bu, onların işlərini yenidən bərpa etmələrinə ciddi dəstək olacaq”.
Yalnız virusun tamamilə yoxa çıxdığına əmin olduğumuz təqdirdə, sərhədlərin mərhələli açılması mümkündür - deyən direktor qeyd edir ki, bundan sonra turizm yeni mərhələyə qədəm qoyacaq: "Ümumiyyətlə, əvvəlki dönəmdə 2.6 faizlik artımın olmağı məqbul idi. Amma bu, son deyil. Düzdü, faizlər düşüb, lakin növbəti mərhələ üçün daha da qaldıra bilərik. Düşünürəm ki, postpandemiya dönəmində faiz göstəriciləri gözlədiyimizdən də çox olacaq. Pandemiya dövrü turizmçilər üçün bir təcrübə oldu. Məncə, artıq gələcəkdə belə bir hadisə baş versə, bu kimi fors-major hallara hazırlıqlı olacaqlar və itkilər bu səviyyədə olmayacaq. Amma hazırda işimiz turizmi ayaqda saxlamaqdır. Xüsusilə də kadr itkisinin qarşısını almağa çalışırıq. Çünki bu kadrlar gələcəkdə turizmin inkişafında bizə çox lazım olacaqlar”.
 
Günel Azadə