19 oktyabr mitinqinin Azərbaycanın və onun vətəndaşlarının maraqları ilə heç bir əlaqəsi yoxdur

19 oktyabr mitinqinin Azərbaycanın və onun vətəndaşlarının maraqları ilə heç bir əlaqəsi yoxdur

Cəmiyyət
21 Oktyabr 2019, 15:30 295
Müxalifətin radikal qanadının oktyabr ayının 19-da Bakıda icazəsiz kütləvi aksiya keçirmək niyyəti və cəhdləri haqlı olaraq bəzi suallar doğurur ki, onları cavablandırmağa ehtiyac olduğunu düşünürəm. Əvvəla, ondan başlamaq istəyirəm ki, bir neçə ay bundan öncə Azərbaycanın siyasi proseslərinə xarici təsirlərin təhlükələri ilə bağlı həyacan təbili çalır, cəmiyyətin bu təhlükələrə qarşı müqavimət göstərməsinin vacibliyini vurğulayırdıq. Müxalifət də daxil olmaqla bir sıra partiyalar və vətəndaş cəmiyyəti təşkilatlarının ölkənin siyasi həyatına xarici təsirlərin yolverilməzliyinə dair birgə mövqe nümayiş etdirməsi, bəyanat imzalaması sözügedən təhlükənin nəinki mövcudluğuna, hətta kifayət qədər ciddi olduğuna işarə idi.
 
Oktyabr ayının 19-da təşkil olunan qanunsuz aksiya cəhdi bəzi siyasi partiyaların vasitəçiliyi ilə ölkənin daxili işlərinə xarici müdaxilə niyyətlərinin real təhlükəli həddə çatmasından xəbər verir. Mətbuatda yayılan məlumatlar mitinqçilərin planlarının və hərəkətlərinin bəzi xarici dairələrin nümayəndələri ilə razılaşdırıldığına hər hansı şübhə yeri qoymur. Deyilənlərə mitinqdən sonra haqqında söhbət gedən ünvanlara kütləvi aksiya cəhdi ilə əlaqədar hesabat verildiyini də əlavə etsək, mənzərə tam aydın olar. Görünən odur ki, 19 oktyabr mitinqinin Azərbaycanın və onun vətəndaşlarının maraqları ilə heç bir əlaqəsi yoxdur, ictimai zərurət yükünə malik deyil və bu səbəbdən də insanların diqqətini cəlb edə bilməyib. Belə olan halda razılaşdırılmamış mitinqin keçirilməsinin əsl səbəbinin bəzi xarici dairələrin maraqlarından qaynaqlandığına inanmamaq mümkün deyil. Bunun başqa adı Azərbaycanın dövlətçilik və milli mənafelərinin maraqlı xarici dairələrə qurban verilməsi, sadə dildə desək, satılmasıdır. Dərk etmək nə qədər üzücü olsa da Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun ətrafında toplaşanlar bəzi xarici dairələrin əlində Azərbaycana qarşı istifadə olunan təhlükəli vasitəyə çevrilib. Hesab edirəm ki, cəmiyyətimiz buna biganə qalmamalı, dövlətin müvafiq orqanları xarici maraqlara xidmət göstərən siyasi təşkilatın fəaliyyətinə qanunauyğun hüquqi qiymət verməlidir.

Cavabını gözləyən digər sual razılaşdırılmamış, yəni qanunsuz mitinqin keçirilməsinə cəhd göstərilməsi ilə əlaqədardır. Azərbaycanda bütün hüquq və azadlıqlar kimi, sərbəst toplaşmaq hüququ da təmin edilib. Hər hansı qanuni kütləvi aksiyanın keçirilməsinə məhdudiyyət və ya qadağa yoxdur. Lakin bütün dünyada, hətta ən demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da kütləvi aksiyalar zamanı ictimai asayişin qorunmasına, vətəndaşların təhlükəsizliyinin təmin olunmasına görə məsuliyyəti hökümət daşıyır. Elə buna görə də istənilən kütləvi aksiya əvvəlcədən razılaşdırılır, onun keçirilməsi üçün yer ayrılır. Əks halda asayişin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi mümkün olmazdı. Aksiya iştirakşılarının özlərinin təhlükəsizliyinin təmin edilməsi də bu qəbildən olan zərurətdir və onun məsuliyyəti də hüquq mühafizə orqanlarının üzərinə düşür. Eyni zamanda, mitinqdə iştirak etməyən insanların rahatlığının pozulmaması amili də mütləq nəzərə alınmalıdır. Sadalanan həqiqətlərin mitinqin təşkilatçılarının bilmədiyini düşünmək sadəlövhlük olardı. Bəs onda niyə radikal müxalifət razılaşdırılmamış aksiya keçirilməsinə çalışır. Nə qədər təəccüblü görünsə də, səbəb çox sadədir: təxribat salmaq, qarşıdurma yaratmaq. Mitinqin təşkilatçıları bilir ki, icazəsiz aksiyanın qarşısı alınmalıdır və alınacaq. Bax onlara da məhz elə bu lazımdır: sifarişçilərə və mitinqi təşkil edənlərə lazım olan gərginliyin, qarşıdurmanın yaradılması. Əgər daha ciddi təxribat etmək mümkün olarsa, lap yaxşı, müxalifət də elə bunu istəyir. Qalanını müxalifətin havadarları özləri edəcək: çəkilən şəkillər, videogörüntülər lazımi yerlərə ötürüləcək, Azərbaycanda insan haqları pozulur deyə haray-həşir qopacaq, hansısa beynəlxalq təşkilatlar, həmişə olduğu kimi, ölkəmizə və hakimiyyətə qarşı ikili standartlara əsaslanan bəyanat qəbul edəcək və s.

Cavabını gözləyən daha bir sual mitinqin şəhərin ən gur, hərəkətin ən intensiv olan yerində keçirilməsindən ibarətdir. Bunun bir səbəbi təşkilatçıların mitinqə aid olmayan insanlar hesabına kütləvilik effekti yaratmaq istəyindən qaynaqlanır. Əslində bu özünüaldatmaqdan başqa heç nəyə yaramır, zira radikal müxalifətin ictimai bazasının olmadığını Azərbaycanda bilməyən yoxdur. Gəlin bunu buraxaq mitinq təşkilatçılarının öz vicdanına (əgər varsa). Ancaq icazəsiz mitinqin keçirilməsi üçün yerin seçilməsində digər amil də var. İnsanların gur olan yerlərdə onların rahatlığını pozmaq, qıcıq yaratmaq, mümkün olsa asayiş qoruyucuları ilə əhali arasında qarşıdurma yaratmaq və s. daha asandır. Göründüyü kimi, pis ola biləcək nə varsa, hamısını etməyə çalışıblar ki, məkrli niyyətlərinə çatsınlar.

Təxribat bu dəfə də baş tutmadı. Xalqın radikalçıları qəbul etməməsi bir daha təsdiqini tapdı. Əhalinin ölkədəki əminamanlığı pozmaq istəyənlərə öldürücü etinasızlıq göstərməsi xalqın ölkədəki sabitliyi yüksək qiymətləndirməsinin, Prezident İlham Əliyevə inamının, onun siyasətini müdafiə etməsinin, xalqla iqtidarın birliyinin əyani ifadəsidir. İnanıram ki, bundan sonra da xalqımız bütün təxribatlara və təxribatçılara layiqli cavab verəcək, Azərbaycanın dövlət və milli maraqlarının keşiyində sayıq dayanacaq.
 
Əli ƏHMƏDOV
Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi