• cümə, 29 Mart, 01:38
  • Baku Bakı 7°C

17 yaşlı çempion - Portret

30.09.14 13:45 3311
17 yaşlı çempion - Portret
Bir müddət əvvəl Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin 2-ci Olimpiya Oyunlarında bizləri sevindirən idmançılar arasında o da vardı. Qazandığımız qızıl medallardan biri də məhz onun aktivinə yazıldı. Söhbət Azərbaycan taekvondosunun gənc ulduzu, böyüklər arasında Olimpiadanı da fəxri kürsünün ən yüksək pilləsində başa vurmaq potensialı olan Səid Quliyevdən gedir. Cəmi 17 yaşı olan idmançının zirvəyə doğru yürüşü çox sürətli və maraqlı alınıb. Gəlin, biz də onunla tanış olaq.
Karatedən taekvondoya keçid
19 iyul 1997-ci ildə Bakıda anadan olan Səid ailədə tam idman ab-havasında böyüyüb. Atası Qalib müəllim və anası Yelena xanım ona kiçik yaşlardan dəstək olublar. Özündən başqa qardaşları Şamil, Orxan və Əkbər də idmançıdırlar, cüdo ilə ciddi məşğul olurlar. Səid idmançı karyerasına 6 yaşında karate ilə başlayıb. 2012-ci ilə qədər bu növdə qalan Quliyevin uğurları az deyil. Cəmi 10 yaşında Almaniyada “Banzai Kuboku”nda iştirak edən gənc döyüşçü, yaşı 15-ə qədər olan idmançıların mübarizəsindən qalib çıxmışdı. 2009-cu ildə yeniyetmə və gənclər arasında Avropa çempionatında 15 yaşlıların turnirində bürünc medalı qazananda 12, 2011-ci ildə Yunanıstanın Lautraki şəhərində gənclərin dünya çempionatında eyni medala sahib çıxanda isə onun cəmi 14 yaşı vardı. Daha bir neçə beynəlxalq turnirdən vətənə medalla dönən Səidin perspektivinə söz yox idi. Ölkəmizin ən tanınmış karateçisi Rafael Ağayevin demək olar ki, şəxsən hamilik etdiyi gənc idmançının böyük gələcəyinin olduğunu hamı bir ağızdan səsləndirirdi. Ancaq Olimpiya çempionu olmaq istəyi fikirlərini dəyişdi. Səid uşaqlıq arzusunu həyata keçirmək üçün taekvondoya üz tutdu. Bu növə keçidindən cəmi iki il sonra Nankində dünya onu çempion kimi salamlayırdı.
Cəmi 29 döyüşə Olimpiya çempionu!
Səidin taekvondo karyerasına sadəcə həsəd aparmaq olar. Cəmi ilyarım ərzində sıfırdan Olimpiya zirvəsinə qalxmaq hər adamın işi deyil. Çox maraqlıdır ki, Nankindəki final görüşü Quliyevin taekvondo karyerasında cəmi 29-cu beynəlxalq görüş idi. Bir çoxlarının yuxusunda belə görmədiyi nəticəni bu qədər qısa zamanda əldə etmək üçün böyük əzm və mübarizlik xüsusiyyətlərinə sahib olmaq gərəkdir. 2013-cü ildə qatıldığı yeniyetmə və gənclər arasında Avropa çempionatlarından başqa bütün turnirlərdə ən azı bürünc medal qazanan Səidin Olimpiya çempionluğu sürpriz olmadı. Nankinə qədər 2012-ci ilin sonunda Moskvada “Russia Open”, sonradan “Trelleborg Open”, “Dutch Open”, “Spanish Open”, “Korean Open”, “Fujairah Open” kimi beynəlxalq turnirlərdə müxtəlif əyarlı medallara sahib çıxıb. Əsas uğuru isə Taypeydə qazandı. Burada keçirilən yeniyetmələr arasında dünya çempionatında gümüşü boynundan asaraq iddiasını ortaya qoyur Quliyev. Daha sonra isə Nankin gəlir. Səid yarışa 1/4 finaldan start verir və ilk görüşündə kolumbiyalı Andres Seranonu məğlub edir. Yarımfinalda misirli Seyf Essanı rahat yenən (8:1) idmançımız həlledici qarşılaşmaya vəsiqə əldə edir. Finalda türk əsilli alman Həmzə Adnan Kərimi ona rəqib olur. İlk saniyələrdən sona qədər təmkin və əzmlə döyüşən Səid, 10:4 hesabı ilə qalib gəlir və taekvondo tariximizdə ilk qızıl medalımızı qazanan idmançı kimi yaddaşlara ömürlük həkk olunur.
Böyük idman sevgisi
Səidin idmana olan sevgisi nümunəvidir. Atasının oğlu haqda dediklərini oxusanız, buna əmin ola bilərsiniz: “İdman Səid üçün hər şey deməkdir, həyatını onsuz təsəvvür etmir. Maraqlı bir hadisəni danışım. Bir dəfə məşqdə Səidin qolu qırılmışdı. Onu yaxınlıqdakı xəstəxanaya apararaq qolunu gipsə qoydurduq. Qayıdanda dedim ki, “zala gir, idman çantanı götür, gedək evə”. Bir az çöldə Səidi gözlədim, gördüm ki, gəlmir. Zala daxil olanda gördüm ki, kimononu geyinib, əli gipsdə döyüş işləyir. İsti yay günlərində məşqçisi onu evə buraxanda, Səid həmişə ağlayar və məşq etmək istədiyini bildirərdi. O, idmana həddindən artıq bağlıdır. O qədər özünə inamlı idi ki, bilirdim ki, iştirak etdiyi hər bir yarışda medal qazana bilər. Qatıldığı ilk Respublika çempionatında çempion adını qazandı. Bu, ona daha böyük əminlik verdi. Artıq növbəti dəfə ölkə çempionatında qalib olacağını bilirdi. Hətta maraqlı bir məqamı da xatırlayıram. Döyüşə çıxmazdan əvvəl gördüm ki, tək oturub fəxri kürsünün üstündə nə isə fikirləşir. Onu yanıma çağıranda dedi ki, birinci yer mütləq mənim olacaq. Belə də oldu. Bu cür qələbə ruhunu onda görəndə anladım ki, Səid hələ bizi daha da böyük uğurları ilə sevindirəcək”.
Uzun boy, uzun ayaqlar, başa dəqiq zərbələr...
Boyunun, eyni zamanda da ayaqlarının uzun olması Səidə böyük üstünlük qazandırır. Rəqibləri özündən aralıda saxlamağa çalışan idmançımız, dayanmadan başa zərbə endirməyə cəhd edir. Bu zərbələr 3 xalla qiymətləndirildiyindən, riskə getməyə dəyər. Səid də məhz belə edir. Xal hesabında iki xal geriyə düşəndə belə üzülməmək, öz kral zərbəsini yerinə yetirmək onun əsas döyüş tərzidir. Onu tatamidə izləyərkən sanki onun bir ayaq üstündə bir saat da dura biləcəyinə inam yaranır. Ayaqları ilə yüksək balans saxlayan Quliyevin zərbələri uzun məsafədən açılan raket atəşi kimidir. Özü də bu “raket”lər hər an açılmağa və rəqibi məhv etməyə hazırdır. Olimpiadadakı döyüşlərində bu üç xallıq zərbələri bir neçə dəfə izləmək şansı əldə etdik. Xeyli müddət karate ilə məşğul olması boyunun uzunluğuna rəğmən ona həm də çeviklik qazandırıb. Səidin yeganə zəif nöqtəsi isə köklənmədir. Nankinəqədərki döyüşlərində görüşə əla start verməsi və yaxşı xal ehtiyatı toplaması, sonradan bu üstünlüyünü əldən verməsi xoşagəlməz hal idi. İlk baxışdan bunu idmançının yetərli fiziki hazırlığının olmamasına bağlamaq olar. Ancaq bunun belə olmadığını, Səidin çox çalışqan, məşqlərdə sona qədər gücünü qoyan biri kimi tanıdığımıza əminlik ifadə edə bilərik. Belə məqamlarda yarışlara psixoloji hazırlıq məsələsi ön plana çıxır. Beynəlxalq turnirlərdəki vacib görüşlərin son dəqiqələrində artıq qalib gəldiyini düşünməsi, rahatlaması və müdafiəni bir qədər zəiflətməsi ona baha başa gəlib. Yalnız Olimpiadada bunun əksi oldu. Səid bütün döyüşləri maksimum köklənmə ilə keçirdi, diqqətini kənara yayındırmağa imkan vermədi, yalnız öz döyüş bacarığına güvənərək qələbə qazandı. Əsl çempion da məhz belə olur.
Portreti
O hələ çox gəncdir, cəmi 17 yaşı var. Azərbaycan idmanı onun kimi çempionlara ehtiyac duyur. Öz növbəsində Səid də bu etimadı doğrultmağa həmişə hazır olduğunu hər yeni döyüşündə sübut edir. Ruhən çempion olan qəhrəmanımız yüngül təbəssümü ilə portretindən bizə boylanır. Böyük gözləri, daima diqqət dolu üzündə görünən kiçik bir gülüş onu ələ verir. O, çempiondur və sevinclidir. Valideynlərinin, dostlarının, məşqçilərinin, ən sonda da vətənin etimadını doğrultduğu üçün. Ancaq qarşıda daha böyük uğurlar var. Yenə ağır çalışmalar, yorğun günlər və bəlkə də yeni Olimpiya - bu dəfə böyüklər arasında – çempionluğu...
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər