17 ildir azarkeşlik edən qız
Məşhur futbolçu Erik Kantona deyirdi ki, insan
evini, maşınını, işini, hətta həyat
yoldaşını da dəyişə bilər, amma azarkeşlik etdiyi futbol komandasını əsla.
Şübhəsiz, futbol dünyanın ən çox sevilən, ən çox izləyici kütləsi olan idman
növlərindən biri və deyərdim ki, hətta birincisidir. Dünyanın əksər ölkələrində
futbolu kifayət qədər sevən, izləyən və azarkeşlik edən minlər, milyonlarla
insan var. Bu milyonların içərisində xanım azarkeşlərin də sayı kifayət
qədərdir. Bu mənada ölkəmizdə də futbol
azarkeşi olan xanımlar var. Müsahibim Ayan
Əzimova kimi. Futbola böyük marağı olan Ayan, artıq xeyli müddətdir ki,
xanım azarkeşlər sırasındadır.
- Bir çox xanım üçün futbol, adətən, 22 nəfərin bir
topun ardınca qaçması deməkdir. Maraqlıdır, futbol sevginizin tarixçəsi necə
başladı?
- Futbolla ilk tanışlığım 2002-ci
ildə keçirilən dünya çempionatına təsadüf edir. Həmin il Türkiyə yığma
komandasının çempionatda inamlı çıxışı mənim bu turnirə və bütövlükdə futbola
olan marağımı daha da artırdı. Hətta deyərdim ki, mənim kimi xeyli sayda adam
var ki, məhz həmin mundialdan sonra bu
"xəstəliyə” yoluxub. Həmin ərəfədə həm oyunları izləyir, həm də bütün uşaqlar
kimi biz də öz məhəlləmizdə futbol oynayırdıq. Amma "qızlar futbol oynamaz”
deyib, çox vaxt mənim qapıçı olmağımı istəyirdilər. Mən də etiraz etmədən qəbul
edirdim. Hətta rəngli boyalarla üzümü rəngləyirdim ki, Türkiyə yığmasının qapıçısı
Rüştü Rəncbərə oxşayım. Beləcə, 17 ildir
ki, futbola baxıram.
- Futbolun özü kimi, bizdə futbol azarkeşliyi də o
qədər inkişaf etməyib. Hələ xanımların azarkeşliyi isə çox cüzi hissədir.
Xanımın futbola azarkeşlik etməyi necə bir hissdir?
-
Həyatımızda bəzən izahı çətin olan hisslər olur, məncə, futbol sevgisi də bu
hisslərdən sayılır. Azarkeşlik etdiyin komanda qalib gələndə səbəbsiz xoşbəxt
olursansa, məğlub olanda da bir o qədər üzgün və kefsiz olursan. 90 dəqiqə
ərzində müxtəlif totemlər edib,
bildiyiniz bütün duaları pıçıldayırsınızsa, bu, əsl sevgidir və bunu izah etmək,
dediyim kimi, bir az çətindir. Hətta
deyərdim ki, əlavə olunmuş vaxtda komandanızın vurduğu qol sayəsində xərçəng
xəstəliyinə belə qalib gəlmək olar. Çünki bu, əsl istək, əsl ehtirasdır.
- Kişi azarkeşlərin yığışıb bir yerdə futbolu
izləməsi üçün məkan çoxdur, bəs azarkeş xanımların yığışdığı məkan varmı?
- Əslində
xanım azarkeşlər olaraq heç də istədiyimiz vaxt yığışıb komandamızın oyunlarına
baxa bilmirik. Çünki istər ölkə liqalarının, istərsə də ən böyük futbol
turnirlərindən biri olan Çempionlar Liqasının oyunları gecə 11-dən sonra olur.
Ona görə də bizim üçün xüsusi məkanlarda bu oyunları izləmək çox vaxt problem
olur. Amma bir neçə oyun olub ki, rəfiqələrimizlə yığışıb birlikdə izləmişik.
Bu mənada kişilərə paxıllıq etdiyimi deyə bilərəm.
- Xanımların bir yerdə azarkeşlik etməsinin maraqlı
tərəfi nədir?
- Maraqlı
tərəfləri çoxdur. Məsələn, 90 dəqiqə eyni vəziyyətdə, nəfəs almadan oyunu
izləyə bilərsiniz. 2017-ci ildə mövsümün ilk "el-klasiko”sunu, yəni "Barselona”-"Real”
qarşılaşmasını rəfiqələrimlə birlikdə izləmişdim. Oyun ərzində əllərimizi heç
buraxmamışdıq, çünki belə olan halda, qalib gələcəyimizə inanırdıq. Bu, bir növ
bizim totemimiz idi. Qol sevincini isə həm gülərək, həm də ağlayaraq qeyd
edirdik. Xanımlarla birgə oyunları izləmək daha maraqlıdır.
- Adətən, deyirlər ki, xanımlar bir yerə düşəndə
qeybət olur, bəs azarkeş xanımlar bir arada olarsa...
- Bütün xanımlar kimi, azarkeş xanımlar da bir
yerə toplaşanda qeybət edirlər, bu, düzdür. Amma onu da deyim ki, bu, siz deyən
qeybətlərdən deyil. Bizim qeybətlər tamam fərqli mövzuda olur. Biz daha çox
transfer pəncərəsinin nə vaxt açılacağı, kluba hansı oyunçuların gələcəyi,
kimlərin gedəcəyinin qeybətini edirik. Komandamız bir neçə oyun ardıcıl xal
itirərsə, məşqçinin səhvlərini müzakirə edir, lazımsız oyunçu rotasiyalarına
görə onu öz aramızda qınayırıq. Uğursuz transferlər üzərində günlərlə
müzakirələr edirik və ən əsası, mövsümün sonunda neçə kubok qazanacağımızla
bağlı ehtimallarımızı söyləyirik.
- Bəzən deyirlər ki, qız nədir, futbol nədir... Bu
yanaşmaya futbol azarkeşi olan xanımın fikri maraqlıdır.
- Bütün azarkeş xanımların bu fikirlərlə tez-tez
rastlaşdığına əminəm. Təəssüf ki, bu cür yanaşmalar həm bəzi kişilər, həm də
azarkeş olmayan xanımlar tərəfindən səslənir. Bəzən bir futbol xəbərinə sosial
mediada şərh verəndə belə "siz gedin çayınızı dəmləyin, yeməyinizi bişirin ”
deyə fikirlərin yazıldığını görürəm. Bizdə "qız nədir oxumaq nədir” "qız nədir
işləmək nədir” deyənlər "qız nədir futbol nədir”i də deməkdən çəkinmir. Bu kimi
düşüncələrin artıq keçmişdə qalacağına ümid edirəm. Əslində bu, çox geniş
mövzudur, günlərlə danışsan, bitməz, amma zamanla hər kəs xanımların da futbola
baxmasında heç bir qəbahət olmadığını anlayacaq.
- Bir az da azarkeşlik etdiyiniz komandadan
danışın.
- Azarkeşi
olduğum "Barselona” klubu haqqında çox söz demək olar. Çünki bu klubun tarixi,
zəngin futbol ənənəsi, öz oyun fəlsəfəsi
var. Hansı ki, bu fəlsəfə onu digərlərindən ayırır və sevdirir. 29
noyabr 1899-cu ildə Joan Qamper tərəfindən əsası qoyulan bu klubun 119 yaşı
var. 25 dəfə La Liqanın, 30 dəfə Kral
Kubokunun və 5 dəfə Çempionlar Liqasının qalibi olan "Barselona”, ümumilikdə,
93 kubokla Avropada ən çox kubok qazanan 2 klubdan biridir. Onu da deyim ki,
bir mövsüm ərzində mümkün olan bütün kubokları qazanan yeganə klub məhz "Barselona”dır.
Dediyim kimi, onun uğurları, tarixi haqda çox danışmaq olar.
- Xanımlar, adətən, fikirlərini tez dəyişə
bilirlər. Azarkeşlik etdiyiniz komandanı dəyişdiyiniz olubmu?
- Bu
mümkün deyil. "Barselona”ya olan sevgim ailəmdən gəlir. Atam da bu klubun
azarkeşidir. Mənə "Barselona”nı ən çox sevdirən futbolçu topun sehrbazı Ronaldinyo olub. Onun topla
elədikləri sadəcə, inanılmaz idi. Məncə, başqa heç bir klubu və oyunçunu bu
qədər sevə bilmərəm.
- Azarkeşlik etdiyiniz komandada
hansı oyunçuları daha çox sevirsiniz?
- Mən futbolun özünü, azarkeşlik etdiyim
komandanın fəlsəfəsini daha çox sevirəm. Yəni oyunçular zamanla dəyişir,
karyerasını bitirir, amma oyun tərzi, futbola olan sevgi əbədidir. Əlbəttə,
zaman-zaman simpatiya bəslədiyim futbolçular ola bilər. Bunun əsas səbəbi isə
həmin oyunçunun komandanın daha çox uğur
qazanmasına səbəb olmasıdır. Məsələn, bu mövsüm uğurlu qurtarışları ilə yadda
qalan qapıçı Ter-Şteqeni bu siyahıya
daxil eləmək olar.
- Əvvəllər Azərbaycanda xanım
azarkeşlərin sayı o qədər də çox deyildi, amma indi bu sahədə vəziyyət dəyişib.
Sizcə, səbəbi nədir?
- Bəli,
haqlısınız, hazırda xanım azarkeşlərin sayı əvvəlki illərə nisbətən daha
çoxdur. Bu, çox yaxşı haldır və bizi sevindirir. Son illər "Qarabağ”ın uğurları
ən böyük səbəblərdəndir. Onun Avropanın bir çox adlı-sanlı klubları ilə
oyunları xanımlarımızda bu idman növünə marağı daha da artırdı. Ölkəmizdə yerli
klublardan "Neftçi” və "Qarabağ”ın
azarkeşləri daha çoxdur. Xarici klublardan isə "Barselona”, "Real”, "Mançester
Yunayted”, "Liverpul”, "Bavariya”, "Yuventus”, "Beşiktaş”, "Fənərbaxça”, "Qalatasaray”
kimi klublara azarkeşlik edən
xanımlarımızın sayı kifayət qədərdir.
-
Maraqlıdır, futbola azarkeşlik, sizdə meydana çıxmaq istəyi yaradıbmı?
- Düzü, bu
haqda heç vaxt düşünməmişəm, amma futbol elə bir sevgidir ki, oynamaq da,
azarkeşlik etmək də çox möhtəşəmdir.
Şəbnəm Mehdizadə