1, 5 və 50 manatlıq pul nişanları yeni dizaynda tədavülə buraxılır (FOTO)
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən tədavülə yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik 1, 5 və 50 manatlıq pul nişanları buraxılır.
AMB-dən Trend-ə bildirilib ki, dövriyyədə olan milli pul nişanlarının tədavülə buraxılmasından 14 il keçir və bu dövrdə pul nişanlarımız öz estetik görünüşünə, konseptual mövzusuna və mühafizə sistemlərinə görə özünəməxsusluğu ilə seçilmişdir.
Beynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə mərkəzi banklar tərəfindən dövri olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr aparılır.
Azərbaycan Mərkəzi Bankı da beynəlxalq təcrübəni nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinin qərarları əsasında pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın müasirləşdirilməsinə başlamış və bu çərçivədə 2018-2019-cu illərdə 200 manatlıq yeni pul nişanını tədavülə buraxmış, 10 manatlıq pul nişanının isə mühafizə sistemlərini təkmilləşdirmişdir.
Hazırda Mərkəzi Bank tərəfindən 1, 5 və 50 manatlıq pul nişanlarının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənmişdir.
Hazırda tədavüldə olan 1, 5 və 50 manatlıq pul nişanları yenilənmiş pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcəkdir.
Bununla da yenilənmiş pul nişanlarımız özünün bədii estetik görünüşünə və mühafizə səviyyəsinə görə beynəlxalq təcrübədə ən təhlükəsiz banknotlar sinfində qalmaqda davam edəcəkdir.
Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılmışdır.