• bazar ertəsi, 23 dekabr, 14:54
  • Baku Bakı 9°C

Adsız küçələrdə yaşanan PROBLEMLƏR

28.01.23 03:30 6741
Adsız küçələrdə yaşanan PROBLEMLƏR

Sakinlər məhəlləarası yolların asfaltlanmasını, su-kanalizasiya şəbəkəsinin qurulmasını, mənzillərinə ünvan verilməsini, dəmiryoluna yaxın ərazilərdə təhlükəsizlik tədbirlərinin görülməsini istəyirlər. Aidiyyəti qurumlar isə problemlərin mərhələli şəkildə həllini tapacağını vəd edirlər.

Suraxanı rayonu Hövsan qəsəbəsində şərti olaraq “Dəmiryol prospekti”, "Dəniz yolu" adlandırılan əraziyə çıxışı olan adsız küçələrdəki həyət evlərinin bir qrup sakini “Kaspi” qəzetinə müraciət edib. Sakinlər bildirib ki, 30 ildir bu ərazidə yaşadıqlarına baxmayaraq, küçələrə ad, mənzillərə ünvan verilməyib.

Antisanitariya yaradan məqamlar

Şərti olaraq “Dəmiryol prospekti”nə, "Dəniz yolu"na çıxan birinci, ikinci, üçüncü küçə, yaxud “KATV”nin binasının arxasındakı məhəllə adı ilə əraziyə gələn hər kəsə istiqamət verilir. Küçələr adsız, mənzillər ünvansız olduğu üçün zərurət yarananda əraziyə çağırılan təcili tibbi yardım heyəti, taksi fəaliyyəti göstərən şəxslər, yanğınsöndürmə briqadası zamanında gəlib çatmır, bəzi hallarda ümumiyyətlə ərazini tapa bilmirlər. Sakinlər ərazidəki su-kanalizasiya xətlərinin bərbad vəziyyətdə olmasından da şikayətçidirlər. Tez-tez bu xətlərdə yaranan nasazlıq səbəbindən çirkab sular ətrafa, o cümlədən adsız küçələrdəki torpaq yollara yayılır, evlərə dolur.

Həyatları təhlükə altında qalan sakinlər

Digər narahatlıq doğuran məsələ tullantıların düzgün idarə olunmaması, zibilin vaxtlı-vaxtında daşınmaması ilə əlaqədardır. Sakinlərin sözlərinə görə, ərazidə zibil qutuları qoyulmadığı üçün vətəndaşlar tullantıları dəmiryolunun qırağına atırlar. Bu da zibil təpələrinin əmələ gəlməsinə, antisanitar vəziyyətin yaranmasına səbəb olur. Zibilxanalarda özlərinə məskən salan gəmiricilər ətrafdakı evlərə soxulurlar. Tullantılar arasında eşələnib qida qalıqları axtaran yiyəsiz itlər də sakinlər üçün əlavə təhlükəyə çevrilir. Sakinlərin sözlərinə görə, dəfələrlə bu sahibsiz itlər dərsə gedib-gələn uşaqları dişləyib, xəsarət yetirib. Bundan daha təhlükəli və böyük narahatlıq doğuran məqam isə yaşayış məhəlləsinin yaxınlığından dəmiryolunun keçməsidir. Sakinlər iddia edir ki, bu ərazidə təhlükəsizlik tədbirləri görülməyib, piyadaların, xüsusən də uşaqların təhlükəsiz hərəkəti üçün dəmiryol boyunca keçidlər inşa edilməyib. Uşaqlar, böyüklər, eyni zamanda yaşlılar bu dəmiryolunu o üz, bu üzə tez-tez keçərək həm öz həyatlarını, həm də qatarları idarə edənləri təhlükə ilə üz-üzə qoyurlar.

Kortəbii şəkildə çəkilən su-kanalizasiya xətləri

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, təmsil etdiyi qurumun sözügedən ərazidə hər hansı su-kanalizasiya şəbəkəsi yoxdur. Onun sözlərinə görə, ərazidəki su xətlərini vətəndaşlar özləri kortəbii şəkildə çəkiblər.

Hövsan bələdiyyəsinin sədri Elbrus Xəlilov söylədi ki, qeyd edilən küçələrə asfalt örtük döşənməsi, yol qırağında işıqlandırma sisteminin qurulması, su-kanalizasiya xəttinin çəkilməsi, yeni yaşayış məhəllələrindəki evlərin sənədləşməsi, ünvan verilməsi məsələləri aidiyyəti dövlət qurumları qarşısında qaldırılıb, müvafiq qaydada dövlət proqramına salınıb. Bələdiyyə sədrinin sözlərinə görə, bələdiyyə və icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə yerində baxış keçirilib, sakinlərin şikayət və təklifləri nəzərə alınıb, qanun çərçivəsində zəruri addımlar atılıb: “Qeyd edilən problemlərlə bağlı Rayon İcra Hakimiyyətinə məlumat verilib, onlar da öz növbəsində ayrı-ayrı dövlət qurumları qarşısında məsələ qaldırıblar. Bakı Şəhər İcra Hakimiyyətinin Küçə işıqları departamentinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, “Azərsu” ASC-yə, Suraxanı Rayon Sukanal İdarəsinə, Əmlak Məsələləri Dövlət Xidmətinə, həmçinin digər dövlət qurumlarına rəsmi qaydada müraciət olunub, bütün məsələlərin həlli dövlət proqramına salınıb. Əmin olun ki, mərhələ-mərhələ onların hamısı öz həllini tapacaq”.

Vətəndaşların əmlakları sənədləşdiriləcək

Bələdiyyə sədri dedi ki, Hövsanda bütün küçələrin adı, mənzillərin ünvanı olsa da, yalnız qeyd olunan ərazisindəki küçə və mənzillərdə bu, yoxdur: “14 bağ təsərrüfatı, quşçuluq yaşayış sahəsi və zeytun sovxozu ərazilərindəki küçələrə də indiyə qədər ad verilməyib. Tədbirlər planına uyğun olaraq, qeydiyyatsız evlərin qeydiyyata alınması, sənədləşməsi prosesi gedir. Bunun üçün müvafiq proqram hazırlanır. Hövsan icra nümayəndəliyi və bələdiyyə tərəfindən "Dəmiryol prospekti"nə, "Dəniz yolu"na yaxın adsız, ünvansız küçələrdəki mənzillərdə yaşayan sakinlərin qeydiyyatı aparılıb. Bəhs etdiyim proqram hazırlanıb icra olunduğu təqdirdə qeydiyyata aldığımız həmin o sakinlərin də əmlakları sənədləşdiriləcək, küçələrinə ad, mənzillərinə ünvan veriləcək. Tullantıların idarə olunmasına gəlincə, Hövsan qəsəbəsində hər addımbaşı zibil qutusu qoyulmur. Bəlli yerlərdə zibil yeşikləri var və onlar vaxtlı-vaxtında boşaldılır, daşınması təmin olunur. Vətəndaşlar zibili hara gəldi deyil, məhz o zibil yeşiklərinə atmalı, təmizliyə riayət etməlidirlər”.

Problemlər ardıcıllıqla həllini tapacaq

Sakinlərin problemini Suraxanı rayonundan deputat seçilən Sevinc Fətəliyevaya da köməkçisi vasitəsilə çatdırdıq. Sorğumuza cavab olaraq bildirildi ki, vətəndaşların qeyd etdiyi problem araşdırılıb, əraziyə ünvan verilməsi, yolların asfaltlanması, su-kanalizasiya xətlərinin çəkilməsi, əlavə zibil qutularının qoyulması, həmçinin yaşayış məntəqəsi yaxınlığından dəmiryolu xəttində təhlükəsizlik tədbirlərinin görülməsi barədə Suraxanı Rayon İcra Hakimiyyətinə, eləcə də aidiyyəti qurumlara müraciətlər olunub: “Bakı Şəhər İcra Hakimiyyəti başçısının 79 nömrəli 28.02.2019-cu il tarixli sərəncamı ilə Hövsan qəsəbəsindəki adsız küçələr rəqəmsal adlandırılıb. Hazırda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu istiqamətdə işlər davam etdirilir. Bildiririk ki, 2019-cu ilin sonlarından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Hövsan qəsəbəsinin daxili yollarında 325 000 kvadratmetrə yaxın əraziyə asfalt-beton örtüyü döşənib. İcraçı təşkilat tərəfindən mərhələli və planauyğun şəkildə həyata keçirilən işlər zamanı həmin sakinlərin də yaşadıqları küçədəki asfaltlanmayan hissələr nəzərə alınacaq. Qeyd edilən ərazilərdə su-kanalizasiya xəttinin çəkilməsinə ehtiyac olan yaşayış məntəqələrinə gəlincə, bu işin görülməsi də müvafiq Dövlət Proqramına əsasən, aidiyyəti icraçı təşkilat tərəfindən planauyğun ardıcıllıqla mərhələli şəkildə yerinə yetiriləcək”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər