Adi məktəb, yoxsa lisey dilemması
Əvvəllər uşağın hansı məktəbdə oxuyacağı sualı əhəmiyyətsiz idi. Əksər hallarda uşaqlar yaşadıqları ərazi üzrə təhsil müəssisəsinə yazılırdılar. Bu gün isə seçim bolluğu olsa da, valideynlər liseylərin adi məktəblərdən nə ilə fərqləndiyi sualı üzərində baş sındırmalı olurlar.
“Liseylərdə oxuyanlarınız varsa, orada təhsil necədir? Qəbul olduqdan sonra uşaq hazırlığa getmədən ali məktəbə qəbul ola bilirmi?”
Lisey və gimnaziyalara şagird qəbulu elan olunandan sonra sosial platformalarda bu tip suallara cavab axtarılır. Valideynlər övladlarının adi məktəblərdə, yoxsa lisey və ya gimnaziyalarda oxumasının daha doğru olması sualına cavab axtarırlar. Artıq bu təcrübəni yaşayan valideynlərdən “liseylərdə tədris adi məktəblərdən daha yüksəkdir” fikirləri ilə yanaşı, “ən tanınmış liseylərdə oxuyanlar belə repetitor yanına hazırlığa gedirlər. Azərbaycanda repetitorsuz qəbul imtahanlarında, müxtəlif fənn olimpiadalarında uğur qazanmaq, demək olar ki, mümkünsüzdür” kimi təzadlı cavablar da eşidirik.
Proqram, təlim şəraiti və dərs yükü...
Etiraf edək ki, əvvəllər uşağın hansı məktəbdə oxuyacağı sualı əhəmiyyətsiz idi. Əksər hallarda uşaqlar yaşadıqları ərazi üzrə təhsil müəssisəsinə yazılırdılar. Bu gün seçim bolluğu olsa da, valideynlər liseyin məktəbdən nə ilə fərqləndiyi sualı üzərində baş sındırmalı olurlar. “Liseylərdə bir qayda olaraq istedadlı uşaqlar təhsil alırlar. Adi məktəblərdən fərqi şagirdlərin rəqabətli mühitdə yetişməsidir” iddialarına isə təhsil ekspertlərinin cavabı təxminən üst-üstə düşür: “Aralarındakı oxşarlığı - məzun olduqdan sonra orta təhsil haqqında adi attestat almalarını nəzərə almasaq, fərq proqramda, təlim şəraitində və dərs yükü dərəcəsindədir”.
Orta ümumtəhsil məktəbləri ilə liseylər arasındakı əsas fərq ilkin olaraq qəbul şərtlərindədir. İstisnasız olaraq bütün uşaqlar adi məktəbə imtahansız qəbul olunurlar. Liseylərdə uşaq qəbul imtahanından keçməli, fənlər üzrə bacarığı olduğunu sübut etməlidir. Bəzən valideynlər hətta övladlarını liseyə qəbul üçün ilkin kurslara göndərməli olurlar.
Bəs görəsən lisey və gimnaziyalara qəbulda mərkəzləşdirilmiş qəbul imtahanının tətbiqi şəffaf seçimə kömək edəcəkmi?
Liseylərə qəbul üçün müraciət edənlərin sayı artır
Elm və Təhsil Nazirliyindən sorğumuza cavab olaraq mərkəzləşdirilmiş qəbul qaydasında vahid yanaşmanın tətbiq edildiyi bildirildi: “Bu, şəffaf və obyektiv olaraq istedadlı uşaqların lisey və gimnaziyalara qəbulunu təmin edir. Uşaqların ölkənin istənilən rayon və şəhərindən onlayn qaydada qeydiyyatdan keçərək yaşadığı ünvana ən yaxın mərkəzdə imtahanda iştirak etmələrinə imkan tanınır. İmtahan nəticəsinə əsasən, üç müxtəlif lisey və ya gimnaziyanı seçmək imkanı verilir. Birinci seçim mərhələsi bitdikdən sonra boş qalan yerlər üçün yenə müvafiq ballara uyğun seçim etmək mümkün olur”. Nazirliyin məlumatına görə, ölkə üzrə 32 müxtəlif lisey və gimnaziya üçün mərkəzləşdirilmiş qəbul keçirilib.
Ötən illə müqayisədə qəbul imtahanlarında iştirak edən şagirdlərin (16952) və qəbul olan şagirdlərin sayında (2638) ciddi fərq var. 2023/24-cü tədris ili üçün imtahanlarda iştirak edən şagird sayı 22709, qəbul olan şagird sayı isə 3946 nəfər olub. Şagirdlərin seçimlərinə və tədris ilinin yekununda təlim nəticələrinə əsasən lisey və gimnaziyaların reytinqi də müəyyən edilir: “Hazırkı nəticələrə görə, Bakı fizika, riyaziyyat və informatika təmayüllü lisey, Bakı kimya-biologiya təmayüllü respublika liseyi, Gəncə kimya-biologiya təmayüllü respublika liseyi ən çox seçim edilən liseylərdir”. Nazirlik adi məktəblə lisey və gimnaziyalar arasındakı fərqi belə izah edir: “Əsas fərq liseylərdə şagird seçiminin ümumi orta təhsil səviyyəsində imtahanla aparılması, fərqləndirilmiş tədris plan və proqramların tətbiqi, müxtəlif beynəlxalq proqramların tədris edilməsidir. Dərs yükünün çoxluğu deyil, tətbiq edilən fərqli tədris planı və dərinləşdirilmiş tədris proqramı şagirdlərin fənləri dərindən öyrənmələrinə və müxtəlif yerli və beynəlxalq fənn olimpiadalarında daha böyük uğurlar əldə etmələrinə səbəb olur”.
Daha obyektiv seçim imkanı yaradılır
Lisey müəllimi Pərviz Ağalarov da liseylərdəki tədrisin adi orta məktəblərdəki tədrisdən fərqli olduğunu deyir: “Həm proqramda, həm şagird sayında fərq var. Adi məktəblərdə siniflərdə bəzən 40-dan yuxarı uşaq olduğu halda liseylərdə bu göstərici 20-25 nəfərdən çox olmur. Dərs yükü də fərqlidir. Liseylərə qəbul imtahanla keçirilir və seçilən şagirdlər qəbul edilir”.
P.Ağalarov hesab edir ki, imtahanların mərkəzləşdirilmiş qaydada keçirilməsi daha obyektiv seçim etməyə imkan yaradacaq: “Liseylərdə keçirilən imtahanlar son dövrlərdə xoşagəlməz söhbətlərə səbəb olurdu. İndi mərkəzləşmiş qaydada imtahan keçirilir. Bu, qəbul olmaq istəyən uşaqlar üçün bərabər imkanların yaradılması deməkdir”.
Lisey şagirdləri də əlavə hazırlığa gedirlər
Təhsil eksperti Qoşqar Məhərrəmovun sözlərinə görə, “mərkəzləşmə” adətən arzu olunmayan halların qarşısını almaq üçün atılan addımdır: “Yəni, yerlərdə insanlar nə edəcəyini bilməyə, səhv addım ata, korrupsiyaya bulaşa bilərlər. Tərəfkeşlik, hansısa qohum-əqrəbaları pul qarşılığında məktəbə alma kimi hallar yaşana bilər. Bundan əvvəl şagird məktəbə və universitetə daxil olarkən, qırmızı diplom alarkən, olimpiadada iştirak edərkən, məzun olarkən, hətta idman yarışlarına gedərkən müxtəlif süni maneələrlə qarşılaşırdı. Ona görə də nazirlik birinci sinfə, olimpiadaya, liseylərə qəbulu da mərkəzləşdirir ki, yerlərdə mənfi hallar yaşanmasın”.
Ekspertin fikrincə, şagirdlər imtahanla seçildiyi üçün müəyyən bir süzgəc olmalıdır: “Lisey dedikdə şagirdlərin akademik nəticələrinin yuxarı olması, olimpiadalarda uğur qazanmaları gözlənilir. Həmin müəssisələrin rəhbərləri də onların qarşısına qoyulan bu missiya üzərində işləyirlər. Liseylər yerli idarəyə deyil, nazirliyə bağlı olduğu üçün ümid edilir ki, həmin müəssisələrdə daha yaxşı direktorlar və müəllimlər çalışır. Onların müəssisələrinə nəzarət edən az olur. Bu muxtariyyətdən istifadə edən məktəb direktorları yuxarı siniflərdə oxuyan şagirdlərə imkan yaradırlar ki, olimpiadalara hazırlaşsınlar”.
Ekspert lisey şagirdlərinin əlavə hazırlığa getdiyini də inkar etmir: “Onların arasında da hazırlığa və kurslara gedənlər var”.
Təranə Məhərrəmova