23 aya sığdırılan nəhəng fəaliyyət - MƏKTƏBDƏ
Firdovsiyyə Əhmədova: “Azərbaycan adında dövlətin qurulması bizim üçün böyük mirasdır. Bu dövlət beynəlxalq səviyyədə de-fakto tanındı. Ölkənin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı”.
Azərbaycan Xalq Cümhuriyyəti dövrü, Zəfər tariximizlə bağlı suallar, maraqlı məlumat və bilgilər Bakı şəhəri 164 nömrəli tam orta məktəbin müəllim və şagird auditoriyası üçün “Respublika günü” ərəfəsində əsl mühazirəyə çevrildi. Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə “Kaspi” qəzetinin birgə layihəsi olan “Məktəbdə”nin qonağı isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Firdovsiyyə Əhmədova idi.
Azərbaycanımız üçün bir çalışmaq
F.Əhmədova şagirdlərlə görüşünə 44 günlük Vətən müharibəsinin insanlarımıza yaşatdığı qürur hissindən başladı: “Azərbaycanın tarixi torpaqları çox geniş coğrafiyanı əhatə edir. Amma elə bir regionda yerləşmişik ki, orta çağlardan, qədim dövrlərdən cahangirlik iddiasında olan, işğalçılıq niyyətlərini genişləndirmək istəyən qüvvələr zaman-zaman məhz bu istiqamətdən, Cənubi Qafqazdan keçərək öz taxt-tac təşnələrini söndürməyə çalışıblar. Azərbaycan torpaqları da o işğallar nəticəsində qonşu dövlətlərin ərazilərində qalıb. Amma bugünkü Azərbaycan Respublikası böyük Azərbaycanın bizə ən qiymətli mirasıdır. 44 günlük Vətən Müharibəsi - torpaqlarımızın işğaldan azad olunması, həmçinin ölkəmizin ərazi bütövlüyünü təmin etmək baxımından bizə şəhidlərimizin qanı, ordumuzun şücaəti hesabına qazanılan böyük bir töhfədir”. F.Əhmədova Azərbaycan əsgərinin misilsiz bir rəşadət nümunəsi göstərdiyini qeyd etdi: “Xüsusən, bunu Şuşa qalasının alınması ilə bağlı vurğulamaq istəyirəm. Bu gün modern savaşlar, texnikanın gücü ilə baş verən müharibələr var. Şuşa qalasının azad olunması nə modern savaşdan, nə hərbi texnikadan keçdi. Azərbaycan əsgəri Şuşa qalasını məhz orta əsr cəngavərlik ruhu və fədakarlığı ilə azad etdi. Bu artıq dünyanı heyrətə salan bir hadisədir. Azərbaycan əsgərinin fədakarlığı 21-ci əsrdə çox az rast gəlinən şücaətdir. İndi qloballaşan dünyada yaşayırıq, vətən, milli hisslər təəssüf ki, bir çox cəmiyyətlərdə yetərincə deyil. Amma 44 günlük müharibə göstərdi ki, insanlarımız “Vətən”, “millət” deyəndə bir araya gəlib canlarından keçməyi bacardılar. Əgər Azərbaycan vətəndaşı olan qeyri-azərbaycanlılar belə, Vətən uğrunda canlarından keçdilərsə, bundan sonra bizim Azərbaycanımız üçün mütəşəkkil olub birlikdə çalışmaqdan başqa amalımız ola bilməz”.
Şuşa azad olunanda...
Şagirdlərdən biri “Şuşa işğaldan azad olunanda sizdə hansı təəssüratlar yarandı?” - deyə maraqla soruşdu. “Yəqin ki, Qarabağda qazanılan Zəfərin cəmiyyətdə hansı hisslər yaratdığını artıq siz bilirsiniz. Mən də istisna deyiləm”, - deyə tarixçi-alim qeyd etdi: “Müharibə günlərində media azad olan torpaqları, Prezidentin çıxışlarını anbaan yayırdı. Artıq torpaqlarımızın azad olacağına əminliyimiz yaranmışdı. Deyirdik ki, Şuşa azad olmasa, o biri torpaqların azad olmasının elə bir strateji əhəmiyyəti olmayacaq. Niyə Şuşanın azad olması ilə 44 günlük müharibə bitdi? 2-ci Dünya müharibəsi tarixini keçmisiniz. Deyilirdi ki, “Stalinqrad döyüşü” müharibədə dönüş nöqtəsi oldu və “Kursk döyüşü” ilə də bitdi. Bu baxımdan, Şuşanın azad olması strateji bir hadisə idi. Düşmən və qərəzli tərəflər görəndə ki, Şuşa azad olundu, ondan sonrakı mərhələdə artıq erməni tərəf atəşkəsə məcbur edildi. Mən Şuşada olmamışam. Ancaq Şuşa işğal olunanda azad edilməsi üçün qurban demişdim. Şuşa azad olandan sonra mən o qurbanı kəsdim. Çünki Şuşa Azərbaycanın ərazi bütövlüyünün açarı idi. Biz o gün sevincdən ağlaya-ağlaya bütün Azərbaycanın yaşadığı hissləri yaşadıq. Mən bu xəbəri anama da ağlaya-ağlaya çatdırdım”.
Xalq Cümhuriyyətinin ilkləri
Şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti ilə bağlı “AXC hökuməti hansı ilklərə imza atdı?” - deyə sual ünvanladılar: “Əgər bir əsrdən sonra Azərbaycan dövlətçiliyi bərpa olunursa, özü də “respublika” (xalq hakimiyyəti) formasında yaradılırsa, nə desəniz, elə “ilk” olacaq”, - deyə tarixçi-alim cavab verdi: “Biz sovet dövründən çıxdıq, çünki bir struktur və dövlət vardı, amma Azərbaycan dövlətinin bu mirası yox idi. Azərbaycan bir əsr çar Rusiyasının əsarətində yaşayıb və azsaylı ziyalılar onun müqəddəratını həll etmək istəyib. Amma o hökumətdə komanda vardı. Özləri Tiflisdə olmaya-olmaya Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Əlimərdan bəy Topçubaşov parlamentin sədri seçilir. Milli Şuranın üzvlərinin hamısı o statusa layiq insanlar idi, amma heç kim “mən olmalıyam” demirdi. “Ətrafda monarxiya hakimiyyətidir, amma biz respublika quracağıq”, - deyə Milli Şura üzvləri bildirirdi. Birinci hədəf Bakının azad olunması, ikinci hədəf isə Azərbaycanın beynəlxalq səviyyədə tanınması idi. Amma bu prosesə nail olmamış hökumət hansı addımları atdı? İyulun 15-ində Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Azərbaycanın tarixi adlarının qaytarılması, Azərbaycan türkcəsinin dövlət dili elan olunması haqqında qərarlar verildi. Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul edildi. Xüsusi mülkiyyətə sərbəstlik verildi. Cümhuriyyət senzuranın ləğvi haqqında da qərar verdi. Cümhuriyyət dövründə söz, mətbuat azadlığı vardı, parlamentdə 11 fraksiya fəaliyyət göstərirdi, bütün vətəndaşlara, ictimai təşkilatlara özünü ifadə etmək üçün imkan verilirdi. İslam dünyasında Avropa tipli ilk parlamentin açılması haqqında qərar verildi. Azərbaycanın Milli Ordusu yaradıldı. Təhsillə bağlı çox önəmli qərarlar qəbul edildi - Bakı Dövlət Universiteti təsis edildi. Cümhuriyyət 23 ay yaşadı, Bakı Dövlət Universiteti isə hələ də yaşayır. Bu xalqa nə boyda mirasdır... 100 tələbə dövlət təqaüdü hesabına xaricə ali təhsil almağa göndərildi. Qadınlara seçki hüququ verildi. Məhz Azərbaycan Xalq Cümhuriyyətinin hədsiz demokratik təsisatlara sahibliyi o dövrdə ədəbiyyatın, incəsənətin, musiqinin milli zəmində inkişafı üçün böyük imkanlar açdı.
“Azərbaycan” adında dövlətin qurulması bizim üçün böyük mirasdır. Bu dövlət beynəlxalq səviyyədə de-fakto tanındı. Ölkənin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Hətta sovet Rusiyasının xarici işlər komissarı Georgi Vasilyeviç Çiçerin yazırdı ki, beynəlxalq səviyyədə tanınmış Azərbaycana qarşı zorakılıq bizi imperialist hesab etmələrinə səbəb ola bilər. Bu mənada, Xalq Cümhuriyyəti ilklərə imza atdı. Onun nəticəsi olaraq biz bu gün müstəqil Azərbaycan Respublikasıyıq. Çünki təməlimiz o zaman qoyulub”.
23 ayda 5 koalision hökumət
“Xalq Cümhuriyyətinin kabinetlərinin tez-tez dağılmasının səbəbi nə idi?” - deyə şagirdlərdən biri sual verdi: “23 ayda 5 koalision hökumət formalaşdı. İki nazirimiz - Nəsib bəy Yusifbəyli və Fətəli xan Xoyski xaricdə idi. Azərbaycan cəmiyyətində olan siyasi qüvvələrin hamısı parlamentdə təmsil olunurdu. Elə xalqlar var idi ki, onların sayı kvota baxımından parlamentdə nümayəndəsinin olmasına imkan vermirdi. Amma onlara da yer ayrılmışdı. Yəni parlamentdə gürcü də, alman da, polyak da, yəhudi də vardı. Hansı partiyanın üstünlüyü çox idisə, kabinetdə də ən çox yeri o alırdı. Cümhuriyyət parlamentində ən böyük fraksiya birləşəndən sonra “Müsavat və bitərəflər fraksiyası” oldu. Amma onların da səsi kabineti formalaşdırmaq üçün yetərli deyildi. Ona görə də onlar digər fraksiya ilə əməkdaşlığa gedirdi. Elə fraksiyalar vardı ki, buna mane olurdular. Məsələn, cümhuriyyət dönəmində sosialistlər, ittihadçılar tərəfindən kabinənin formalaşması üçün aylarla müzakirə gedirdi. Müsavat “gəlin” deyə müraciət edirdi, amma onlar dövlətçiliyə qarşı olduqları üçün bu birliyə qarşı çıxırdılar”.
Üçrəngli bayrağı qəbul etməklə...
F.Əhmədova məlumat verdi ki, 1-ci Dünya müharibəsində məğlub olan Osmanlı dövləti qüvvələrini geri çəkdikdən sonra dünənə qədər Bakı uğrunda savaşda düşmən tərəfdə dayanan ingilislər qalib kimi gəlib, “biz bu hökuməti tanımırıq, bayraqlar binaların üstündən endirilsin” dedilər. Bu zaman Azərbaycan hökuməti bir neçə operativ qərar qəbul etdi. Bunlara misal olaraq parlamentin açılmasını, ABŞ prezidenti V.Vilsona teleqram vurulmasını, ingilis generalı Tomsonla görüşmək üçün heyət göndərilməsini və bayraq qəbul edilməsini göstərə bilərik. Azərbaycan Cümhuriyyətinin 1-ci bayrağı qırmızı rəngdə olub. Həmin bayraq Osmanlı dövlətinin bayrağı ilə demək olar ki, eyniyyət təşkil edirdi, təkcə ulduzların sayına görə fərq vardı. Ancaq noyabrın 9-da üçrəngli bayraq qəbul olundu. Üçrəngli bayrağı qəbul etməklə Azərbaycan hökuməti “Mən heç bir dövlətin himayəsi altında yaşamaq istəməyən, müstəqil yaşamaq səlahiyyəti olan bir xalqın hakimiyyətiyəm”, - deyə dünyaya mesaj verdi. Üçrəngli bayraqda bizim milli kimliyimiz, dini inancımız və gedəcəyimiz hədəf əksini tapıb. Təəssüf ki, 1920-ci il 28 aprel işğalı ilə Azərbaycan müstəqil dövlət olmaq yolunda səylərini dayandırmış oldu. Uzun sürən çətinliklər nəticəsində beynəlxalq aləmdə de-fakto tanınan Azərbaycan yalnız 23 ay müstəqil ola bildi”.
Tarix nə hakimliyi, nə də vəkilliyi sevir
Şagirdlərdən biri “Cümhuriyyət dövrünün hadisələrini əks etdirən filmlər yetərincə varmı?”, - deyə maraqlandı. “Bir neçə sənədli film çəkilib. “Əbədi ezamiyyət”, “Son iclas” adlı filmlər var. Amma bu dövrlə bağlı bədii filmlərə böyük ehtiyac var”, - deyə tarixçi alim suala aydınlıq gətirdi: “Ümumiyyətlə, çox zəngin tariximiz, görkəmli şəxsiyyətlərimiz var. Əsas odur ki, bu tariximizi bədii baxımdan inkişaf etdirən rejissorlarımız, həmçinin maliyyə, istək və təşəbbüs olsun. 28 May – AXC-nin 105 illiyidir. Adama elə gəlir ki, bu tarixlə bağlı hər şey var. Amma dərinə gedəndə görürsən ki, həm incəsənət, həm ədəbiyyat sahəsində bu hadisələrin əks olunması ilə bağlı böyük boşluq mövcuddur. Bilirsiniz ki, son illər qardaş Türkiyədə tarixi mövzularda mükəmməl filmlər çəkilir. Azərbaycanın da çox zəngin tarixi var. Çox istərdim ki, Azərbaycan Cümhuriyyəti, tariximizin digər mərhələləri ilə bağlı filmlər çəkilsin. Amma bu filmlər keyfiyyət baxımdan tələblərə cavab verəcəksə çəkilsin, yanlış təəssürat yaradacaqsa, onlara ehtiyac yoxdur. Çünki tarixə nə hakimlik, nə də vəkillik etmək olar. Hadisələrə, şəxsiyyətlərə həmin zamanın şərtləri çərçivəsində qiymət verməliyik, əks təqdirdə qərəzli olacaq”.
Milli simanızı saxlayın
F.Əhmədova şagirdlərə tövsiyəsini də əsirgəmədi: “Yaxşı təhsil almaq, oxumaq, cəmiyyətdə nüfuzlu yer tutmaq önəmlidir. Karyera da, rifah da lazımlıdır. Bunun üçün peşə təhsili və bilgi lazımdır. Siz öz peşəkarlığınızla tutduğunuz vəzifəni yerinə yetirərsiniz. Bu elə Vətənə xidmət deməkdir. Bu baxımdan, bizim gənclərin sağlam bir zəmini var. Bu, ailə institutuna, məktəb mühitinə bağlılıqdır. Siz dünyaya açıq, internet şəbəkəsi ilə hər saniyə informasiya almaq imkanı olan ölkədə yaşayırsınız. Bizim oxuduğumuz dövrün ictimai həyatının bütün məzmunu dövlətin ideologiyasına xidmət edirdisə, sizin “bu cür düşünməli, hərəkət etməlisən” kimi hər hansı basqınız yoxdur. Amma sizin qayəniz, ailədən gələn, məktəbdən verilən tərbiyəyə və dövlətçilik amilinə söykənib. Müstəqil ölkənin vətəndaşı olmaq necə böyük xoşbəxtlikdir! Biz bu fərqi öz həyatımızda görə bilmişik. İctimai həyat sosiallaşmaq baxımından böyük fayda verir. Milli simanızı saxlayın, təqlidçi olmayın. Biz azərbaycanlıların mənəvi kodunda duyğular - ocağa, yurda bağlılıq aparıcı xətdir. Bu mirasa sahib çıxın. Yoxsa Azərbaycan dövlətinin gələcəyi heç də bizim arzuladığımız səviyyədə ola bilməz”.
Təranə Məhərrəmova