• bazar, 26 Yanvar, 19:07
  • Baku Bakı 7°C

“Həmişə kəndimizi yuxumda görürəm” - MƏKTƏBDƏ

25.01.25 01:57 399
“Həmişə kəndimizi yuxumda görürəm” - MƏKTƏBDƏ

Hikmət Babaoğlu: “Biz Qərbi Azərbaycana qayıdacağıq. Bu, siyasi iddia deyil, hüquqi məsələdir. Qərbi Azərbaycana qayıdış bizim tarixi yaddaşımız və emosional ruhumuz olacaq”. 

“Elmin yolunu sizə göstərən məktəb və müəllimlərdir. İnsan elə bir bioloji varlıqdır ki, onun sosial varlığa çevrilməsi öyrənmədən keçir. Bu, qətiyyət, iradə, əzm, prinsipiallıq və çalışqanlıq tələb edir. İnkişaf etmiş cəmiyyətdən danışırıqsa, burada açar söz var: öyrənmə”. Millət vəkili, professor Hikmət Babaoğlunun Binə qəsəbəsindəki 88 saylı məktəbdə şagirdlərlə görüşündə səsləndirdiyi  fikirlər məktəblilər üçün əsl dərs oldu.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Kaspi” qəzeti ilə birgə reallaşdırdığı “Məktəbdə”nin növbəti qonağı şagirdlərə öz həyat hekayəsini danışdı, təhsilləri, həyatda yer tapmaları və şəxsiyyət kimi formalaşmaları istiqamətində tövsiyələrini verdi.

“Atam müəllim, anam kitabxana müdiri idi”

Qonaq görüşə uşaqlıq illərini, doğulduğu kəndi xatırlamaqla başladı: “Mən Qərbi Azərbaycanın Amasiya rayonunun Göllü kəndində anadan olmuşam. Balaca bir kənd idi, amma Azərbaycan ailəsinin təhsilə olan münasibəti orada da vardı. Atam müəllim, anam kitabxana müdiri idi. Evdə də, məktəbdə də məndən oxumaq tələb olunurdu. Oxumağı vərdişə çevirmişdim. Yadımdadır, biz məktəbdə oxuyanda hər il partaları rəngləyirdilər. O vaxt dərs kitablarımızı da Azərbaycandan gətirirdilər. Hər tətildən qayıdanda partaların rənginin və kitabların qoxusunu hiss edirdik. İndi də o qoxu burnumdadır. Sizin oxuduğunuz məktəbə gələndə də o hissləri yaşadım.

Məktəb illərini dəyərləndirmək lazımdır. Mən həmişə kəndimizi yuxumda görürəm. 1982-ci ildə kənddən çıxaraq Bakıya gəlmişəm”. Millət vəkili sözünə davam edərək sonrakı təhsil illərini xatırladı: “1982-ci ildə məktəbi bitirib Bakıya gəldim. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun politologiya fakültəsini və Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirdim. Hazırda siyasi elmlər doktoru, Bakı Dövlət Universitetinin professoruyam. 4 dərslik, 4 monoqrafiya və 3 kitabın müəllifiyəm. Milli Məclisin deputatıyam. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüyəm. Biz ona görə bu cəmiyyətə borcluyuq ki, potensialımıza uyğun böyümək imkanı verir. Mənim 59 yaşım var. Hər birinizin bu yaş dövrü gələcək. Əsas odur ki, “mənim missiyam nədir?” sualına cavab verə biləsiniz”.

H.Babaoğlu qeyd etdi ki, hər bir cəmiyyəti inkişaf etdirən onun fikir istehsalıdır: “Hansı cəmiyyətdə fikir, ideya istehsalı varsa, o cəmiyyət inkişaf edir. Biz daim özümüzü inkişaf etdirməliyik. Burada varislik məsələsi də var. Hansı cəmiyyəti formalaşdırsanız, övladlarınız o cəmiyyətdə yaşayacaq. Sizin nəsil indi bizim formalaşdırdığımız cəmiyyətdə yaşayır”. 

Oxumağı ehtiyaca çevirin

Deputat bildirdi ki, Milli Məclis təhsil məsələlərini daim diqqətdə saxlayır: “Elə bir iclas yoxdur ki, məktəb problemindən danışılmasın, dərsliklərin keyfiyyəti müzakirə olunmasın, məktəblərin təmiri məsələsinə toxunulmasın”. 

Millət vəkili şagirdlərin peşə seçimi məsələsinə də toxundu: “İndi ixtisaslar xeyli dəyişib. Bir vaxtlar deyirdik ki, həkim və ya mühəndis olaq. İndi deyirlər ki, sağ qulaqla sol qulağın quruluşu fərqli olduğu üçün hər birinin öz həkimi olmalıdır. Ona görə sizin ixtisas seçiminiz konkret bölgü üzrə olmalıdır. Peşə ixtisası çox vacibdir. Hazırda nazirlik bu sahəyə xüsusi önəm verir”. H.Babaoğlu “Siz oxumağı vərdişə, daxili tələbata, ehtiyaca çevirin”, -deyə məktəblilərə tövsiyə verdi: “Onda yazıçı da, şair də, mühəndis də, deputat da, icra başçısı da, prezident də olacaqsınız. Onda qarşınızda heç nə dayana bilməyəcək. Amma nəyi öyrəndiyinizin də fərqində olmalısınız. Maraq dairəniz haradırsa, oraya fokuslanın. Bu da müasir dövrün tələbidir”.

Millət vəkili hazırkı dövrün gəncliyinin həyat tərzindən, davranışlarından razı qaldığını qeyd etdi: “Son dövrlər mən elə bir gəncliklə qarşılaşıram ki,  onların cəsarəti, bilgisi, təfəkkürü xoşuma gəlir. Dünən torpaqlarımızı düşməndən azad edən gənclərdən sizi 3-4 yaş ayırır. Sizdən 3-4 yaş böyük gənclər bizə tarixi Zəfəri yaşatdılar. Bu gəncliklə kim fəxr eləməz?”  

“Biz Qərbi Azərbaycana qayıdacağıq”

H.Babaoğlu Qərbi Azərbaycana qayıdışla bağlı auditoriyanın suallarını da cavablandırdı: “Qərbi Azərbaycan ölkəmizin tarixi coğrafiyasında mədəniyyətimizin bir parçasıdır. Təəssüf ki, son 100 ildə bizdən qoparılıb və orada süni dövlət yaradılıb. 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev bir qrup qərbi azərbaycanlı ziyalılarla görüş keçirən zaman həmin məsələnin konseptual əsasını milli prioritet kimi müəyyənləşdirmişdi. Bundan sonra Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında bu məsələ beynəlxalq hüquqa uyğun olaraq sülh prinsipləri əsasında formalaşıb.

Qərbi Azərbaycan İcmasının qayıdışla bağlı müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən Ermənistanın Baş naziri Nikol Paşinyana müraciətləri olub. Amma Ermənistan tərəfindən hansısa cavab alınmayıb. Azərbaycan Prezidenti İlham Əliyev müsahibəsində məhz həmin məsələyə toxunaraq beynəlxalq hüququn təməl prinsipləri olan hər bir insanın doğulduğu yerdə yaşamaq hüququnun tanınmasına Ermənistanın cavab verməməsini vurğulayıb”. H.Babaoğlu qeyd etdi ki, hər gün internet vasitəsilə  kəndlərinə, oradakı evlərinə baxır: “Bu haqda xatirələrimi kitabımda yazmışam.

Biz Qərbi Azərbaycana qayıdacağıq. Bu, siyasi iddia deyil, hüquqi məsələdir. Bu məsələdə Prezident bizim arxamızdadır. Qərbi Azərbaycana qayıdış bizim tarixi yaddaşımız və emosional ruhumuz olacaq. Qərbi Azərbaycana qayıdış ümummilli məsələdir. Dünənə qədər bizim mübarizəmizin hədəfi Dağlıq Qarabağ idi. Bu gün mübarizəmizin hədəfi Qərbi Azərbaycandır. Siz tariximizi mükəmməl bilməlisiniz. Bu, yaddaşımızın bir hissəsi olmalıdır”. 

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər