• cümə axşamı, 02 yanvar, 17:02
  • Baku Bakı 11°C

2024-cü ilin idman mənzərəsi

30.12.24 00:56 267
2024-cü ilin idman mənzərəsi

Ümumi icmalı 2024-cü ilin Azərbaycan idmanı üçün olduqca məhsuldar və uğurlu olduğunu deməyə əsas verir. Qarşıdan daha məsuliyyətli il gəlir. 2025-ci ildə MDB Oyunlarına Azərbaycan - Gəncə ev sahibliyi edəcək.

İdmanın dövlət siyasəti olduğu Azərbaycanda 2024-cü il də bu baxımdan hərəkətliliyi ilə diqqət çəkdi. İdmançılarımız bir sıra beynəlxalq yarışlarda ölkəmizi təmsil etdilər. Həmçinin Azərbaycan bir çox böyük turnirlərin ev sahibi oldu. Nəticələrə baxsaq, idmansevərlərimizin qürurlandığı məqamlar da oldu, təəssüf keçirdiyi anlar da. 2024-cü ilin idman mənzərəsinə nəzər yetirməyin vaxtıdır.

Olimpiya oyunlarında ən yaxşı nəticə

Bir ildə Olimpiya oyunları keçirilirsə, həmin il üçün digər bütün idman yarışlarının əhəmiyyəti ikinci plana düşür. Şübhəsiz, Paris-2024 Olimpiadası da ilin ən böyük və vacib idman hadisəsi idi.

Fransa paytaxtında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan millisinin çıxışı uğurlu alındı. Komandamızın ümumi qazancı yeddi medal oldu. Onlardan da ikisi qızıl, ikisi gümüş, üçü bürünc əyarlı idi. Cüdoçulardan Hidayət Heydərov və Zelim Kotsoyev fəxri kürsünün ən yüksək pilləsinə yüksəlməklə Parisdə şanlı Azərbaycan bayrağını dalğalandırdılar, Dövlət Himninin səsləndirilməsinə nail oldular. Taekvondoçu Qaşım Maqomedovla boksçu Alfonso Dominqes yalnız finalda uduzmaqla gümüş medal əldə etdilər. Üç bürünc medal isə pəhləvanlarımızdan gəldi. Yunan-Roma güləşçisi Həsrət Cəfərov, sərbəst güləşçilər Maqomedxan Maqomedov və Giorgi Meşvildişvili fəxri kürsünün üçüncü pilləsinə yüksəldilər.

Azərbaycan bu nəticə ilə Olimpiadada iştirak edən 206 ölkə arasında 30-cu oldu. Bu isə səkkizinci dəfə qatıldığımız olimpiadalar tarixində ən yaxşı göstəricidir. Əlavə olaraq, ilk dəfə iki cüdoçu eyni olimpiadada fəxri kürsünün ən yüksək pilləsində yer aldı. İlk dəfə bir boksçu ikinci olimpiya medalını əldə etdi. İlk dəfə Parisdə komanda idman növündə (3x3 basketbol) təmsil olunduq. Bundan başqa, bədii gimnastika üzrə qrup hərəkətləri yığmamız beşinci yeri tutmaqla olimpiadalar tarixində ən yaxşı göstəricisinə imza atdı.

Ümumən, idmançılarımızın Parisdəki nəticələri pozitiv alındı. Azərbaycan Prezidenti İlham Əliyev də milli komandanın Olimpiadadakı çıxışına yüksək qiymət verdi. Onun imzaladığı sərəncamla yığma üzvləri və onların məşqçiləri təltif edildilər. Ölkə başçısı, həmçinin idmançılarla şəxsən görüşərək onlara təbriklərini çatdırdı.

Parisdə daha 11 medal

Olimpiadanın ardınca Parisdə Yay Paralimpiya Oyunları baş tutdu. Burada ölkəmiz dörd idman növündə 11 idmançı ilə təmsil olundu. Onlar Fransa paytaxtından doqquz medalla qayıtdılar. Medalların dördü qızıl, ikisi gümüş, üçü isə bürünc oldu. Komandamızın heyətində atletlər Səid Nəcəfzadə, Lamiyə Vəliyeva, Orxan Aslanov və taekvondoçu İmaməddin Xəlilov qalib adını qazandılar. Vəliyeva, həmçinin bir gümüş medal əldə etməyi də bacardı. O, 100 metr məsafəyə qaçışda 11.76 saniyə göstərici ilə yeni dünya rekordu müəyyənləşdirdi. Roman Saley bir gümüş və iki bürünc, Sabir İsmayılov, Vəli İsmayılov və İlham Zəkiyev isə bürünc medalla yadda qaldılar. Yekun sıralamada Azərbaycan millisi 11 medalla 85 ölkə arasında 28-ci pillədə qərarlaşdı.

Avropaya səs salan “Qarabağ”

“Qarabağ” bu il də azarkeşləri avrokuboklardakı nəticələri ilə sevindirməyi bacardı. Növbəti dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “atlılar” H qrupunu 10 xalla ikinci pillədə başa vuraraq pley-offa yüksəldilər. Burada onlar Portuqaliyanın güclü “Braqa” klubu ilə qarşılaşdılar. Səfərdə 4:2 üstün parlaq qələbə əldə edən komandamız iki oyunun cəmində rəqibini 6:5 üstələyərək mərhələ adladı.
Avropa Liqasının 1/8 finalı idmanın şahı hesab edilən futbolda Azərbaycan futbolu üçün ilk idi. Daha əvvəl də “Qarabağ” pley-off oynamağı bacarmışdı, lakin daha irəli gedə bilməmişdi. Komanda 1/8 finaldakı oyunu ilə isə bütün Avropanı heyran etməyi bacardı. Ötən mövsüm Almaniya Bundesliqasını məğlubiyyətsiz çempion bitirən, Avropa Liqasında sonradan finala yüksələcək Leverkuzen “Bayer”i ilə qarşılaşmalarda “Qarabağ” nəinki rəqibindən zəif deyildi, hətta əksər azarkeşlərin fikrincə, daha güclü oynayan tərəf idi. Həm Bakıda, həm səfərdə matçın gedişi zamanı iki qolluq üstünlük əldə edən Qurban Qurbanovun komandası yekunda bəxtsizliklə üzləşdi və ümumi hesabda 4:5 hesablı yenilgi ilə mübarizəni dayandırdı. Lakin komandanın bu oyunu sonra da uzun müddət Avropa mediasının diqqətində qaldı.
Bu mövsüm isə “Qarabağ” ilk dəfə liqa formatında keçirilən Avropa Liqasının əsas mərhələsində çıxış edir. Qarşıda daha iki oyunu olan komanda növbəti mərhələ şanslarını saxlayır.

Ulduzlar Azərbaycan paytaxtında

Şübhəsiz, ilin ən böyük hadisəsi Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) idi. COP29 dünya idmanını da yaşıla bürüməyi bacardı. Tədbir çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizə alyansı yaradıldı. Buraya Avropanın və dünyanın bir sıra böyük klubları qoşuldular. FIFA prezidenti Canni İnfantino, türkiyəli əfsanəvi məşqçi Fatih Terim, “Barselona” klubunun prezidenti Joan Laporta, əfsanəvi keçmiş futbolçu Ronaldinyo Bakının qonağı oldular. Azərbaycan BMT-nin qlobal iqlim sammitləri tarixində böyük idman qurumlarının diqqətini bu sahəyə bu səviyyədə yönəltməklə imzasını atmış oldu.
İlin sonuna doğru isə azərbaycanlı futbolsevərləri sevindirən başqa bir böyük hadisə baş verdi. Bu dəfə “Qızıl top”un səkkizqat qalibi Lionel Messi və komanda yoldaşları - Luis Suares, Jordi Alba və Serxio Buskets paytaxtımızın qonağı oldu. Böyük fanat ordusu Messi və dostlarını canlı görmək imkanı qazandı.

Ümumi icmalı 2024-cü ilin Azərbaycan idmanı üçün olduqca məhsuldar və uğurlu olduğunu deməyə əsas verir. Qarşıdan daha məsuliyyətli il gəlir. 2025-ci ildə MDB Oyunlarına Azərbaycan - Gəncə ev sahibliyi edəcək. Əvvəllər bu səviyyədə idman tədbirlərinə məharətlə ev sahibliyi etmiş Azərbaycanın bunun da öhdəsindən uğurla gələcəyinə heç bir şübhə yoxdur. 

banner

Oxşar Xəbərlər