Özünüifşaya çevrilən təxribat

Özünüifşaya çevrilən təxribat

Cəmiyyət
04 Oktyabr 2019, 20:54 711
Oktyabrın 3-də Lüksemburqda Azərbaycanın "Qarabağ” futbol klubu ilə yerli "Düdelanj” klubu arasında keçirilən oyun zamanı ermənilər separatçı rejimin "bayrağı”nı daşıyan "dron”u stadion üzərində hərəkət etdirərək, növbəti dəfə təxribat törədiblər. Ermənilərin bu addımı "Qarabağ”ın oyunçuları və azarkeşlər tərəfindən etirazla qarşılanıb və nəticədə oyunda 20 dəqiqədən də artıq fasilə yaranıb. Təxribatla əlaqədar Lüksemburqun İdman naziri Dan Kerş futbolçularımızdan və Azərbaycan tərəfindən şəxsən üzr istəyib. O, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu söyləyib. Daha sonra nazir qondarma Dağlıq Qarabağ bayrağını qaldıran təxribatçıların tapılıb cəzalandırılacağını bildirib.
Artıq məsələyə Azərbaycan Xarici İşlər Nazirliyi münasibət bildirib. Belə ki, Azərbaycanın akkreditə olunmuş səfirinə Lüksemburq XİN-lə bu məsələ ilə bağlı danışmaq və təxribatın günahkarlarının lazımi məsuliyyətə cəlb olunmalarını tələb etmək tapşırılıb.
Baş vermiş təxribatla bağlı AFFA-nın yaydığı bəyanatda qeyd edilir ki, qurumun rəhbərliyi təcili şəkildə UEFA ilə əlaqə saxlayaraq, hadisə ilə bağlı narahatlığını ifadə edib. Bundan əlavə, AFFA artıq UEFA-ya şikayət məktubu ünvanlayaraq müvafiq qaydada ölçü götürülməsini tələb edib.
Onu qeyd edək ki, ermənilər hər zaman bu kimi təxribatlar törədir. Lakin görünən odur ki, ermənilərin budəfəki əməli özlərinə qarşı çevrilib. Belə olmasaydı, xarici media hadisə ilə bağlı yaydığı xəbərlərdə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasını vurğulamazdı. Bu da onu deməyə əsas verir ki, ermənilərini özünüifşası ilə yanaşı, dünyada Qarabağla bağlı yaratdıqları yalan informasiya blokadası darmadağın oldu.     
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Rauf Əliyev vurğuladı ki, ermənilər həmişə olduğu kimi bu dəfə də "Qarabağ”ın oyunu zamanı təxribata əl ataraq "dron” vasitəsilə stadiona separatçı rejimin bayrağını gətiriblər: "Onlar çox yaxşı bilir ki, "Qarabağ” hər yerdə Azərbaycanı təmsil edir, Qarabağ Azərbaycan deməkdir. Ona görə də, onlar komandamızın oyunları zamanı belə təxribatlar törədirlər. "Qarabağ” futbol komandasının rəhbərliyi, klubun azarkeşləri bu təxribata öz kəskin etirazlarını bildirərək oyunu dayandırdılar. Sonra oyun davam etdi. Onu da qeyd edim ki, artıq AFFA ermənilərin bu təxribatına görə UEFA-ya müraciət edib”.
R.Əliyev qeyd etdi ki, ermənilər əllərinə düşən bütün fürsətlərdən yararlanmaq istəyirlər: "Ancaq onlar artıq bilməlidirlər ki, Azərbaycan çox dəyişib və hazırda güclü iqtisadiyyata, orduya, beynəlxalq nüfuza malik bir dövlətə çevrilib. Azərbaycanın bütün uğurları da dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət nəticəsində əldə olunub. Artıq dünyanın hər yerində Dağlıq Qarabağın əzəli Azərbaycan torpaqları olduğu qəbul edilib.
"Qarabağ” klubu dünyanın ayrı-ayrı ölkələrində çıxış etməklə,  birinci növbədə Azərbaycanı təmsil edir. Komandanın Çempionlar Liqasında, Avropa Liqasında uğurlu çıxışları Azərbaycanın təbliğində böyük rol oynayır”.
Politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, "Düdelanj"-"Qarabağ" futbol matçı zamanı baş verən təxribatlar onu göstərir ki,  Ermənistan tərəfi, yaxud da ermənilər artıq özlərini tam cəzasızlıq vəziyyətində hiss edirlər: "Bundan irəli gələrək atdıqları addımlara görə özlərinə hesabat vermirlər. Təbii ki, bu da beynəlxalq ictimaiyyət tərəfindən izlənilir. Ermənistan tərəfi, ayrı-ayrı erməni qrupları aşkar şəkildə nümayiş etdirirlər ki, onlar üçün hər hansı bir dəyər qalmayıb. Sonuncu təxribat da bir daha sübut etdi ki, ermənilər istənilən addımı ataraq marginal maraqlarını təmin etməyə çalışırlar”.
E.Mirbəşiroğlu vurğuladı ki, sonuncu təxribat ermənilərin, o cümlədən Ermənistanın əsl simasını göstərir: "Yəni bu xalq və dövlət irticaçıdır, başqalarının dəyərlərinə məhəl qoymur və ümumiyyətlə, hər hansı prinsip və normalar bunlar üçün mövcud deyil. Bu baxımdan hesab edirəm ki, baş nazir Paşinyanın özünün də mövqeyi Ermənistanın özü üçün ifşaedici mövqedir. Futbol matçı zamanı təxribatın törədilməsi göstərdi ki, ermənilər çox irticaçı millətdir və onlara qarşı humanist davranmaq əks nəticə verir. Artıq ermənilərə münasibətdə sərt ritorika seçmək lazımdır. Fikrimcə, ermənilərin bu cür davranışları mənfi imiclərini daha da möhkəmləndirir”.
Siyasi şərhçi Azər Həsrət bildirdi ki, ermənilərin "Düdelanj” - "Qarabağ” oyunundakı törətmək istədiyi təxribat, əlbəttə ki, onların cılızlığından xəbər verir: "Böyük, özünə güvənən, öz varlığını sübut etməyə ehtiyac duymayan millətlər belə addım atmaz. Ermənilər bütün tarix boyu öz varlıqlarını sübut etmək gerçəyi ilə üz-üzə qalıblar. Yəni bunlar tarixin istənilən mərhələsində "biz varıq” deyə hayqırmağa ehtiyac duyublar. Əslində onlar var olduqları şəraitdə belə, yox kimi görünüblər. Dünya onları vecinə almayıb, saymayıb. Ümumiyyətlə, onları heç kim qəbul etməyib. Ona görə də, bu cür cılız addımlarla özlərini, varlıqlarını sübut etməyə çalışırlar. "Qarabağ” Futbol Klubunun da onların bu cılız hərəkəti qarşısında böyük hesablı qələbə ilə ermənilərə "şapalaq” vurduğunu xüsusi qeyd etmək lazımdır”.
A.Həsrətin sözlərinə görə, bunu Cənab Prezidentin "Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısındakı çıxışı zamanı "Qarabağ Azərbaycandır, nida işarəsi”, - deyərək qətiyyətli bir bəyanatının ardından baş verdiyini nəzərə almalıyıq: "Dövlət başçısı bu sözü deməklə bütün dünyaya mesaj verdi ki, Qarabağ heç bir halda Azərbaycandan qoparıla bilməz. "Qarabağ” Futbol Klubunun da məhz Avropanın göbəyində bu cür yüksək oyun nümayiş etdirərək qələbə qazanması, bir daha ondan xəbər verir ki, biz azərbaycanlılar özümüzü sübut etmək üçün heç bir əlavə faktora ehtiyac duymuruq. Ermənilər kimi cılız gedişlərlə özümüzü sübut etmək fikrində deyilik. Sadəcə olaraq, həqiqətləri dilə gətiririk, göstəririk. Və dünya bizi tanıyır, qəbul edir, amma erməniləri qəbul etmir. Onlar, sadəcə olaraq, bütün ömürləri boyu "biz varıq” deyə hayqırmaq məcburiyyətindədir. Futbol qarşılaşmasındakı təxribat da bununla bağlıdır”.
Qeyd edək ki, "Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşan oyundan sonra futbolçularımızı azərbaycanlı azarkeşlərin olduğu tribunanın qarşısına gələrək Azərbaycan bayrağı ilə şəkil çəkdiriblər və qələbəni bayram ediblər.

BƏXTİYAR