AZE | RUS | ENG |

Özü özünə qadağalar tətbiq edən adam - Keçmişdəki mən

Özü özünə qadağalar tətbiq edən adam - Keçmişdəki mən
Akif Təvəkküloğlu: “İnsan həyatda xoşbəxtliyi də, bədbəxtliyi də özü seçir”

Həyatda daim gözəllik axtaran, ən pis hadisənin belə mütləq yaxşı tərəfinin olduğuna inanan və onu tapan insandır. Deyir ki, insan əlində olana şükür etməyi və xoşbəxt olmağı bacarmalıdır. Ona görə, həyatda xoşbəxtlik də, bədbəxtlik də insanın əməllərinin nəticəsidir. Gözəllik axtarırsansa, onu mütləq tapacaqsan.
MüsahibimizMilli Məclisin Mətbuat katibi Akif Təvəkküloğludur. Həmsöhbətimizlə onun uşaqlıq, məktəb və tələbəlik illərinə boylandıq...
 
Gizlənqaç, çilingağac, futbol...
 
Rubrikamızın qəhrəmanı 1962-ci ildə İmişlidə, zəhmətkeş ailəsində anadan olub. Deyir ki, uşaqlığını doya-doya yaşayıb: "Uşaqlığımı qayğısız yaşayıb, normal ailədə böyümüşəm. Valideynlərim də, qohumlarım da əllərindən gələni ediblər ki, cəmiyyət üçün xeyirli övlad yetişdirsinlər. Rayon mühitində yaşayan hər bir uşaq kimi çilingağac da oynamışıq, ağacdan at düzəldib "çapmışıq”, futbol da oynamışıq, gizlən qaç da... O vaxtlar, indiki kimi, uşaqların məşğul olması üçün texnika - planşetlər, kompüterlər, maraqlı oyuncaqlar yox idi. Amma o dövrün də özünəməxsus gözəllikləri var idi”.
Müsahibimizin sözlərinə görə, dəcəl uşaq olmayıb: "Uşaq var ki, ancaq oyunlara meyillidir, uşaq da var, fikri-zikri kitabda, oxumaqdadır. Mən əyləncəmdən də qalmırdım, oxumağımdan da. Dəcəl uşaq deyildim. Dəcəllik edib kiminsə qəzəbinə tuş gəlmək, kiminsə qəlbinə dəymək, əsəbiləşdirmək, özündən çıxarmaq kimi xüsusiyyətlərim olmayıb. Məktəb illərində futboldan tutmuş, stolüstü oyunlara qədər, hamısı ilə məşğul olurdum. O vaxtlar müxtəlif dərnəklər var idi. Dərnəklərdə aktiv iştirak edirdim”.
 

 
O qədər borcluyam ki...
 
Həmsöhbətimizin sözlərinə görə, uşaqlıq illərindən ailəsi tərəfindən heç bir qadağaya tuş gəlməyib. Deyir ki, valideynləri ona o qədər güvənib ki, bütün qadağaları məhz valideynlərini incitməmək, güvənini qırmamaq üçün özü-özünə qoyub: "Atamın ruhu və anamın qarşısında özümü o qədər borclu hiss edirəm ki... Ola bilsin ki, o dövr üçün inandırıcı deyil, amma mənə heç bir qadağa qoyulmayıb. Valideynlərim tərəfindən "ora getmə”, "bura getmə” kimi söhbətlər olmayıb. Sadəcə, ailədə elə mühitdə böyümüşəm ki, qadağaları özüm özümə qoymuşam. Hər dəfə addım atanda düşünürdüm ki, bu addımım atamı, anamı əsəbiləşdirməyəcək ki? O addımı nə qədər çox atmaq istəsəm də, özümdən çox valideynlərimin nə hiss edəcəyini düşünür, hesablayırdım. Halbuki heç bir qadağam yox idi. Onların inciyib, pərişan olmamaları üçün o qadağaları özüm təyin edir və qoyurdum. Düşünürdüm ki, ailəm mənə bu qədər inanırsa, o etimadı doğrultmalıyam”.
 
"Özümü çərçivələməyə məcbur idim”
 
A. Təvəkküloğlu məktəb illərində də nümunəvi şagird olub. Bütün fənlərdən "5” alsa da, texniki fənləri sevərək oxumayıb: "O vaxt müxtəlif təşkilatlar olurdu. Oxumaqla yanaşı, həm də ictimai həyatda fəal şagird idim. Təşkilatlarda aparıcı qüvvələrdən biri olmuşam. Təşkilatın özünün ağırlığı, sanballılığı olduğu üçün hərəkətlərimi çərçivələməyə məcbur idim. Həmin təşkilatın üzvləri özlərini nümunəvi aparmağa borclu idilər. Məktəbdə bütün fənləri yaxşı oxuyurduq və çalışırdıq ki hamısından yüksək qiymət alaq. Amma təbii ki, onların içində hər bir insanın sevdiyi və seçdiyi fənləri  olur. Mən humanitar fənləri daha çox oxuyurdum və gələcək həyatımı müəyyənləşdirən fənn kimi görürdüm”.
 
"Müəllim olmağı arzulayırdım”
 
Həmsöhbətimiz deyir ki, uşaqlıqda müəllim olmağı çox istəyib. İndi də müəllimlik sənətinin vurğunudur. Hətta onun müəllimi ilə səhv dialoqu belə, bu sənəti sevməsinə mane ola bilməyib: "Məktəb illərində müəllim olmağı çox arzulayırdım. Müəllimlik sənətinə o qədər vurğun idim ki... Elə bilirdim ki, məndən çox bu sənəti sevən yoxdur.  Hətta bir dəfə müəllimim bizə dedi ki, uşaqlar, çalışın müəllim olmayın. Müəllimlik əsəb gərginliyi yaradan, insanı tez qocaldan peşədir. O qədər pis oldum ki... "Müəllim, siz niyə belə deyirsiniz? özünüz müəllim kimi bunu təbliğ etmək əvəzinə, bizi bu sənətdən soyudursunuz, müəllimlik sənəti mənim üçün alidir” dedim. Mənə dedi ki, gələcəkdə müəllim olarsan, onda  bilərsən müəllimlik nə deməkdir.  İndi də müəllimlik sənətini çox sevirəm və müəllimlərə  böyük hörmətim var”. 
 
 

"Əgər indidən belə alovlansan, tez kül olarsan”
 
Həmsöhbətimiz 5-ci sinifdən şer yazmağa başlayıb. Lakin nəticəsi o qədər də, yaxşı olmayıb: "Orta məktəb vaxtlarında, hardasa 5-6-cı siniflərdə oxuyanda bir şeir yazdım. Bu şeir müəllimlərimizdən birinin əlinə keçdi. Məni çağırdı və "sən çox tez yanmağa başlayıbsan, əgər indidən belə alovlansan, tez kül olarsan, bir də belə şerlər yazma” dedi  O vaxt sevginin nə olduğunu yavaş-yavaş anlamağa başlayırdıq. O vaxtdan yazdığım şerləri də gizlədir, ortaya çıxarmırdım”.
 
- Akif müəllim, indi sevginin nə olduğunu tam anlayırsınızmı? Həqiqətən tez yanan, kül olur?
 
- Sevgi insanı yandırar da, ucaldar da, endirər də. Yananlar sevgi yaşamayıb, ondan oyuncaq kimi istifadə edənlərdir. Sevgidən necə yanmaq olar axı, onun yanğısı da gözəldir, sərinlikdir...  İnsanı o oyunlar dəli edər, yandırar. Sevgi dəli etməz... Sevgi insanları bir-birinə elə bağlayır ki, onu qırmaq mümkün deyil. O qırılırsa, deməli orda sevgi olmayıb. Mən öz ailəmin timsalında sevgimi yaşamışam, yaşayıram və nə qədər ömrüm var o sevgi ilə yaşayacağam. Sevgi əsas xətdir. Sonra o sevgidən uşaq dünyaya gəlir. Bu sevgilər artdıqca, onu yaradan qadınla kişinin də sevgisi arta-arta getməlidir. Sevgiyə heç nə xələl gətirə bilməz. Əgər xələl gətirirsə o sevgi deyil.
 
"Universitet əsl həyat məktəbi idi”
 
Müsahibimiz orta məktəbi 1979-cu ildə bitirib, əmək fəaliyyətinə İmişli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində başlayıb. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaşünaslıq və biblioqrafiya fakültəsinə daxil olub. Deyir ki, tələbəlik illəri ömrün ən gözəl illəridir. 5 il yaşadığı o illərlə fəxr edir: "Universitetə gələndə şəhər mühiti ilə tanışlığım var idi. Amma ailədən kənarda qalmaq çətindir. İlk dəfə müstəqil həyatın nə olduğunu dərk edirdik. Həyatı, özümüzü anlamağa başlayırdıq. Ata-anadan ayrılmaq nə qədər çətin idisə, tələbəlik illərinin də bir o qədər şirinliyi var idi. Bu illərin gözəlliyi onda idi ki, ilk növbədə şəhər mühitində tək yaşayırsan. Fərqli regionlardan olan insanları tanıyır, fərqli aura ilə qarşılaşırsan. Tələbənin işi oxumaq və vaxtında dərsə getməkdir. Bu qiymətləndirilirsə, bundan şirin nə ola bilər ki? Üstəlik, nümunəvi tələbə olduğum üçün ikinci kursdan Komsomol Təşkilatının fakültə üzrə katibi seçildim və universiteti bitirənə qədər bu vəzifəni icra etdim. Bu, əsl həyat məktəbi oldu. Komsomol katibi olmağım üstümə daha çox məsuliyyət qoyurdu. Hansısa fənni zəif bilməyə haqqım yox idi. Ona görə dərslərimi əla qiymətlərlə oxuyur, əlaçı təqaüdü alırdım”.
 

 
"Çığırtma, bozbaş bişirirdim”
 
Müsahibimiz tələbəlik illərində tək yaşadığı üçün yeməkləri özü hazırlamaq məcburiyyətində qalıb. Deyir ki, dadlı çığırtma və bozbaş bişirir: "Çığırtma, bozbaş və kartof ən çox sevdiyim yeməklər idi. Mexanizmini elə bilirdim ki, tez və rahat hazırlayırdım. Bəlkə də bir xanımdan daha tez hazırlaya bilərdim. Tələbə yoldaşlarım da dadını tərifləyirdilər”.
 
"Sağlamlıq ən böyük xoşbəxtlikdir”
 
A.Təvəkküloğlu özünün də yuxarıda qeyd etdiyi kimi, əsl sevgini dadaraq ailə qurub və həyatının hər anını xoşbəxt yaşadığını deyir. Düşünür ki, insan həyatda xoşbəxtliyi də, bədbəxtliyi də özü seçir: "Biz artıq nənə-babayıq, amma sevgimiz heç vaxt azalmayıb. İnsan özü-özünü xoşbəxt etməyi bacarmalıdır. Özünü xoşbəxt edən insan, qarşısındakını da xoşbəxt edəcək. İnsan ətrafında gördüyü hər şeyi sevməlidir. Azla da eyni xoşbəxtliyi yaşamalısan, çoxla da. Əgər xoşbəxtliyi maddiyat üzərində qursan, o, az olanda bədbəxt olacaqsan, çox olanda xoşbəxt. Səhərin açılmağı da xoşbəxtlikdir, gecənin gəlməyi də. Bir təam qəbul edirsənsə, yağ-bal da olsa, şor da olsa onu xoşbəxt insan kimi yeməlisən. Yeyirsənsə, deməli sağlamsan, sağlamlıq ən böyük xoşbəxtlikdir. ”
 
"Optimist olun”
 
Sonda gənclərə məsləhət verən müsahibimiz vurğuladı ki, həyatda hər zaman gözəllik axtarın ki, gözəllik də sizinlə olsun: "Mən öz övladlarıma da deyirəm ki, siz nə edirsiniz edin, hansı sənət sahibi olursunuzsa olun, amma halallıq yolundan çıxmayın. O yol sizi işıqlığa aparacaq. Bütün gənclərə arzum odur ki, optimist olsunlar. Hər bir şeydə gözəllik axtarsınlar. Çünki həyatda nəyi axtarırsansa, onu tapacaqsan. Gözəllik axtarırsansa, mütləq qarşına çıxacaq”.

Aygün ƏZİZ
 



 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6504
GBP 1 İngilis funt sterlinqi 2.2363
TRY 1 Türk lirəsi 0.2688
KWD 1 Küveyt dinarı 5.6131
SEK 1 İsveç kronu 0.1908
EUR 1 Avro 1.9876
CHF 1 İsveçrə frankı 1.7667
USD 1 ABŞ dolları 1.7000