Ziyalı müsəlman qadını nümunəsi

Şərq ölkələrinin müəyyən dövrlərdə ən böyük
problemlərindən biri də təhsil olmuşdur. Əslində mədəniyyətin beşiyi Şərq
olduğu kimi, elə elm və təhsilin də beşiyi Şərq sayılır. Hələ əsrlər öncə
Bağdadda darülfünun, yəni universitet səviyyəli məktəb fəaliyyətə başlayıb. İlk
alimlər - avropalılardan da öncə daha səhih məlumatları yazan ziyalılar məhz Şərq
ölkələrindən çıxmışdır. Amma çox heyiflər, Şərqdəki bəzi hadisələr nəticəsində
cəhalət baş alıb getmişdir. Lakin yenə də Şərq insanının içindəki elm və təhsil
eşqi sönməmiş, özünü ayrı-ayrı ziyalıların nümunəsində göstərmişdir.
Maarifçilik
Azərbaycan maarifçilik hərəkatı demək olar ki, XIX əsrdən
başlayır. Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh,
Xurşudbanu Natəvan, Nəcəf bəy Vəzirov və digərləri maarifləndirmə işini həyata
keçirmiş ziyalılardan olublar. Onlardan biri də Azərbaycan mətbuatının əsasını
qoymuş Həsən bəy Zərdabidir. O, həm də ilk teatrın səhnəyə qoyulmasında böyük əziyyət
çəkmişdir. Elə həyatını da, özünü xalq üçün fəda etmiş, işlərində kömək göstərmiş
biri ilə birləşdirib. Bu, Hənifə xanım Abayeva idi.
Məlikovanın
xanımlığı
O, 1856-cı ildə Şimali Qafqazda, Nalçik şəhərində
dünyaya gəlib. Həmin dövrdə qadının təhsil alması, maariflənməsi çox çətin bir
məsələ idi. Lakin Hənifə xanım o dövrün təhsilli qadınlarından olub. Elə onun Həsən
bəylə tanışlığı da təhsil sahəsindən başlayıb. Sabir Gəncəli yazır ki, bir gün
Zərdabi "Qafqaz” qəzetində "Müqəddəs Nina məktəbi”ndə təhsil alanların
siyahısına baxarkən Hənifə xanımın adını görür və onu xəyalında təsəvvür edir.
Daha sonra Zərdabi Tiflisə gəlmiş, orada Hənifə xanımla tanış olmuş və elə o
vaxtdan da həyatlarını birləşdirmişlər.
Hənifə xanım Məlikova Həsən bəyin təkcə ömür-gün
yoldaşı deyil, həm də tale yoldaşı olub. Onun bütün işinin ağırlığını çiyinlərində
daşıyıb. Bir ziyalı, maarifçinin qadınına yaraşacaq şəkildə davranıb.
Məlikovanın
maarifçiliyi
Hənifə xanım XIX əsrin ilk maarifçi qadınlarından
olub. Onun elm və təhsil sahəsində Həsən bəylə bərabər gördüyü işlər həmin
dövrün ziyalı qadınlar mühitinin formalaşmasında çox böyük rol oynayıb. Hənifə
Məlikova ilk olaraq öz ailəsində elm və təhsili formalaşdırıb, övladlarının tərbiyəsində
maarifin necə ciddi yer tutduğunu göstərib. Bunun səbəbidir ki, onun Qəribsoltan
adlı qızı, elə anası Hənifə xanımın yolunu davam etdirərək müəllimə kimi fəaliyyət
göstərib.
Zərdabinin
xatirat müəllifi
Azərbaycan mətbuatının əsasının qoyulması prosesini
Həsən bəy Zərdabinin "Rusiyada əvvəlinci türk qəzetəsi” məqaləsindən öyrənirik.
Lakin burada daha çox lakonik məlumatlar var. Həmin işin ətraflı tərəfini Hənifə
xanım qələmə almış, "Həsən bəy Məlikov-Zərdabinin tərcümeyi-halı”nı ərsəyə gətirmişdir.
Burada, o, Həsən bəyin ümumi maarifçilik işlərini, qəzet nəşr etdirmək uğrunda
çəkdiyi əziyyətləri və bütün xeyriyyələrini əks etdirmiş, Azərbaycan mətbuatının
banisinin müasir dövrə ciddi ensiklopedik məlumatlarını göndərmişdir.
Qadın, müəllim,
tərbiyəçi və daha...
Hənifə xanım Məlikova, əvvəla ziyalı müsəlman
qadını, daha sonra Həsən bəy Zərdabinin həyat yoldaşı, yol və məslək yoldaşı
idi. Ondan da sonra müsəlman qızların mənəvi anası idi. Müəllimi, sənət öyrədəni,
həmsöhbəti və daha necə yoldaşları idi. Elə "Əkinçi” qəzetinin səhifələrində də
qadın maarifsizliyi probleminin yazılmasına rast gəlmək olur. Bunun səbəbdəndir
ki, Hənifə xanım daim müsəlman qızlarının təhsilli olması üçün çalışmış, bunun
üçün əlindən gələndən də çoxunu etmişdir. 1901-ci ildə xeyriyyəçi, Bakı
milyonçusu Hacı Zeynalabdin Tağıyev qız məktəbini yaradarkən onun müdirliyini Hənifə
xanıma həvalə etmişdi. Hənifə xanım bu məktəbdə təkcə müəllimə deyildi. Dərsdən
əlavə vaxtlarda qızlarla həmsöhbət olar, onların suallarını cavablandırar, elm
və irfan yolunda irəliləmələrinə köməkçi olmağa çalışardı. Dünyəvi elmlərlə bərabər,
Məlikova müsəlman qızlara müxtəlif sənətlər də öyrədər, toxumağı, tikməyi, digər
xanımlıq işlərini məşq etdirərmiş. Başqa sözlə desək, o, bütün qızlara ana
olmuşdur.
Hənifə xanım 1905-ci il I Rusiya inqilabından sonra
1909-cu ildə yaradılmış yeni rus-tatar qız məktəbinə də müdirlik etmiş, onu
inkişaf etdirərək şagird və sinif sayını çoxaltmışdır. Həmçinin, "Nicat”
xeyriyyə cəmiyyətinin bir qolu kimi yaradılmış ziyalı qadınlar cəmiyyətinə sədrlik
etmişdir. Xanım ziyalıların bu təşkilatı bir müddətdən sonra artıq müstəqil cəmiyyətə
- "Bakı Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti”nə çevrilmişdir.
Müasir dövrün
klassik nümunəsi
Keçmişimiz gələcəyimizdir. Hər şey keçmişdən
yaşanaraq qazanılan təcrübələr əsasında qurulur. Yüz illik dövlətçilik ənənəsi
olan bir dövlətin on illik ənənəsi olan dövlətdən güclü olması təbiidir. Yüz
illik təhsil sistemi olan bir dövlətin təhsildəki uğurları on illik təhsil
sistemi olan bir dövlətdən daha güclüdür. Çünki hər şey təcrübədən asılıdır. Təcrübə
də zamanla formalaşır. Ən əsası isə odur ki, bu təcrübələri oxuyub, öyrənib,
bilmək gərəkdir ki, onlardan istifadə etmək mümkün olsun. Onları müasir dövrlə
qarşılaşdırıb nələri, necə mənimsəməyi bilmək olsun. Bu günün qadını da klassik
dövrün qadınını nümunə götürməlidir. Təhsildə, elmdə qadağaların olmadığı bir
dövrdə qadınlar üçün mübariz xanımların fəaliyyəti nümunə olmalıdır. Elə ilk
ziyalı müsəlman qadınlarından olmuş Hənifə xanım Abayeva-Məlikovanın fəaliyyəti
kimi. Hörmətli xanımlar, ziyalı, özünüzdən sonrakılara nümunəvi biri olmaq
sizin üçün ən müqəddəs işdir. Çünki bir qadının ziyalı olması bir ailənin
ziyalı olması deməkdir. Bu isə bir cəmiyyətin ziyalı olmasına doğru yol alır.
Belə şərəfli yolda müvəffəqiyyətlə getmək üçün isə həmin yolu şərəflə getmiş
xanımlarımızın addımlarını bilmək gərəkdir. O addımları ilk olaraq atmış Hənifə
xanım kimi...
Nurlan Ağa,
BDU
Jurnalistika, IV kurs
