Zaqatalada oturub ABŞ-la əməkdaşlıq edən azərbaycanlı - Uğur hekayəsi

Azərbaycanın
dünyanın mərkəzi olmadığını düşünür. Bu aspektdən çıxış edərək, deyir ki, öyrənib,
çalışdığın sahəni sırf öz ölkənin tələbatına uyğun hesablamamalısan. O, MySQL
sistemini öyrənməyə başlayanda "bizdə ona tələb yoxdur, vaxt itirirsən”, "boş
şeydir, bizim bazar üçün nəsə öyrən” kimi fikirləri eşidib, amma onun öyrəndikləri
boşa getməyib.
Müsahibimiz
hazırda Zaqatalada yaşayan, müstəqil kontraktla baş ofisi ABŞ-da yerləşən "Percona
LLC”də Backup həllər üzrə keyfiyyətə nəzarət mühəndisi vəzifəsində çalışan Şəhriyar
Rzayevdir.
Qeyd edək
ki, Ş.Rzayev həmçinin, "Azərbaycan MySQL User Group” və "Azərbaycan
Python User Group”un yaradıcısıdır. Sosial mühitdə texniki fəaliyyətlərindən
dolayı, "2015 MySQL Contributor Award”a layiq görülüb. "OCP MySQL Administrator”
və RHCSA sertifikatlarına sahibdir. Əvvəllər "Multibon”, "Web Dreams”,
"Pasha Bank”, "APA Holding”də çalışıb.
Qeyd edək
ki, Ş.Rzayev 1989-cu ilin 24 oktyabrında Bərdə rayonunun Kətəlparaq kəndində
doğulub. 1992-ci ildə Bakıya köçüblər. İbtidai sinfi Bakıdakı 286 nömrəli orta
məktəbdə bitirib, orta təhsilini isə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində
alıb. 2007-2011-ci illərdə İqtisad Universitetinin maliyyə fakültəsində təhsil
alıb.
- İxtisasınız maliyyəçidir, amma bu gün
çalışdığınız sektor İT-dir. Niyə İT?
- Üçüncü
kursda oxuyanda rus saytlarının birində bir kod yazılışını gördüm. Nə olması ilə
maraqlandım. Həmin vaxta qədər kompüterin ekranının şəklini çəkməyi belə
bilmirdim. Sonra o kodla maraqlandım və gördüm ki, əsl mənlik işdir. 3-cü kursa
qədər dərslərə önəm verirdim, qiymətlərim yaxşı idi, proqramlaşdırmaya meyillənəndən
sonra artıq universitetin dərsləri mənim üçün formal xarakter aldı. Hiss etdim
ki, səhv yerdəyəm, ruhum maliyyəçi deyil. Daha əvvəl belə bir şeyin olduğunu
görsəydim, elə bu sahə üzrə təhsil alardım, ixtisasımla işim uyğun olardı. Amma
həyat belə gətirdi, mən onun üstündə də çox durmadım. İnsan həvəsi olduğu işi
görməlidir.

- Maliyyəni
özünüz seçmişdiniz?
- Bəli,
öz seçimim idi. Mənə kompüter gec – 18 yaşımda alınmışdı. Ondan daha əvvəl
alınsaydı, bəlkə də həvəslənib məşğul olduğum sahənin ixtisasını seçərdim. Həm
də həmin dövrdə ətrafımda İT, proqramlaşdırmanın nə olduğunu bilən, bunu mənə
izah edən adam yox idi. Mən türk liseyini bitirmişəm, universitetə yüksək balla
daxil olmuşdum. Maliyyəyə həvəsim olduğu üçün onu seçmişdim. Belə bir ixtisasla
tanış olsaydım, bunu seçərdim.
- Bu sahədə təhsil almamağınız sizin üçün hər hansı
boşluq yaratmadı?
- Mənəvi
boşluğu daha çoxdur. Amma maddi tərəfdən yanaşsaq, üstünlüyü oldu. Bəzən
universitetin bir ilə keçdiyi dərsi mən məcbur olub bir-iki aya öyrənmişəm.
Universitetin qazandırdığı üstünlük odur ki, hər gün orda olursunuz, əlinizdə
çoxlu ədəbiyyat və yanınızda başa düşmədiyiniz nəsə olanda, soruşacağınız müəllimlər
olur. Həm də ki, mərhələ-mərhələ irəliləyirsiniz. Çatışmazlıq, nəyi, necə öyrənəcəyinlə
bağlı əlində bir planın olmamağıdır. Mən araşdıra-araşdıra qarşıma çıxan hər
şeyi öyrəndim, axırda irəliləmək üçün bir yol seçdim. O yolu seçənə qədər demək
olar ki, hər şey haqda oxuyurdum. Müvafiq təhsil alsaydım, mənə konkret nə
lazım olduğunu bilərdim.

- Sahəniz üzrə
sosial cəhətdən aktivsiniz. Bəs bu iş şəbəkəsini necə qurdunuz?
- Mənə
görə, hər kəs özünə hörməti qazandığı və paylaşdığı biliyi ilə əldə edir. Bizim
ixtisasda hər hansı görünməz əl yoxdur. Kodu ya yaza bilirsən, ya da yox. Bu mənada
"Facebook”da öz sahəmlə bağlı aktiv
paylaşımlar etməyə başladım. MySQL məlumat bazası idarəetmə sisteminin adıdır.
O sistemi öyrənəndən sonra öz dilimizdə bu sahədə bloq üçün yazılar yazdım.
Buna hobbi olaraq başlamışdım. "Facebook”da qrup açdım, sonra aktivliyimiz
çoxaldığı üçün o qrupu rəsmi olaraq da tanıtdıra bildim. Məqalələr yazıb
paylaşırdım, verilən suallara düzgün cavab verildiyini görürdülər. Belə-belə,
zamanla özünə digərlərinin arasında yer edirsən, bir müddət keçəndən sonra o
digərlərini də keçirsən və sən artıq kiməsə yol açırsan. Həyatın qanunu hər işdə
belədir.
- Həm də Azərbaycanda İT sahəsində "open source”
texnologiyalarını təbliğ edirsiniz.
- Buna
"açıq qaynaq kod” deyirlər. "Open source” məntiqində sizin çox bilməyinizə
deyil, çox paylaşmağınıza diqqət edirlər. Öyrəndiklərinizi paylaşırsınız. Mənə
maraqlı olan bir yeniliyi tapıb öyrənən kimi, onun haqda məqalə yazıram.

- Yazıb paylaşmaq da vaxt alır. Bu, işə
ayıracağınız zamandan kəsməyə gətirib çıxarmır?
- Bizdə
rəhbərlik iş vaxtı işçisinin məqalə yazdığını görsə, ya danlayar, ya da deyər
ki, bekarçılıqdan yazır. Amma xarici ekspertlər buna başqa cür yanaşırlar,
sosial məsuliyyətiniz varsa, onlar üçün daha dəyərlisiniz. Yəni işəgötürmə tələblərində
buna önəm verirlər. Bir də, yazdığınız kodları açıq şəkildə paylaşmağınız məsələsi
də onlar üçün vacibdir. İstənilən insan o kodu götürüb öyrənə bilir. Təbii ki,
burda çalışdığın şirkətin icazəsi olmalıdır. Hazırda çalışdığım şirkət özü
"open source” ilə məşğuldur. Onun yazdığı bütün kodlar açıq olduğu üçün bizim
yazdığımız kodları paylaşmağımız problem deyil. Amma yerli bazarda belə bir şey
yoxdur.
- Bir az da hazırda çalışdığınız şirkət haqqında
danışaq...
- "Percona
LLC”nin baş ofisi ABŞ-ın Kaliforniya ştatında yerləşir. İşçilərinin hamısı -
ABŞ vətəndaşlarından başqa – müstəqil kontraktla çalışırlar. Ofisdə oturmaq tələbi
yoxdur, öz ölkəndə oturub, o şirkət üçün işləyirsən. Dünyanın bir çox qlobal
şirkətlərində bu cür mexanizmlə çalışan işçilər var. Bizim şirkətdə
çalışanlarla bir illik müqavilə bağlanır, ilin tamamında yenilənir. Əgər yeniləməyəcəklərsə,
üç ay əvvəldən məlumat verirlər. Dolğun işləyirsinizsə, yeniləyirlər. Maaş həmin
ölkəyə nəzərən yüksək olur.

- Maaş da
yüksək verilirsə, niyə evdən işlədirlər?
- Əgər o
şirkət məni hazırda Amerikaya aparsa, yerdəyişmə paketi versə, gərək indikindən
4-5 dəfə artıq maaş versin, sığortalasın, kirayəmizlə məşğul olsun, təhlükəsizliyi
təmin etsin və s. Bir də xaricdən işçi gətirmək üçün dövlətdən iş icazəsi
almalıdır. O isə əlavə xərc və prosedurlardır. Ona görə standart olaraq belə qəbul
edirlər ki, işçilər öz ölkələrində oturub onlar üçün işləsinlər.
- İş mühiti
necədir? Rəhbərlə əlaqəniz varmı?
-
Müqayisə edim, universitetdə oxuyanda rektor dəhlizə çıxanda bizi siniflərə
qovurdular. Halbuki rektor tələbələrlə ünsiyyətdə olmalıdır. Azərbaycanda bir
çox yerdə rəhbər məcburi hörmət olunan və qorxulu bir şəxsdir. Bizdə
devalvasiya olanda mən işlədiyim şirkətin rəhbəri yazmışdı ki, yaxşılıqdı, hər
hansı problemin yoxdur? Məsələn, mən məqalə yazıram, onun bundan heç xəbəri
olmaya da bilər. Məqaləni oxuyandan sonra mesaj yazır ki, yazını oxudum, əladır.
Görmədiyimiz şeylərdir (gülür).
- Nə qədər
vaxtdır ordan çalışırsınız?
- 2015-ci ilin oktyabrından...

- Maraqlıdır,
Zaqatalada oturub dollarla maaş almaq necə hissdir?
- Çox gözəl hissdir (gülür).
- Niyə Bakı
yox, Zaqatala?
- Əgər
işiniz Bakıda deyilsə, qazancınız ordan asılı deyilsə, Bakıda qalmağa bir səbəb
görmürəm. Həm tıxac, həm ətrafdakı stress insana təsir edir. Üstəgəl, qida da
rayondakı kimi təbii deyil. Burda balın, qaymağın keyfiyyəti ilə yanaşı, qiyməti
də münasibdir. Rayonda olmağın mənəvi üstünlüyü də var. Kitab yazmağa da vaxt
ayırıram. Bakıda buna imkan edə bilmirdim, fikrim çox yayınırdı. Bizim iş incəsənət
kimidir, gərək diqqətini yayındırmayasan. Rayonda yaşamaq daha yaxşıdır, hamıya
da məsləhət görürəm. Zaqatalanı seçməyimə gəlincə, bir qohumumuzun iş təyinatı
bura olmuşdu, burda yaşayırdı. Mən onları ziyarətə gəlmişdim, gördüm ki, qonaq
kimi gəlmək yox, elə burda yaşamaq da olar.
- Bakıya tez-tez
gəlirsiniz?
- İ ş
olandan-olana gəlirəm. Məcbur qalmadığım müddətdə gəlmirəm.
- Dediniz ki,
kitab yazırsınız. Nə vaxta hazır olar?
-
Yazdığım hər bir hissəni paylaşıram, yəni onu da "open source” eləmişəm. Hər kəs
girib oxuya bilər, kitab yazmaqdan hər hansı maddi maraq güdmürəm.

- Adətən, çox adam evdən işləməyə üstünlük vermir
ki, vaxt bölgüsü apara bilmir. Evdə iş rejiminiz varmı?
- 2 və
3-cü günlər səhər saat 9-da "Hangout”da iclas olur. Həmin vaxt orda iştirak etmək
lazımdır. Digər vaxtlarda səhər tezdən durmaqla bağlı tələb yoxdur. Neçə saat
işlədiyinə yox, necə işlədiyinə baxırlar. Hər həftənin birinci günü həftəlik raportları
veririk, orda bilinir ki, bu adam bu həftə işləyib, yoxsa yatıb. O raport da, məndə
çox vaxt dolğun olur, ona görə heç vaxt problem yaranmır. Tutaq ki, sənin 2-ci
gün işin çıxır, yaxud ürəyindən işləmək keçmir, onu 6-cı günlə kompensasiya
edib, bir gün işləməyə də bilərsən. Evdə işləməyin insanın fikrini yayındırması
ilə razılaşmıram. Təbii ki, evdəsinizsə, çörək lazım olursa, gedib siz almalı
olacaqsınız. Amma evdə öz otağın, internetin, yaxşı şəraitin varsa, burda həm
kitabınızı oxuyursunuz, həm də işləyirsiniz. Lazım olanda fasilə verirsiniz.
Burda bir-iki saat piyada gəzməyə də vaxt ayırıram.
- Daim evdə
işləmək maraqsız olmur?
- Əslində,
harda işləyəcəyim mənim öz istəyimə bağlıdır. Bakıda olanda, evdə işləmək istəməyəndə
"kovorkinq mərkəzi”nə də gedirdim, bir il BBF-in ofisindən istifadə etmişəm. Səhər
çıxıb, axşam gəlmişəm. Evdə işləmək istəməyəndə kompüteri götürüb sakit bir
kafedə də oturub çalışmaq olar. Heç nə problem və bəhanə ola bilməz.

- Belə başa düşdüm ki, hələ işinizi dəyişmək
fikriniz yoxdur...
- Əgər çalışdığın yerdə sənə qiymət verilirsə,
maddi tərəfdən də qane edirsə, niyə dəyişək? Maaşı daha çox olan, yeni pəncərələr
açan şirkət olsa, dəyişərəm. Ümumən dəyişmək fikrim var, lakin hələ bəzi şeyləri
öyrənməliyəm.
- İT sahəsinə
yeni gələnlərə sözünüz varmı?
- Ən çox
aldığım mesaj o olur ki, hansı istiqamətə yönəlim? Bəzən hər kəs öz çalışdığı
istiqaməti deyir, amma proqramlaşdırmanın fərqli sahələri var və ora da yönəltmək
olar. Daha dolğun, üst təbəqə sayılan sahələr var ki, Azərbaycanda onu öyrənmirlər,
çünki burda həmin istiqamətlərə uyğun iş yoxdur. Amma bu o demək deyil ki,
özümüzü Azərbaycanla çərçivələməliyik. Dünyadakı tendensiyanı araşdırsınlar.
5-6 aylıq əziyyətdən sonra nəticə alınır. Onlayn işlər çoxdur. Sadəcə, nəyisə
öyrənib, onun arxasınca getmək lazımdır. "Open source” məhsullara dəyər versinlər.
"Yaşım çoxdur, tez-bazar nəyi öyrənib pul qazana bilərəm” sualı ən pis təsir edən
suallardan biridir. Bu məntiqlə yanaşanda, insan uğurlu ola bilmir. Pulu yox, həvəsi
fikirləşmək lazımdır. Bəhanə gətirmək lazım deyil ki, mənim istiqamətim fərqlidir.
O bəhanə kimdə keçsə də, məndə keçmir. Digər bir nüans odur ki, yenilikləri
daha gözəl, paylaşaraq öyrənməliyik. Bir də sual verirlər ki, kompüter mühəndisliyi
ilə bağlı ölkədə, yoxsa xaricdə təhsil alaq? Sözsüz, ki xaricdə. Böyük şirkətlər
dünyaca məşhur universitetlərdə xüsusi istedadlı insanları tapmağa çalışırlar.
O universitetlərdə olmaqla hardasa min addım irəlidə olursunuz. Müvafiq olmayan
təhsil alırsınızsa, artıq o min addımı atmaq öz üzərinə düşür. Bir də "Tvitter”
hesabına fikir vermək lazımdır. Bütün şirkətlər, ekspertlər əsas fikirlərini
orda paylaşırlar. Mənə iş təklifi ordan gəlmişdi.

- Seçdiyiniz yolda uğurlu olmaq üçün hansısa metodunuz
varmı?
- Nəyi
öyrənirəmsə, onu yazıram, paylaşıram. Daim əlaqədə oluram, yeni insanları
tanıyıram. Amerikalılarla bizim beyin fərqimiz nə ola bilər ki? Gendə xüsusi fərq
görmürəm. Çox çalışıb, daha yaxşı mütəxəssis olmağı bacarıblar. Əgər bu xüsusi
bir istedad olsaydı, məndə 10 yaşımda
özünü göstərərdi, göstərməyibsə, deməli, çalışmaqdan asılıdır.
Aygün
Asimqızı
