Zanbaqlarda toplanan sevgim…

Zanbaqlarda toplanan sevgim…

Gənclik qəzeti
16 Aprel 2016, 09:42 1558
Ana... Əslində ana sözü yaddı mənə. Hələ öz doğma “mama”ma ana deyə bilmirəm. Bu, çox uşaqlarda var. Hətta “papa”ma da ata deyə bilmirəm. Təbii ki, mühitdir səbəbkar. Nəsə, bunlarla bağlı uzunçuluq etmirəm. Uşaqlar var ki, ananın kim olduğunu bilmir. Uşaqlar da var ki, bunu bilir, ancaq analıq görməyib. Analıq görməyib deyəndə ki, nə ana ona öz tükənməz sevgisini bildirib, nə də bala. Mən də onlardanam.

Bəzən olub özüm özümdən şübhələnmişəm ki, axı niyə mən beləyəm?! Anam mənə adi bir sevgi nümunəsini göstərə bilməsə də, mən göstərim. Axı kimsə addım atmalıdır. Amma dərk etmirdim ki, anam elə məni yuxudan oyadanda, süfrə başına çağıranda, dərs oxumağa səsləyəndə sevgi nümunələrini sərgiləyirdi. Mənsə anamdan çox, olduqca böyük bir şey gözləyirdim. Elə bilirdim ki, mütləq daim məni sığallamalı, öpməli, nəvaziş göstərməli idi. İndi səhv düşündüyümü anlayıram. Tələbə olandan anlayıram. Niyə axı insanlar ayrıldıqca bir-birlərinin qədrini daha çox bilirlər? Mənim kimi. İndi hər dəfə anam zəng vuranda “qızım” kəlməsi mənə çox yad, həm də doğma gəlir. Yad ona görə ki, anam mənə nəvaziş formasında heç zaman “qızım” deməyib. Doğma isə ona görə ki, axı onun doğma can parasıyam. Doluxsunuram, çığırmaq, “can ana” demək istəyirəm. Çünki mən də bu sözləri anama deməmişəm, bilmirəm anam bu sözü məndən eşitsə, necə olar? Amma deyə bilmirəm. Anam zanbaqları çox sevir. Uşaq kimi həddən çox. Mən onları sənə özüm vermək istəyirəm. Ancaq əngəllər bəlli… Ancaq bu bəhanədir, mən, sadəcə, sən onları görəndə keçirəcəyin hissləri görmək istəmirəm bəlkə də… Mən o zanbaqlarla sənə olan sevgimi, göstərə bilmədiyim sevgimi göndərəcəm, canım anam…

Şəfiqə Nazimqızı