AZE | RUS | ENG |

Yaxşılıq etməkdən zövq alan tələbə - Örnək

Yaxşılıq etməkdən zövq alan tələbə - Örnək
Günay Əhmədova: “Təmənna güdmədən edilən yaxşılığın verdiyi mənəvi qida bütün qazanclardan qiymətlidir”

"Əl tutmaq Əlidən qalıb”. Yəqin ki, bu deyimi eşitmisiniz. Çox təəssüf ki, bu gün belə "əl tutma”larla az hallarda rastlaşırıq. Ehtiyacı olan birinə yardım edib ona əl tutmaq hər zaman təqdir edilib. Bəziləri düşünür ki, kiməsə yaxşılıq etmək, xeyriyyəçiliklə məşğul olmaq üçün gərək pulun olsun. Amma pul şərt deyilmiş. Könüllü şəkildə yardım edərək də bu işin öhdəsindən gəlmək mümkündür. Eynilə gənc müsahibimiz Günay kimi...

Düzdür, insan etdiyi yaxşılığı deməməlidir. Amma biz bu gənci, onun gördüyü işləri cəmiyyətə tanıtmağı özümüzə borc bildik. Borc bildik ki, bu cür gənclərin davamı gəlsin...
 
"Yaxşılıq insana insanlığını xatırladır”
 
Uşaqlıqdan insanlara yaxşılıq etmək, xüsusilə uşaqları sevindirmək üçün çalışıb. Kimsəsiz uşaq onun yaralı yeridir. Ətrafında tanıdığı imkansız ailələrə yardım etməklə yanaşı, tez-tez uşaq evlərini ziyarət edir, onları sevindirir. Bunu tək öz maddi imkanları ilə etmir. Dost-tanışı da xeyriyyə aksiyasında iştirak etməyə çağırır. Düşünür ki, yaxşılıq insana insanlığını xatırladır. Ona görə, hər bir insan ehtiyacı olana bacardığı qədər kömək etməyə çalışsa, dünyamız gözəlləşər.
 


Həmsöhbətimiz Bakı Slavyan Universitetinin tələbəsi Günay Əhmədovadır. 24 yaşı var və ikinci təhsilini alır. Üstəlik, ikinci təhsil almasının səbəbi də insanlara kömək etmək istəyidir: "Azərbaycanda dünyaya gəlsəm də, Rusiyada yaşayırdıq. Mən 9-cu sinifdə olanda, ölkəmizə gəldik. İlk ali təhsilimi Xəzər Universitetində aldım. İngilis dili və rus dili üzrə tərcümə fakültəsini bitirdim. İkinci təhsilimi isə Bakı Slavyan Universitetində davam etdirirəm. İlk ixtisasım tərcüməçi olsa da, etiraf edirəm ki, hazırda təhsil aldığım "Təhsildə sosial-psixoloji xidmət” fakültəsini daha çox sevirəm. Çünki bu ixtisas mənə məktəbdə psixoloq kimi işləmək şansı verəcək. Məktəblilərlə daim ünsiyyətdə olmaq, onların problemlərini dinləmək və həll etmək mənə zövq verir. Çünki ən böyük problemlər məhz məktəb illərində başlayır. İstər karyeramda, istərsə də şəxsi həyatımdakı tək məqsədim insanlara faydalı olmaqdır”.
 

 
"Yaxşılıq öz ətrafına maqnit kimi yeni tərəfdaşlar cəlb edir”
 
Məlumat üçün bildirək ki, Bakı Slavyan Universitetində tələbələr arasında hər il xeyriyyə aksiyası keçirilir. Ayrılıqda aksiyalara qoşulan müsahibimiz deyir ki, universitetdə belə bir ənənənin olduğunu biləndə çox sevinib. Hətta illik konfranslarında onu inkişaf etdirməyi təklif edib: "Bizim universitetdə ilin yekununa dair görülən işlər və prioritetlərlə bağlı konfranslarımız olur. Birinci kursda oxuyarkən ümumi, tələbələrin gördüyü işlərlə bağlı hesabatlar verirdik. Gələcək işlərdən danışanda, dedim ki, tələblərlə xeyriyyə tədbirlərinin sayını artırmağı düşünürük. Yaxşılıq elə bir hissdir ki, nə qədər çox olsa, ətrafa o qədər müsbət şəkildə yayılır və ətrafına maqnit kimi yeni tərəfdaşlar cəlb edir. Universitet rəhbərliyi məni dinlədi və ideyamı dəstəklədilər. Əvvəllər tək təşkilatlara, qruplara qoşulur, ayda 3-4 dəfə uşaq evlərinə gedir, yaxud ehtiyacı olan ailələrə yardımlar edirdim. Bunu universitet tələbələri ilə universitet adından təşkil etməyimiz başqa qürur idi. İki ay ərzində 4 dəfə Nəsimidə olan uşaq və qadın sığınacağına getdik. Daha sonra bir ailə tapdıq, qadın tək yaşayırdı və avtomobil qəzası keçirmişdi. Vəziyyəti yaxşı deyildi. Ona yardım etdik. Universitet tələbələri ilə təşkil etdiyimiz xeyriyyə tədbirləri çoxdur. Planlarımız, görüşlərimiz hələ də davam edir. Üstəlik, tələbələr yaxşılıq etdikcə, ondan zövq alır və daha çox etmək istəyirlər. Sıralarımız getdikcə çoxalır”.
 

 
"Şərt deyil ki, maddi yardım edəsən...”
 
Xeyriyyə tədbirləri universitet daxilində ehtiyacı olan tələblərlə də bağlı keçirilir: "Azərbaycandakı sevgi dolu insanlar, qayğıkeşlik Rusiyadakı kimi deyil. Universitet daxilində də daha çox insanlara kömək edirik. Bu layihə o qədər böyüdü ki, daha çox insana kömək edə bildim. Tələbə olduğumuza görə öz pulumuz çox olmur, amma köməkləşib yığırıq. Elə vaxtlar olur ki, valideynlər də bu qrupa qoşulur. Əsasən, qəflətən xəstəliyə düçar olan, təhsil haqqını ödəyə bilməyən tələbələrə müəyyən dərəcədə köməklik göstəririk. Belə işlər könüllüdür. Heç kimi məcbur etmirik. Yəni, elan veririk ki, hansısa gün uşaq evinə getmək istəyirik. Kimin gücü nəyə çatırsa, bizə qoşulur. Kimisi paltar, kimisi oyuncaq, kimisi pul gətirir. Sadəcə getmək istəyənlər belə olur. Şərt deyil ki, maddi yardım edəsən, mənəvi yardım da əhəmiyyətlidir. Uşaq evinə gedəndə fərqli atmosferə düşürsən. Onların ehtiyacı yalnızlıq və sevgisizliklə bağlıdır. Məsələn, 2 yaşında uşağın gözündə gördüyüm kədəri heç vaxt unutmaram. Onun üzündə təbəssüm görmək xeyli vaxt alır. Oradan qayıdanda isə, bizi buraxmaq istəmirdilər. Bu sevinci vermək, dəyərli olduqlarını hiss etdirmək üçün pul lazım deyil. Sevincləri bir anlıq olur. Amma hər kəs onları ziyarət etsə, zaman keçirsə, unudulmadıqlarını bilsələr, xoşbəxt olarlar. Günahsız bir uşağı sevindirmək bizim üçün xoşbəxtlikdir”. 
 

 
Bir uşağı bir saat sevindirə bilirksə...
 
Günay ilk dəfə Xəzərdə oxuyarkən "Ümid yeri” sığınacağına gedib. Deyir ki, uşaqların üzündəki təbəssümü gördükdə, onlara faydalı olduğunu bildikdə, tez-tez gəlmək istəyirsən: "Konfransda uşaqlar müzakirə edirdi ki, insan özü xeyriyyə aksiyasında iştirak etmədikcə, onun əhəmiyyətini dərk etmir. Düzdür, bəzən pis olursan. Çünki atılmış uşaqlarla vaxt keçirmək, insanların dərdlərini dinləmək rahat deyil. Bəzən mənəvi iztirab çəkirsən. Amma onların bir anlıq sevinci hər şeyə dəyər. Bir uşağı bir saat sevindirə bilirksə, bu bizim üçün xoşbəxtlik olmalıdır. Çünki kimsəsiz uşaqlara dəstək olduqda, onların üzündəki sevincin qiyməti olmur. Uşaqlıqdan küçədə yeməyə, pula ehtiyacı olan insan görəndə çox pis olurdum. Çalışırdım az da olsa onlara köməklik edim. Evə gələndə hər dəfə onları düşünürdüm. Xüsusilə uşaqlara heç dözümüm yox idi. Hər kəs qınaq obyekti ola bilər, amma körpələrin heç bir günahı yoxdur. Onlar doğularkən nə valideynlərini, nə də yaşayacaq həyatlarını seçmirlər. Onlara dayaq, sevgi, diqqət lazımdır. Və bütün əməllərimi bu prinsiplərlə edirəm”.

Xeyriyyəçiliklə məşğul olmağı özünə borc bilən müsahibimiz deyir ki, təmənna güdmədən edilən yaxşılığın verdiyi mənəvi qida bütün qazanclardan qiymətlidir: "Əvvəllər aksiyalar təşkil edirdik. Sosial şəbəkələrdə görənlər, eşidənlər bizə qoşulurdular. İnsanlarımız çox qayğıkeşdir və yardım etməyə meyillidirlər. Həqiqətən elə ailələr var ki, onların çörək almağa pulu olmur. Bizim üçün bəzən əhəmiyyətsiz olan məbləğ, onlar üçün bir çörəkdir”. 
 

 
"Demək, həyatımız boşuna getmir”
 
Günay deyir ki, xeyriyyəçiliklə məşğul olmaq ona mənəvi rahatlıq verir: "Düzünü desəm, bu mənə mənəvi rahatlıq verir. Məncə, insan yaxşılıq etdikcə, mənəvi cəhətdən təmizlənir. Birinə bir anlıq da olsa, təbəssüm bəxş edə biliriksə, demək həyatımız da boşuna getmir. Ehtiyacı olan insanlara yaxşılıq etmək bizə rahatlıq, sevinc bəxş etməlidir. İnsan tək özü üçün yaşayırsa, başqaları onun adı çəkiləndə ağlına yaxşı bir şey gətirmirsə, deməli həyatı boşuna keçib. Yaxşılıq edəndə də qarşılıqsız etmək lazımdır. İnsanların səni gözəl xatırlaması, ətrafa gözəllik qatmaq yaxşı hissdir”.

Günayın məqsədi gələcəkdə xeyriyyə cəmiyyəti açmaqdır: "Bu mənim ən böyük arzumdur. Maddi imkanım çox olmasa da, hər dəfə çalışıram ki, ehtiyacı olanlar üçün nə isə edim. Düşünürəm ki, oxuduğum ixtisas da gələcəkdə bu sahədə mənə kömək edəcək. Maddi olaraq alınmasa belə, bir psixoloq kimi onlarla məşğul olacağam, onlara diqqət göstərmək üçün xüsusi vəzifəm olacaq.
 
Aygün ƏZİZ


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056