“Yaxın 3 ayda məhsulumuzu Amerika bazarına təqdim edəcəyik” - Startap

Elmar
Əsgərzadə: Beynəlxalq bazardakı rəqiblərimizlə müqayisədə bəzi üstünlüklərimiz
var
Məqsədi
xarici ölkələrin birində magistr təhsili almaq olub. Bunun üçün elmi-tədqiqat
işi araşdırırmış. Bu zaman elmi rəhbəri ona illər əvvəl özünün reallaşdıra
bilmədiyi bir ideyasından söz açıb. Əvvəlcə elmi-tədqiqat işi kimi başladığı
ideyanın biznes potensialı olduğunu gördükdən sonra onu startap layihəsi olaraq
reallaşdırmaq qərarına gəlib. Həmsöhbətimiz "ThermoNorth” startap layihəsinin
həmtəsisçilərindən olan Elmar Əsgərzadədir.
Bakı Ali Neft Məktəbinin kimya mühəndisliyi ixtisasını bitirən Elmar
deyir ki, tələbəlik illərində SOCAR-ın müxtəlif müəssisələrində təcrübələr
keçib. Yay təcrübə proqramında Heydər Əliyev adına Neft Emalı Zavodunda təcrübə
keçən müsahibimin startapa gəlişi təsadüfi və bir o qədər də maraqlı olub:
"İkinci kursda oxuyanda, elmi rəhbərimə yaxınlaşaraq ondan layihə istədim.
Çünki gələcəkdə magistr təhsilini xarici ölkələrdən birində almaq istəyirdim.
Məqsədim elmi-tədqiqat işi aparmaq idi. O mənə bir layihə təqdim edib dedi ki,
illər əvvəl bu layihə üzərində çalışırmış, amma işlərinin çoxluğundan davam
etdirə bilməyib. İstəsəm, onu davam etdirə biləcəyimi də söylədi. Beləliklə,
elmi rəhbərimizlə birgə mən və iki tələbə həmin layihə üzərində işləməyə
başladıq. Əslində, bu layihəyə elmi-tədqiqat işi kimi başlamışdıq. Sonra gördük
ki, biznes potensialı da var. İdeyanı ilyarım əvvəl reallaşdırmağa başladıq və
hazırda satışdan öncəki mərhələsindəyik. Məhsulu bazara çıxarmaq üçün
beynəlxalq sertifikat almalıyıq”.
E.Əsgərzadə "ThermoNorth” ideyasının mahiyyəti haqqında da danışdı:
"Biz mühərrik yağları üçün qatqı hazırlayırıq. Bu qatqı bioloji maddələrdən
hazırlanır. Layihənin əsas məqsədi elmi araşdırma ilə əldə olunmuş yeni enerji
depolayıcı maddənin köməyilə maşın mühərrikini uzun müddət optimal temperaturda
saxlamaqdan ibarətdir. Mühərriki optimal temperaturda saxlamaq isə hazırda
soyuq iqlim şəraiti olan ölkələrdə mühərriklə bağlı mövcud olan bir sıra
problemləri həll edir. Məsələn, artıq yanacaq sərfiyyatı, mühərrik detallarının
sıradan çıxması və enerji batareyasının ömrünün azalmasını qeyd edə bilərik.
Enerji depolayıcı maddə 5% kütlə nisbətində mühərrikin yağına əlavə olunur və
50 km-dən sonra öz effektivliyini göstərir. Əsas hədəfimiz logistika şirkətləri
üçün bu maddəni satmaqdır. Onların illik yanacağa xərclədiyi pullar böyük məbləğ
təşkil edir”.

Rəqiblərimizlə müqayisədə bəzi üstünlüklərimiz var
Həmsöhbətim
deyir ki, bazarda rəqiblər də var, ancaq bu, onu qorxutmur: "Rəqiblərimizlə
müqayisədə bəzi üstünlüklərimiz var. İlk növbədə qeyd edim ki, onların təklif
etdiyi məhsulun içərisində metal hissəcikləri var. Müəyyən vaxt keçdikdən sonra
bu hissəciklər silindrlərin eroziyasına gətirib çıxarır və paslanma riskini
artırır. Digər bir rəqibimiz isə silikatlardan istifadə edir. Həmin bu
silikatlar zamanla mühərrikin divarlarına yapışır. Bizim məhsul əsasən soyuq
hava şəraiti üçün nəzərdə tutulub. Mühərrik yağına 0,5-5 faiz miqdarda əlavə
olunur. Beləliklə, mühərrikin işləmə gücü daha da artır və ən soyuq hava
şəraitində belə, yaxşı işləyir. Digər bir üstünlüyümüz isə odur ki, mühərrik
işə düşdükdən sonra qızarkən oksidləşmə prosesi tezləşir. Bu qatqıdan istifadə
edərkən mühərrik yağının ömrü daha uzun olur. Məhsul həm də mühərrikin
işlənməsinə sərf olunan yanacağın miqdarınız azaldır”.
Yaratdığın məhsula bazarda tələbat yoxdursa...
Bu
günə kimi yerli və xarici startap yarışmasının qalibi olan Elmar bildirir ki,
startapın uğurlu olması üçün müəyyən kriteriyalar var: "İlk növbədə fokuslanan
problem aktual olmalıdır ki, layihə uğur qazana bilsin. Əgər yaratdığın məhsula
bazarda tələbat yoxdursa, o layihə uğursuz olacaq. İkinci vacib məsələ,
komandanın düzgün seçilməsidir. Əgər kimyəvi məhsul hazırlanan bir layihənin
komanda üzvləri kimya haqda məlumatlı deyilsə, o layihənin gələcəyi sual
altında qalır. Kiçik uğursuzluqlardan dərs çıxarıb onun üzərində işləmək
lazımdır. Təbii ki, startap layihəsində uğursuzluqlar və problemlər qaçılmaz
olur. Komanda üzvləri səhvlərindən
öyrənərək yollarına davam etməlidirlər. Bu sahədə risklər çoxdur. Maliyyə
tapmaq ən böyük risklərdən biridir. Bazar araşdırması aparmadan maliyyə
yatırımı etmək də risklidir. Bu halda sən öz məhsulunu sata bilməyəcəksən. Ona
görə də əvvəlcədən bazar araşdırılmalı və məhsula nə qədər ehtiyac olduğu
öyrənilməlidir. Davamlılıq da bu işdə önəmli məqamlardandır”.
Həmsöhbətim bu yaxınlarda ABŞ-da qatıldığı inkubasiya proqramından da
söz açdı: "ABŞ Dövlət Departamentinin
Qlobal İnnovasiya Proqramı çərçivəsində dünya üzrə elm və texnologiya sahəsi
ilə bağlı 1000-dən artıq startap içindən seçilən 26 startapdan biri kimi 2 ay ərzində
Hyuston və Vaşinqton şəhərlərində inkubasiya proqramında iştirak etdik. Bu
proqram sayəsində "ThermoNorth” layihəsi üçün Amerikadakı enerji şirkətləri
üçün təqdimatlar edildi və iki şirkət ilə gələcək əməkdaşlıq üçün ilkin
razılaşma əldə etdik. ABŞ-da kiçik biznesin inkişaf etdirilməsi üçün nəzərdə
tutulan müxtəlif treninqlərdə iştirak etdik. Qeyd edim ki, bu proqrama
Azərbaycandan seçilən iki layihədən biri "TermoNorth” oldu. Orada olduğumuz
müddətdə Amerika bazarını müəyyən qədər araşdırmaq imkanı da əldə etdik”.
Elmar deyir ki, həmtəsisçisi olduğu layihə yerli və xarici müsabiqələrin
bir çoxunda iştirak edib və qalib gəlib: "İlk olaraq dünyanın ən böyük təmiz
texnologiya startap akselerasiya proqramı olan "ClimateLaunchpad”ın Azərbaycan
üzrə birinci yerinin qalibi olduq. Şotlandiyanın Edinburq şəhərində keçirilən
"ClimateLaunchpad”ın dünya finalçısı olduq. Həmçinin 2018-ci ildə Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyi və UNDP tərəfindən təşkil edilən 2-ci
Respublika İnnovasiya Müsabiqəsinin birinci yerinə layiq görülərək 5000 manat
pul mükafatı qazandıq. Bundan başqa, İqtisadiyyat Nazirliyi və UNDP-nin
təşəbbüsü ilə Türkiyənin İstanbul şəhərində keçirilən "İstanbul İnnovasiya
Günləri 2018”-də Azərbaycanı "ThermoNorth”la təmsil etdik. Həmin nazirlik
tərəfindən "2018-ci ilin Gənc Sənaye Startapı” təltifini aldıq. Layihəmiz eyni
zamanda SOCAR və Bakı Ali Neft Məktəbi tərəfindən "İlin ixtirası” adına layiq
görülüb. Bu yaxınlarda isə Amerikanın Qlobal İnnovasiya Proqramı (GİST)
tərəfindən keçirilən "Regional Startup Training Caucasus” proqramında Cənubi
Qafqazın üç ölkəsindən olan 40 top startap arasında 2-ci yerin sahibi olaraq
1500 dollar pul mükafatı qazandıq”.

Həvəsdən düşmək olmaz
Gənc
startapçı yeni başlayan həmkarlarına öz tövsiyələrini verdi: "Bu gün startapa
başlayan gənclərin sayı çoxdur. İstərdim ki, onlar əvvəl problemin həllinə
yönəlsinlər. Qısa müddətdə həvəsdən düşmək lazım deyil. Bizdə bu sahə böyük
inkişaf yolu keçməyib, hələ bu yolun ilkin dövrlərini keçirik. Azərbaycanda
startaplara ayrılan məbləğ qaneedici səviyyədə deyil. Biz özümüz təzə
başladığımız dövrdə maliyyə demək olar ki, tapa bilmirdik. Startaplar əsasən
investorlar tərəfindən maliyyələşir. Təəssüf ki, xarici sərmayədarlar
Azərbaycanda startaplara maliyyə ayırmaqda maraqlı deyil. Biz də bir neçə yerli
və xarici yarışlara qatılıb maliyyə əldə etdik. İlkin olaraq beş və üç min
manat vəsait qazandıq. Bizim pulumuz əsasən elmi-tədqiqat işinin aparılmasına,
maddələrin gətirilməsi və testlərə gedirdi. Ona görə də həvəsdən düşmək olmaz.
İnnovasiya və eko-sistem yavaş-yavaş bizdə də inkişaf edəcək. Çalışıb
beynəlxalq arenalara çıxmaq lazımdır. Bunun üçün müəyyən proqramlara müraciət
edilməlidir. Bu proqramlar startapların maliyyə dəstəyi almağına da kömək
edir”.
Sonda Elmar bildirdi ki, hazırda əsas məqsədləri məhsulları üçün
beynəlxalq sertifikatı əldə etməkdir: "Bundan sonra bazara çıxa bilərik. Pilot
testlərdən sonra ilkin satışlarımızı həyata keçirəcəyik. Artıq satış edəcəyimiz
şirkətlər də məlumdur. Bu şirkətlər bizdən sadəcə sertifikat tələb edir. Əsas
hədəfləndiyimiz bazar Amerikadır. Hazırda Amerikada müvəqqəti patentimiz var və
artıq Delavare ştatında şirkətləşmə mərhələsindəyik. Bir neçə şirkətlə bu
innovativ məhsulun satılması üçün danışıqlar aparırıq və yaxın 3 ayda
məhsulumuzu Amerika bazarına "Made in Azerbaijan” brendi olaraq təqdim
edəcəyik. Çünki Amerikada olduğum müddətdə gördüm ki, bizim məhsula maraq var
və oranın bazarı böyükdür. Daha sonra isə Avropa bazarına yönələcəyik”.
Şəbnəm Mehdizadə


