“Yaşıl qitə”də audit şirkətin meneceri olan azərbaycanlı - Soydaş

Dostu ilə
birlikdə "Yaşıl qitə”də - Avstraliyada "Queensland Azərbaycan” cəmiyyəti
yaradıb. BP və EY (Ernst &
Young) kimi beynəlxalq şirkətlərdə təcrübə keçib. Deyir ki, bir yerdə
durmaqla inkişaf etmək mümkün deyil, ona görə, insan davamlı olaraq çalışıb
özünü inkişaf etdirməlidir. Və həm də düşünür ki, çalışmaq kor-koranə
olmamalıdır. İstənilən sahədə uğur əldə etmək üçün sistemli və məqsədli olmaq
şərtdir. "Soydaş” rubrikamızın budəfəki qonağı dünyanın aparıcı audit
şirkətlərdən olan EY (Ernst & Young)
şirkətinin Avstraliyada
yerləşən ofisində menecer kimi çalışan azərbaycanlı gənc Nizami Yusiflidir.
Qeyd edək
ki, Nizami Yusifli 1990-cı ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinə daxil
olub. 1-ci kursu bitirdikdən sonra imtahan verərək universitetin Xüsusi
istedadlar qrupuna keçid edir. 2012-ci ildə həmin universitetin maliyyə
bazarları ixtisası üzrə magistr səviyyəsinə qəbul olur. Təhsil illərində fəal
gənclərdən olub, gənclərlə bağlı bir sıra təşkilatlara qoşulub, təlimlərdə,
seminarlarda iştirak edib.
- Bəzi tələbələr iş həyatına təhsil illərindən başlayır. Siz həmin
dövrü necə xatırlayırsınız?
-
Tələbəlik illərində gənclər təşkilatlarında aktiv fəaliyyətimlə seçilirdim.
Bir sıra layihələrin rəhbəri və idarə
heyətində iştirak etmişəm. Universitetin son ilində bəzi iş vakansiyalarına
müraciət etməyə başladım. Həmin dövrdə BP Azərbaycan şirkətinin yay təcrübə
proqramına qəbul oldum. Orada maliyyə departamentində 3 ay təcrübə keçdim. Təcrübə
bitdikdən bir neçə ay sonra, yəni 2012-ci ilin yanvarında EY şirkətində audit
təcrübəçi kimi işə başladım. Hansı ki, həmin dövrdə magistr təhsili alırdım.
Təcrübəçi kimi işlədikdən bir müddətdən sonra mütəxəssis, 2 ildən sonra baş
mütəxəssis kimi işlədim. 2017-ci ilin
noyabrına kimi Bakıdakı ofisdə çalışdım, işdən ayrılanda artıq 3-cü dərəcəli
baş mütəxəssis idim. Ardınca, həmin dərəcəyə uyğun olaraq, şirkətin
Avstraliyadakı filialında işə başladım. 2017-ci ildə baş mütəxəssis kimi
başladığım işə hazırda şirkətin meneceri olaraq davam edirəm.

- Qeyd etdiyiniz şirkətlərin təcrübə proqramını
qazanmaq elə də asan deyil. Maraqlıdır, siz hansı mərhələlərdən keçərək qəbul
oldunuz?
- BP də
təcrübə proqramı mən 4-cü kursda oxuyanda elan olundu. Düşündüm ki, bu, yaxşı
fürsətdir və müraciət etdim. Təbii ki, seçim prosesi mərhələli şəkildə oldu.
İlk olaraq riyazi və məntiqi testlərdən imtahan verdim, sonra ingilis dili
səviyyəsinin yoxladılar, axırda isə müsahibəyə dəvət olundum. İndiki prosesi
bilmirəm, amma bizim dövrümüzdə müsahibə bir saat yarım çəkmişdi. Müsahibə
müddətində maliyyə, mühasibatlıq, iqtisadi biliklərin yoxlanılması
istiqamətində saysız suallar verildi. Burada həm texniki, həm də biznes
analitik düşüncəni yoxlayan suallar olurdu. Müsahibəni də keçdikdən sonra isə
tibbi yoxlanış mərhələsi keçirildi, burada fiziki və mental sağlamlıq
səviyyəmiz yoxlanılırdı. Bütün mərhələlərdən keçdikdən sonra təcrübəçi kimi
işləməyə başladım. Buradakı təcrübə müddətim bitdikdən sonra EY şirkətinin
təcrübə proqramı elanı gördüm. Bu şirkətdə də işə başlamaq üçün müəyyən
testlərdən keçdim. İngilis dili, maliyyə və məntiqi biliklərim yoxlandı. Amma
burada hamısı eyni gündə oldu. Bu mərhələni uğurla keçən, şirkətin meneceri və
insan resursları üzrə mütəxəssislə müsahibəyə dəvət olunur, bunu da uğurla
keçən, son olaraq partnyorla görüşür. Həmin görüş də yaxşı keçərsə, iş təklif
olunur.
- Çətin deyildi ki, bu qədər seçim mərhələsindən
keçmək?
- (Gülür)
Belə danışarkən çətin görünə bilər, amma öhdəsindən gəlinməyəcək qədər çətin
deyil. Əksər insanın bacara biləcəyi işdir. Sadəcə, çalışmaq, hər mərhələyə
ciddi hazırlaşmaq, məsuliyyətli yanaşmaq lazımdır.

- 2017-ci ilə qədər EY şirkətinin Azərbaycandakı
ofisində işləyibsiniz, daha sonra isə Avstraliyadakı filialına keçdiniz.
Maraqlıdır, bu keçid necə oldu?
- EY beynəlxalq şirkətdir,
audit, maliyyə, mühasibatlıq sahəsində konsultasiya xidmətləri göstərir.
Dünyanın bir çox ölkəsində və şəhərlərində filialları var. Filiallar arasında
transfer sistemi var, yəni ofislər arasında transfer olursan, ya da özün
işləmək istədiyin ölkənin filialına müraciət edirsən, uyğun olursa, səni işə
qəbul edirlər. Transfer sistemi ezam olunma kimidir, yəni əsas işindən çıxmadan
başqa ölkədə bir müddət işləyib gəlirsən. Amma mən Avstraliyaya transfer
sistemi ilə gəlməmişəm. Özüm orada işləmək üçün müraciət etdim və hazırda Bakı
ofisi ilə heç bir əlaqəm yoxdur, tam olaraq Avstraliyadakı ofisin işçisiyəm.
Onu da qeyd edim ki, buradakı işə gəlmək üçün 3 mərhələli müsahibədən keçdim.
Yəni Avstraliyadakı ofisin meneceri, İR mütəxəssisi ilə söhbət oldu.
Müsahibənin nəticəsinə uyğun olaraq sizi müxtəlif sahələrə dəvət edirlər.
- Siz hazırda hansı sahədəsiniz?
- Mən
audit xidmətləri sahəsində çalışıram. Yəni şirkətlərin maliyyə hesabatlarının
yoxlanması, onlara bəzi təkliflərin verilməsi, risklərin müəyyən edilməsi,
risklər üzrə konsultasiyaların verilməsi və s. Qısa olaraq deyim ki, əsasən
audit xidmətləri üzrə menecerəm.
- Qeyd etdiniz ki, EY şirkətinin bir çox ölkədə
filialı var. Bəs, nə üçün Avstraliyanı seçdiniz?
- Açığı, həmin dövrdə bir
neçə ölkədə olan filiala müraciət etmişdim, amma cavab ilk olaraq Avstraliyadan
gəldi. Ona görə, digər müraciətlərimi ləğv etdim. Avstraliya çox fərqli
ölkədir. Coğrafi yerləşməsinə görə dünyadan təcrid olunmuş kimi görünsə də,
kifayət qədər inkişaf etmiş, inteqrasiya olmuş ölkədir. İqtisadi baxımdan da
güclüdür. Burada mühit fərqlidir. Ona görə, bura gəlməyə qərar verdim. Əslində,
Avstraliyanın gözəllikləri çoxdur. Ən azından, gəlib kenqurunu görmək mümkün
olur (gülür). İstirahət baxımdan da imkanları çox genişdir. Onu da deyim ki,
burada miqrantlar çoxdur. Dünyanın müxtəlif ölkələrindən insanlar gəlib burada
işləyir. İnternetdə bir az araşdırma etmişdim. Yaşam səviyyəsi, şəraiti,
imkanlarını öyrəndim, çünki bunlar mənim üçün maraqlı idi. Gördüm ki, yaşamaq
üçün çox gözəl ölkədir. Bu kimi bir çox səbəblər Avstraliyanı seçməyimə təsir
etdi.

- Aldığınız əmək haqqı Avstraliya kimi bahalı
ölkədə yaşamağa kifayət edir?
- (Gülür)
Bəli, bəs edir. Yəni, bu bir az da işlədiyiniz vəzifədən asılıdır. Mən indi
menecerəm, hətta, adi mütəxəssis vəzifəsində çalışan biri də burada rahat
yaşaya bilər. "Bahalı ölkədir” deyəndə, bəzən insanlar burada yaşamağın mümkün
olmadığını düşünür, amma elə deyil, minimum əməkhaqqı ilə belə, Avstraliyada
normal yaşamaq olar. Ola bilər həmin maaşla istirahətə çox pul xərcləyə
bilməzsiniz, amma gündəlik tələbatlarınızı ödəmək mümkündür.

- Hər iki ölkənin iş mühitində çalışmış biri kimi
hansı fərqləri müşahidə edibsiniz?
- İş mühitində
fərqliliklər çoxdur. Çünki ən azından millət fərqlidir. Burada biznes mühiti,
maliyyə bazarları daha çox inkişaf edib. Avstraliyanın dünyanın bir çox
ölkələrindən fərqli, öz mühasibat standartları var. Burada daha böyük
startaplar olur. Şirkətlərin strukturları fərqlidir. Digər tərəfdən, insanlar
burada iş mühitində rahatdırlar. Məsələn, Azərbaycanda iş mühitində insanlar
əsəbi, stressli olurlar. Avstraliyada insanlar məsələyə daha çox pozitiv
yanaşmağa çalışırlar. İnsanların bir-birinə münasibəti çox mehribandır. Kimsə
əsəbi olsa belə, onu iş mühitinə gətirməməyə çalışır.
- Bəs, avstraliyalıların gəlmələrə münasibəti
necədir?
-
Avstraliyalılar gəlmələrlə çox mehriban olurlar. İnsanların bura inteqrasiya
olmasına yaxından kömək edirlər. Çünki anlayırlar ki, inteqrasiya ola bilməyən
biri, depressiyaya düşər və bu, onun həm şəxsi, həm də sosial həyatına mənfi
təsir edər. Yəni yerli xalq gəlmələrə alışıb, onları normal qarşılayır.

- İlk getdiyiniz dönəmlərdə hansı problemlərlə
qarşılaşdınız?
- Bir
ölkəyə qısamüddətli səfər edəndə, elə də ciddi problemlər olmur, amma tamamilə
köçəndə müəyyən çətinliklər yaşanır. İlk olaraq yerləşmə, yəni burada ev
tapmaq, əlaqə cəhətdən bir az çətin oldu. Belə ki, burada həm yerli xalqın, həm
də gəlmələrin ingiliscə ləhcəsi bir az fərqlidir. Səhv etmirəmsə, iki aya yaxın
onların danışıqlarını başa düşmək mənim üçün çətin oldu. İstənilən halda, insan
başqa ölkədə olanda həmyerlisini axtarır, onlarla danışmaq, söhbət etmək
istəyir. Mən təsadüfən qrup yoldaşımı tapdım. Avstraliyanın digər ştatlarında
azərbaycanlıların cəmiyyəti var, amma bizim yaşadığımız Qeensland ştatında yox
idi. Qərara gəldik ki, onunla birlikdə "Queensland Azərbaycan” cəmiyyəti
yaradaq. Cəmiyyəti yaratdıq və bu il qeydiyyatdan keçirdik. İndi isə cəmiyyətə
üzvlər toplamağa başlamışıq. Hazırda bir neçə üzvümüz var, amma bu, azdır.
Cəmiyyətimizə daha çox insan cəlb etmək üçün çalışırıq. Bu təşəbbüsümüz burada
yaşayan həmyerlilərimizin sosiallaşması problemini aradan qaldırmağa kömək
edəcək. Yəni ilkin dövrdə bura gələnlər insanlarla əlaqə qurmaqda çətinlik
çəkirlər. Amma cəmiyyətə üzv olan həmyerliləri ilə bir arada olarlarsa,
kommunikasiyadakı problemlər aradan qalxar. Qeyd edim ki, üzvlərimiz arasında
Cənubi Azərbaycandan olanlar da var. Vaxtaşırı görüşlərimiz olur, öz dilimizdə
danışırıq. Bayramları və digər tarixi günlərimizi birlikdə keçiririk.
- Xaricdə işləmək istəyən gənclərə məsləhətiniz
nədir?
- Xaric və
ya öz ölkəndə çalışmağın fərqi yoxdur, daha yaxşı işdə işləmək üçün çalışmaq
lazımdır. İnsan davamlı olaraq çalışıb özünü inkişaf etdirməlidir. Bir yerdə
durmaqla inkişaf etmək mümkün deyil. Çalışmaq da kor-koranə olmamalıdır.
İstənilən sahədə uğur əldə etmək üçün sistemli və məqsədli olmaq şərtdir.
Günel
Azadə



