• çərşənbə axşamı, 19 mart, 11:59
  • Baku Bakı 8°C

Yararsız əşyalardan sənət əsəri yaradan dizayner

15.06.18 14:25 2603
Yararsız əşyalardan sənət əsəri yaradan dizayner
Daşlardan, adi taxta parçalarından, bizim yararsız hesab etdiyimiz əşyalardan sənət əsəri yaradır. Onun üçün ətrafda gördüyü hər əşya yaradıcılıq obyektidir. Deyir ki, ali təhsil almasa da, bu istedadı ona istər maddi, istər mənəvi cəhətdən bütün ehtiyaclarını ödəməyə imkan verir.
Müsahibimiz"ABAD”çı sənətkar, dizayner Bəxtiyar Ələkbərovdur.
"Heç bir diplom istedadı əvəzləyə bilməz”
Yuxarıda da qeyd etdiyimiz kimi, Bəxtiyarın ali təhsili yoxdur. Orta məktəbi bitirdikdən sonra fərdi bacarığından, qabiliyyətindən istifadə edərək iş həyatına atılıb: "İstedad və qabiliyyət təhsillə alınmır. Bu, Allah vergisidir ki, hər kəsdə olmur. Mən də öz istedadımın fərqinə vardım və anladım ki, heç bir diplom istedadı əvəzləyə bilməz. Məncə, valideynlər övladlarını diplom almağa yox, sevdikləri işin arxasınca getməyə məcbur etməlidirlər. Əgər gördüyün iş səni xoşbəxt etmirsə, o işdə heç zaman uğur qazana bilmirsən. Bizim ölkədə hamı ali təhsil almaq istəyir. Sənəti də gəlirə əsasən seçirlər. Gənclər sevdikləri sahəyə yox, gəlir gətirən sahəyə qaçırlar. Valideynlər övladlarına hansısa sənəti məcbur sevdirməyi yox, müstəqil qərar verməyi öyrətməlidirlər. Artıq zəmanə dəyişib. Əvvəl insanlar hər şeyi dövlətdən gözləyirdi. Kapitalist cəmiyyətlərdə insan özü öz bacarığı ilə hansısa səviyyəyə gəlib çatır. Üstəlik, seçim də çoxdur. Nəyi sevdiyini insan vaxtında kəşf etməlidir. Diplom çox vacibdir, amma hər şey demək deyil. Mən orta məktəbi bitirmişəm, ali təhsilim yoxdur, amma istedadım var və o istedadla pul qazanıram. Bir çox milyarderlər var ki, onların diplomu yoxdur. Diplom həyat tərzi üçün önəmli deyil. Valideynlərim də seçimlərimə hörmətlə yanaşıblar. Heç vaxt mənimlə diplom davası etməyiblər. Oxumağa həvəsim olmayıb və onlar məni anlayıblar. Deməyiblər ki, filankəsin oğlu universitet bitirib, sənin də oxumağın şərtdir. Onlar mənim əl işlərimə dəstək olublar və sevdiyim işi icra etmək üçün məni hər zaman motivasiya ediblər. Həyat mənimdir və valideynlərim şans veriblər ki, həyatımı özüm yönəldim. İndi onlar da mənimlə fəxr edir. Çünki diplomum olmasa belə, bacarığım var”.

"Yerdən bir daş tapsam...”
Müsahibimiz həm də söz yazarıdır. Hətta bu gün məşhur olan bir çox mahnıların sözlərini yazıb: "Azərbaycanda bir çox müğənnilər üçün söz yazmışam. Elnur Məmmədovun "Buz ürək”, "Günləri sayıram”, Nadir Qafarzadənin "Nağıl”, Xatirə İslamın "Viranə”, Xəyal Hüseynin "Bilə-bilə”, Narana Paşayevanın "İki yol”, Naili İmranın "Hər şeyim sənsən”, Mehman Tağıyevin "Naxçıvan”,"Qış bitdi” mahnılarının sözlərinin müəllifi mənəm. Bundan əlavə, rejissorluq qabiliyyətim var, reklam çarxları çəkirəm. Bir neçə qısa və uzun metrajlı filmlər çəkmişəm. Əl işləri sahəsində bacarığımı isə sonradan kəşf etdim. Mən yerdən bir daş tapsam və xoşuma gəlsə, ondan mütləq nə isə düzəldərəm. Daşdan, lampadan, adi taxta parçasından nələrisə yaratmağı və dizayn verməyi sevirəm”
"Vaxtım məhduddur”
Əl işlərini hazırladıqdan sonra onları yalnız dost-tanışına hədiyyə verib, ictimailəşdirməyi isə düşünməyib. Deyir ki, dizayn işlərindən vaxt tapdıqca, öz əl işlərini hazırlayıb. Müsahibimizin sözlərinə görə, yaradıcılıq qabiliyyəti ona mənəvi rahatlıq verir: "Bir dəfə "ABAD”-ın mağazasına getdim, orada suvenirlər və əl işləri diqqətimi çəkdi. Çox qəribədir ki, həmin vaxt ağlıma ideya gəldi və Azərbaycanın tarixini yaşadan əsərlər düzəltmək istədim. Daha sonra dizayn vasitəsilə xalçaçılıq, toxuculuq nümunələri hazırladım, onları özüm düzəltdiyim çərçivələrə yerləşdirdim. Bundan əlavə, soyuducuya yapışdırmaq üçün qeyri-adi yapışqanlar da hazırlayıram. ABAD-dakı əl işləri məni də sövq etdi ki, suvenirlər düzəldim. Düzdür, vaxtım məhduddur, bəzən sifarişləri çatdırmaqda çətinlik çəkirəm. Amma işimi sevərək etdiyim üçün bu, məni qətiyyən yormur”.

"Ən çox Qarabağ xalçaları satılır”
Əl işlərindən danışan Bəxtiyar deyir ki, əsasən Qarabağ xalçaları çap edilib, çərçivəyə salınır: "Yanma üsulu ilə hazırlanmış kiçik bir çərçivədə Qarabağ xalçası çap edilir və yerləşdirilir. Çərçivənin arxasına xüsusi dayaq vurulur. Bundan əlavə, xüsusi materiallı xalça çap olunur, böyük çərçivəyə salınır və toxunma xalça təsiri bağışlayır. Toxunma xalçalardan əlavə, döymə üsulu ilə xalça və fərqli saatlar hazırlanır”.

Müsahibimizin sözlərinə görə, Qarabağ xalçaları turistlər tərəfindən maraqla qarşılanır və ən çox da onlar satılır: "ABAD-da suvenirlərə baxarkən ideya yarandı ki, Azərbaycanın tarixi dəyərini əldə daşına biləcək formada və stolüstü istifadə etmək üçün hazırlanması hamının xoşuna gələr. Azərbaycanın köhnə Qarabağ xalçasını tapıb almaq mümkün deyil. Amma onun kiçildilmiş formasını suvenir kimi düzəltməyin maraqlı olacağını düşündüm və fikirlərimdə də yanılmadım. "ABAD”da satışım çox yaxşıdır. Ay ərzində 700-800 manatlıq satışım olur. Qiymətlər ölçülərə görə dəyişir. Suvenirlərin qiymətləri 10 manatdan başlayır, ən bahası isə 120-130 manat arasında dəyişir. Sifarişlər daha çox Qarabağ xalçaları ilə bağlı olur”.

"Sibel Canın evində suvenirim var”
Bəxtiyar dost-tanışlarının ad gününə hazırladıqları suvenirləri hədiyyə verir. Deyir ki, suvenirlərinin mənəvi dəyərinin qiyməti yoxdur. Hətta məşhur türk müğənnisi Sibel Canın evində də Bəxtiyarın suvenirləri var: "Yararsız əşyaları yararlı formaya salmaq mənə zövq verir. Bəzən olub ki, küçədə gedərkən yerə düşən adi ağac budağının üzərində işləyib maraqlı suvenir hazırlamışam. Dostlarımın, tanışlarımın ad gününə maddi qiyməti olan hədiyyə yox, mənəvi qiyməti olan hədiyyə verirəm. Məsələn, Türkiyə sənətçisi Sibel Can üçün suvenir hazırladım. Sonra öyrəndim ki, o suveniri evinin ən gözəl köşəsində yerləşdirib. Mənim işimin qiyməti pulla deyil, ona verilən mənəvi dəyərlə ölçülür. İşlərimin bəyənilməsi, vaxtım məhdud olsa da, məni çox ruhlandırıb. Bir dəfə Mədəniyyət Nazirliyinin nümayəndəsi ilə görüşümüz oldu. O, maşında təsadüfən suvenirləri gördü və bəyəndiyini vurğuladı. Mən suvenirlərdən birini ona hədiyyə etdim. Bir müddət sonra maraqlandım ki, 10-15 suvenirimi sifariş verib, alıblar. Bu, mənim üçün gözlənilməz və qeyri-adi idi. İnsanın əməyinə verilən dəyərin qiyməti yoxdur”.

Aygün ƏZİZ




banner

Oxşar Xəbərlər