• cümə axşamı, 28 mart, 20:36
  • Baku Bakı 13°C

Xoşbəxtlik formulu “təbəssüm” olan kardioloq - Uğur hekayəsi

15.11.19 10:00 3217
Xoşbəxtlik formulu “təbəssüm” olan kardioloq - Uğur hekayəsi
Pozitiv düşüncəlidir və xoşbəxtlik formulu təbəssümdür. Deyir ki, insan nə qədər pozitiv enerji ötürərsə, həmin enerji bu və ya digər şəkildə özünə qayıdar. Müsahibimiz Almaniyanın məşhur Diaqoni klinikasında kardioloq kimi fəaliyyət göstərən Firudin Qurbanovdur.

Bildirək ki, F.Qurbanov 1986-cı ildə Gürcüstanda anadan olub. Orta təhsilini Sumqayıtda 39 nömrəli məktəbdə, bakalavr təhsilini isə 2004 -2010-cu illərdə Azərbaycan Tibb Universitetində alıb. Tələbəlik dövründə dünyanın 126 ölkəsində fəaliyyət göstərən tibb tələbələrinin qurumu olan "Azerbaijan Medical Student Association” təşkilatının ictimai əlaqələr şöbəsinin İdarə Heyətində çalışıb. Daha sonra Ankara, İstanbul, Madrid, Vyana, Manhaym şəhərlərində tələbə mübadilə proqramlarında iştirak edib. 2007-2015-ci il təhsil proqramı çərçivəsində diplomdan sonrakı tibb təhsilini davam etdirmək üçün Almaniya Köln Tibb Universitetinin Ürək Mərkəzinə qəbul olub və beləcə, 2011-ci ildən Almaniyadakı tibb həyatı başlayıb. 2014-2018-ci illərdə Ziqen Kreis klinikasında həkim assistent kimi işləyib. Hazırda isə Diaqoni klinikasının ürək mərkəzində yeganə azərbaycanlı həkim-kardioloq kimi çalışır.

- 14 yaşınızda həkim olmağa qərar veribsiniz. O yaşda belə bir qərar qəbul etməyinizə nə səbəb oldu?
- Bu peşəsini seçməyimə öz xəstəliyim səbəb oldu. 14 yaşımda infeksion xəstəliyə yoluxdum və uzun müddət yanlış müalicə aldım. Vəziyyət o həddə çatdı ki, 3 ay məktəbə gedə bilmədim. Həmin dövrdə öz xəstəliyim və tibb haqqında düşünmək imkanım oldu. 3 ayın sonunda yaşlı bir həkim məni görən kimi düzgün diaqnozu qoydu və bir həftənin içində müalicə etdi. Məhz o həkim məndə bu sahəyə həvəs yaratdı. Bir növ onu özümə kumir kimi seçdim.

- Bu seçimə valideynlərinizin münasibəti necə oldu?
- Açığı, əvvəllər qərarlarımda məni dəstəkləsələr də, şübhələri olduğunu bilirdim. Hətta, mən Almaniyaya gedənə qədər də şübhələri var idi. Avropada oxumağın müəyyən çətinlikləri olduğunu, bunun elə də asan olmayacağını deyirdilər. Amma artıq 9 ilə yaxındır ki, Avropada çalışıram və valideynlərimin məndən yana heç bir şübhəsi olmadığını bilirəm.

- Bəzən həkim axtaranda məsləhət görürlər ki, filan həkimin yanına get çox savadlıdır, xaricdə oxuyub. Maraqlıdır, savadlı həkim olmaq üçün xaricdə təhsil şərtdir?
- (Gülür) Bu məsələyə bir az fərqli yanaşıram. Məsələn, Almaniyanı götürək. Almaniyaya gedənədək iki il ərzində Türkiyə, İspaniya və Avstriyada təcrübə keçdim. Amma təcrübə ilə real iş həyatı başqadır. Bunu iş həyatına daxil olmadan anlamaq mümkün deyil. Belə ki, Almaniyada bir xəstə üzərinizdə ağ xalatı gördüsə, artıq sizə sonsuz etimadı yaranır. Çünki bilir ki, siz o ağ xalatı geyinib onun qarşısına çıxanadək nə qədər əziyyət çəkmisiniz, yuxusuz gecələr keçirmisiniz, hansı imtahanları vermisiniz. Ona görə də Almaniyada həkimlərə etimad böyükdür. Təəssüf ki, Almaniya ilə müqayisədə bizdə hələ xəstələrin həkimlərimizə qarşı etimadları tam formalaşmayıb. Təbii ki, bunun da obyektiv və subyektiv səbəbləri mövcuddur. Düşünürəm ki, xaricdə təhsil ona görə şərtdir ki, ora getdiyin andan sənin oxuyub, savadlı həkim olmaqdan başqa heç bir şansın yoxdur. Xaricdə sadəcə bir çıxış yolu var: oxumaq, çalışmaq və inkişaf etmək.

- Qeyd etdiniz ki, Almaniyada ağ xalatı geyinən həkimə sonsuz etimad olur. Bu güvən Azərbaycandan gəlmiş gənc həkimə də eyni dərəcədə olur?
- Almaniyada səhiyyə sistemi elə qurulub ki, heç bir assistenti, həkimi yalnız buraxmırlar. Assistentə uzman, ona isə şöbə müdiri, şöbə müdirinə baş həkim nəzarət edir. Məsələn, mən gedən kimi birbaşa həkim kimi fəaliyyət göstərmədim. Həkim olanadək uzun bir mərhələdən keçdim. Azərbaycanda tibb təhsili almağımıza baxmayaraq, yenidən alman dilində tibbi oxuyub imtahan veririk. Alman vətəndaşları da bunu bilir və ona görə də hansı ölkədən gəldiyindən asılı olmayaraq, orada təhsil alıb, işləyən həkimə tam güvənirlər.

- Xaricdə yaşayıb, işləməyin əsas şərtlərindən biri də dil bilgisidir. Alman dilini necə öyrəndiniz?
- Almaniyaya getmək qərarına gəldikdən sonra alman dili kursuna yazıldım. Həftədə 5 gün 3 saat intensiv alman dili kurslarına qatıldım. İlk imtahanı burda keçdim. Növbəti mərhələdə Alman Akademik Tələbə Dəyişimi qurumu var idi, oranın dəstəyi ilə Kölndə də dil kursunda iştirak edib yekun dil diplomu aldıqdan sonra tibb sahəsində fəaliyyətə başladım.

- 9 ildir ki, Almaniyada işləyirsiniz. Orada həkim olmağın çətinlikləri nələrdir?
- İlk olaraq vətənindən, dilindən, dostlarından, ailəndən, sevdiklərindən uzaq olmaq çox çətindir. Bundan başqa, tamam fərqli mühitdə, fərqli düşüncəli, hər işi çox ciddiyə alıb, titizliklə yanaşan insanlarla işləyirsən. Uzun müddətdir orada olmağıma baxmayaraq, hələ də almanlara aid yeni nələrsə öyrənirəm və təəccüblənirəm. Hansısa mövzuda irad bildirəndə belə, çox ehtiyatlı davranırlar. İşimizin çətinliyinə gəlincə isə, Almaniyada tibbi sığorta sistemi tətbiq edilir deyə, nə isə oldu-olmadı insanlar səhhətləri ilə bağlı ən xırda məsələlərdə həkimə müraciət edirlər. Elə vaxt olur ki, bir ayda ən azı 7-8 dəfə gecə növbəsində oluram. Bu sahədə təcrübən artdıqca da səni daha məsuliyyətli işlərə yönəldirlər və istər-istəməz stressli iş rejimi olur.

- Bəzən deyirlər ki, xəstəyə xəstəliyi haqqında deməzdən əvvəl bunu yaxınları ilə bölüşüb, sonra özünə məlumat vermək lazımdır. Bəs, Almaniyada necədir?
- Almaniyada bunun tam tərsidir. 2011-ci ildə Manhaym klinikasında olarkən yoğun bağırsaq xərçəngi diaqnozu qoyulan xəstə var idi. Həmin şəxsə xəstəliyi ilə bağlı məlumat verəndə, normal qarşılayaraq bildirdi ki, bunu yaxınlarına deməyək. Azərbaycandan fərqli olaraq Almaniyada bunu birbaşa olaraq xəstəyə deməyə məcbursan.

- Həkimlik təcrübənizdə yadda qalan xəstəniz və ya hansısa hadisə olubmu?
- Köln Ürək Mərkəzində işləyəndə 72 yaşlı xanım xəstəm var idi. Bu xanıma ürək çatışmazlığı diaqnozu qoymuşduq. Xəstəliyin səbəbləri araşdırılmalı və uyğun müalicə metodu müəyyən edilməli idi. Ən əsası, ürəyinə pil taxılmalı idi ki, onun fəaliyyətini tənzimləsin. Çünki fəaliyyət azalanda, həyatı təhlükəyə atan ritm pozğunluğu yaranır ki, bu da insanı bir dəqiqə içərisində öldürə bilər. Biz müalicə ilə bağlı bütün prosesi xanıma deyəndə, bildirdi ki, bir neçə gün sonra Cənubi Amerikaya səyahət planı var. Mən etiraz etdim ki, bu, risklidir, hər an hər şey ola bilər. Bu zaman dedi ki, cənab həkim, mənim 72 yaşım var və dünyanın 100 dən çox ölkəsinə səyahət etmişəm. İcazə verin, bu səyahətimi də edim və öləcəmsə, elə səyahət zamanı ölüm, nəinki, xəstəxanada, çünki insan ölməmişdən bir neçə saniyə öncə həyatında yaşadığı ən gözəl anları gözünün qarşısından keçirir. Bunları dedikdən sonra hətta, mənə də məsləhət etdi ki, bacardığım qədər səyahət edim və xoş anlarımın sayını artırım. Həmin xəstəmin dediklərini özüm üçün bir kənara yazıb, stressli anlarımda oxuyuram və mənim üçün motivasiya olur.

- Ürək ən riskli orqanlardan biridir, özünüz də qeyd etdiniz ki, bir dəqiqənin içində ölüm hadisəsi baş verə bilər. Təcrübənizdə belə ölüm halları olub və bu sizə necə təsir edir?
- Çox olub. Sonuncu gözlənilməz ölüm hadisəsi bir ay əvvəl baş verdi. Əslində, təsir edən məqamlar çoxdur. Ürək həqiqətən çox riskli orqandır. Peşə fəaliyyətinə yeni başladığım zamanlar idi. 2013-cü ildə Köln Ürək Mərkəzində gənc xəstəm var idi. İki dəfə səbəbini tibbin də açıqlaya bilmədiyi infarkt keçirmişdi. Nə qədər müalicələr, tibbi müdaxilələr edilsə də, bir müddət sonra dünyasını dəyişdi. Bu hadisə mənə dəhşət pis təsir etdi. Tam bir ay özümə gələ bilmədim. Ondan sonra söz verdim ki, işimdə uğur qazanmaq istəyirəmsə, heç bir xəstəyə emosional olaraq yanaşmamalıyam. Emosiyalar işə qarışanda peşəkarlıq itir.

- Amma həkimlərin bu soyuqqanlılığı xəstələr və yaxınları tərəfindən birmənalı qəbul edilmir. Həkimlərin ölüm faktını və ya hansısa pis xəstəliyi açıqlayarkən olan soyuqqanlılığı "daşürəklilik” kimi qiymətləndirilir.
- Bu işin bir hissəsidir və bunu normal qəbul etmək lazımdır. Hər ay ortalama nə qədər ölüm faktı ilə qarşılaşırıq. Biz həkimlər xəstələrin yaşaması üçün Allahdan möhlət almağa çalışırıq, əlimizdən gələni edirik. Ala biliriksə, nə xoş, bilmiriksə, əgər bu sahədə davam etmək istəyiriksə, soyuqqanlı davranmalıyıq

- Almaniyada həkim xalatının cibi var?
- Əlbəttə, var. Amma bu cibdən sizin düşündüyünüz məqsədlər üçün istifadə edilmir (Gülür). Həmin ciblərdə xəstələr haqqında qeydlər, telefon nömrələri olur. Almaniyada icbari tibbi sığorta tətbiq edildiyi üçün xəstələr heç bir xərc çəkmirlər. Amma bunu da qeyd edim ki, bizim ümumi bir kofe boxçamız var. Əgər xəstə xəstəxananın və həkimin xidmətindən razı qalarsa, həmin boxçaya kobud dildə desək, 20-30 avro "çay pulu” qoyur. Lakin bunu verənlər çox nadir halda olur. Boxça ayda bir dəfə açılır və yığılan pulla hər kəs birlikdə kofe içməyə gedir. Bəzən xəstələrimiz şokolad, çaxır gətirirlər və ya həkimin şəklini çəkib arxasına ürək sözlərini yazaraq hədiyyə edirlər. Yəni qəti şəkildə bahalı hədiyyələr olmur. Bu, sadəcə xəstələrin içindən gələn istəyə bağlıdır.
- Yəqin ki, Almaniyada həkimlərin maaş baxımından vəziyyəti yaxşıdır.
- İnkişaf etmiş ölkələrdə həkim elitar təbəqə hesab edilir. Bir həkimin formalaşmağı 11 il orta təhsili, 6 illik bakalavr, 7-8 il uzmanlıq, yəni ixtisaslaşma dövrünü toplayanda, 24-25 il çəkir. Təbii ki, bu qədər təhsilin, əziyyətin sonunda hər bir həkim xəstədən maddi asılılığı olmadan, həyat keyfiyyətləri yüksək olan yaşam tərzi arzulayır və almanlar həkimlərini belə həyat tərzi ilə tam təmin etməyi bacarırlar.

- Dayanan ürəyi yenidən döyündürdüyünüz olubmu?
- Bu, ay ərzində bir neçə dəfə rastlaşdığım situasiyadır. Ürək bir neçə saniyəlik dayanır, dərhal elektro şok, ürək masajı edirik və yenidən döyünür. Ürəyin döyünməyə başladığı həmin an insana işini sevdirən ən əsas amildir. Siz artıq nə üçün yaşadığınızı, həyatdakı funksiyanızın nədən ibarət olduğunu yenidən daha yaxşı anlayırsınız. Hələ o dayanan ürək sağalıb evə gedəndə, düşünürsünüz ki, bir həftə əvvəl onu yaşatmaq üçün əlimdən gələni etməsəydim, bu insan bu gün yaşamazdı.

- Deyirlər, ürəyi döyünməyə vadar edən sevgidir.
- Sevgi ilə döyünən ürək daha güclü olur (gülür).

- Sevdiyiniz insanla evlisiniz, bir övladınız var. Maraqlıdır, belə çətin sahədə çalışaraq həm karyeranızı, həm də ailənizi birlikdə idarə edə bilirsiniz?
- Karyera ilə ailəni birlikdə aparmaq asan deyil, bunu evləndikdən sonra anladım. Çünki Almaniyada biz təkik. İş rejimim həddən artıq ağırdır, tez-tez gecə növbələrim olur. Bu məqamda qarşı tərəfin anlayışı, dəstəyi çox önəmlidir. Bu olduqda, insan işində daha da uğurlu olur.

- Uğurdan danışmışkən, uğur sirriniz nədir?
- Uğurun sirri çalışmaq, zəhmət çəkmək və əzmdən keçir. Məsələn, mənim üçün uğur "3İ” formuludur. İstək, inam, iradə. İnsan ilk olaraq çox istəməlidir, daha sonra həmin istəyinə nail olacağına bütün qəlbi ilə inanmalıdır, öz potensialına bələd olduqdan sonra isə 3-cü "i”-ni, yəni iradəni ortaya qoyanda əldə edilməyəcək uğur yoxdur. Bir də mənim üçün xoşbəxtlik formulu var. O da təbəssümdür. İnsan nə qədər pozitiv enerji ötürərsə, həmin enerji bu və ya digər şəkildə ona qayıdar. Proses pisliyə və neqativ düşüncəyə də aiddir. Ona görə çalışaq həmişə pozitiv düşüncədə olaq.
Günel Azadə

banner

Oxşar Xəbərlər