• cümə, 26 Aprel, 08:58
  • Baku Bakı 12°C

Xəyal qurmaqdansa, qarışqa kimi işləmək lazımdır – Müsahibə

04.07.15 11:20 4046
Xəyal qurmaqdansa, qarışqa kimi işləmək lazımdır – Müsahibə
Rubrikamızın bu dəfəki qonağı bir zamanlar “FotoShok”, “İstidir” verilişləri ilə efirə qədəm qoyan, daha sonra isə digər kanalda sosial və ictimai verilişlərin aparıcısı olan Murad Əzimzadədir. Müsahibimiz aparıcılıq etdiyi “Xəbərsizsiniz”, “Şəbəkə”, “Ağıl dəryası” kimi verilişləri ilə tamaşaçıların sevgisini qazanıb. O, bizimlə söhbətində gənclərin aparıcılıq sənətinə olan marağından, abituriyentlərin intellektual səviyyəsindən, şou xarakterli verilişlərin üstünlük təşkil etdiyindən danışdı.
- Murad bəy, sizcə, efirə çıxmaq, aparıcılıq etmək üçün hansı keyfiyyətlərə sahib olmaq lazımdır - yaraşıq, istedad, yoxsa bilik?

- Televiziya aparıcısına ilk olaraq gözəl görkəm və diksiya lazımdır. Aparıcı ilk növbədə təmiz danışıq qabiliyyətinə sahib olmalıdır. İfadə etdiyi sözləri düzgün tələffüz etməyi bacarmalıdır. Bunlar olmasa, efirdə hər hansı verilişi idarə etmək çox çətin olar. İstedad isə tələb olunan üçüncü amildir. Maraqlısı da orasındadır ki, onu qazanmaq digər sadaladıqlarımdan çox çətindir. İstedad zamanla qazanılır. O, insana Tanrı tərəfindən verilməlidir.
- Bəs bilik, savad necə, lazım deyilmi?

- Bilik peşəsindən asılı olmayaraq hər bir insana lazımlı olan amillərdən biridir. Az öncə sıralamada qeyd etdik ki, aparıcı üçün xarici görkəm, düzgün danışıq və istedad lazımdır. Əgər bunlardan biri olmsa, o adam kasad olacaq. Savadı olmasa, o aparıcı yalnız müğənnilərlə veriliş apara bilər. Həmin aparıcı sosial yönümlü, ictimai yüklü verilişləri apara bilməz. Müğənnilərlə veriliş aparmaq üçün o qədər də savad lazım deyil. Bir qədər informasiyalı olsan, kifayət edir. Müğənnilərin həyatı və yaradıclığı ilə bağlı məlumat toplasan, o verilişi aparmaq üçün heç bir çətinlik çəkməzsən. Sosial, ictimai yüklü veriliş aparıcısı üçün isə savad önəmlidir. Əks halda, efirdə çabalaya-çabalaya qalırsan. Şou xarakterli verilişlərsə elədir ki, ifaçılarla daim əlaqədə olmalı, ünsiyyət qurmağı bacarmalısan. Mən səmimiyyəti, mütaliəni çox sevirəm. Şou əhli ilə heç vaxt uyğunlaşa bilmirəm. Ola bilər ki, gələcəkdə hansısa bir şouda onlardan istifadə edim. Ancaq heç vaxt yenidən şou verilişi aparmaram. ANS telekanalına təşəkkür edirəm ki, mənə bu imici qazandırdı. Televiziya həyatımda ANS elə bir möhür qoydu ki, bundan sonra hansısa müğənninin evini çəkib göstərmək qazandığım imicə zərər gətirər.
- Siz də əvəllər şou xarakterli verilişlər aparırdınız. Sonradan isə ictimai yükü daha ağır olan verilişlərə yönəldiniz. Bundan sonra başqa bir sahəyə keçmək niyyətiniz varmı?

- 2011-2013-cü illərdə başqa kanalda şou verilişləri aparırdım. Həmin verilişlər mənim üçün bir başlanğıc idi. Televiziyada hardansa fəaliyyətə başlamalı idim. Bu mənim üçün bir keçid, tramplin rolunu oynadı. ANS telekanalına keçdikdə isə, burada “Ağıl dəryası”, “Şəbəkə”, “Xəbərsizsiniz” kimi sosial verilişlər apardım. Əslində mənim istəyim bu idi və istədiyimə də nail oldum. Efirə yeni çıxan heç bir gənc birbaşa olaraq sosial verilişlərdə özünü sınamazdı. Şou verilişi aparmaqla reklam olunmaq aparıcı üçün daha rahatdır. Şou-bizneslə bağlı olan verilişləri bir o qədər də ciddi qəbul etmirəm. Bu tip verilişlər intellektdən, ciddiyyətdən uzaqdır. Digər tərəfdən düşünürəm ki, tamaşaçı nə qədər şou tipli, şou informasiyaları ilə dolu olan verilişlərə baxmalıdır? Tamaşaçılara sosial xəbərlərlə zəngin olan informasiya da ötürmək lazımdır. Şou xarakterli veriliş aparmaq o demək deyil ki, həmin aparıcı güclü tok-şoular apara bilməz. Təcrübə göstərir ki, bu mümkündür. Çox istərdim ki, gənclər sosial verilişlərə daha çox maraq göstərsinlər. O ki qaldı başqa sahəyə keçməyimə, ən böyük arzum kanalın əsas xəbər verilişinin aparıcısı olmaqdır. Yəni kanalın əsas xəbərlər buraxılışında xəbər spikeri olmağı çox istərdim. İndi xəbər spikerlərinin əksəriyyəti informasiyanı tamaşaçılara standart formada təqdim edir. İstərdim ki, tamaşaçılara o stereotipləri, sərhədləri qıran fərqli xəbərlər təqdim edim.
- Danılmaz faktdır ki, gənc aparıcılarımız qalmaqallı, reklam xarakterli verilişlərə daha çox meyil edirlər. Gənc yaşda səni sosial yüklü verilişlərə cəlb edən nə oldu?

- Həqiqətən, demək olar ki, gənc nəsil sosial verilişlərə meyil göstərmir. Ola bilər ki, o gənclərin əlavə gəlir yerləri var, bir neçə ildən sonra başqa bir bizneslə məşğul olacaqlar. Mənsə daim işimə ciddi yanaşmışam. Bundan sonrakı faəliyyətimdə də şou xarakterli verilişlərin arxasınca getmək istəmirəm. Buna görə də ciddi verilişlərə üz tutdum. Bu işə professional cəhətdən yanaşan insanlar şou verilişlərindən mütləq uzaqlaşırlar. Hesab edirəm ki, televiziya məkanında bu qədər şou aparıcıları olmamalıdır. Heç dünya standartları baxımından da heç kimdə bizdəki qədər şou aparıcıları yoxdur.
- Sosial xarakterli verilişlər reytinq gətirirmi?

- Sosial verilişlər yeni başlayanda reytinqi aşağı olurdu. Sosial xarakterli verilişlərə tamaşaçı zamanla öyrəşir və öz vaxtında müəyyən qədər tamaşaçı kütləsi toplayır. Açığını desəm, aparıcılq etdiyim sosial verilişlər reytinq qazanıb.
- “Ağıl dəryası” verilişində davamlı olaraq abituriyentlərlə işləməli olursunuz. Sizcə, bu günkü şagirdlərin intellektual səviyyəsi hansı yerdədir?

- Təəssüflər olsun ki, il-ildən pis gəlir. Təhsil Nazirliyinin və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) da açıqlamalarında qeyd olunur ki, ildən-ilə daha çox abituriyent imtahanlarda aşağı bal yığır. Düzdür, oxuyan, kifayət qədər bilikli uşaqlar var, amma təəsüflər olsun ki, onlar azlıq təşkil edirlər. Bu həqiqətən də çox acınacaqlı vəziyyətdir. Dövrümüzün şagirdlərinin bilik səviyyəsi mənim məktəbdə təhsil aldğım dövrlə müqayisədə çox aşağıdır. Bu faktdır. Həqiqət budur ki, ümumi mənzərə o qədər də ürəkaçan deyil.
- Bəlkə çox qəliz, çətin suallar salınır və buna görə də abituriyentlər aşağı göstəricilər nümayiş etdirirlər?

- “Ağıl dəryası” intellektual verilişində abituriyentlərə verilən suallar TQDK-nın test banklarına nəzərən seçilir. Biz o uşaqların oxumadıqları mövzulardan suallar vermirik. Verilişin 3-cü turunda abituriyentlərin dünyagörüşünü, məntiqini yoxlamaq üçün müəyyən suallar verilir ki, həmin suallar da kifayət qədər asan olur. Bu da onların əlavə biliklərini, mütaliəsini yoxlamaq məqsədi güdür. Digər turlardakı sullarımız 10-11-ci sinif dərsliklərindən salınır. Hesab edirəm ki, o suallar da çətin deyil. Şagirdlər gündəlik dərslərində o mövzuları mənimsəyiblər. Mübarizə gərgin olmalıdır, çünki bizim layihəmizin sonunda mükafatımız bahalıdır. Belə ki, qalib gələn şagirdə Türkiyədə 4 il pulsuz təhsil paketi veririk. O paket vasitəsilə abituriyentin 4 illik təhsil haqqı, yaşayış xərci, bir sözlə, hər şey təmin olunur. Mükafata görə suallarımız başa düşüləndir.
- Muradın gələcək hədəfləri nədir?

- Elə bir hədəfim yoxdur. Gələcək arzularımı da xəyal kimi fikirləşirəm. Misal üçün, digər kanalda işləyərkən ağlıma gəlməzdi ki, növbəti il sosial xarakterli veriliş apararam. Bunlar mənim ağlıma belə gəlməzdi. Belə bir arzum yox idi. Mənə elə gəlir ki, nəyisə arzulayanda, istəyəndə o həyata keçmir. Nəyəsə nail olmaq üçün durmadan çalışmaq, qarışqa kimi işləmək lazımdır. Nəyisə hədəf seçməkdən, xəyal qurmaqdansa işləmək, əziyyət çəkmək lazımdır.
- Bu günün gəncləri efirə daha çox can atır. Hər gəncin bir arzusu var - tanınmaq, məşhurlaşmaq.

- Bütün insanlar istəyir ki, tanınsın, cəmiyyət onları görsün. Buna tanınmaq sindromu deyirlər. Ancaq o da faktdır ki, efirə məhz tanınmaq üçün gələnlər yarı yolda qalır. Efirə çıxanda düşünməmişəm ki, bu gün məni 100 nəfər tanıyacaq. Hər zaman düşünmüşəm ki, bu mənim işimdir və onu mükəmməl şəkildə etməliyəm. Vəzifəm informasiyanı tamaşaçıya düzgün çatdırmaqdır. Tanınmaq və şöhrət üçün gələnlərin axırı olmur.
- Aparıcılıq pul gətirən sahədirmi?

- O baxır aparıcıya. Kimlər üçün pullu, kimlər üçünsə pulsuz sahədir. O zaman pullu sahə hesab olunur ki, aparıcı korporativ tədbirlərə və el şənliklərinə gedir. Buna pis baxmıram. Amma mən el şənliklərinə aparıcı kimi getməmişəm. Bir düşünün, əgər çıxıb tamaşaçıya intellektual veriliş təqdim edirəmsə, işdən sonra axşam da gedib restoranda “bəylə gəlini qarşılayın” deyirəmsə, bu, balansı pozmaq deməkdir. Amma bu nöqteyi-nəzərdən pullu sahədir. Allah ruzilərini bol etsin. Qonorarla işləyən aparıcılar isə orta stabil dolanırlar.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər