AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xaricdəki soydaşlarımız ermənilər tərəfindən təhdid olunur

Xaricdəki soydaşlarımız ermənilər tərəfindən təhdid olunur

Cəmiyyət
17 Oktyabr 2020, 11:24 469
 
"Birliyimiz, mübarizə gücümüz Qarabağımızı düşmən işğalından xilas edəcək”
 
Xarici ölkələrdə yaşayan azərbaycanlıların ölkəmizə maddi və mənəvi dəstək aksiyaları gün-gündən genişlənir. Azərbaycanın haqq səsinə dünyanın hər yerində yaşayan soydaşlarımızdan dəstək gəlir. Küçə yürüşləri, informasiya müharibəsində fəallıq, milli ordumuza, şəhid ailələrinə, müharibədən zərər çəkənlərə maddi yardımlar göstərilir. Soydaşlarımız Vətən müharibəsində iştirak etməyə daim hazır olduqlarını, Ali Baş Komandanın, Silahlı Qüvvələrimizin ətrafında sıx birləşdiklərini deyirlər.
 

 
Birliyimiz, mübarizə gücümüz

ABŞ-da yaşayan azərbaycanlılar da bu gün birlik nümayiş etdirirlər. Azərbaycan Amerika Qadın Cəmiyyətinin rəhbəri və Amerika Azərbaycanlıları Koordinasiya Şurasının İdarə heyətinin üzvü Minəvvər Vahabova  qəzetimizə açıqlamasında hazırda Azərbaycan üçün həssas və məsuliyyətli bir dövr olduğunu bildirdi: "Azərbaycan gərgin bir şəraitdə mənfur ermənilərlə müharibə aparır. Biz xaricdə yaşayan azərbaycanlılar da bütün işlərimizi kənara qoyub yalnız Azərbaycanda olan vəziyyətlə maraqlanır, hər an nə baş verdiyindən xəbər tutmağa çalışırıq. Demək olar ki, Amerikada yaşayan azərbaycanlılar 24 saat oyaqdırlar. Burda yaşayan həmvətənlərimiz bütün dünya azərbaycanlıları kimi yalnız Azərbaycana dəstək olmaq haqqında düşünürlər. "Hansı yollarla Azərbaycan üçün nə edə bilərik”- deyə daim müzakirələr gedir. Ön cəbhəyə gedə bilmirik, amma arxa cəbhədə, informasiya müharibəsində fəal iştirak etməyə çalışırıq. Sosial şəbəkələrdə ermənilər yalan məlumatlar paylaşırlar. Biz onlara dərhal cavab veririk. Xüsusən "Tvitter” səhifəsindən bunu edirik. Bu günə qədər Azərbaycanda "Tvitter” səhifəsi olmayanlar da səhifə  açaraq istifadəçi olublar və bu mübarizəni davam etdirirlər. Digər sosial şəbəkələr üzərindən də bu mübarizə aparılır. Bizim artıq "whatsap”da bir neçə qrupumuz var. Amerikada fəaliyyət göstərən icmaların qrupu da fəaliyyət göstərir. Amerika Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb. Mən də onun idarə heyətinin üzvüyəm. Şuranın "whatsap” qrupuna hətta xarici jurnalistlər və əcnəbi dostlarımız da əlavə olunublar. Avropada olan təşkilatlar da var. Diasporla İş üzrə Dövlət Komitəsinin yaratdığı şəbəkənin üzvlərinin qrupu da fəaliyyətdədir. Bütün bu qruplar vasitəsilə Azərbaycana qarşı  olan paylaşımlara fikirlərimizi bildiririk. Azərbaycanda fəaliyyət göstərən QHT-lərin də bir qrupu var ki, orda da üzv olmuşam”. Diaspor rəhbəri Amerikadakı erməni lobbisinin dünyada ən güclü lobbilərdən biri olduğunu qeyd edir: "Onların bu günlərdə Kaliforniyada təşkil etdikləri aksiyaya başqa ştatlardan olan ermənilər də qatılmışdı. Hətta Ağ evin, Türkiyənin Amerikadakı səfirliyinin qarşısında da etirazlarını bildirdilər. Əlbəttə, onların sayı çoxdur. Bizim sayımız o qədər olmasa belə, əlimizdən gələni əsirgəmirik. Bildiyimiz faktları, tarixdə olan həqiqətləri onlara mədəni şəkildə sübut etməyə çalışırıq”. Diaspor rəhbəri bildirir ki, ümumiyyətlə, son vaxtlar Amerikada fəaliyyət göstərən cəmiyyətlər "zoom” proqramı vasitəsilə görüşlər təşkil edir, ölkəmizlə bağlı müzakirələr aparır, təkliflər səsləndirir, təbliğat yolları haqqında fikirlər səsləndirirlər: "Amerikadakı səfirimiz Elin Süleymanov da tez-tez belə görüşlərə qatılır. Burada fəaliyyət göstərən USAN təşkilatı Amerika azərbaycanlılarının şəbəkəsidir. Bu şəbəkə vasitəsilə səsimiz konqresə və digər mötəbər  ünvanlara çatdırılır. Yaşadığımız ştatların merlərinə, senatorlarına tez-tez Azərbaycanın durumu, onların məkrli siyasəti haqqında məktublar ünvanlayırıq. Hazırda bütün azərbaycanlıların ürəyi Azərbaycanda, Qarabağ bölgəsində döyünür. Biz bacardığımız qədər Ali Baş Komandanımızın, Milli Ordumuzun ətrafında birləşmişik. Bu, bizim mənəvi dəstəyimizdir”. M.Vahabova eyni zamanda, şəhid ailələrinə yardım məqsədilə sosial şəbəkə üzərindən ianə toplanması ilə bağlı aksiya keçirildiyini də bildirir: "Maddi yardım da toplandı və ümid edirəm ki, yaxın zamanda şəhid ailələrinə çatdırılacaq. Bundan sonra da maddi dəstək göstərmək planlarımız var. Şəhid ailələrinə, Gəncədə xəsarət alan, evləri dağılan insanlara yardım etməyi düşünürük. Bu çətin günlərdə hamımız birlikdəyik. Bizim birliyimiz, mübarizə gücümüz Qarabağımızı düşmən işğalından xilas edəcək. Qarabağ Azərbaycandır!”
 

 
"Ermənilər müharibə istəmirlərsə, torpaqlarımızdan çıxmalıdırlar”

Hollandiyada yaşayan soydaşımız,  Belçika-Niderland Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi və "Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva bizimlə söhbətində bildirdi ki, sentyabrın 27-də müharibənin başlaması xəbərini eşidən kimi səhərə qədər onlayn iclas keçirərək digər təşkilatlarla ”birlikdə nə edə bilərik?” sualı ətrafında müzakirələr aparıblar. Belə ki, Niderland-Belçika Koordinasiya Şurası, Benilüks Azərbaycanlılar Konqresi və Hollandiya-Azərbaycan və Türkiyə Kültür Dərnəyi ilə birlikdə görəcəkləri iş barədə qərarlar verib, müxtəlif yerlərə bəyanatlar göndəriblər: "Yerli mətbuatla əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, yerli mətbuat bu münaqişəyə daha çox ermənipərəst mövqe ilə yanaşır. Buranın millət vəkillərini də Türkiyənin bizə dəstək olması çox narahat edir. Əslində bu müharibəni müsəlman-xristian davası kimi qiymətləndirirlər. Bu cür çıxışlar edərək erməniləri öz tərəflərinə çəkirlər, bu da ermənilərin işinə yarayır. Biz onlara qarşı sosial şəbəkələrdə yazılar yaymağa başladıq. Hətta bildirdik ki, Azərbaycanda çoxlu sayda ermənilər də yaşayır. Bunu Avropa Birliyi Parlamentinə də göndərdik. Müraciətlərimizin bir çoxuna cavab da gəldi.  Avropa İttifaqının xarici əlaqələr sözçüsü "biz onları dəstəkləmirik” dedi. Əgər ermənilər özləri kiməsə yardım etmək istəyirlərsə, bunu öz sərhədləri çərçivəsində edə bilərlər. Azərbaycanın ərazi bütövlüyünü Avropa Birliyi  tanıyır. Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand  da bəyanat yaymışdı ki, biz bunu pis qarşılayırıq. O qeyd etdi ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ermənilər beynəlxalq hüququn bütün qaydalarına riayət etməlidirlər. BMT-nin 4 qətnaməsinə, Madrid prinsiplərinə görə bütün bunlara əməl etməlidirlər. Bizə gələn cavablarda da belə yazılıb”.

M.Ağamirzəyeva yerli qəzetlərə də məktublar göndərdiklərini bildirir: "Bizə ermənilərdən təhdid mesajları gəlir. Hazırda onlarla bağlı polisə şikayət məktubu hazırlayırıq. Parlamentdə mətbuat konfransı keçirəcəyik. Biz çalışırıq ki, daha çox əcnəbi jurnalistlərlə əlaqə qurub münaqişə haqqında onlara məlumat verək. Hindistanlıların burda fəaliyyət göstərən radiosunda çıxış edəcəyik. İstəyirəm ki, belə görüşlərdə bilavasitə Qarabağ müharibəsində yara alan insanlar danışsınlar. Onların danışması daha effektli olur. Biz bir qadın təşkilatı olaraq erməni analarına müraciət edərək bildirəcəyik ki, öz torpaqlarımızda müharibə aparırıq. Erməni müharibə istəmirsə, torpaqlarımızdan çıxmalıdır. Biz, hətta deyirik ki, baxın, Gəncəyə atdıqları bombalardan biri erməninin evinə düşüb. Bu o deməkdir ki, Azərbaycanda hələ də ermənilər yaşayır. Amma gəlin görün, Ermənistanda neçə azərbaycanlı yaşayır? Orada heç bir azərbaycanlı yaşamır. Başa salmağa çalışırıq ki, Azərbaycan tolerant bir ölkədir. Hələ də kilsələri qoruyub saxlayan, başqa xalqların mədəniyyət nümunələrini qoruyan və digər millətlərin nümayəndələrinin də yaşadığı bir ölkədir. Biz bu nöqteyi-nəzərdən çıxış edirik.”.

M.Ağamirzəyeva Hollandiyada yaşayıb təhsil alan azərbaycanlı gənclərin də orada çox aktiv olduqlarını bildirir: "Onlar, hətta sosial şəbəkələrdə səhifələr də yaradıblar. İnformasiya müharibəsində də fəal iştirak edir, ermənilərin yazdıqlarına dərhal reaksiya verirlər”.

Diaspor rəhbəri bu gün Hollandiyada yaşayan azərbaycanlıların Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiklərini, Milli Ordumuza mənəvi dəstək göstərdiklərini deyir: "Siyasi baxışından asılı olmayaraq bütün azərbaycanlılar bu gün birdir. Hamımız Ali Baş Komandanın ətrafında sıx birləşmişik. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır. Vətənimiz üçün hamımız səfərbər olmağa hazırıq. İndi də səfərbərliyə qoşulmaq üçün səfirliyə  müraciətlər olur. Hamımız doğma torpaqlarımız uğrunda vuruşmağa hazırıq”.
 


İtalyanlardan ölkəmizə dəstək

Milanda magistratura təhsili alan Rahib Kamal həmvətənlərimizin erməni terrorizmi əleyhinə təşkil etdikləri aksiya haqqında "Kaspi”yə məlumat verib:  "İtaliyanın Milan şəhərində təhsil alan tələbələrin və İtaliyanın digər şəhərlərindən gəlmiş həmvətənlilərimizin ortaq təşəbbüsü ilə dəstək aksiyası 11 oktyabr tarixində İtaliyanın şimalında yerləşən Lombardiya regionunun paytaxtı olan Milanın Duomo meydanında baş tutdu. Aksiyanın məqsədi mülki vətəndaşlara qarşı işğalçı Ermənistanın törətdiyi terror aktlarını, Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz hissəsi olduğunu İtaliya ictimaiyyətinə çatdırmaq, həmçinin aksiyadan bir gün öncə baş vermiş "Gəncə terroru”nu ictimailəşdirmək idi. Bu məqsədlə, aksiya boyu 1992-ci ildən bəri baş vermiş və günümüzdə də davam edən erməni vəhşiliklərini, işğal olunmuş torpaqlarımızı, ərazi bütövlüyümüzü sübut edən faktları, Dağlıq Qarabağla bağlı imzalanmış BMT qətnamələrini təsvir edən posterlər və plakatlar nümayiş olunmuş, həmçinin "Qarabağ Azərbaycandır”, "Erməni aqressiyasına və işğalına son”, "Ermənistana inanmayın” kimi şüarlar səsləndirildi, reallığı tərənnüm edən nitqlər söyləndi. Sonda Azərbaycan Dövlət Himninin sədaları altında aksiya başa çatdı”. R.Kamalın sözlərinə görə, bir çox italyan vətəndaşları və turistlər də aksiya iştirakçılarına yaxınlaşıb mediada gördüklərini ilk ağızdan eşitmək məqsədilə onlara suallar ünvanlayıb və ətraflı cavablar alıblar. Qeyd edək ki, bir neçə İtaliya qəzetində azərbaycanlıların erməni terrorizmi əleyhinə aksiyaları ilə bağlı xəbərlər yer alıb. 
 
 
Təranə Məhərrəmova